Reading view

Rafinya – ÇL-də həftənin ən yaxşı futbolçusu!

“Barselona”nın hücumçusu Rafinya azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Braziliyalı futbolu ÇL-in 1/8 final mərhələsinin cavab oyununda “Nyukasl”a (İngiltərə) qarşı keçirdikləri görüşdə (7:2) 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, səsvermədə Fransisko Trinkao (“Sportinq”), Vinisius Junior (“Real”) və Dominik Soboslaini (“Liverpul”) qabaqlayıb.

Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 30 oyun keçirib, 19 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 174 oyun, 73 qol və 59 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Harri Keyn – Çempionlar Liqasında 50 qol vurmuş ilk ingilis!

Almaniyanın “Bayern” klubunun ingiltərəli hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında (ÇL) tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 32 yaşlı forvard buna turnirin 1/8 final mərhələsi çərçivəsində “Atalanta”ya qarşı keçirdikləri cavab oyununda (4:1, ümumi hesab – 10:2) dubl etməklə nail olub.

Matçın ilk hissəsində penaltini dəqiq yerinə yetirmiş Keyn fasilədən sonra özünün ikinci, turnirdə isə ümumilikdə 50-ci qolunu vurub. Bununla da o, qitənin bir nömrəli klub turnirində 50 qol həddinə çatmış ilk ingiltərəli futbolçu kimi tarixə düşüb.

Təcrübəli hücumçu 2023-cü ildə “Tottenhem”dən Münhen təmsilçisinə keçdikdən sonra “Bayern” forması ilə UEFA Çempionlar Liqasında çıxdığı 34 oyunda 28 dəfə fərqlənib. Baldır əzələsindəki zədədən yeni qayıtmış Keyn UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 oyununun hər birində qol vurmağı (cəmi 7 qol) bacarıb.

Harri Keyn 2025/2026-cı illər mövsümündə “Bayern”in heyətində keçirdiyi 39 rəsmi matçda 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

ÇL: “Liverpul” “Qalatasaray”ı 1/4 finala buraxmadı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə vəsiqə qazanan daha 4 komanda müəyyənləşib.

Arena.az xəbər verir ki, ÇL-in 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində sonuncu 4 qarşılaşma baş tutub.

İspaniya çempionu “Barselona” doğma meydanda “Nyukasl”la üz-üzə gəlib və rəqibini böyük hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib.

Türkiyə çempionu “Qalatasaray” səfərdə “Liverpul”un qonağı olub. İlk oyunda məğlub olmuş “qırmızılar” doğma meydanda “sarı-qırmızılar”ı 4 cavabsız qolla yenərək 1/4 finala çıxıblar.

“Bayern” də evdə “Atalanta”nı darmadağın edib. “Totenhem” isə “Atletiko”nu doğma meydanda məğlub etsə də, mərhələ adlaya bilməyib.

Xatırladaq ki, ötən gün baş tutmuş matçlardan sonra PSJ (Fransa), “Real” (İspaniya), “Arsenal” (İngiltərə) və “Sportinq” (Portuqaliya) də 1/4 finala vəsiqəni təmin etmişdilər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
18 mart

Barselona (İspaniya) – Nyukasl (İngiltərə) 7:2
Qollar: Rafinya, 6; 72. Bernal, 18. Yamal, 45+7-pen. F.Lopes, 51. Levandovski, 56; 61 – Elanqa, 15; 28.
İlk oyun – 1:1.

Liverpul (İngiltərə) – Qalatasaray (Türkiyə) 4:0
Qollar: Soboslai, 25. Ekitike, 52. Qravenberx, 53. Salah, 62.
İlk oyun – 0:1.

Bayern (Almaniya) – Atalanta (İtaliya) 4:1
Qollar: H.Keyn, 25-pen; 54. L.Karl, 56. L.Dias, 70 – Samardziç, 86.
İlk oyun – 6:1.

Tottenhem (İngiltərə) – Atletiko (İspaniya) 3:2
Qollar: K.Muani, 30. X.Simons, 52; 90-pen – X.Alvares, 47. Hansko, 75.
İlk oyun – 2:5.

De Blekere “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Blekere UEFA-dan yeni təyinat alıb.

Arena.az bu barədə milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, De Blekere UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Bu gün Barselonanın “Kamp Nou” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksye olacaq. Ona yan xətt hakimləri Siril Munye ilə Mehdi Rahmuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jeremi Pinar yerinə yetirəcək. Belçikalı Bram Van Dreş VAR-da, fransalı Jerim Brizar isə AVAR-da əyləşəcək.

Xatırladaq ki, “Barselona” ilə “Nyukasl” arasında İngiltərədə baş tutmuş ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

ÇL: 1/4 finalın son 4 iştirakçısı müəyyənləşir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə vəsiqə qazanacaq daha 4 komanda müəyyənləşəcək.

Arena.az xəbər verir ki, ÇL-in 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 4 qarşılaşma baş tutacaq.

İspaniya çempionu “Barselona” doğma meydanda “Nyukasl”la üz-üzə gələcək. Türkiyə çempionu “Qalatasaray” isə səfərdə “Liverpul”un qonağı olacaq. “Bayern” evdə “Atalanta”nı, “Totenhem” isə “Atletiko”nu sınağa çəkəcək.

Xatırladaq ki, ötən gün baş tutmuş matçlardan sonra PSJ (Fransa), “Real” (İspaniya), “Arsenal” (İngiltərə) və “Sportinq” (Portuqaliya) 1/4 finala vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
18 mart

21:45. Barselona (İspaniya) – Nyukasl (İngiltərə)
İlk oyun – 1:1.

00:00. Liverpul (İngiltərə) – Qalatasaray (Türkiyə)
İlk oyun – 0:1.

00:00. Bayern (Almaniya) – Atalanta (İtaliya)
İlk oyun – 6:1.

00:00. Tottenhem (İngiltərə) – Atletiko (İspaniya)
İlk oyun – 2:5.

ÇL: “Real”, “Arsenal” və PSJ 1/4 finalda!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Mançester Siti” İngiltərədə İspaniyanın “Real” komandasının müqavimətini qırmağa çalışıb. Madriddəki ilk görüşdə meydan sahibləri 3 cavabsız qolla qalib gəlmişdilər. Cavab görüşündən də qalib ayrılmış Madrid nəhəngi 1/4 finala yüksəlib.

İngiltərənin digər komandası “Çelsi” ÇL-in sonuncu qalibi PSJ-ni qonaq edib. Cavab görüşündə də qalib gəlmiş Fransa nəhəngi növbəti mərhələyə yüksəlib. Əvəzində “Arsenal” “Bayer”lə görüşdə inamlı qələbə sayəsində İngiltərəni 1/4 finalda təmsil etmək hüququ qazanıb.

Portuqaliya “Sportinq”i də səfərdə 3 cavabsız qolla uduzduğu “Bodo Qlimt”i evdə 5 cavabsız topla məğlub edərək mərhələ adlayıb.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
17 mart

Sportinq (Portuqaliya) – Bodo Qlimt (Norveç) 5:0
Qollar: İnasio, 34. P.Qonsalves, 61. L.Suares, 78-pen. Arauxo, 92. Nel, 120+1.
İlk oyun – 0:3.

Arsenal (İngiltərə) – Bayer (Almaniya) 2:0
Qollar: Eze, 36. Rays, 63.
İlk oyun – 1:1.

Çelsi (İngiltərə) – PSJ (Fransa) 0:3
Qollar: Kvaratsxeliya, 6. Barkola, 14. Mayulu, 62.
İlk oyun – 2:5.

Mançester Siti (İngiltərə) – Real (İspaniya) 1:2
Qollar: Haland, 41 – Vinisius, 22-pen; 90+3.
İlk oyun – 0:3.

ÇL: İlk 1/4 finalçılar bəlli olur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

“Mançester Siti” İngiltərədə İspaniyanın “Real” komandasının müqavimətini qırmağa çalışacaq. Madriddəki ilk görüşdə meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər.

İngiltərənin digər komandası “Çelsi” ÇL-in sonuncu qalibi PSJ-nin qonağı olacaq. Parisdəki birinci oyunda London klubu 2:5 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
17 mart

21:45. Sportinq (Portuqaliya) – Bodo Qlimt (Norveç)
İlk oyun – 0:3.

00:00. Arsenal (İngiltərə) – Bayer (Almaniya)
İlk oyun – 1:1.

00:00. Çelsi (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 2:5.

00:00. Mançester Siti (İngiltərə) – Real (İspaniya)
İlk oyun – 0:3.

Federiko Valverde – ÇL-də həftənin ən yaxşı oyunçusu!

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün 1/8 final mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.

Arena.az xəbər verir ki, Madrid “Real”ının uruqvaylı futbolçusu Federiko Valverde bu həftənin ən yaxşısı seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğuda Maykl Olise (“Bayern”), Xulian Alvares (“Atletiko”, Madrid) və Xviça Kvaratsxeliyanı (PSJ) qabaqlayıb.

Xatırladaq ki, Valverde “Real”ın doğma meydanda “Mançester Siti”ni (İngiltərə) məğlub etdiyi oyunda İspaniya komandasına qələbə qazandıran (3:0) hər 3 qolun müəllifi olub.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. O, karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 39 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 362 oyun, 38 qol, 43 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 71 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Tyaqo Pitarç – “Real”ın ÇL-də yeni rekordçusu!

İspaniyalı futbolçu, 18 yaşlı yarımmüdafiəçi Tyaqo Pitarç İspaniyanın “Real” (Madrid) klubunun tarixinə düşüb.

Arena.az xəbər verir ki, gənc futoblçu buna İngiltərənin “Mançester Siti” komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda start heyətində meydana çıxmaqla nail olub.

Pitarç qarşılaşma vaxtı 18 yaş 220 günündə olub. Bu isə onu ÇL-in pley-off mərhələsində Madrid təmsilçisi üçün ilk “11-lik”də matça başlamış ən gənc ispan futbolçu edib.

Tyaqo Pitarç “kral klubu”nun əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu qırıb. Sabiq hücumçu 1996-cı ildə 18 yaş 253 günündə “Yuventus”la ÇL görüşündə iştirak edib.

Xatırladaq ki, “Real” “Mançester Siti”ni ilk oyunda 3 cavabsız qolla üstələyib. Tərəflər arasındakı cavab qarşılaşması gələn həftə keçiriləcək.

ÇL: MS Madriddə darmadağın oldu, PSJ 5 qola sevindi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

Günün maraqla gözlənilən görüşü İspaniyada baş tutub. “Real” doğma azarkeşlər önündə İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Madrid təmsilçisi Federiko Valverdenin het-triki sayəsində ilk oyunda darmadağına sevinib.

Almaniya təmsilçisi “Bayer” doğma meydanda İngiltərə Premyer Liqasının lideri “Arsenal”la üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib.

ÇL-in sonuncu qalibi, Fransa nəhəngi PSJ “Çelsi”ni (İngiltərə) sınağa çəkib. Bol qollu görüş Paris təmsilçisinin möhtəşəm qələbəsiylə yekunlaşıb.

Daha bir qarşılaşma Norveçdə yerli “Bodo Qlimt”lə Portuqaliya “Sportinq”i arasında keçirilib. Bu görüşdə də meydan sahibləri darmadağına seviniblər.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
11 mart

Bayer (Almaniya) – Arsenal (İngiltərə) 1:1
Qollar: Andrix, 46 – Haverts, 89-pen.

Bodo Qlimt (Norveç) – Sportinq (Portuqaliya) 3:0
Qollar: Fet, 32-pen. Blomberq, 45+1. Hoq, 71.

PSJ (Fransa) – Çelsi (İngiltərə) 5:2
Qollar: Barkola, 10. Dembele, 40. Vitinya, 74. Kvaratsxeliya, 86; 90+4 – Qusto, 28. E.Fernandes, 57.

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:0
Qollar: Valverde, 20; 27; 42.

“Atletiko” ÇL-də “Barselona”nın rekordunu təkrarladı

İspaniyanın “Atletiko” komandası futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) “Barselona”nın rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, Dieqo Simeonenin baş məşqçisi olduğu kollektiv buna evdə İngiltərə təmsilçisi “Tottenhem”ə qalib gəldiyi 1/8 final mərhələsinin ilk oyununda nail olub.

Madrid təmsilçisi tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində matçın ilk hissəsində 4 qol vurub.

Üstəlik, madridlilər “Barselona”dan sonra bunu UEFA Çempionlar Liqasının pley-off qarşılaşmasında bacaran ikinci İspaniya klubudur. Kataloniyalılar 2009-cu ildə Lion “Olimpik”i (Fransa) ilə görüşdə buna nail olmuşdular.

Xatırladaq ki, “Atletiko” “Tottenhem”lə ilk oyundan 5:2 hesablı qələbə ilə ayrılıb. İspaniya və İngiltərə təmsilçiləri arasındakı cavab qarşılaşması gələn həftə, martın 18-də Londonda baş tutacaq.

ÇL: MS “Real”a, “Çelsi” PSJ-yə qarşı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.

Günün maraqla gözlənilən görüşü İspaniyada baş tutacaq. “Real” doğma azarkeşlər önündə İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək.

Almaniya təmsilçisi “Bayer” doğma meydanda İngiltərə Premyer Liqasının lideri “Arsenal”la üz-üzə gələcəksə, ÇL-in sonuncu qalibi, Fransa nəhəngi PSJ də “Çelsi”ni (İngiltərə) sınağa çəkəcək. Daha bir qarşılaşma Norveçdə yerli “Bodo Qlimt”lə Portuqaliya “Sportinq”i arasında keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
11 mart

21:45. Bayer (Almaniya) – Arsenal (İngiltərə)
00:00. Bodo Qlimt (Norveç) – Sportinq (Portuqaliya)
00:00. PSJ (Fransa) – Çelsi (İngiltərə)
00:00. Real (İspaniya) – Mançester Siti (İngiltərə)

ÇL: “Qalatasaray” evdə, “Bayern” səfərdə qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda İngiltərə çempionu “Liverpul”la üz-üzə gəlib. Meydan sahibləri yekunda minimal hesabla qələbə qazanıblar.

Almaniya çempionu “Bayern” İtaliyada “Atalanta”nın, İngiltərənin “Tottenhem” komandası isə İspaniyada “Atletiko”nun qonağı olub. İtaliyada qonaqlar darmadağına seviniblərsə, İspaniyada meydan sahibləri böyük hesabla qələbə qazanıblar.

ÇL-in pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış İngiltərənin “Nyukasl” komandası İspaniya təmsilçisi “Barselona” ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
10 mart

Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə) 1:0
Qol: Lemina, 7.

Atletiko (İspaniya) – Tottenhem (İngiltərə) 5:2
Qollar: Lyorente, 6. Qrizmann, 14. X.Alvares, 15; 55. Le Normand, 22 – Porro, 26. Solanke, 76.

Nyukasl (İngiltərə) – Barselona (İspaniya) 1:1
Qollar: Barns, 87 – Yamal, 90+6-pen.

Atalanta (İtaliya) – Bayern (Almaniya) 1:6
Qollar: Paşaliç, 90+3 – Stanişiç, 12. Olise, 22; 64. Qnabri, 25. N.Cekson, 52. Musiala, 67.

ÇL: 1/8 final mərhələsinə İstanbulda start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda İngiltərə çempionu “Liverpul”la üz-üzə gələcək.

Almaniya çempionu “Bayern” İtaliyada “Atalanta”nın, İngiltərənin “Tottenhem” komandası isə İspaniyada “Atletiko”nun qonağı olacaq.

ÇL-in pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış İngiltərənin “Nyukasl” komandası İspaniya təmsilçisi “Barselona” ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
10 mart

21:45. Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə)
00:00. Atletiko (İspaniya) – Tottenhem (İngiltərə)
00:00. Nyukasl (İngiltərə) – Barselona (İspaniya)
00:00. Atalanta (İtaliya) – Bayern (Almaniya)

❌