Reading view

Lionel Messi bir het-triklə DÇ-də rekordları alt-üst etdi

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi dünya çempionatlarında yeni rekordlara imza atıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirdikləri oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak etmiş ilk oyunçu olub.

Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kristiano Ronaldo 22 oyunla ikinci yerdə qərarlaşıb.

Messi Əlcəzairlə oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb. O, görüşün 17-ci, 60-cı və 76-cı dəqiqələrində fərqlənməklə mundiallarda vurduğu qolların sayı 16-ya çatdırıb.

Messi Əlcəzairlə görüşdə qol vurmaqla dünya çempionatlarında daha bir rekorda imza atıb. 38 yaşlı forvard mundial tarixində fərqli rəqiblərə ən çox qol vurmuş futbolçu olub. O, ümumilikdə 11 müxtəlif milli komandanın qapısına yol tapıb və bu göstəricidə Kristiano Ronaldo, Yurgen Klinsmann və Miroslav Kloze kimi əfsanələri geridə qoyub.

Bundan başqa, Messi dünya çempionatları tarixində qol vuran üçüncü ən yaşlı oyunçu, bu turnirin tarixində het-trik edən ən yaşlı oyunçu olub.

38 yaşlı hücumçu matçın 17-ci dəqiqəsində cərimə meydançasının kənarından möhtəşəm qola imza atıb. Bu, onun dünya çempionatları tarixində cərimə meydançasından kənardan vurduğu 5-ci qol olub. Bununla da Messi dünya çempionatı tarixində cərimə meydançasının xaricindən ən çox qol vuran braziliyalı əfsanəvi oyunçu Rivelinonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ klubu “İnter Mayami”də çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.

Skaloni və Pektoviç matçı qoyub, Messidən danışdılar

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Əlcəzairə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəliblər və yekunda Argentina yığması 3:0 hesablı qələbəyə sevinib.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında daha çox bu oyunun qəhrəmanı Lionel Messidən söhbət açıb:

O, Messinin yüksək oyunu sayəsində qalib gəldiklərini bildirib:

“Messi istədiyi müddətcə dünyanın ən yaxşısı olmağa davam edəcək. Onun barəsində deməyə söz tapmıram. Lionel bunu artıq 20 ildir bacarır. Messinin bütün dünyaya ötürdüyü hissləri və göstərdiyi futbolu dəyərləndirməliyik. Bu, həqiqətən, inanılmazdır. Biz isə oyundan-oyuna mübarizəmizi davam etdirəcəyik.

Qarşıya çıxan problemləri vaxtı gəldikcə həll edəcəyik. Komanda razıdır, biz bir çox futbolçuya oyun vaxtı verdik. Ümid edirəm ki, növbəti matçı da qazanacağıq ki, üçüncü qrup oyununda bütün futbolçular şans əldə edə bilsinlər”.

Əlcəzair yığmasının baş məşqçisi Vladimir Petkoviç də bu qarşılaşmada het-trik etmiş Lionel Messi haqqında danışıb:

“Sinif və ustalıq daim qalır. Çünki biz sıradan bir futbolçudan yox, karyerası ərzində yeddi və ya səkkiz dəfə “Qızıl top” qazanmış bir oyunçudan danışırıq.

Təəssüf ki, ilk və ikinci qolları vurmaq imkanı ona özümüz verdik və bunu etməsi onun üçün asan oldu. Onun bəxti gətirib ki, bütün Argentina yığması onun üçün çalışır və ona dəstək verir. O isə artıq neçə illərdir, bəlkə də onilliklərdir, inanılmaz işlər görür.

Bu gün Argentina yığmasının qapıya ümumilikdə 10 zərbəsi oldu və onların yeddisini Messi vurdu”.

❌