Reading view

Lamin Yamalın evini qarət etməyə cəhd etdilər

Futbol üzrə İspaniya milli komandasının 19 yaşlı cinah hücumçusu Lamin Yamalın Barselona yaxınlığındakı evi qarət olunmağa cəhd edilib.

Arena.az xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri məlumat yayıb.

Hadisənin DÇ-2026-nın yarımfinalında İspaniyanın Fransanı 2:0 hesabı ilə məğlub etməsindən sonra, yerli vaxtla saat 04:00 radələrində Espluqes-de-Llobreqat yaşayış məntəqəsində baş verdiyi bildirilir.

Məlumata görə, futbolçunun şəxsi mühafizə xidmətinin əməkdaşı müşahidə kameralarında iki nəfərin evin hasarına dırmaşdığını görüb. Şübhəlilər izlənildiklərini anlayan kimi hasardan enərək hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı Kataloniya polisi araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları qarət cəhdinin baş verdiyini təsdiqləsələr də, evin sahibinin kimliyini açıqlamayıblar.

“La Vanguardia” yazır ki, sözügedən ev əvvəllər İspaniya millisinin sabiq futbolçusu Jerar Pike ilə dünya şöhrətli müğənni Şakiranın birgə yaşadığı mülk olub və bu səbəbdən geniş ictimaiyyətə yaxşı tanınır. Bir neçə ay öncə həmin evi Lamin Yamalın aldığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, 19 yaşlı Lamin Yamal “Barselona” akademiyasının yetirməsidir. O, əsas komandada 2023-cü ilin aprelindən çıxış edir. Hücumçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Superkubokunun (2025, 2026), bir dəfə isə ölkə kubokunun (2025) qalibi olub.

Lamin Yamal unikal rekorda imza atdı

Futbol üzrə İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatları və Avropa çempionatları tarixində unikal rekorda imza atıb.

Arena.az xəbər verir ki, 19 yaşlı hücumçu bu nailiyyətə DÇ-2026-nın yarımfinalında Fransa üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra imza atıb.

Belə ki, Lamin Yamal dünya və Avropa çempionatlarında start heyətində meydana çıxdığı 12 matçın hamısında qələbə sevinci yaşayıb. Bununla da o, bu iki mötəbər turnirin tarixində start heyətində keçirdiyi ilk 12 oyunun hamısını qazanan ilk futbolçu olub.

Qeyd edək ki, İspaniya millisi Fransa üzərində qazandığı inamlı qələbə sayəsində dünya çempionatının finalına yüksəlib. Sözügedən komanda finalda İngiltərə – Argentina cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026-nın həlledici görüşü iyulun 19-da keçiriləcək.

Yamal varsa, qələbə də var

İspaniya millisinin futbolçusu Lamin Yamal unikal göstəriciyə imza atıb.

Futbolpress.az “Opta”ya istinadən xəbər verir ki, “Qırmızı furiya” dünya və Avropa çempionatlarında 18 yaşlı vingerin start heyətdə meydana çıxdığı son 12 oyunda qələbə qazanıb.

İspanlar dünən dünya çempionatında Fransaya qalib gələrək (2:0) finala yüksəlib. Yamal bu görüşə “11-lik”də başlayıb.

 

Yamalın qol arzusu

İspaniya millisinin futbolçusu Lamin Yamal açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı vinger DÇ-2026-da qol vura bilməməsindən danışıb:

“Mundialda qol vura bilməməyin məni narahat etmir. Hər turnir fərqlidir. Futbolda belə hallar olur, həmişə qol vurmaq mümkün deyil. Əsas diqqətim komandanın irəli getməyindədir. Millidə kimin fərqlənməsinin önəmi yoxdur. Qarşıda Fransa ilə çox vacib oyunumuz var. Ümid edirəm ki, yaxşı nəticə ilə finala çıxarıq. Bu oyunda qol hesabımı açacağıma ümid edirəm”.

Bu gün keçiriləcək Fransa – İspaniya oyununa 23:00-da start veriləcək.

❌