Davide Ançelotti Braziliya klubundan ayrıldı
Tanınmış futbol mütəxəssisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Braziliyanın “Botafoqo” komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Globo”nun iddiasına görə, müqavilənin ləğvinə səbəb italiyalı mütəxəssisin fitnes məşqçisi Luka Gerranın futbolçuların çoxsaylı zədəsinə görə işdən çıxarılması olub. Davide rəhbərliyə məşqçilər heyətinin bütovlüklə saxlanılacağı təqdirdə qalacağını bildirib. Ancaq onun bu şərti qəbul edilməyib.
Xatırladaq ki, Davide daha əvvəl Madrid “Real”ında atasının köməkçisi olub. “Botafoqo” onun baş məşqçi kimi çalışdırdığı ilk klubdur. İtaliyalı məşqçi 2025-ci ilin yayında Braziliya klubunun “sükanı arxasına” keçmişdi. Komanda onun rəhbərliyi altında 14 qələbə qazanıb, 11 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb.