Normal view

Today — 2 May 2026Main stream

Kaplanoviç: “Kəpəz”lə matçın hakiminin gəncəli olması gülməlidir”

2 May 2026 at 18:30

“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç bu oyunda qırmızı vərəqə aldığı üçün mətbuat konfransında iştirak etməyib. Əvəzində onun köməkçisi Kaplanoviç jurnalistlər önünə çıxıb:

“Oyun barədə danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Hakimdən danışmalıyam. Nəyə görə penalti verildiyini başa düşmədim. Aydındır ki, turnir cədvəlində rahat yerdəyik. Amma yenə də bizə qarşı belə hərəkəti anlaya bilmirəm. Hər dəfə “Sumqayıt”ın oyununda belə hallar olur. Hər dəfə qırmızı vərəqə… Saşa İliç bir neçə dəfə qırmızı vərəqə alıb. Mənim özümə də verilib. Başa düşmürəm ki, bu, nə ilə bağlıdır. Top bədəndən ələ dəyib. Belə penaltini başa düşə bilmirəm. Bu, birinci dəfə deyil. Belə şeylərə görə xallar itiririk. Bir az həyəcanlıyam, hisslərimə hakim ola bilmirəm. Amma belə olmaz.

İkinci penalti təmiz idi. Buna nəsə demirəm. Bəli, səhv etdik. Bunu təhlil edəcəyik. Bizim üçün problemli məsələ birinci penaltidir. Hər dəfə “Sumqayıt”a qarşı belə halların niyə baş verməsini başa düşmürəm. Baş məşqçi Saşa İliç hakimə heç nə demədi. Amma birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.

Oyunun baş hakiminin əslən gəncəli olması gülməlidir. Məncə, haqsızlıqdır. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Gənc oyunçunu da fikirləşmək lazımdır. 18 yaşlı futbolçu belə haqsızlıqla qarşılaşırsa, onun gələcəyinə təsir edə bilər”.

“Sumqayıt”ın məşqçisi: “Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm”

2 May 2026 at 19:14

Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Bu gün oyundan yox, hakimdən danışmaq lazımdır, ancaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Amma penaltinin nə üçün verildiyini anlamadım. Düzdür, liqada yerimizi təmin etmişik, amma bizə qarşı verilən qərarları başa düşmürəm. Hər dəfə bizə – məşqçilərə qırmızı vərəqə verilir. Anlamıram nə üçün bunlar baş verir. Top bədənə dəyir, sonra ələ, amma penalti verilir. Bizə qarşı artıq neçənci dəfədir bu cür qərarlar verilir. Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm. Belə də olmaz… Niyə bizə gələndə qaydalar fərqli olur?

– İkinci penaltidə müdafiəçiniz Danilonun kobud səhvi oldu. Bunu necə şərh edərdiniz?
– Bu epizod penaltidir, bəli, səhv etdik. Saşa İliçi tez-tez cəzalandırırlar, bu gün nəsə demədi axı, nə üçün sərt qərar verilir?

– Rüstəm əvəzlənəndə narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Onu cəzalandıracaqsınız?
– Bunu mən də başa düşmədim. Sevinməlidir ki, meydana çıxıb. Mənim üçün bu, qeyri-peşəkar hərəkətdir. Hər kəs komandaya faydalı olmağa çalışmalıdır. Futbol fərdi oyun deyil.

– İki komanda da fərqli məkanda oynayır. Amma matçın baş hakimi səhv etmirəmsə, əslən gəncəlidir. Bunu nə dərəcə doğru hesab edirsiniz? Həm də “Kəpəz”in sabiq futbolçusu olub…
– Bu, hamı üçün gülməlidir. Haqsızlıqdır, peşəkar olmaq lazımdır. Belə oyunlara ciddi yanaşılmalıdır. Gənc oyunçuları da fikirləşməyə ehtiyac var.

– Təyinatlar açıqlananda baxırsınız?
– Təhlil etmirik. Biz oyunçuların analizlərinə üstünlük veririk. Hakimlər barədə danışmaq bizim işimiz deyil. Bizim üçün referilərin fərqi yoxdur.

– Hakimliklə bağlı AFFA-ya şikayətiniz olacaq?
– Klub olaraq, heç vaxt hakimliklə bağlı geniş etirazımız olmayıb. Həmişə “hakim də insandır, səhv edər” aspekti ilə yanaşmışıq. Ancaq bu hallar təkrarlananda artıq təbii vəziyyətdən çıxır. Səsimiz çıxmadıqca, belə fikir formalaşır ki, bizi əzmək olar. Bugünkü oyunla bağlı da etirazımız olacaq. (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev)

Şahin Cəfərov

❌
❌