Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraq yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən matç fransızların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissə yaxşı keçdi. Ola bilsin ki, futbolçularıma qarşı həddindən artıq tələbkaram. Amma heyətdəki oyunçulara münasibətdə məhz bu yanaşmaya üstünlük verirəm.
İkinci hissədə baş verənləri nəzərə alsaq, tam şəkildə oyuna nəzarət etdik. Bu, asan deyildi. Nəticənin taleyini əvvəlcədən həll etməyimiz çox vacib idi.
Qələbə qazanmaq yaxşıdır. Bu gün növbəti mərhələyə vəsiqə qazandıq. Bununla belə, əminəm ki, Norveçə qarşı üçüncü oyun qrupdakı yekun mövqeyimizi müəyyənləşdirəcək”.
İraq millisinin baş məşqçisi Qrem Arnold isə bu məğlubiyyətə baxmayaraq, komandasının pley-off şanslarına inandığını bildirib:
“Hazırda mənim üçün əsas məsələ Seneqalla oyundur. Üçüncü yeri tutan səkkiz komanda növbəti mərhələyə yüksələcək. Buna görə də hələ də şansımız var”.
Arnold ilk hissədə komandasının çıxışını yüksək qiymətləndirib, lakin əlverişsiz hava şəraiti səbəbindən yaranan iki saatdan çox fasilənin oyunun axarına mənfi təsir etdiyini qeyd edib.
“Fasilə zamanı futbolçulara ilk hissənin görüntülərini bir qədər uzun göstərdim ki, Fransanın bizi hansı məqamlarda çətin vəziyyətə saldığını görə bilsinlər.
Amma əsas məsələ futbolçuların sakit qalması və oyunun bərpasına hazırlaşması idi”.
Avstraliyalı mütəxəssis Fransa millisinin hücumçusu Kilian Mbappenin çıxışına da xüsusi toxunub:
“O, inanılmaz futbolçudur. Sürətini dayandırmaq mümkün deyil. Məhz buna görə müdafiə xəttimizi adət etdiyimdən bir qədər geridə qurduq. Əgər arxada boşluq buraxsanız və Mbappe bu qədər sürətlidirsə, o sizi məhv edəcək”.
Arnold həmçinin turnirin bombardirlik yarışının çox maraqlı keçəcəyini vurğulayıb.
“Erlinq Haland qol vurur, Lionel Messi qol vurur, Mbappe də eyni şeyi edir. Düşünürəm ki, ən məhsuldar futbolçu adına görə bu üç oyunçu arasında çox maraqlı mübarizə olacaq”.