Normal view

Today — 5 February 2026Main stream

Spens: “Bu oyun geridönüşümüz üçün bir fürsətdir”

5 February 2026 at 11:45

“Karvan-Yevlax” Premyer Liqada 6 xalla sonuncu – 12-ci sıradadır. Bölgə təmsilçisi son turda “Sumqayıt”a iki cavabsız qolla uduzub.

Komandanın futbolçusu Kayl Spens “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Məğlubiyyət məyusedici oldu. Oyun planında bəzi şeyləri həyata keçirə bilmədik. Xüsusilə, son anlarda ya yanlış qərarlar verdik, ya səhvlər etdik. Vacib odur ki, səhvlərimizi düzgün təhlil edib, düzgün reaksiya verək. Daha intizamlı, əzmkar olmalıyıq”.

Legioner ondan gözləntilərin böyük olduğunu bildiyini etiraf etdi:

“Gözləntiləri bilirəm. Şəxsən, qarşıma yüksək tələblər qoyuram. Oyunda bir çox aspektdə komandaya fayda verdiyimi düşünürəm, amma hələ performansımdan tam razı deyiləm. Ümumilikdə, komanda olaraq daha çoxuna qadirik. Fərdi olaraq da müəyyən səviyyəyə çatmalıyıq”.

İngiltərəli futbolçu komandanın mövqeyinin yaratdığı təzyiqdən danışdı:

“Liqadakı yerimiz təzyiq yaradır, amma bu, futbolun bir hissəsidir. Məsələ təzyiqə düzgün reaksiya verməyimizdir. Bəzən təzyiq komandanı daha çətin duruma sala bilər. Buna görə biz düz olanı etməliyik. Komanda olaraq birləşməli, inanmalı və işimizə davam etməliyik. Ardıcıl 2-3 qələbə liqadakı mövqeyimizi dəyişə bilər”.

Spens Azərbaycan çempionatının səviyyəsindən və növbəti turun “Turan Tovuz”la oyunundan söz açdı:

“Azərbaycan çempionatı çox rəqabətlidir. Taktiki baxımdan komandalar yaxşı təşkilatlanıb, intizamlıdır. Səfər görüşləri daha çətin keçir. Bəzi komandalarda oyunçular fərdi keçidlərə daha çox üstünlük verir.

“Turan Tovuz” güclü, aqressiv komandadır. Bu cür oyunlarda xarakter ön plana çıxır. Düşünürəm ki, bu oyun geridönüşümüz üçün bir fürsətdir. Kompakt oynayıb, inzitamlı olsaq, hücumlara cəsarətli çıxsaq, nəticə əldə edə bilərik. Matça ciddi hazırlaşırıq. Yaxşı nəticə qazanmağa çalışacağıq”.

Şahin Cəfərov

❌
❌