Normal view

Before yesterdaySport-AZ

Modriçlə bağlı qərar verildi

15 July 2026 at 16:16

“Milan” futbolçusu Luka Modriçlə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçini daha bir mövsüm komandada saxlamaq arzusundadır.

Baş məşqçi Ruben Amorim də Modriçin qalmağını istəyir.

Luka ötən mövsüm “Milan”la A Seriyasında 34 oyunda 2 qol vurub.

Amorim: “Modriçi “Milan”da saxlamaq istəyirəm”

11 July 2026 at 14:00

Portuqaliyalı futbol mütəxəssis Ruben Amorim “Milan”ın baş məşqçisi vəzifəsinə təyinatını və İtaliya nəhəngində işə başlamasını şərh edib.

Arena.az portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Milan”da iş həmişə iddialarımdan biri olub. Bu klubun nə demək olduğunu dəqiq bilirəm. Burada olmağıma çox şadam. “Milan”ın baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir”.

Ruben Amorim komandanın təcrübəli yarımmüdafiəçisi Luka Modriçin gələcəyi ilə də bağlı açıqlama verib. Portuqaliyalı mütəxəssis bildirib ki, xorvatiyalı futbolçunun komandada qalmasını çox istəyir və bu istiqamətdə artıq onunla söhbət aparıb:

“Modriçi komandada saxlamaq niyyətindəyəm. Luka ilə artıq danışmışıq və ona komandamız üçün nə qədər vacib olduğunu izah etmişəm. Lazım gələrsə, onu qalmağa razı salmaq üçün şəxsən özüm də yanına gedəcəyəm. Modriç gələn mövsüm də bizimlə olmalıdır”, – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, 40 yaşlı yarımmüdafiəçinin “Milan”la müqaviləsinin müddəti iyulun 1-də başa çatıb. Bununla belə, İtaliya mətbuatında tərəflərin anlaşmanı daha bir mövsüm uzada biləcəyi barədə xəbərlər yayılıb. Amorimin açıqlaması da klubun bu planını təsdiqləyən növbəti siqnal kimi qiymətləndirilir.

Yeri gəlmişkən, “Milan”ın ulduzu Luka Modriç pərəstiş etdiyi futbolçulardan söhbət açıb. Xorvat futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“Zvonimir Bobandan başqa, mən Françesko Tottiyə pərəstiş edirdim. Onları baxır və deyirdim: “Bu, mənim oynamaq istədiyim futboldur”, deyə Modriç vurğulayıb.

Kristian Pulişiç ciddi müalicə almalı olacaq

11 July 2026 at 09:00

“Milan”ın və ABŞ yığmasının hücumçusu Kristian Pulişiç DÇ-2026-nın 1/8 final mərhələsinin Belçikaya qarşı oyununda (1:4) zədələnmişdi.

Arena.az xəbər verir ki, Pulişiçin əsaslı tibbi müayinəsi amerikalı futbolçunun 6 həftəlik müddətə sıradan çıxdığını təsdiqləyib.

Vurğulanır ki, Pulişiç “Milan”ın növbəti mövsüm ərəfəsində keçiriləcək hazırlıq mərhələsini bütünlüklə buraxmalı olacaq. Buna rəğmən, Pulişiçin, sentyabr ayında yaşıl meydanlara qayıdışı təxmin edilir.

Xatırladaq ki, Kristian Pulişiç futbola “Pensilvaniya Klassiks”in heyətində qədəm qoyub və buradan Avropaya – Dortmund “Borussiya”sının akademiyasına yol tapıb. Buradan “Çelsi”yə icarəyə yollanmış amerikan hücumçu daha sonra tamhüquqlu əsasda “zadəganlar”a qoşulub. 2023-cü ilin iyulunda isə “Milan” 20 milyon avro məbləğ müqabilində Pulişiçi heyətinə qatıb. Pulişiçin “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kristianın “Milan” karyerası ümumilikdə 134 oyun, 42 qol və 27 məhsuldar ötürmədən ibarətdir.

Pulişiçin qənimətlər muzeyində “Borussiya” ilə qazandığı Almaniya Kuboku və “Çelsi” ilə qalib gəldiyi UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var.

Pulişiç 2016-cı ilin mart ayında debüt etdiyi ABŞ yığmasının heyətində 90 oyun keçirib, 33 qol vurub, 23 məhsuldar ötürmə verib. Pulişiç “yankilər”lə 2 dəfə CONCACAF Millətlər Liqasını (2019/2020, 2022/2023) qazanıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı cinah hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Mario Xila “Milan”da – 30 milyon avroluq keçid!

10 July 2026 at 23:59

İtaliyanın “Latsio” klubunun ispaniyalı mərkəz müdafiəçisi Mario Xila bundan sonra A Seriyasının digər təmsilçisi “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən xəbər verir.

İtaliya nəhəngi 25 yaşlı futbolçunun “Latsio”dan tamhüquqlu əsasda transfer olunduğunu rəsmən açıqlayıb. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

İtaliya mətbuatının yaydığı məlumata görə, transferin dəyəri 30 milyon avro təşkil edib.

Mario Xila Madrid “Real”ının akademiyasının yetirməsidir. Bu səbəbdən “kral klubu” futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 50 faizinə sahib idi. Nəticədə, bu transfer sayəsində Madrid təmsilçisi də təxminən 15 milyon avro gəlir əldə edəcək. “Latsio” isə bu oyunçunu 2022-ci ildə 21 milyon avro müqabilində heyətinə qatmışdı.

İspan müdafiəçi son üç mövsümü “Latsio”nun heyətində keçirib və bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilib. O, paytaxt təmsilçisinin heyətində 120 oyuna çıxıb, 2 qola imza atıb. Xila vaxtilə “Real”ın əsas komandasında da 2 oyun keçirib.

İspaniyanın U-21 yığmasında oynamış Xilaya əsas millidə debüt qismət olmayıb.

Santyaqo Ximenes yenə sıradan çıxdı

10 July 2026 at 07:00

Futbol üzrə Meksika yığma komandasının və İtaliyanın “Milan” klubunun mərkəz hücumçusu Santyaqo Ximenes yenə uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Ximenes DÇ-2026-nın 1/8 final mərhələsində İngiltərə yığmasına qarşı oyunda zədələnib və meydanı xərəkdə tərk etməli olub. Vurğulanır ki, əzələ bağlarının ikinci dərəcəli gərilməsi ilə üzləşmiş Ximenes 2 ay müddətinə yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Xatırladaq ki, Argentinada dünyaya göz açmış Santyaqo Ximenes Meksikanın “Krus Asul” klubunun yetirməsidir. 2022-2025-ci illər aralığında Niderlandda “Feyenoord”un uğurları üçün çalışmış hücumçu “Milan”a 2025-ci ilin fevralında 30,2 milyon avro müqabilində keçib. Onun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Ximenes “Milan”ın heyətində indiyə qədər 37 oyuna çıxıb, 7 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Ximenes 2021-ci ilin oktyabr ayında debüt etdiyi Meksika yığmasında 51 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Şmeyxel İtaliyada sevdiyi klubun adını açıqladı

8 February 2026 at 11:29

1990-cı illərdə Aleks Ferqyusonun rəhbərliyi altında “Mançester Yunayted”in heyətində adını futbol tarixinə qızıl hərflərlə yazdıran, 1999-cu il UEFA Çempionlar Liqasının finalının qəhrəmanlarından olan danimarkalı sabiq qapıçı Peter Şmeyxel İtaliyada sevdiyi klubun adını açıqlayıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, sabiq qolkiper, A Seriyasında onun üçün xüsusi yeri olan komandanın “Milan” olduğunu bildirib:

“İtaliyada sevdiyim klub varmı? Bəli, var. Mənim üçün bu, sözsüz ki, “Milan”dır”.

Şmeyxel “Milan”ı 1990-cı illərin İtaliya futbolunda ən güclü və ən yaxşı klub kimi dəyərləndirib. O, futbolçu karyerasını 2003-cü ildə başa vurub.

“Milan” hazırda İtaliya A Seriyasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

The post Şmeyxel İtaliyada sevdiyi klubun adını açıqladı appeared first on Komanda.az.

❌
❌