Normal view

Yesterday — 5 June 2026ARENA.AZ

Minifutbol millimiz Slovakiyada Avropa çempionu oldu!

4 June 2026 at 23:35

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında bu gün final qarşılaşmasına çıxıb.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna yığması ilə üz-üzə gəlib.

“Tipos Arena”da baş tutmuş görüşün taleyini 2 qol həll edib. Mirmehdi Rzayevin 7-ci dəqiqədə, İsa Atayevin 50+5-ci dəqiqədə vurduğu qollar komandamıza çempionluğu gətirib. Bununla da Azərbaycan millisi Avropa çempionatının qızıl medallarına layiq görülüb!

Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitmiş yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələmiş (3:1) və finala yüksəlmişdi. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub etmiş komandamız 1/8 finalda Qazaxıstan yığmasından (3:2), 1/4 finalda isə Çexiya yığmasından (5:2) üstün olmuşdu.

Bununla da Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komandamız daha əvvəl 2022-ci ildə bu titula sahib çıxmışdı. Minifutbol yığmamız həm də sonuncu dünya çempionatının qalibidir.

Azərbaycan millisi Slovakiyadakı Avropa çempionatında bu heyətlə mübarizə aparırdı:

  1. Ağaseyid Qasımov
  2. Vəli Qafarov
  3. Rəvan Kərimov
  4. Taleh Babayev
  5. Xətai Bağırov
  6. Kənan Mirzəliyev
  7. Samir Həmzəyev
  8. İsa Atayev
  9. Elvin Əlizadə
  10. Ruslan Ağalarov
  11. Təmkin Xəlilzadə
  12. Məhəmməd Xəlilov
  13. Cəfər Cəfərov
  14. Vüsal İsayev
  15. Ruzigar İbrahimzadə
  16. Mirmehdi Rzayev
  17. Ramiz Çovdarov
  18. Eşqin Tağıyev.
Before yesterdayARENA.AZ

Minifutbol millimiz Serbiya üzərində qələbə ilə AÇ-nin finalında!

3 June 2026 at 23:59

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında bu gün növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiya yığması ilə üz-üzə gəlib.

“Tipos Arena”da baş tutmuş görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Tərəflər 1:1 hesablı heç-heçə ilə kifayətləniblər. Milli komandamızın heyətində Xətai Bağırov fərqlənib. Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb – 3:1.

Digər yarımfinal matçında Macarıstan və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətiriblər. Ukrayna millisi 5:1 hesablı qələbə sayəsində finala yüksəlib.

Beləliklə, Azərbaycan millisi finalda Ukrayna yığması ilə qarşılaşacaq.

Minifutbol üzrə Avropa çempionatına iyunun 4-də keçiriləcək final matçı ilə yekun vurulacaq.

Xatırladaq ki, F qrupunda yer almış Azərbaycan millisi Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək 1/8 finala vəsiqə qazanmışdı. Millimiz bu mərhələdə Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) üstələmişdi.

Minifutbol millimiz çexlərə qalib gəldi, yarımfinala yüksəldi

3 June 2026 at 01:00

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 final mərhələsində Çexiya yığması ilə üz-üzə gəlib.

“Tipos Arena”da keçirilmiş qarşılaşma millimiz üçün uğurlu alınıb. Futbolçularımız bu dəfə 5:2 hesablı qələbəyə seviniblər. Yığmamızın qollarını dubla imza atmış Eşqin Tağıyev, eləcə də Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.

Raundun digər matçlarında Macarıstan yığması Bolqarıstanı (4:0), Ukrayna millisi Gürcüstanı (4:0), Serbiya seçməsi isə Rumıniyanı (6:4) məğlub edib.

Bu oyunlardan sonra Avropa çempionatında yarımfinal cütləri müəyyənləşib. Finala gedən yolda Macarıstan yığması Ukraynaya, Azərbaycan millisi isə Serbiyaya rəqib olub.

Xatırladaq ki, minifutbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin matçları iyunun 3-də, final görüşü isə ayın 4-də baş tutacaq.

Breno Almeyda: “Onun futbol fəlsəfəsi mənə kömək edir”

2 June 2026 at 21:00

2026-cı ilin fevralında “Neftçi”yə qoşulmuş Breno Almeyda komandaya uyğunlaşma prosesi və klubda çıxışı barədə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan oyunçu Azərbaycandakı ilk günlərində yaşadığı çətinliklərdən və uyğunlaşma dönəmindən bəhs edib:

“İlk günlər bir az çətin oldu. Çünki kiprdən Azərbaycana gələndən sonra çox şey dəyişir. Buna baxmayaraq, tanrının və həyat yoldaşımın köməyi ilə uyğunlaşmağım daha sürətli keçdi”.

Daha sonra baş məşqçinin oyun fəlsəfəsinin ona müsbət təsiri barədə danışan Breno Almeyda komanda daxilindəki bərabərlik prinsipini xüsusi vurğulayıb:

“Güclü cəhətlərimdən biri də keçid fazalarından yaxşı istifadə etməkdir. Düşünürəm, güclü tərəfimi daha yaxşı istifadə edə bilməyimdə baş məşqçimizin futbol fəlsəfəsi mənə kömək edir. Heç kimi komandanın “beyni” adlandırmırıq. Çünki komanda deyəndə hamı bərabər hesab olunur. Hamımız eyni dərəcədə çıxış etməliyik ki, uğur qazanaq”.

Müsahibənin daha ətraflı videosunu təqdim edirik.

Minifutbol millimiz qazaxları da yendi, 1/4 finala çıxdı!

2 June 2026 at 01:00

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 final mərhələsində Qazaxıstan yığması ilə üz-üzə gəlib.

“Tipos Arena”da baş tutmuş qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə bitib. Komandamızın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.

Günün digər görüşlərində Rumıniya yığması Avstriyanı (7:0), Serbiya millisi Yunanıstanı (4:2), Çexiya seçməsi isə Monteneqronu (2:0) məğlub edib.

Daha öncə Macarıstan, Bolqarıstan, Gürcüstan və Ukrayna yığmaları da 1/4 finala vəsiqə qazanmışdılar.

Azərbaycam millisi növbəti raundda Çexiya yığması ilə üz-üzə gələcək.

1/4 final cütləri

Macarıstan – Bolqarıstan
Gürcüstan – Ukrayna
Rumıniya – Serbiya
Çexiya – Azərbaycan

Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsinin oyunları iyunun 2-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan millisi bu yarışda daha öncə yer aldığı F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) da qalib gəlmişdi.

Minifutbol üzrə Avropa çempionatı iyunun 4-də başa çatacaq.

İqor Ribeyro: “Neftçi”dən təklif alanda çox sevindim”

31 May 2026 at 19:00

“Neftçi”nin futbolçusu İqor Ribeyro paytaxt klubuna keçidi, Azərbaycandakı həyatı və karyerasının başlanğıcı ilə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan braziliyalı oyunçu əvvəlcə futbola gəlişindən və Bakıdakı yaşayışından bəhs edib:

“Futbola atamla başlamışam. Atam da futbolçu olub. Hara gedirdisə, məni də özü ilə aparırdı. Futbol meydançasında topla oynamağı çox sevirdim. Çox gözəl hisslərdir. Braziliyada çox adlı-sanlı futbolçular var. Hamı da istəyir ki, böyüyəndə böyük futbolçu olsun. Azərbaycanda bəyəndiyim şeylərdən biri də şəhər oldu. Bakı çox təhlükəsiz və fərqli mədəniyyətə malik şəhərdir. Çox bəyənirəm. Artıq üç ildir buradayam. Azərbaycan çox gözəl ölkədir və burada yaşadığıma görə şadam”.

“Ağ-qaralar”a transferi barədə danışan İqor Ribeyro belə bir köklü klubda çıxış etməkdən qürur duyduğunu bildirib:

“Hamımız bilirik ki, “Neftçi” böyük klubdur. Təbii ki, böyük ənənəyə malik olan Bakı klubundan təklif alanda çox sevindim. Dərhal sevincimi valideynlərimlə bölüşdüm. Təklif məni qane etdi və “Neftçi”yə keçməyə qərar verdim. “Neftçi” çox yaxşı komandadır və burada olduğum üçün çox məmnunam”.

Müsahibənin daha ətraflı videosunu təqdim edirik.

Minifutbol millimiz Fransanı da yendi, qrup lideri oldu

30 May 2026 at 17:00

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında qrup mərhələsini lider kimi başa vurub.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı üçüncü matçında Fransa yığması ilə üz-üzə gəlib.

“Tipos Arena”da keçirilmiş qarşılaşma komandamızın qələbəsi ilə bitib – 3:2. Birinci hissədə rəqib oyunçu avtoqol müəllifi olub. İkinci hissədə Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər. Qrupun digər oyununda Avstriya millisi İtaliya yığmasını 5 cavabsız qolla üstələyib.

Beləliklə, daha əvvəl Avstriya (1:0) və İtaliyanı (3:0) məğlub etmiş Azərbaycan millisi xallarının sayını 9-a çatdırıb və qrup lideri olub.

Komandamız növbəti mərhələyə vəsiqəni ötən tur rəsmiləşdirmişdi. Fransa 4 xalla ikinci, Avstriya 3 xalla üçüncü, İtaliya 1 xalla sonuncu yeri tutub.

Artıq minifutbol millimizin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi də bəllidir. Millimiz növbəti raundda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.

Minifutbol millimiz İtaliyanı yendi, AÇ-də 1/8 finala yüksəldi

29 May 2026 at 19:00

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda bu gün İtaliya seçməsini məğlub etməklə buna nail olub.

Bu gün “Tipos Arena”da keçirilmiş qarşılaşma Azərbaycan milli komandasının qələbəsi ilə başa çatıb – 3:0. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.

Beləliklə, Azərbaycan millisi pley-offa yüksəlib.

Qrupun digər qarşılaşmasında Fransa yığması Avstriya komandasını üstələyib – 3:1.

Xatırladaq ki, ötən gün Avstriya yığmasına minimal hesabla (1:0) qalib gəlmiş milli komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq.

Minifutbol yığmamız hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzmuş Avstriya dördüncü sırada qərarlaşıb.

“Qəbələ” – “Mingəçevir” 2:0 – Video

28 May 2026 at 22:30

Azərbaycan Premyer Liqası uğrunda bu gün keçirilmiş “Qəbələ” – “Mingəçevir” pley-off oyunu birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Premyer Liqaya vəsiqə uğrunda pley-off oyunu
28 may

“Qəbələ” – “Mingəçevir” 2:0
Qollar: Əkbər Eyyubov, 36-öz qapısına. Seydina Keyta, 45+1-pen.
Sarı vərəqələr: İbrahim Sanqare, 75 (qeyri-idman hərəkəti). İsmael Akinade,
89 (qeyri-idman hərəkəti) – Elmin Bayramov, 45+1 (qeyri-idman hərəkəti). Nicat Məmmədov, 48 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ramiz Məmmədov, 45+1 (hakimin
qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 18:30. “Sumqayıt Arena”, 1200 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Asiman Əzizli.
Dördüncü hakim: İnqilab Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k) (74. Süleyman Damadayev, 90+1), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov (24. İsmael Akinade, 83), 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 50. Adriel Ba Lua (12. İbrahim Sanqare, 73), 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu (66. Nuğay Rəşidov, 90+1), 30. Prins Ovusu (22. Fərid İsgəndərov, 83).
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 26. Elnur Mustafayev, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Mingəçevir: 1. Orxan Sadıqlı, 16. Fuad Bayramov (99. Cəlal Cəbrayılov, 85), 22. Elçin Mustafayev (27. Elnur Mirzəyev, 85), 60. Elmin Bayramov (77. Məhəmməd Səfərov, 50), 4. Kənan Quliyev (k), 70. Nicat Məmmədov (20. Bahadur Həziyev, 50), 10. Qabil Əlizadə (8. Abba Usman, 54), 15. Seymur Məmmədov, 32. Rəhim Cəfərli, 33. Əkbər Eyyubov, 11. Kennet Kalunqa.
Ehtiyat oyunçular: 36. Əmrah Məmmədli, 9. Amil Yunanov, 19. Nurlan Novruzov, 81. Xəyal Muradov, 17. Taleh Fərmanov, 21. Rimas Kerimi.
Baş məşqçi: Ramiz Məmmədov.

Minifutbol millimiz Avstriyanı tək qolla yendi

28 May 2026 at 17:00

Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil edilmiş minifutbol üzrə Avropa çempionatında (AÇ-2026) qrup mərhələsinin oyunları keçirilir.

Arena.az xəbər verir ki, minifutbol üzrə Azərbaycan millisi də bu gün qitə birinciliyində mübarizəyə başlayıb.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupu çərçivəsindəki ilk oyununda Avstriya yığması ilə üz-üzə gəlib. “Tipos Arena”da baş tutmuş bu matçın taleyini bir qol həll edib. Millimiz yeganə qol sayəsində turnirə qələbə ilə başlayıb. Qələbə qolunu 36-cı dəqiqədə İsa Atayev vurub.

Xatırladaq ki, Azərbaycan milli komandası F qrupunda İtaliya və Fransa yığmaları ilə də münasibətlərə aydınlıq gətirəcək. İtaliya ilə oyun mayın 29-da, fransızlarla görüş isə mayın 30-da baş tutacaq.

Bu gün keçirilmiş qrupun digər oyununda İtaliya və Fransa yığmaları sülhə razılaşıblar – 0:0.

❌
❌