Kurban Berdıyev kubok oyununda baş verənlərə görə üzr istədi
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 19-cu turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransına bir neçə gün öncə keçirdikləri kubok oyununda nümayiş etdirdiyi emosional davranışı üçün azarkeşlərdən üzr istəməklə başlayıb.
O, oyunda ələ düşən fürsətləri dəyərləndirə bilmədikləri üçün sonluğun dramatik keçdiyini vurğulayıb:
“Əvvəlcə kubok oyunundakı davranışıma görə azarkeşlərdən üzr istəyirəm. Bu, emosiyalara qapılmağın nəticəsi idi. Oyuna gəlincə isə, yaxaladığımız fürsətləri dəyərləndirə bilmədik. İkinci qolu vursaydıq, matç tam bizim istədiyimiz ssenari ilə gedərdi. Məhz buna görə də oyunun son dəqiqələri dramatik alındı”.
Baş məşqçi son vaxtlar qol vura bilməyən hücumçu İbrahima Vadjiyə dəstək verib və qapıçı dəyişikliyinin səbəbini əsas qolkiper Oleq Baklovun zədəsi ilə əlaqələndirib:
“İbrahima Vadji təhlükəli vəziyyətlər yaradır. Mən ona inanıram. Əminəm ki, qol da vuracaq. Qapıçı məsələsinə gəlincə, Oleq Baklov zədəlidir. Kim güclü olacaqsa, o da oynayacaq”.