Reading view

Mundiala dünya çempionu ilə – K qrupuna baxış

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatı bu gün start götürəcək. “Futbolpress” mundialla bağlı rubrika başladıb – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edilib.

Ötən yazılarımızda A, B, C, D, E, F, G, H, İ və J qrupunu dəyərləndirdik. İndi isə K qrupuna nəzər salaq:

Qrup K
Kolumbiya
Portuqaliya
Özbəkistan
Konqo

Kolumbiya

“Qəhvəçilər” ləqəbli Cənubi Amerika təmsilçisi tarixində yeddinci dəfə dünya çempionatında mübarizə aparacaq. İlk dəfə 1962-ci ildə mundiala qatılan kolumbiyalılar həmin vaxt qrupdan çıxa bilməyib.

Birinci dəfə iştirak etdiyi mundialda SSRİ yığması ilə matçda 1:4 geridə olmasına baxmayaraq, geridönüş edərək 4:4 hesablı heç-heçə əldə etmişdi. Həmin görüşdə tarixin ən yaxşı qapıçılarından hesab edilən Lev Yaşina birbaşa künc zərbəsindən qol vuran Markos Koll qolkiperə unutmayacağı an yaşatmışdı.

Yığmanın dünya çempionatları tarixindəki ən yaxşı nəticəsi 2014-cü ilə aiddir. Komanda həmin mundialda 1/4 finala qədər irəliləmiş, ancaq Braziliyaya uduzaraq, mübarizəni dayandırmışdı. Dünya çempionatında 6 qolla bombardir olan Xames Rodriqes sonda “Qızıl buts”u qazanmışdı. Onun Uruqvaya vurduğu məşhur qol isə turnirin ən yaxşısı seçilmişdi.

Kolumbiya millisi ilə bağlı neqativ hadisə isə 1994-cü il mundialına aiddir. ABŞ ilə oyunda avtoqol müəllifi olan Andres Eskobar turnirdən qayıtdıqdan sonra Medellində qətlə yetirilmişdi. Bu, tarixin ən faciəli hadisələrindən hesab edilir.

Kolumbiya millisinin heyətinin dəyəri 302.35 milyon avrodur. Komandanın aparıcı üzvü “Bavariya”da çıxış edən Luis Diasdır. Heyətdə Luis Suares, Riçard Rios, Con Lukumi kimi son dönəmlərdə adından söz etdirən futbolçular yer alır.

Kolumbiya millisi mundiallarda:
22 oyun, 9 qələbə, 3 heç-heçə, 10 məğlubiyyət.

Portuqaliya

“Dənizçilər” və ya “Beş qalxanlılar” ləqəbli yığma tarixin ən uğurlu kollektivlərindəndir. Portuqallar 9-cu dəfə mundialda iştirak edəcək. İlk dəfə qatıldığı 1966 dünya çempionatında üçüncü yeri tutan komanda daha sonra bu uğurunu təkrarlaya bilməyib.

Tarixin ən yaxşı futbolçularından hesab edilən Kriştiano Ronaldo millinin simvoludur. Millidə ən çox qol vuran oyunçu ünvanını daşıyan portuqaliyalı ulduz həm də yığma ilə mundiallarda ən çox forma geyinəndir – 22 dəfə. Bu mundial Ronaldonun 6-cı dünya çempionatıdır.

“Futbolun Ronaldoya borcu var” kimi fikirlər Portuqaliya yığmasını mundialın favoritləri arasında göstərilməsinə səbəb olur. 41 yaşlı ulduz böyük ehtimalla sonuncu dünya çempionatında iştirak edəcək bu, o və komanda yoldaşları üçün əlavə çempionluq motivasiyası yaradıb.

Portuqaliya millisi mundiallarda:
35 oyun, 17 qələbə, 6 heç-heçə, 12 məğlubiyyət.

Özbəkistan

Mərkəzi Asiyanın güclü kollektivlərindən sayılan “ağ qurdlar” tarixində ilk dəfə dünya çempionatının əsas mərhələsinə qatılıb. Yığma 1992-ci ildən, SSRİ-nin dağılmasından sonra müstəqil komanda ilə beynəlxalq arenada yarışır.

Komanda müstəqilliyindən iki il sonra Asiya Oyunlarında qızıl medal qazanaraq, tarixinin ən böyük uğuruna nail olub.

Yığmanın heyətində Abdukadir Xusanov (“Mançester Siti”), Eldar Şomurodov (“Başakşəhər”) kimi futbolçular yer alıb.

Özbəkistan millisini keçmiş dünya çempionu Fabio Kannavaro çalışdırır. Mütəxəssisin mundial təcrübəsi yığmanın əsas üstünlüyü olacaq.

Konqo

“Bəbirlər” ləqəbli yığma tarixində ikinci dəfə dünya çempionatında iştirak edəcək. Konqo millisi bundan öncə 1974 mundialına qatılıb və qrupda qalıb. Həmin dövrdə ölkə Zair adı altında çıxış edib. Dünya çempionatında debüt “bəbirlər” üçün uğurlu alınmayıb və komanda hər üç oyunu uduzub. Həmin mundialda komanda Yuqoslaviyaya 0:9 hesabıyla məğlub olaraq ölkə futbolunun ən ağrılı nəticəsinə imza atdı.

Həmin mundialda maraqlı məqam komandanın müdafiəçisi Mvepu İllunqa ilə bağlıdır. Braziliya ilə oyunda cərimə zərbəsi başlanmazdan əvvəl topa qaçan İllunqanın uzun müddət futbol qaydalarını bilmədiyi iddia edilmişdi. Lakin oyunçu daha sonra açıqlamasında bu hərəkətinin siyasi etiraz olduğunu bildirmişdi.

Konqo yığmasının heyətinin dəyəri 143.90 milyon avrodur. Komandada Noa Sadiki (“Sanderlend”), Yoan Vissa (“Nyukasl”), Aaron Van-Bissaka (“Vest Hem”) kimi tanınmış futbolçular yer alır.

Konqo millisi mundiallarda:
3 oyun, 3 məğlubiyyət.

K qrupunun afişası:
17 iyun Portuqaliya – Konqo
18 iyun Özbəkistan – Kolumbiya
23 iyun Portuqaliya – Özbəkistan
24 iyun Kolumbiya – Konqo
28 iyun Kolumbiya – Portuqaliya
28 iyun Konqo – Özbəkistan

Şahin Cəfərov

Mundiala doğru: ilk sürpriz, mübahisəli qol və yeganə çempionluq

Bu gün dünya çempionatına start veriləcək. Sayca 23-cü olacaq mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

1930-cu ildən etibarən dörd ildən bir keçirilən dünya çempionatları bu günə qədər cəmi iki dəfə baş tutmayıb: 1942 və 1946-cı illərdə II Dünya Müharibəsi səbəbindən təşkil olunmayıb.

Mundiallar tarixində ilk sürpriz 1966-cı ildəki yarışa təsadüf edir. Turnirə ilk dəfə qatılan Şimali Koreya yığması 1/4 finala qədər irəliləməyi bacarmışdı. Asiyalılar həmin vaxt ən yaxşılardan olan İtaliya millisini 1/8 finalda məğlub etmişdi.

Ötən əsrin ortalarında Asiyadan bir komandanın dünya çempionatında 1/4 finala qədər gələ bilməsi mümkünsüz kimi idi, lakin koreyalılar bunu bacarmaqla tarixin sürprizinə imza atmışdı.

Komanda 1/4 finalda Portuqaliya ilə qarşılaşıb. 25 dəqiqəyə üç qol vuran asiyalılar bu üstünlüyü qoruya bilməmiş və yekunda 3:5 hesabıyla uduzmuşdu. Portuqaliyalı əfsanə Eusebio bu matçda dörd qolla geridönüşə töhfəsini vermişdi.

1966 mundialında azərbaycanlı hakim Tofiq Bəhramov da yer alıb. O, İngiltərə – Qərbi Almaniya finalında yan xətt hakimi funksiyasını icra edib. Bəhramovun ingilislərin əlavə vaxtda – 101-ci dəqiqədə vurduğu qolu qeydə alması tarixin ən mübahisəli qərarlarından hesab edilir. Topun qapı üst dirəyindən yerə dəyməsindən sonra baş hakim Qottfrid Denst Bəhramovla məsləhətləşəndən sonra qolu qeydə alıb. Alman cəbhəsi isə hələ də müzakirələrdə epizodun qol olmadığını iddia edir.

Mübahisəli qolun müəllifi Geof Hurst həmin görüşdə üç qol vurub. Bu, dünya çempionatları tarixində finallardakı ilk het-trikdir.

1966 mundialı İngiltərənin qələbəsiylə başa çatıb. Bu, onların tarixdəki yeganə dünya çempionluğudur.

Şahin Cəfərov

İran mundial oyunlarını boykot edə bilər – tapşırıq

İran milli komandası dünya çempionatı oyunlarını boykot edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə sözügedən ölkənin KİV-i məlumat yayıb.

İran yığması matçların gedişində azarkeşlər tərəfindən İrana qarşı siyasi şüarlar səsləndiriləcəyi halda, meydandan çıxacaq. İran İdman Naziri baş məşqçi Əli Qaloneyə bu barədə tapşırıq verib.

Daha əvvəl İran azarkeşlərinin mundial oyunlarına buraxılmayacağı iddia edilib.

Milli qrupda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.

DÇ-2026: zamanda səyahət – ilk çempion və ilklər

Bu gün dünya çempionatına start veriləcək. Sayca 23-cü olacaq mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

1930-cu ildən etibarən dörd ildən bir keçirilən dünya çempionatları bu günə qədər cəmi iki dəfə baş tutmayıb: 1942 və 1946-cı illərdə II Dünya Müharibəsi səbəbindən təşkil olunmayıb.

Dünya çempionatlarının ilk qalibi Uruqvaydır. 1930-cu ildə cənubi amerikalıların ev sahibliyi etdiyi mundialda cəmi 13 komanda iştirak edib.

Ev sahibi Uruqvayla yanaşı, Argentina, ABŞ, Çili, Braziliya, Meksika, Paraqvay, Peru və Boliviya, Avropadan isə Fransa, Belçika, Yuqoslaviya, Rumıniya. Avropanın digər ölkələri isə 20-25 günlük gəmi səyahətinin yorucu olacağını düşünərək, mundialda iştirakdan imtina edib.

Dünya çempionatları tarixində ilk qolun müəllifi fransalı Lüsyen Lorendir. O, Meksika ilə matçda fərqlənməklə adını tarixə yazdırıb.

Birinci dünya çempionatı ilə maraqlı bir fakt isə toplarla bağlıdır. Finalçılar oyundan öncə öz topları ilə oynamaq istəyib. Bu səbəbdən həlledici görüşdə birinci hissədə Argentinanın, ikincidə isə Uruqvayın topundan istifadə edilib.

Birinci mundialın digər maraqlı məqamı Rumıniya ilə bağlıdır. Avropa təmsilçisinin heyəti həmin vaxtda kral II Kerol tərəfindən formalaşdırıb. O, bəzi oyunçuların iş yerlərindən icazələrin alınmasına da yardımçı olub.

İlk dünya çempionatında 18 matç baş tutub. Finalda Uruqvay və Argentina üz-üzə gəlib. 6 qolun vurulduğu matç Uruqvayın qələbəsiylə başa çatıb – 4:2.

Mundiallar tarixində həm ev sahibi, həm də çempion olan cəmi 6 ölkə var. Bunlar Uruqvay, İngiltərə, Qərbi Almaniya, Fransa, Argentina və İtaliyadır.

Bu gün start götürəcək dünya çempionatı ilk dəfə üç fərqli ölkədə baş tutacaq. Açılış oyunu 23:00-da Mexikoda olacaq. Ev sahiblərindən Meksika Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.

Şahin Cəfərov

“Vinisius dünya kubokunu Braziliyaya gətirə bilər”

Braziliya millisinin futbolçusu Rafinya açıqlama verib.

Futbolpress.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, vinger dünya çempionatındakı şanslarını dəyərləndirib:

“Heyətimizdə Vinisius kimi keyfiyyətli oyunçu var. Gənc olmasına baxmayaraq, hər görüşdə fərq yaratmaq potensialındadır. Vinisius dünya kubokunu Braziliyaya gətirə bilər. İnanıram ki, komandamız mundialda layiqincə çıxış edəcək”.

Braziliya yığması qrupda Haiti, Mərakeş və Şotlandiya ilə qarşılaşacaq.

İnfantino: “Lazım olsaydı, onları Tehrandan özüm gətirərdim”

FIFA prezidenti Canluici İnfantino açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, funksioner İran yığmasının dünya çempionatında iştirakına toxunub:

“İran məsələsində sevincliyəm. İnsanlar onların mundiala gəlməyəcəyini deyirdi, ancaq mən söz vermişdim, hər komandanın qatılacağını demişdim. Lazım olsaydı, onları Tehrandan özüm gətirərdim”.

İran yığması daha əvvəl regiondakı siyasi gərginliyə görə dünya çempionatına qatılmaq istəmədiyini açıqlamışdı.

İran mundialda Belçika, Misir və Yeni Zelandiya ilə bir qrupda mübarizə aparacaq.

Poçettino: “Meydan sahibiyik, niyə də çempion olmayaq?”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az “The Guardian”a istinadən xəbər verir ki, mütəxəssis mundialı qazana biləcəklərini deyib:

“Ev sahibi kimi dünya çempionatında olmaq əlavə enerjidir. Azarkeşlərimizin dəstəyi bizi daha gücləndirə bilər. Mundialı qazanmaq şansımızın olduğunu düşünməyənlər var. Eybi yox, bu, bizə daha rahat oynamaq imkanı verəcək. Meydan sahibiyik, niyə də çempion olmayaq?”

ABŞ yığması qrupda Türkiyə, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatına bu gün start veriləcək.

Tramp ilk oyunu buraxacaq

ABŞ Prezidenti Donald Tramp dünya çempionatında yığmanın Paraqvaya qarşı keçirəcəyi ilk oyunu buraxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Trampın əvəzinə matçda ABŞ nümayəndə heyətindən dövlət katibi Marko Rubionun iştirakı gözlənilir.

Amerikalılar mundiala ev sahibi kimi qatılıb. Komanda ilk oyununu iyunun 13-də Paraqvaya qarşı keçirəcək.

DÇ-2026: Meksika fərqi artırdı – YENİLƏNİR

Bu gün dünya çempionatına start veriləcək.

Futbolpress.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin açılışı Mexikoda olacaq.

Birinci matçda meydan sahiblərindən Meksika Cənubi Afrika Respublikası seçməsi ilə qarşılaşacaq. A qrupunun görüşünə saat 23:00-da start veriləcək.

DÇ-2026
Qrup A

11 iyun

23:00 Meksika – CAR 2:0

Qollar: Qinones, 8, Ximenes, 67

DÇ-2026: son çempionun qrupu – “Səhra Tülküləri” sürpriz arzusunda

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazılarımızda A, B, C, D, E, F, G, H və İ qrupunu dəyərləndirdik. İndi isə J qrupuna nəzər salaq:

Qrup J
Əlcəzair
Argentina
Avstriya
İordaniya

Əlcəzair

1964-cü ildən FIFA-ya üzv olan “Səhra Tülküləri” tarixində beşinci dəfə dünya çempionatında iştirak edəcək. Komandanın mundiallardakı ən böyük uğuru 2014-cü ildə 1/8 finala yüksəlməsi olub.

Əlcəzairin mundialın tarixinə adını yazdırmağı bacarıb. Komanda 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında həmin dövrlərin ən güclülərindən olan Qərbi Almaniyanı məğlub etməklə Avropa komandasına qalib gələn ilk Afrika təmsilçisi oldu.

Həmin mundial Əlcəzair tarixinə “Xixon rüsvayçılığı” kimi də yazılıb. Belə ki, qrupda iki qələbə qazanan yığma sonuncu turda Avstriyanın Qərbi Almaniyaya qalib gəlməsiylə növbəti mərhələyə vəsiqə qazana bilməyib. Bu qalmaqallı nəticələrdən sonra FIFA mundiallarda son turun oyunlarının hamısını eyni vaxtda keçirir.

Afrika təmsilçisinin heyətinin dəyəri 256.9 milyon avrodur. FIFA reytinqində 28-ci sırada olan yığma qrupda ikincilik üçün iddialıdır. Heyətin ən dəyəri oyunçusu “Bayer”də çıxış edən İbrahim Mazadır Onun qiyməti 45 milyon avrodur. Mazadan başqa, komandada Fares Çaibi, Amin Giuri, Rayan Ait-Nuri kimi tanınmış futbolçular var.

Əlcəzair mundiallarda:
13 oyun, 3 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət.

Argentina

“Tanqoçular” Cənubi Amerikanın ən uğurlu yığmalarındandır. Son çempion ümumilikdə mundiallarda üç dəfə “qızıl” qazanıb. 6 finalda iştirak edən Argentina 1930, 1990 və 2014-də ikinci, 1978, 1986 və 2022-də birinci olub.

Son illər milli komandaların futbolunda ən uğurlu yığma məhz Argentinadır. Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv 2021 və 2024-də Amerika Kubokunu, 2022-ci ildə dünya çempionatını qazanıb.

Heyətdə kifayət qədər ulduzlar var. Bu mundial həm də tarixin ən yaxşı futbolçularından biri hesab edilən Lionel Messinin sonuncu beynəlxalq yarışı olacaq.

“Tanqoçular” mundiallarda:
88 oyun, 47 qələbə, 17 heç-heçə, 24 məğlubiyyət.

Avstriya

Avropanın ən qədim yığmalarından olan Avstriya 8-ci dəfə dünya çempionatında iştirak edəcək. Komanda ötən əsrdə iki dəfə mundialda mükafatçılar sırasına düşüb. Yığma 1934 və 54-cü illərdə müvafiq olaraq üç və dördüncü yeri tutub.

XXI əsrdə birinci dəfə mundialda iştirak edəcək avstriyalıların heyətinin dəyəri 242.20 milyon avrodur. Komandanın ən bahalı futbolçusu Konrad Laymerdir. “Bavariya”da çıxış edən yarımmüdafiəçinin dəyəri 32 milyon avrodur.

Avstriya millisi mundiallarda:
29 oyun, 12 qələbə, 4 heç-heçə, 13 məğlubiyyət.

İordaniya

Qrupun zəif bəndi İordaniya yığmasıdır. Asiya təmsilçisi tarixində birinci dəfə dünya çempionatının əsas mərhələsində iştirak edəcək.

Yığma beynəlxalq arenada buna qədər ən böyük uğurunu 2023-cü ildə əldə edib. İordaniya Asiya Kubokunda gümüş medal qazanıb.

Qızıl dövrünü yaşayan yığmanın heyətinin dəyəri 20.3 milyon avrodur. Komandada yalnız bir futbolçu Avropada legioner həyatı yaşayır. Bir vaxtlar adı “Qarabağ”la da hallanan Mussa Əl Tamari “Renn”də top qovur. Komandanın aparıcı üzvü olan hücumçunun dəyəri 10 milyon avrodur.

J qrupunun afişası
16 oyun Argentina – Əlcəzair
16 iyun Avstriya – İordaniya
22 iyun Argentina – Avstriya
22 iyun İordaniya – Əlcəzair
27 iyun Əlcəzair – Avstriya
27 iyun İordaniya – Argentina

Şahin Cəfərov

❌