Reading view

Reşford “Mançester Yunayted”ə qayıtmaq istəmir

“Barselona”nın 28 yaşlı hücumçusu Markus Reşford icarə müddətinin bitməsindən sonra “Mançester Yunayted”ə qayıtmaq niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Reşford “qırmızı şeytanlar”ın layihəsinə inanmır və hazırda oynadığı klubun böyük titullar uğrunda ciddi planlar qurduğunu düşünür. O, hesab edir ki, “Barselona”da baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında dünya səviyyəli oyunçuya çevrilə bilər.

İngiltərəli futbolçu 2025-ci ilin yayında “Mançester Yunayted”dən icarə əsasında “Barselona”ya keçib. Kataloniyalılar icarə müddəti başa çatdıqdan sonra onu 30 milyon avroya daimi olaraq almaq imkanına sahibdir.

The post Reşford “Mançester Yunayted”ə qayıtmaq istəmir appeared first on Komanda.az.

“Ümid edirəm ki, ömrümün sonuna qədər “Barselona”da qala biləcəm”

“Barselona”nın vingeri Lamin Yamal gələcəyi ilə bağlı fikirlərini bölüşüb. 18 yaşlı futbolçu karyerasının tamamını Kataloniya klubunda keçirmək arzusunda olduğunu bildirib.

Yamal Barselonada nəşr olunan “Mundo Deportivo” qəzetinin 120 illik yubileyinə həsr olunmuş qala-gecədə iştirak edib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbir zamanı ona gələcək planları ilə bağlı sual ünvanlanıb:

“Ümid edirəm ki, ömrümün sonuna qədər burada qala biləcəm. Dünyanın ən yaxşı klubunda və ən yaxşı şəhərində hər günün dadını çıxarmaq istəyirəm”.

İspaniyalı futbolçu, həmçinin, komandanın cari hədəflərindən də danışıb:

“Biz İspaniya kubokunun yarımfinalına yüksəlmək uğrunda mübarizə aparırıq. Bu, mütləq qazanmalı olduğumuz tituldur”.

The post “Ümid edirəm ki, ömrümün sonuna qədər “Barselona”da qala biləcəm” appeared first on Komanda.az.

Rafinyadan zədəsi ilə bağlı açıqlama

“Barselona”nın hücumçusu Rafinya Dias aldığı yeni zədə ilə bağlı açıqlama verib. Kataloniya klubunun mətbuat xidməti daha əvvəl braziliyalı futbolçuda bud əzələsində dartılma aşkarlandığını bildirmişdi.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Rafinya vəziyyətinin ciddi olmadığını vurğulayıb:

“Məndə hər şey qaydasındadır. Sadəcə bir az yorğunluq var, amma ümumilikdə problem yoxdur. Nəzəri olaraq bərpa prosesi uzun çəkməməlidir. Ən qısa zamanda meydana qayıtmağa çalışacam”.

29 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 22 oyunda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun komandası bu gün İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə “Albasete” ilə qarşılaşacaq.

The post Rafinyadan zədəsi ilə bağlı açıqlama appeared first on Komanda.az.

Pedri məşqlərə başlayıb

“Barselona”nın yarımmüdafiəçisi Pedrinin bərpa prosesi ilə bağlı yeni detallar açıqlanıb.

Komanda.az “Jijantes FC”-yə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun sağalması plan üzrə davam edir.

Pedri artıq meydançada fərdi məşqlərə başlayıb. Gözləntilərə əsasən, o, təxminən bir ay sonra komandanın ümumi məşq qrupuna qoşula biləcək.

23 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 25 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun komandası bu gün İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə “Albasete” ilə qarşılaşacaq.

The post Pedri məşqlərə başlayıb appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

3 fevral

Türkiyə, kubok
14:00 Iğdır – Antalyaspor (A Spor)
16:30 Samsunspor – Bodrumspor (A Spor)
19:00 Rizəspor – Bəyoğlu Yeni Çarşı (A Spor)
21:30 Trabzonspor – Fəthiyəspor (A Spor)

İtaliya, A Seriyası
23:45 Bolonya – Milan (Futbol 1)

İspaniya, kubok
00:00 Albasete – Barselona (Futbol 2)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Mark-Andre ter Ştegen “Jirona”da da zədələndi

İspaniyanın “Jirona” komandasının almaniyalı qapıçısı Mark-Andre ter Ştegen ən azı iki ay yaşıl meydanlardan kənarda qala bilər.

Arena.az xəbər verir ki, buna futbolçunun ciddi zədələnməsi səbəb olub.

33 yaşlı qolkiperin bud əzələsində problem aşkarlanıb. İcarə əsasında “Jirona”nın formasını geyinən oyunçunun müqaviləsinin ləğv edilməsi və “Barselona”ya qayıtması da istisna edilmir.

Xatırladaq ki, Ter Ştegen yanvarın 21-də icarə müqaviləsi əsasında “Jirona”ya keçmişdi. O, bu komandanın heyətində cəmi iki oyuna çıxıb.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ter Ştegen cari mövsümdə “blauqrana” üçün cəmi 1 oyun keçirib. Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 423 oyun, 416 buraxılmış qol və 176 “quru” oyundan ibarətdir.

Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Rafinya “Albasete” ilə oyunu buraxacaq

“Barselona”nın hücumçusu Rafinya İspaniya Kubokunun 1/4 finalı çərçivəsində “Albasete”yə qarşı keçirəcəkləri oyunda iştirak etməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçunun sağ budundan əzələ zədəsi aldığı diqqətə çatdırılıb. Hücumçu buna görə bir müddət məcburi istirahət etməli olacaq. Amma onun bərpa müddəti açıqlanmır.

Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 22 oyun keçirib, 13 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 166 oyun, 67 qol və 56 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

“Hələ maksimum səviyyəmizə çatmamışıq”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq La Liqanın 22-ci turunda “Elçe”yə qarşı keçirilən oyun haqda danışıb.

Yanvarın 31-də baş tutan qarşılaşma Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, komandanın inkişaf etdiyini, ancaq hələ də tam potensialına çatmadığını bildirib:

“Komanda olaraq inkişaf etməyə davam edirik, bu isə çox vacibdir. Amma hələ maksimum səviyyəmizə çatmamışıq. Adətən hücumları yaxşı tamamlayan futbolçularımız olur. Bəzən hansısa oyunda imkanları boşa verə bilərsən, əsas məsələ isə həmin epizodları yaratmağımızdır”.

De Yonq rəqib komandanın oyun tərzini də xüsusi vurğulayıb:

“Adətən komandalar bizə qarşı müdafiəyə çəkilir, amma “Elçe” çox cəsarətli komandadır. Onlar yaxşı futbol oynayırlar və bu da oyunu azarkeşlər üçün daha maraqlı edir”.

O, mövsümün həlledici mərhələsinin başladığını da diqqətə çatdırıb:

“İndi mövsümün ən həyəcanlı dövrünə daxil oluruq – Kral kuboku və UEFA Çempionlar Liqası oyunları, həmçinin, La Liqanın son mərhələsi bizi gözləyir”.

The post “Hələ maksimum səviyyəmizə çatmamışıq” appeared first on Komanda.az.

Ter Ştegen “Barselona”ya geri göndərilə bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “Jirona”da ciddi zədə alıb və bu səbəbdən Kataloniya klubuna vaxtından əvvəl qayıda bilər.

33 yaşlı qolkiper yanvarın 21-də, mövsümün sonuna qədər icarə əsasında “Barselona”dan “Jirona”ya keçmişdi. O, yeni klubunda cəmi iki oyunda – “Xetafe”yə qarşı (1:1) və “Ovyedo” ilə matçda (0:1) forma geyinməyə macal tapıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı futbolçuda arxa bud əzələsində ciddi zədələnmə – əzələ yırtığı və vətərlərin qopması ehtimalı aşkarlanıb. İlkin tibbi müayinələr dəqiq diaqnozun qoyulmasına imkan verməyib.

Gözləntilərə əsasən, Ter Ştegen iki ay meydanlardan kənar qala bilər. Bu halda, “Jirona” icarə müqaviləsini vaxtından əvvəl ləğv edərək, onu yenidən “Barselona”ya göndərə bilər.

Ter Ştegenin vəziyyəti yaxın günlərdə keçiriləcək əlavə müayinələrdən sonra tam aydınlaşacaq.

The post Ter Ştegen “Barselona”ya geri göndərilə bilər appeared first on Komanda.az.

Ferran Torreslə bağlı qərar verilib

“Barselona” rəhbərliyi komandanın hücumçusu Ferran Torreslə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

25 yaşlı futbolçunun cari mövsümdə göstərdiyi uğurlu çıxış klubun bu qərarında əsas rol oynayıb. Torresin “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Kataloniya klubu ispaniyalı forvardı 2022-ci ildə “Mançester Siti”dən transfer edib. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 oyunda iştirak edib, 16 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Barselona” digər hücumçusu, polşalı Robert Levandovski ilə müqavilənin müddətini uzatmağı planlaşdırmır. Bu səbəbdən, klub yayda top-səviyyəli hücumçu transfer edə bilməsə, növbəti mövsümdə Ferran Torres əsas mərkəz hücumçusu statusunu qazana bilər.

The post Ferran Torreslə bağlı qərar verilib appeared first on Komanda.az.

Fermin Lopes iki klubun təklifinə “yox” deyib

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes sərfəli təkliflərə baxmayaraq, klubunu dəyişməmək qərarına gəlib. 22 yaşlı futbolçu bu yaxınlarda “Barsa” ilə yeni müqavilə imzalayıb və anlaşmanın müddəti 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Çelsi” daha əvvəl ispaniyalı oyunçuya xeyli yüksək maaş təklif edib. Ancaq Lopes mövqeyindən geri çəkilməyərək “Barselona”ya sadiq qalıb.

Fermin Lopesə “Bayern” də ciddi maraq göstərib. Münhen klubu ona yalnız yüksək əməkhaqqı deyil, eyni zamanda, komandanın gələcək layihəsində mühüm rol vəd edib. Buna baxmayaraq, almanlar da məqsədinə çata bilməyib.

Lopes maddi baxımdan daha cəlbedici təklifləri geri çevirərək, karyerasını doğma klubunda davam etdirməyi seçib.

The post Fermin Lopes iki klubun təklifinə “yox” deyib appeared first on Komanda.az.

“Bu qədər şansı boşa verdik” – “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Erik Qarsiya La Liqada “Elçe” ilə oyunda (3:1) komandasının çıxışıyla bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu deyib:

“Hər şey yaxşı olardı, amma bu gün (dünən) bu qədər şansı boşa verdik… Təsəvvür edin ki, fərqli bir vəziyyətdə nə baş verərdi! Məsələn, Çempionlar Liqasının pley-off matçında bu, sadəcə qəbuledilməzdir”.

Kataloniya klubu qələbə qazansa da, saysız-hesabsız qol şanslarını boşa verib. Komanda UEFA Çempionlar Liqasının 1/8 finalına yüksəlib və rəqibi pley-off oyunlarından sonra müəyyənləşəcək.

The post “Bu qədər şansı boşa verdik” – “Barselona”nın müdafiəçisi appeared first on Komanda.az.

Levandovskinin xanımı: “Bəlkə də, bu, ərimin son mövsümü olacaq”

“Barselona”nın hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna, onun mövsümün sonunda Kataloniya klubunu tərk edə biləcəyini istisna etməyib.

Komanda.az xəbər verir ki, polşalı futbolçunun xanımı “Meszyki” nəşrinə açıqlamasında bunları deyib:

“Ümid edirəm, Levandovskinin haqqında uzun illər danışacaqlar və azarkeşlər onu unutmayacaq, çünki o, böyük işlər görüb. Onunla qürur duyuram. Bilirəm ki, hər il bu haqda düşünür, amma hələ karyerası bitməyib, baxmayaraq ki, sona yaxınlaşır. Sual yaranır: Bundan sonra nə olacaq? Amma böyük idmançının yolu belədir.

Gəlin, “Barselona”dakı bu mövsümü izləyək, çünki bəlkə də, bu, ərimin son mövsümü olacaq. Ona görə də, hər anından, hər oyundan, azarkeşlərlə hər görüşdən zövq almaq lazımdır, çünki bir gün onlar artıq olmayacaq”.

Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 25 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq.

The post Levandovskinin xanımı: “Bəlkə də, bu, ərimin son mövsümü olacaq” appeared first on Komanda.az.

Fermin Lopes “Barselona” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes Kataloniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İspaniya çempionunun rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulmuş sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən futbolçunun maaşının da məbləği artırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununda bitməli idi.

Xatırladaq ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 114 oyuna çıxıb, 29 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 26 oyuna çıxıb, 10 qol və 11 assistlə diqqət mərkəzinə düşüb.

Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 5 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Pedro Fernandes “Barsa”nı PSJ-yə dəyişdi

İspaniya çempionu “Barselona”nın 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Pedro Fernandes Fransa nəhəngi PSJ-yə qoşulub.

Arena.az xəbər verir ki, Paris təmsilçisi bu transferi 8,2 milyon avroya rəsmiləşdirib.

İspan futbolçu yeni klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə bağlayıb.

“Barselona”nın baş məşqçisi Hansi Flik müvafiq keçidi şərh edib:

“Əslində, bu barədə çox da danışmaq istəmirəm. “Dro”nu çox bəyənirəm, amma, əlbəttə, pərişanam”, deyə Flik vurğulayıb

Flik “blauqrana”nın heyəti haqda qənaətini də açıqlayıb:

“Əlbəttə, heyətimizdən məmnunam. Zədəli oyunçularımız isə tezliklə sıraya qayıdacaqlar”.

Xatırladaq ki, Dro Fernandes kimi tanınmış Pedro Fernandes Sarmiento “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisinin əsas komandasında 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Dro İspaniyanın U-15, U-16 və U-17 yığmalarında çıxış edib, hazırda isə U-18-ə dəvət alır.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Robert Levandovski Lionel Messinin tarixi rekordunu təkrarladı

“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında klubun sabiq ulduzu Lionel Messinin tarixi nailiyyətini təkrarlayıb.

Arena.az xəbər verir ki, polşalı forvard qitənin ən nüfuzlu klub turnirində 40-cı fərqli komandaya qol vurub.

Bununla da o, bu göstəricidə Messi ilə ilk yerə şərik olub. 37 yaşlı futbolçunun 40-cı qol vurduğu komanda “Kopenhagen” olub. Levandovski görüşün 48-ci dəqiqəsində fərqlənib və komandasının 4:1 hesablı qələbəsinə töhfə verib.

Bu siyahıda növbəti pillədə 38 fərqli kluba qol vurmuş portuqaliyalı ulduz hücumçu Kristiano Ronaldo yer alır.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 25 oyuna çıxıb, 12 qol vurub, 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 172 oyun, 113 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 163 oyun keçirib, 88 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Ferran Torres sıraya döndü

Futbol üzrə İspaniya milli komandasının sağ cinah hücumçusu Ferran Torres uzun fasilədən sonra “Barselona”nın sıralarına qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Hansi Flik bu gün UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Kopenhagen”ə (Danimarka) qarşı keçirəcəkləri matç üçün heyəti açıqlayıb. Sağ ayağındakı əzələ zədəsini sağaltmış ispaniyalı forvard da “Kamp Nou”da baş tutacaq oyunun iştirak ərizəsinə salınıb.

Buna baxmayaraq, “Barselona”da itkilərin hələ də mövcud olduğu bildirilib. Zədəli Pedri, Qavi və Andreas Kristensenlə yanaşı, sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşmüş Frenki de Yonq da bu matçı buraxmalı olacaq. Yeni transferlərdən olan Joao Kanselo isə ÇL üçün sifariş edilməyib.

Xatırladaq ki, Ferran Torres ötən ay məşq zamanı əzələsindən zədə almışdı.

Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsut ayında “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvar ayında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Torres “blauqrana”nın heyətində 27 oyuna çıxıb, 16 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 185 oyun, 59 qol, 21 məhsuldar ötürmədən ibarətdir.

Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 53 oyun keçirib, 23 qol vurub, 6 məhsuldar ötürmə verib.

Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var.

Torres İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin Ferran yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

❌