Reading view

Qurban Qurbanov: “Elçin Məsiyev etirazımı normal qarşıladı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. Belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstülüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər.

Hakimlərə tövsiyə verməyə ehtiyac yoxdur. Mən ancaq onlara uğurlar arzu edə bilərəm. Oyun çox dayanırdı. Elçin Məsiyev oyunlarda olanda adətən mən daha çox rahat oluram. Avropa təcrübəsi çox olduğuna görə bu hiss məndə olur. Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirdim. İlk hissədən sonra onunla söhbət etdim və etirazımın nə ilə bağlı olduğunu dilə gətirdim. Normal qarşıladı. Oyun tez-tez dayananda futbolçuların da ritmi pozulur. Amma onlar daha yaxşı bilirlər.

“Sabah”ın yüksəlişi təbii ki, bizi bir komanda olaraq narahat edir. Amma digər tərəfdən də sevindirir ki, bu rəqabət bizi də irəliyə doğru aparır.

“Nyukasl”la matçdan əvvəl “Şamaxı” və “İmişli” ilə səfər qarşılaşmalarımız var. Çox narahatam. “Nyukasl”la maçdan əvvəl 2 Şamaxı səfərimiz var, biri kubokda, biri çempionatda. “İmişli” ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma müəyyən futbolçuların oyun təcrübəsinə ehtiyac var”.

“Belə matçlarda oyunu ələ almaq heç də asan olmur” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə haqda belə deyib:

“Çox vacib oyun, vacib qabiliyyət idi. Yorğunluq hiss olunurdu, lakin futbolçularımız yaxşı performans göstərdilər. Azarleşlərimiz böyük motivasiya verdi, təşəkkür edirəm.

“Turan Tovuz” özünəxas oyunu olan komandadır. Belə matçlarda oyunu ələ almaq heç də asan olmur. Futbolçularıma bu oyuna hazır olmalarını bildirmişdim. Ən böyük qorxum zədədir.

Dünən məşqdə də oyunçuların ümumi vəziyyətinə baxdıq”.

Baş məşqçi, eyni zamanda, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşma haqda da fikir bildirib:

“İngiltərə sanki başqa bir futbol aləmidir. Mənə görə, İngiltərə Premyer Liqası digər liqaları üstələyir. Sanki başqa aləmdir. Orada elə bir vəziyyət yaranır ki, onlar oyunun sonunda azarkeşlər üçün oynayırlar. Daha çox qol vurmaq istəyirlər.

Transfer var, Bakıya gəlməlidir. Hansı xətdə oyunçu lazım olarsa, onu doldurmalıyıq. Lakin bizdə boş yer yoxdur, yalnız kimisə çıxarmalıyam”.

Nəzrin

The post “Belə matçlarda oyunu ələ almaq heç də asan olmur” – Qurbanov appeared first on Komanda.az.

Qurban Qurbanov: “Narahatam”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Vacib qələbə idi. Futbolçularım xarakter göstərdilər. Azarkeşlərə təşəkkür edirəm, bizi dəstəklədilər. Yaxşı, bərk komandaya qarşı oynayırdıq. “Turan Tovuz”un özünəxas oyunu var. Belə matçlarda ritmi tutmaq asan deyil. Hər pauza, cərimə zərbəsi rəqibin üstünlüyü idi. Sona yaxın standart vəziyyətlərdən təhlükə yaratdılar.

– Adətən, səfər oyunlarından sonra ikinci heyətə üstünlük verirsiniz. Bu gün isə “Turan Tovuz”a qarşı əsas heyəti buraxmışdınız. Bu addımı çempionluq yolunda təhlükə yarandığı üçün atdınız?
– Belə hallar olur. Uzaq səfərdən gəlmişdik, yorğunluq var idi. Lakin futbolçulara bildirmişdim ki, bu oyuna hazır olmalıdırlar. Həm də artıq ehtiyac var. Narahat olduğum zədələrdir. Belə matçlarda mikro zədələr yarana bilər. Futbolçuların hazırlığına baxandan sonra qərar verdik ki, bu heyətlə çıxaq.

– Çempionlar Liqasında yüksək səviyyədə oyunlar və hakimlər görmüsünüz. Bizim yerli FIFA referilərinə nə tövsiyə verə bilərsiniz?
– Heç nə, oyun zamanı emosiyalar olur. Sadəcə bir az çox oyun dayanırdı. Bəzi epizodları davam etdirmək olardı. Elçin Məsiyev təyinat alanda rahat oluram. Çünki Avropa təcrübəsi var, oyun tempini yaxalaya bilər. Bəzi anlarda emosiyalara qapıldıq, lakin sonra ona bildirdim səbəbi. Normal qarşıladı. Biz kənardayıq və bəzi epizodlarda yanıla bilərik. Sadəcə oyun çox dayananda bir az aqressiya yaranır. Tempin düşməsinə görə fikirlərimi bildirmişdim. Amma ümumi götürəndə onlar bizdən daha yaxşı bilirlər.

– 21 il sonra “Nyukasl”ın stadionuna gedəcəksiniz. Xatirənizdə necə qalıb?
– Normal, olduğu kimi. O vaxt çılğın azarkeşlər var idi, bir az vahiməli idi. Orda sanki başqa bir futbol var. İngiltərə Premyer Liqası bütün liqaları üstələyir. Dünən yəqin “Liverpul” – “Nyukasl” oyununa baxdınız, ilk hissədə demək olar, oyun 2 dəfə dayandı, ya yox. Orda futbol başqadır. Hər komanda sona kimi mübarizə aparır. Elə bil forma yaranıb ki, sanki oyunun sonlarını azarkeşlər üçün oynayırlar. Daha çox mübarizə, qol olur.

– İbrahima Vadjinin epizodunda qırmızı vərəqə və sizin qolunuzda ofsayd şübhəsi var idi. Təkrara baxmışdınız?
– “Qırmızı”ya ehtiyac yoxdur. İstəmərəm ki, bəsit vərəqələr verilsin. Futbol mübarizələr oyunudur. O epizodlar azarkeşlərdə daha həvəs yaradır. 100 faizlik epizodlara qırmızı vərəqə verilməlidir, amma Vadjidə məncə, ehtiyac yox idi. Qola gəlincə, təkrara baxdım, təmiz qol idi.

– Çempionlar Liqasındakı uğurunuza görə, bəzi klublar sizi təbrik etmədi. Münasibətiniz necədir?
– Normal. Dünya futbolunda belə hallar var. Hamısı dostlarımızdır, özümüzünkülərdir. Hər klubun öz strukturu, sistemi var. Neqativ düşüncələrim yoxdur.

– “Liverpul”la oyunun ikinci hissəsində böyük ekranlarda məyus görünmüşdünüz. Belə hallarda sizi kim təsəlli edir?
– Mənə 90 dəqiqə baxsanız, məyus görünürəm (gülür). Özüm, klubum, Azərbaycan futbolu üçün bizim pley-off mərhələsinə çıxmaq böyük uğurdur. 10 xal topladıq, sevinməliyik. Amma hamımız məyus idik. Azarkeşlər də fərqli yanaşırlar. İstər-istəməz bəzi anlarda təəssüf hissi yaranır. Hər birimizin həyatda problemi olur. Futbol elədir ki, bir oyun qəhrəman olursan, bir oyun əksi. İndi futbol elə həddədir ki… İngiltərə Premyer Liqasında hər oyunda 4-5 qol olur, hər komanda bir-birinə qalib gələ bilir. İndiki 4-5 qollu oyunlar o vaxtın 0:0-larına bənzəyir. Futbol çox inkişaf edir. Çempionlar Liqasında 13 qol vurmuşuq, az deyil. Əvvəl il ərzində demək olar, 1-2 oyun böyükhesab qeydə alınırdı, amma indi hər tur bolqollu qarşılaşmalar olur.

– Vaxtilə futbolçusu olduğunuz “Baltika” sizi təbrik etdi. Sizinlə birbaşa əlaqəyə keçiblər?
– Xeyr. Amma yenə sağ olsunlar, hər birinə təşəkkür edirəm. Yuri Syominlə danışmışdım, təbrik etdi.

– “Sabah”ın davamlı yüksəlişi şəxsinizdə və komandada həyəcan yaradır?
– Narahatlıq həmişə olur. Qarşımıza çempionluq məqsədi qoymuşuqsa, bu, normaldır. Digər tərəfdən də sevinirik ki, çempionatda mübarizə gərginləşir. İdmandır, bir gün udursan, bir gün uduzursan. “Sabah” gəlir, həyəcanlı olaq, deyə fikirləşməməliyik.

– “Nyukasl”la səfər oyunundan öncə “Neftçi” ilə matç var. Təxirə salınma istəyəcəksini?
– Planda var, amma qarşıdakı günlərdə daha dəqiqləşəcək. Uzun səfərdir və oyunlar arasında vaxt azdır. Proqramımıza baxacağıq, uyğun görsək, təxirə salına ilər.

– “Nyukasl”la oyunöncəsi Şamaxı və Quba səfəriniz var. Burda meydançalar süni örtüklüdür. Narahatlıq var?
– Çox narahatam. “İmişli” ilə oyunda həva şəraiti pis olsa, həmin meydançada oynamaq çətin olacaq. Zədələrə görə narahatlıq var. Ümumilikdə, bu matçları “Nyukasl”la qarşı yaxşı hazırlıq kimi düşünmürəm. Narahatam. Qarşıdakı günlərdə hansısa rotasiya edə bilərik. Bizim daha çox oynamağa, oyun təcrübəsinə ehtiyac var. Lazım olsa, risklərə gedəcəyik.

– Pley-off üçün üç oyunçu sifariş edə bilərsiniz. Yeni transfer Jereminin Bakıya gələcəyi deyilir…
– Bəli, var. Bakıya gəlməlidir. Rəhbərliklə danışmamışam tam.

– Digər iki yer üçün Ramil və Kadi heyətə salına bilər?
– Baxacağıq. Hansı xəttə daha çox oyunçu lazım olacaq, mütləq edəcəyik. Hazırda boş yer yoxdur və əvəzetmə üçün kimisə çıxarmalıyıq. Götür-qoy edəcəyik. Qarşıda vaxtımız var.

– Quba və Şamaxı səfərinin yerinin dəyişməsi variantı var?
– Deyəsən, bir dəfə dəyişmişik. Olsaydı, böyük məmnuniyyətlə edərdim. Amma idman qaydaları var.

– “Nyukasl”la oyuna kimisə göndərmək fikriniz var?
– Xeyr. Püşkatmadan öncə də onların oyunlarına baxırdıq. Burda da işimiz çox olacaq.

Şahin Cəfərov

Qurban Qurbanov: “PSJ və “Nyukasl”ın gücü təxminən eynidir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçirilmiş püşkatmasını dəyərləndirib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis “Qarabağ”la üz-üzə gələcək “Nyukasl” (İngiltərə) barədə fikirlərini bildirib:

“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğuru olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. “Nyukasl” ÇL-in Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıblar. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür. “Nyukasl” ciddi rəqibdir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”, deyə Qurban Qurbanov vurğulayıb.

Xatırladaq ki, “Qarabağ” “Nyukasl”a qarşı ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları 17-18 fevralda, cavab qarşılaşmaları isə 24-25 fevralda keçiriləcək.

“Baltika” Qurban Qurbanovu təbrik etdi

Rusiyanın “Baltika” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu UEFA Çempionlar Liqasındakı tarixi uğur münasibətilə təbrik edib.

Arena.az xəbər verir ki, Kalininqrad təmsilçisi sosial media hesablarında bununla bağlı paylaşım edib.

Rusiya klubu sabiq futbolçusunu pley-off mərhələsinə yüksəlməsi münasibətilə xüsusi postla təbrik edib:

“Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bəs bunun bizim klubla nə əlaqəsi var? Çox sadə: Ağdam komandasına “Baltika”nın keçmiş üzvü rəhbərlik edir!”

Xatırladaq ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın formasını geyinib. O, bu klubun heyətində 14 rəsmi matçda meydana çıxaraq 1 qolla yadda qalıb.

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq pley-offa vəsiqə qazanıb. Azərbaycan çempionu 1/8 finala vəsiqə uğrunda Fransa nəhəngi PSJ və ya İngiltərə təmsilçisi “Nyukasl” ilə qarşılaşa bilər. Püşkatma bu gün baş tutacaq.

Qurban Qurbanov: “Qarabağ” pley-offa çıxmağı haqq edirdi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında (ÇL) “Liverpul”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə çempionları arasındakı qarşılaşma bu gün Liverpul şəhərində baş tutub.

Oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib. UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirmiş Ağdam klubu tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Təəssüf ki, belə məğlubiyyətlə üzləşdik. Bu matçda daha yaxşı çıxış edə bilərdik. Bu, bizim oyunumuz deyil. Ağır məğlubiyyətə baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazandıq. Futbolçularımı, xalqımızı təbrik edirəm. Liqa mərhələsində keçdiyimiz 8 oyunluq yola baxsaq, çox əziyyət çəkdik. Futbolçularım pley-offa yüksəlməyə layiq idilər. Getdikcə oyunlar çətinləşir, rəqiblər güclənir. Qarşıda bizi daha böyük matçlar gözləyir. Növbəti oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.

Qurban Qurbanov: “Liverpul”a qarşı yaxşı oynamağı çox istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə çempionları arasındakı qarşılaşma sabah Liverpul şəhərində baş tutacaq.

Qurban Qurbanov oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çempionlar Liqasının Liqa mərhələsində son oyunumuza çıxacağıq, bu matça hazırlaşırıq. Çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri, özünəxas oyunu olan bir komanda ilə qarşılaşacağıq. Daim bu komandada olan futbolçular həmişə istəkli olublar. Çox istəyirik ki, burada yaxşı oyun nümayiş etdirək, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram. Sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlarına inanıram. Sonadək yaxşı, intizamlı oyun göstərməyə çalışacağıq. Biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, özümüzü sırf bu matça kökləməliyik. Rəqibi analiz etmişik. Onlar il ərzində bu səviyyədə ən azı 50-60 matç keçirirlər. İnanmıram ki, boşluqlar versinlər. Öz hazırlaşdığımız, düşündüyümüz kimi hücumlar qurmağa çalışacağıq. Topla intizamlı davranmaq çox vacibdir”.

❌