Reading view

Xviça Kvaratsxeliya ÇL-in tarixinə düşdü

UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”lə cavab oyunu PSJ-nin gürcü hücumçusu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Münhendə baş tutmuş cavab matçında (1:1) məhsuldar ötürmə müəllifi olan futbolçu ardıcıl 7-ci oyunda qolun vurulmasında iştirak edib.

Bununla da o, Çempionlar Liqasının tarixinə düşüb. Kvaratsxeliya turnir tarixində pley-off mərhələlərində bu göstəriciyə imza atmış ilk oyunçudur.

Xviça cari mövsümdə ÇL-də 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xatırladaq ki, PSJ Kvaratsxeliyanı 2025-ci il yanvarında heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən 70 milyon avro məbləğ müqabilində keçib.

Xviça indiyə qədər PSJ-nin heyətində 76 oyuna çıxıb, 26 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi”, “Dinamo” (Tiflis) və “Napoli” komandalarında oynayıb. O, Neapol klubu ilə İtaliya çempionu olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 49 oyuna 22 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Markinyos Roberto Karlosun ÇL rekordunu qırdı

Futbol üzrə Braziliya milli komandasının və Fransanın PSJ klubunun kapitanı Markinyos UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Arena.az xəbər verir ki, “Bayern”lə yarımfinalın cavab matçda meydana çıxmış müdafiəçi turnirdə ən çox oyun keçirən braziliyalı futbolçu olub.

Bu, 32 yaşlı futbolçunun ÇL-dəki 121-ci matçı olub.

Təcrübəli müdafiəçi ötən gecə keçirilən görüşdən sonra Roberto Karlosa məxsus rekordu qırıb. Keçmiş müdafiəçi UEFA Çempionlar Liqasında 120 oyun keçirmişdi.

Xatırladaq ki, Markinyos PSJ-yə 2013-cü ilin iyul ayında 31,4 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Braziliyalı müdafiəçinin Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə braziliyalı müdafiəçi PSJ-nin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 2 qol vurub.

Markinyosun Fransa nəhənginin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 520 oyun, 43 qol və 12 məhsuldar ötürmə.

Braziliyalı futbolçu PSJ ilə 10 dəfə Fransa Liqa 1-in, 8 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 10 dəfə Fransa Super Kubokunun, həmçinin UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun qalibi olub.

Markinyos 2013-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinində 104 oyuna 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2016-cı il Rio-de-Janeyro Olimpiadasınını qalibi olub, həmçinin, 2019-cu il Amerika Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

ÇL tarixində ilk dəfə iki ispan baş məşçqi üz-üzə

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) tarixində ilk dəfə iki ispaniyalı baş məşqçi bu turnirin finalında üz-üzə gələcək.

Arena.az xəbər verir ki, bu, İngiltərənin “Arsenal” və Fransanın PSJ komandalarının həlledici matça vəsiqə qazanması sayəsində mümkün olub.

London təmsilçisində Mikel Arteta, Paris klubunda isə Luis Enrike titula sahib çıxmağa çalışacaq.

Əvvəllər UEFA Çempionlar Liqası və Çempionlar Kubokunda eyni ölkə mütəxəssisləri 4 dəfə münasibətlərə aydınlıq gətiriblər.

Bu, 1979-cu ildə “Nottinqem Forest” (Brayan Klaf) – “Malmö” (Bob Hafton), 2003-cü ildə “Yuventus” (Marçello Lippi) – “Milan” (Karlo Ançelotti), 2013-cü ildə “Borussiya” (Dortmund, Yurgen Klopp) – “Bayern” (Yupp Haynkes), 2020-ci ildə PSJ (Tomas Tuxel) – “Bayern” (Hansi Flik) matçlarında yaşanıb.

Onlar müvafiq olaraq İngiltərə, İtaliya və Almaniyadan (hər ikisi) olan baş məşqçilər idilər. İspaniyalı mütəxəssislər isə ilk dəfə ÇL-in finalında qarşılaşacaqlar.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı mayın 30-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Luis Enrike: “Ardıcıl 2-ci dəfə finala çıxmaq inanılmazdır”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, Fransa və Almaniya nəhəngləri arasında ötən gecə Münhendə baş tutmuş cavab görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İlk oyunda 5:4 hesablı qələbəyə sevinmiş Paris klubu finala yüksəlib. Luis Enrike matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, çox yüksək səviyyəli matç idi. Oyuna inamlı başladıq, qoldan sonra isə daha çox imkanlarımız yarandı. Yenidən necə komanda olduğumuzu göstərdik və lazım olduğu kimi çıxış etdik. Ardıcıl ikinci dəfə finala çıxmaq inanılmazdır. Biz çox xoşbəxtik”.

İspaniyalı mütəxəssis finala qədər asan yol keçmədiklərini bildirib:

“Püşk bizi ən çətin rəqiblərlə üz-üzə qoydu. Necə ki, tez-tez olur. Buna baxmayaraq, yenə bir final oynayacağıq. Bu, klub üçün tarixi məqam və Çempionlar Liqasını qazanmaq uğrunda mübarizəni davam etdirmək baxımından şansdır. Ötən il tarix yazdıq və indi həmin impulsu qorumaq, kluba müsbət emosiyalar gətirmək istəyirik”.

Luis Enrike finalda qarşılaşcaqları “Arsenal” və onun baş məşqçisi Mikel Arteta haqda da fikirlərini bildirib:

“Arteta ilə çox yaxşı münasibətim var. Çünki o, çox gənc vaxtlarında “Barselona”da mənimlə komanda yoldaşım olub. Əla komanda qurub, bir neçə ildir orada çalışır və necə məşqçi olduğunu görmək mümkündür. Çətin olacağını başa düşürəm. Amma biz öz oyun üslubumuza və məqsədlərimizə inanırıq. Əminəm ki, sona qədər mübarizə aparacağıq”.

Xatırladaq ki, PSJ ilə “Arsenal” arasında final oyunu mayın 30-da Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

ÇL: PSJ yenidən finalda!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün sonuncu finalçısı müəyyənləşib.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda Almaniyanın “Bayern” komandası ÇL-in sonuncu qalibi PSJ-ni qəbul edib.

“Alyans Arena” stadionunda baş tutmuş qarşılaşmanı Portuqaliyadan olan Pineyro idarə edib.

Xatırladaq ki, bu komandalar arasında Paris şəhərində baş tutmuş ilk görüşdə PSJ 5:4 hesablı qələbəyə sevinmişdi. Bu görüşdə isə 2 qol qeydə alınıb. Heç-heçə nəticəsində Fransa çempionu yenidən ÇL-in finalına yüksəlib.

Daha öncə İngiltərənin “Arsenal” komandası İspaniya təmsilçisi “Atletiko” üzərində qələbə sayəsində finala vəsiqəni təmin etmişdi.

Beləliklə, mayın 30-da Macarıstanın Budapeşt şəhərində baş tutacaq həlledici oyunda PSJ ilə “Arsenal” üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Bakayo Saka, 44.
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

Bayern (Almaniya) – PSJ (Fransa) 1:1
Qollar: Harri Keyn, 90+4 – Usman Dembele, 3.
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

Mikel Arteta: “Hamımız birlikdə tarix yazdıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasında yarımfinalında “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə və İspaniya təmsilçiləri arasında ötən gecə Londonda baş tutmuş cavab görüşü “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün evdəki qələbə ingilisləri finala daşıyıb. Mikel Arteta qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Möhtəşəm bir axşamdır. Hamımız birlikdə tarix yazdıq. Bu uğurda payı olan hər kəs üçün şadam. Tribunalar bizi çox xüsusi və özünəməxsus şəkildə qarşıladı. Stadionda əla atmosfer var idi. Bunun bizm üçün nə qədər əhəmiyyətli olduğunu bir daha başa düşdük. 20 ildən sonra tarixdə 2-ci dəfə UEFA Çempionlar Liqasının finalındayıq.

Klubu məqsədlərinə çatdırmaq öhdəliyimizdə birik. Bəzən uğursuzluqlarımız olub, bu, qaçılmazdır. Biz sevgi ilə, həvəslə çalışdıq və gördüyümüz işə inandıq. Budur, bizi Budapeştdə xüsusi bir gün gözləyir”.

Xatırladaq ki, “Arsenal” finalda “Bayern” – PSJ cütünün qalibi ilə qarşılaşacaq.

ÇL: İkinci finalçı Münhendə müəyyənləşir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün sonuncu finalçısı müəyyənləşəcək.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda Almaniyanın “Bayern” komandası ÇL-in sonuncu qalibi PSJ-ni qəbul edəcək.

“Alyans Arena” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında Paris şəhərində baş tutmuş ilk görüşdə PSJ 5:4 hesablı qələbəyə sevinmişdi.

Daha öncə İngiltərənin “Arsenal” komandası İspaniya təmsilçisi “Atletiko” üzərində qələbə sayəsində finala vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Bakayo Saka, 44.
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

23:00. Bayern (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

ÇL-də ilk finalçı “Arsenal” oldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ilk finalçısı müəyyənləşib.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası İngiltərədə “Arsenal”ın qonağı olub.

“Emireyts” stadionunda baş tutmuş qarşılaşmanı almaniyalı referi Daniel Zibert ibarə edib.

Xatırladaq ki, bu komandalar arasında Madrid şəhərində baş tutmuş ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1. Bu dəfə isə London təmsilçisi tək qolla qalib gələrək ilk finalçı olub.

Digər finalçı mayın 6-da bəlli olacaq. “Bayern” Almaniyada ÇL-in sonuncu qalibi olan Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar – 5:4.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Bakayo Saka, 44.
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

23:00. Bayern (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

ÇL: İlk finalçı müəyyənləşir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ilk finalçısı müəyyənləşəcək.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası İngiltərədə “Arsenal”ın qonağı olacaq.

“Emireyts” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında Madrid şəhərində baş tutmuş ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

Digər finalçı mayın 6-da bəlli olacaq. “Bayern” Almaniyada ÇL-in sonuncu qalibi olan Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar – 5:4.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

23:00. Arsenal (İngiltərə) – Atletiko (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

23:00. Bayern (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

Xulian Alvares ÇL-də 25 qola Lionel Messidən tez çatdı

İspaniyanın “Atletiko” klubunun futbolçusu Xulian Alvares UEFA Çempionlar Liqasında Lionel Messinin nailiyyətini geridə qoyub.

Arena.az xəbər verir ki, argentinalı hücumçu buna doğma meydanda İngiltərə təmsilçisi “Arsenal”la heç-heçə (1:1) etdikləri yarımfinal mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.

Bu, argentinalı forvardın qitənin bir nömrəli klub turnirində 25-ci qoludur. O, bu rəqəmə bütün cənubi amarikalılardan daha tez çatıb. Alvares bu turnirdəki 41-ci görüşdə 25 qol vurubsa, Messi 42-ci oyunda bunu bacarıb.

Bundan əlavə, o, UEFA Çempionlar Liqasında bir mövsümdə 10 qol vurmuş ilk “Atletiko”lu oyunçu ünvanına da sahib çıxıb.

Xatırladaq ki, “Arsenal” və “Atletiko” arasında cavab görüşü mayın 5-də Londonda reallaşacaq.

Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.

Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 105 oyunda 49 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 51 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.

ÇL: “Atletiko” və “Arsenal”dan ilk oyunda heç-heçə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Mərhələnin ikinci oyununda Madrid “Atletiko”su İspaniyada İngiltərə Premyer Liqasının lideri “Arsenal”ı sınağa çəkib. Tərəflər hərəyə 1 qolla kifayətləniblər. Bu üzdən də bütün suallara cavab görüşündə aydınlıq gələcək.

Xatırladaq ki, mərhələnin ilk oyununda ÇL-in sonuncu qalibi PSJ Fransada Almaniya nəhəngi “Bayern”ə 5:4 hesabı ilə qalib gəlib.

Yarımfinalın cavab görüşləri mayın 5-də və 6-da baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunları
28 aprel

PSJ (Fransa) – Bayern (Almaniya) 5:4
Qollar: Xviça Kvaratsxeliya, 24; 56. Joao Neves, 33. Usman Dembele, 45+5-pen; 58 – Harri Keyn, 17-pen. Maykl Olise, 41. Dayo Upamekano, 65. Luis Dias, 68.
Baş hakim: Sandro Şerer (İsveçrə).
Paris. “Park de Prens” stadionu.

29 aprel

Atletiko (Madrid, İspaniya) – Arsenal (İngiltərə) 1:1
Qollar: Xulian Alvares, 56-pen – Viktor Dyökereş, 44-pen.
Baş hakim: Danni Makkeli (Niderland).
Atletiko. “Metropolitano” stadionu.

❌