Reading view

Harri Keyn İngiltərə millisində yeni rekorda imza atdı

Futbol üzrə İngiltərə milli komandasının mərkəz hücumçusu Harri Keyn yığma tarixində ən çox oyun keçirmiş meydan oyunçusuna çevrilib.

Arena.az xəbər verir ki, 32 yaşlı forvard DÇ-2026-nın Argentina ilə yarımfinal matçına start heyətində çıxmaqla milli komandadakı oyunlarının sayını 121-ə çatdırıb.

Bununla da o, İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runiyə məxsus 120 oyunluq rekordu geridə qoyub.

Milli komandanın ümumi rekordçusu isə hələ də sabiq qapıçı Piter Şiltondur. O, İngiltərə yığmasının heyətində 125 görüş keçirib.

2023-cü ilin avqustundan Almaniyanın “Bayern” klubunda çıxış edən Hari Keyn daha əvvəl İngiltərənin “Tottenhem” komandasında forma geyinib. O, 86 qolla İngiltərə millisinin tarixində ən məhsuldar futbolçu hesab olunur. Hücumçu 2018-ci il dünya çempionatında vurduğu 6 qolla turnirin bombardiri adını qazanmışdı.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026: Həlledici oyunların proqramı bəlli oldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) həlledici oyununun iştirakçıları müəyyənləşib.

Arena.az xəbər verir ki, yarımfinal görüşlərindən sonra həm mundialın finalında, həm də üçüncü yer uğrunda üz-üzə gələcək komandalar bəlli olublar.

Finalda İspaniya və Argentina milliləri üz-üzə gələcəklər. Fransa və İngiltərə milli komandaları isə üçüncü yer – bürünc medal uğrunda mübarizə aparacaqlar. Hər iki qarşılaşma iyulun 19-da keçiriləcək.

Xatırladaq ki, mundialın yarımfinal mərhələsi çərçivəsində keçirilmiş oyunlarda İspaniya millisi Fransanı 2:0, Argentina yığması isə İngiltərəni 2:1 hesabı ilə məğlub edib.

DÇ-2026
19 iyul

Üçüncü yer uğrunda oyun

01:00. Fransa – İngiltərə
Mayami. Florida. ABŞ

Final

23:00. İspaniya– Argentina
Nyu-Cersi. Nyu-York. ABŞ

DÇ-2026: Argentina İngiltərə üzərində qələbə ilə finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün mundialda yarımfinal mərhələsinə yekun vurulub.

Sonuncu finalçı İngiltərə – Argentina matçında müəyyənləşib. Atalanta şəhərində baş tutmuş qarşılaşma Cənubi Amerika təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran “tanqoçular” arıdıcıl iki qol vurmağa müvəffəq olublar. 85-ci dəqiqədə Entso Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.

Beləliklə, Argentina yığması finalda İspaniyaya rəqib olub. İngiltərəni isə Fransa ilə üçüncü yer uğrunda qarşılaşma gözləyir.

DÇ-2026
Yarımfinal
15 iyul

İngiltərə – Argentina 1:2
Qollar: Entoni Qordon, 55 – Entso Fernandes, 85. Lautaro Martines, 90+2.
Kanzas Siti şəhər stadionu. Missuri, ABŞ.

Argentina millisi İngiltərə ilə oyun öncəsi FİFA-ya müraciət etdi

Argentina millisi dünya çempionatının (DÇ-2026) yarımfinalında İngiltərə yığması ilə keçirəcəyi oyun öncəsi FIFA-ya xüsusi müraciət ünvanlayıb.

Arena.az bu barədə məşhur jurnalist Qaston Edulun məlumatına əsasən xəbər verir.

İddia olunur ki, Argentina Futbol Federasiyası komandanın İngiltərə yığmasına qarşı səfər formasında meydana çıxmasına icazə verilməsini istəyib. Bu məsələ ilə bağlı yekun qərarın iyulun 14-də veriləcəyi gözlənilir.

Xatırladaq ki, Argentina millisi mundialın 1/4 final mərhələsində əlavə vaxtda İsveçrəni 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Lionel Skaloninin komandası bundan əvvəl isə Misir və Kabo Verde yığmalarını eyni – 3:2 hesabı ilə üstələmişdi.

İyulun 15-də keçiriləcək Argentina – İngiltərə qarşılaşmasının qalibi finalda Fransa – İspaniya cütünün qalibi ilə üz-üzə gələcək.

DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.

DÇ-2026: Yarımfinal cütləri bəlli oldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/4 finalın son oyunundan sonra aydınlıq gəlib.

Argentina millisi İsveçrə üzərindəki inamlı qələbə sayəsində sonuncu yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə Fransa, İspaniya və İngiltərə milli komandaları da yarımfinala yüksəlmişdilər.

Beləliklə, mundialın yarımfinal mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:

14 iyul
23:00. Fransa – İspaniya
Arlinqton şəhər stadionu. Texas, ABŞ.

15 iyul
23:00. İngiltərə – Argentina
Kanzas Siti şəhər stadionu. Missuri, ABŞ

Qeyd edək ki, DÇ-2026-ya iyulun 19-da keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq. Bundan öncə isə 3-cü yer uğrunda qarşılaşma baş tutacaq.

Pikford İngiltərə millisində DÇ üzrə rekorda imza atdı

İngiltərə millisinin qapıçısı Cordan Pikford futbol üzrə dünya çempionatlarında keçirdiyi oyunların sayına görə yığmanın yeni rekordçusu olub.

Arena.az xəbər verir ki, 32 yaşlı qolkiper bu göstəriciyə DÇ-2026-nın 1/4 final mərhələsində Norveçə qarşı keçirdikləri oyunda start heyətində meydana çıxmaqla nail olub.

Bununla da Pikford dünya çempionatlarında keçirdiyi matçların sayını 18-ə çatdıraraq İngiltərə millisinin tarixinə düşüb.

Əvvəlki rekord 17 oyunla sabiq qapıçı Piter Şilton və hazırkı hücumçu Harri Keynə məxsus idi. Keyn də Norveçlə qarşılaşmada meydana çıxıb.

Pikford üçün bu, karyerasında üçüncü dünya çempionatıdır. O, daha əvvəl 2018 və 2022-ci illərdə keçirilən mundiallarda da İngiltərə millisinin əsas qapıçısı olub. Komanda həmin turnirlərin hər ikisində 1/4 finala qədər irəliləmişdi.

2017-ci ilin yayından “Everton”un formasını geyinən qolkiper İngiltərə millisinin heyətində iki dəfə Avropa çempionatının gümüş medalını da qazanıb (2020, 2024).

Qeyd edək ki, Piter Şilton 1982, 1986 və 1990-cı illər dünya çempionatlarında iştirak edib. O, 125 oyunla İngiltərə millisinin tarixində ən çox oyun keçirən futbolçudur.

Harri Keyn üçün isə DÇ-2026 karyerasında üçüncü mundialdır. O, həmçinin İngiltərə millisinin tarixində 85 qolla ən məhsuldar futbolçu rekordunun sahibidir.

Tuxel: “Bu gün həyatı özümüz üçün çox çətinləşdirdik”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/4 finalında Norveç yığmasına qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra komandasının oyunundan narazı qaldığını bildirib.

Alman mütəxəssis nəticənin sevindirici olduğunu desə də, futbolçularının çıxışını sərt tənqid edib:

“Heç vaxt deməmişdim ki, bu oyunda əziyyət çəkməli olacağıq. Bu gün həyatı özümüz üçün çox, çox çətinləşdirdik. Nəticə fantastikdir. Yarımfinala yüksəlmişik və bu, möhtəşəmdir. Amma oyunumuzdan razı deyiləm. Heç bir baxımdan.

Komandada əzmkarlıq var idi, lakin oynadığımız futbol səbəbindən problemləri özümüz yaratdıq. Çox sayda texniki səhvlər etdik, diqqətsiz davrandıq, topu kifayət qədər sürətli hərəkət etdirmədik və oyunumuzda ardıcıllıq yox idi. Bu gün bir qədər bəxtimiz gətirdi”.

Tomas Tuxel bunun psixoloji problemlərlə bağlı olmadığını vurğulayıb:

“Bilmirəm, bunun psixologiya ilə əlaqəsi var, ya yox. Məncə, məsələ bunda deyil. Xarakter baxımından komandada problem yoxdur. Hətta o qədər güclüdür ki, onu qablaşdırıb satmaq olar. Problem oyun keyfiyyətindədir. Daha yaxşı oynamalıyıq”.

Tuxel bir neçə futbolçunun çıxışını xüsusi qeyd edib:

“Ris Ceyms möhtəşəm oynadı. Morqan Rocers fantastik oyun keçirdi. Ebereçi Eze və Cəd Spens də matç ərzində performanslarını artırdılar. Onların hamısını təbrik edirəm. Amma ümumilikdə bu gün bəxt bizim tərəfdə idi”.

Alman mütəxəssis Cud Bellingemin performansına da toxunub:

“Bellinqem haqqında danışmağa ehtiyac yoxdur. O, bunu hər oyunda edir. Dünya səviyyəli futbolçudur”.

Sonda baş məşqçi komandanın inkişaf etməli olduğunu bildirib:

“Biz daha yaxşı olacağıq. Buna məcburuq. Amma indi bu uğuru qeyd etməli və anın dadını çıxarmalıyıq. Qarşıda üç günümüz var və bütün gücümüzə ehtiyac duyacağıq”.

Solbakken: “Braziliya ilə oyunda bəxt bizim tərəfdə idi, bu gün isə yox”

Norveç millisinin baş məşqçisi Stol Solbakken isə İngiltərəyə 1:2 hesablı məğlubiyyətdən sonra futbolçularına görə təəssüfləndiyini deyib:

“Uşaqlara görə çox üzülürəm. Amma yüksək səviyyəli idman bəzən belə amansız olur. Braziliya ilə oyunda bəxt bizim tərəfdə idi, bu gün isə yox. Bu dəfə şans bizdən üz döndərdi və bir çox məqam əleyhimizə işlədi.

İlk 20 dəqiqədə yaşadığımız çətinliklərdən sonra futbolçularımı tərifləməyə bilmərəm. Amma nəticə budur…”, – deyə göz yaşlarını saxlamaqda çətinlik çəkən Solbakken bildirib.

DÇ-2026: İngiltərə Norveç üzərində qələbə ilə yarımfinalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

Üçüncü yarımfinalçının adına Norveç – İngiltərə oyununda aydınlıq gəlib. Mayami şəhərində (Florida, ABŞ) təşkil edilmiş bu matç ingilislərin çətin qələbəsiylə yekunlaşıb.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib. İngilislərin heyətində Cud Bellingem dubla imza atıb. Skandinaviyalıların tək qolu isə Andreas Şelderupdan gəlib.

Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina – İsveçrə cütünün qalibi ilə qarşılaşacaq. Bu oyun da yaxın saatlarda start götürəcək.

DÇ-2026
1/4 final
12 iyul

Norveç – İngiltərə 1:2
Qollar: Anderas Şelderup, 36 – Cud Bellingem, 45+2; 93.

DÇ-2026: İngiltərə – Norveç matçının start saatı dəyişdirilə bilər

DÇ-2026-nın İngiltərə və Norveç yığmaları arasında keçirilməsi planlaşdırılan 1/4 final oyunu daha gec vaxta təxirə salına bilər.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, iyulun 12-də Mayamidə (Florida, ABŞ) keçirilməsi nəzərdə tutulmuş oyunun əlverişsiz hava şəraiti səbəbindən daha gec vaxta təxirə salınması gündəmdədir.

Görüşün nəzərdə tutulan vaxtda başlamasına ekstremal istilər və yüksək rütubət mane ola bilər. Sinoptiklər havanın faktiki temperaturunun 34 dərəcə, hiss olunan temperaturun isə 43 dərəcəyə çatacağını proqnozlaşdırırlar. Bundan əlavə, ildırımlı leysan ehtimalı da yüksək qiymətləndirilir.

FIFA-nın qaydalarına əsasən, ildırım təhlükəsi yarandığı halda matçın başlanması və ya davam etdirilməsi təhlükəsizlik məqsədilə ən azı 30 dəqiqə təxirə salına bilər.

Hələlik qarşılaşmanın vaxtının dəyişdirilməsi ilə bağlı rəsmi qərar verilməyib.

Xatırladaq ki, DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.

Rays və Kuansa Norveçlə oyunu buraxacaqlar

İngiltərə millisinin futbolçuları Deklan Rays və Carell Kuansa DÇ-2026-nın 1/4 final mərhələsində Norveçlə matçda iştirak edə bilməyəcəklər.

Arena.az xəbər verir ki, onlardan biri cəzalandırılıbsa, digəri xəstəlik səbəbindən düşərgədən kənarda qalıb.

Deklan Rays komandanın son məşqlərini buraxıb. Buna 27 yaşlı yarımmüdafiəçinin xəstələnməsi səbəb olub. Digər oyunçuları da infeksiyadan qorumaq məqsədi ilə oyunçu yığmadan kənarda qalıb. O, daha əvvəl nevroloji problemlər ucbatından hazırlığa qatılmamışdı.

Müdafiəçi Carell Kuansa isə DÇ-2026-nın 1/8 finalında Meksika ilə matçda (2:3) qırmızı vərəqə alması ilə əlaqədar 2 oyunluq diskvalifikasiya cəzası alıb. Kuansa Norveçlə 1/4 final matçını, eləcə də İngiltərə yığması qalib gələcəyi təqdirdə dünya birinciliyinin yarımfinal oyununu buraxacaq.

Xatırladaq ki, İngiltərə yığmasının müdafiəçisi baş hakim Əlirza Fəqaninin qərarı ilə birbaşa qırmızı vərəqə alıb. Kuansa sürüşərək müdaxilə zamanı rəqibin müdafiəçisi Xesus Qalyardonun ayağına zərbə endirib. İngiltərə Futbol Assosiasiyası öz müdafiəçisinin diskvalifikasiya qərarını şikayət etmək istəyir.

Xatırladaq ki, İngiltərə millisi dünya çempionatının 1/4 finalında Norveçlə üz-üzə gələcək. Qarşılaşma iyulun 12-də baş tutacaq.

Cordan Henderson əməliyyat olundu, DÇ-ni erkən başa vurdu

İngiltərə millisinin və “Brentford”un yarımmüdafiəçisi Cordan Henderson DÇ-2026-nın 1/8 finalından sonra aldığı zədə səbəbindən əməliyyat olunub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Hadisə İngiltərənin Meksika üzərində 3:2 hesablı qələbəsindən sonra yaşanıb. Henderson komandasının 1/4 finala yüksəlməsini qeyd edərkən reklam lövhələrinin üzərindən tullanmağa çalışıb, lakin uğursuz eniş edərək biləyini sındırıb.

Futbolçu meydanı xərəkdə və oksigen maskası ilə tərk edib, daha sonra isə təcili xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra onun bilək nahiyəsindən əməliyyat olunmasına qərar verilib.

Henderson bu zədə səbəbindən dünya çempionatının qalan hissəsini buraxacaq.

36 yaşlı yarımmüdafiəçi turnirdə əsasən ehtiyat oyunçular skamyasında yer alıb. O, yalnız qrup mərhələsinin Panama ilə son oyununda (2:0) sonradan meydana daxil olub. Bununla belə, Henderson İngiltərə millisinin tarixində dörd dünya çempionatında çıxış edən ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Cordan Henderson 2025-ci ilin yayından “Brentford”un formasını geyinir. O, karyerasının böyük hissəsini “Liverpul”da keçirərək İngiltərə çempionluğu, UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Super Kuboku, İngiltərə Kuboku, İngiltərə Super Kuboku və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

İngiltərə millisinin heyətində isə 90 oyuna çıxmış Cordan Henderson 3 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub.

❌