“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Ayaks”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda Azərbaycan çempionu 2:4 hesablı məğlubiyyətə üzülüb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Oyundan sonra baş məşqçiləri öz oyunçuları tərəfə getdi, onu təbrik edə bilmədim. Görüşsəydik, daha yaxşı olardı. Matça gəldikdə, futbolçularımdan razı qaldım. Son illərdə belə dinamik, sürətli oyun, bu qədər bolqollu qarşılaşma nadir hallarda olurdu. Bu cür komandalar səhvləri bağışlamır, epizodlardan istifadə edirlər. Bura Çempionlar Liqasıdır. Burada istənilən nəticəni gözləmək lazımdır. Elə də oldu. Sanki “Ayaks” əvvəlki 5 oyunda bacarmadığını bu gün bacardı. Bu komanda əvvəlki oyunlarda uduzsa da, istənilən rəqibdən üstün futbol oynayıb. Bunu demişdim. Biz meydançada döyüşərək uduzduq. Azarkeşlər də, biz də bərabərlik haqda düşünmürdük, qələbə istəyirdik. Futbolçulara da bu ruhu vermişdik. Ona görə oyunçularımız hücumda çoxluq təşkil etməyə çalışırdılar. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə, qələbə çatışmadı. Bizə güvəndilər. Çalışdıq ki, güvənlərini itirməyək. Futboldur, belə nəticələrə hazır olmaq lazımdır. Məncə, hamı oyundan həzz aldı, sadəcə nəticə fərqli oldu.
Qalib gəlmək istəyiriksə, necə hazırlaşmışıqsa, o sistemi sonadək saxlamalıyıq. Belə böyük oyunlarda futbolçularıma bildirmişəm ki, sona qədər oynamalıyıq. Qol vurduq, müdafiədən oynayaq söhbəti olmamalıdır. “Ayaks” topla yaxşı davransa da, risklərə gedirdik. Qol epizodlarını saysan, bəlkə bizdə daha çox idi. Nədən razı qaldım? Dünən hazırlaşmışdıq ki, hansı hücumları edəcəyik. Xeyli hücumlarımız oldu”.
Qurban Qurbanov onların çıxışından razı qalmayıb
Qurban Qurbanov bəzi oyunçuları, xüsusilə də sonradan meydana çıxanları tənqid edib:
“Buraxdığımız birinci və ikinci qol uzaqdan vurulan qollar idi. Orada bir az diqqətsizlik oldu. Digərlərini əks-hücumdan buraxdıq. Orada rəqibin ustalığı önə çıxdı. Hücuma çıxanda, sonda qol buraxırıq. Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Sağ və sol müdafiəçilərimizin üstün tərəfidir ki, hər ikisi hücumda aktiv çıxış etsin. Qapımızda qollar gördük, oyunun sonları idi, bəlkə onlarda yorğunluq var idi. O epizodlarda sürətdə uduzduq.
Sonradan meydana buraxdığımız oyunçulardan tam razı qalmadım. Yağışlı hava idi, meydana sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Aleksey Kaşuk, Nəriman Axundzadə daha dəqiq olsaydı, fərqli nəticə olardı. İlk dəfə deyil ki, belə addımlar atmışıq. Sadəcə, bu dəfə alınmadı.
Təəssüf ki, Nərimanla bağlı çoxlu müzakirələr gedir. Mən özüm bilmirəm onun haqqında nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olduğumu demişəm. İndi də eləcə. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanların hər biri. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik ÇL matçlarını. Bəlkə də 3 ən yaxşı oyunlardan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur”.
Qurban Qurbanov komandasının ÇL-in pley-offuna vəsiqə qazanmaq şanslarını da dəyərləndirib:
“Futbolçular üzgün idilər. Hamımız istəyirdik ki, şansdan maksimum istifadə edək. Meydanda icraçılar onlardılar. Çox çalışdılar. İndi də patlardəyişmə otağında gördüm ki, çox kefsizdirlər. Vaxtımız olacaq ki, onları yenidən geri qaytaraq. Hansısa matçlarda qalib gəlmişiksə, yenə də bunu edə bilərik. Pley-off şansımız varsa, maksimum istifadə edəcəyik”.
“Bu, Azərbaycan futbolunun yaralı yeridir”
Qurban Qurbanov “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında keçirdiyi oyunların hamısında uduzmasına, xüsusilə də böyük hesablarla məğlub olmasına belə reaksiya verib:
“Bu, bizim Azərbaycan futbolunun yaralı yeridir. U-19 komandamızla fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu səviyyədə oyunlarda hansı səviyyədə olacağıq? Bu, bizim üçün böyük təhlükədir. Bəlkə kənardan vuruşmağımız, nəticələrimiz bizi aldadır. Amma gələcəyə baxsaq, fərq böyüyə-böyüyə gedir. 4-5 ildən sonra necə olacaq, bilmirəm. Biz mütləq “Qarabağ” olaraq, şəraitimizi yaxşılaşdırmalıyıq, daha diqqətli olmalıyıq. Bizim U-19 komandamızın əksər oyunçuları cavanlar idi, 17-18 yaşları vardı. İlk dəfə idi belə turnirdə oynayırdılar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə oynayıb, böyüyə-böyüyə oynayırlar. Onlar 17 yaşından bu cür turnirlərdə iştirak edirlər. Onların şəraitləri danışılası deyil. Avropa futbolu, gənc, uşaq futbolu dedikdə, ilk ağla gələn “Ayaks”dır. Bu klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündür. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam. “Barselona”nın, “Çelsi”nin, “Borussiya”nın. Yan-yana qoyulası deyil. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, inamla baxmalıyıq gələcəyə. Fərq çox böyükdür”.