Ben Uayt bir ay yaşıl meydanlardan kənarda qalacaq
Futbol üzrə İngiltərə millisinin və “Arsenal”ın sağ cinah müdafiəçisi Ben Uayt zədə səbəbindən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az bu barədə İngiltərə mətbuatına istinadən xəbər verir.
28 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 16-cı turunda “Vulverhempton”la matçın (2:1) birinci hissəsində zədələnərək əvəzlənib. Onun 4-6 həftə futbol oynamayacağı gözlənilir.
Xatırladaq ki, Uayt ötən mövsümün də böyük hissəsini dizindəki problemlər səbəbindən buraxıb. Cari mövsümün əvvəlində isə o, bud əzələsindəki zədələr səbəbindən 11 oyunda iştirak edib. Uayt son 4 matçda start heyətində meydana çıxmışdı.
“Arsenal”ın heyətində müdafiəçilər Qabriel Maqalyayns və Kristian Moskera da zədəlidirlər.
Ben Uayt futbola “Kinqsvud” klubunda qədəm qoyub, ardınca “Sauthempton” futbol akademiyasına, oradan isə “Brayton”a keçərək, böyük futbolda debüt edib. Uayt karyerası ərzində “Nyuport Kaunti”, “Piterboro” və “Lids”də icarələrdə çıxış etdikdən sonra tamhüquqlu əsasda “Arsenal”a qoşulub.
“Arsenal” Uaytı 2021-ci ilin iyulunda “Brayton”dan 58,5 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıb. Uaytın London klubu ilə müaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Uayt cari mövsümdə “Arsenal”ın heyətində bütün yarışlarda 11 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
Uaytın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi isə 171 oyun, 6 qol və 13 məhsuldar ötürmədən ibarətdir.
Ben Uayt 2021-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyətə imza atmayıb.
Ben Uaytın qənimətlər muzeyində “Lids”lə qazandığı İngiltərə Çempionşipi (2019/2020) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.