Fred Qrim: “Bakıdakı qələbəni çox böyük sevinclə qeyd etdik”
“Ayaks”ın baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda Niderland nəhəngi 4:2 hesablı əzmkar qələbəyə sevinib.
Fred Qrim matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox gözəl oyun oldu. “Qarabağ”ın qolları da keyfiyyətli oldu. Onların da çox şansı var idi ki, qollar vursunlar. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. Hesabda geri olanda, yenidən qol vurmaq mental cəhətdən də çətin idi. Amma bunu etməyi bacardıq.
Formatdan da çox şey asılı idi. Bu oyunda bundan istifadə etdik. İstədiyimiz oyunu göstərə bilərdik. Daha yaxşı ola bilərdik. Addım-addım daha yaxşı olacağıq.
“Qarabağ” da çox yaxşı oynayırdı. Bu səviyyədə oyunlarda çox kiçik səhvlərin çox böyük nəticəsi ola bilər. Futbolçularımız sürüşkən otun üstündə yıxılırdılar. Yəqin, “Qarabağ” bu ot örtüyünə öyrəşib, amma bizim üçün çətin idi. Amma bu qələbədən sonra özgüvənimiz artacaq. İstəyirik ki, bu nəticənin davamını gətirək.
İlk qələbəni çox böyük sevinclə qeyd etdik. Xüsusilə də fanatlarla bunu yaxşı qeyd etdik. Onlar bizə böyük dəstək oldular. İnanılmaz dərəcədə sevincliyik”.