“Qələbə bizim olmalı idi” – Kaşkilya
Azərbaycan Premyer Liqasının XXI turunun “İmişli” – “Şamaxı” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Oyun gözlədiyimiz kimi çətin keçdi. “Şamaxı” yaxşı futbol oynayır, uzun ötürmələrə üstünlük verir. Qayda pozuntuları çox oldu və temp aşağı düşdü. Bugünkü oyunda qələbə bizim olmalı idi, amma xal itirdik. Dirəyə dəyən toplarımız oldu. Qələbəyə layiq idik. İstədiyimiz nəticəni əldə edə bilmədik.
– Ayxan Abbasov dedi ki, qapının birinin hündürlüyü çox idi, biz bildirdik və problem həll olundu…
– Bundan öncə də eyni qapılar idi. Bilmirəm, nə cavab verim. Bizdən asılı olan şey deyil.
– Komanda qol vura bilmir. Bu, sizi narahat etmir?
– Qol vurmayanda qələbə qazanmaq da olmur. Komanda əlindən gələni edir ki, qol vursun. “Kəpəz” və “Şamaxı” sıx müdafiə oynayır, yara bilmədik. “Qarabağ”la matçda da imkanlar yaratmağımıza baxmayaraq, qol vurmaq olmadı. Bu gün əsas hücumçumuz Almeyda da oyunu buraxırdı. Əlimizdən gələni edirik ki, rotasiyalar olsun.
– 9 oyundur da, qələbə qazana bilmirsiniz…
– Düzdür, amma nəzərə alaq ki, 9 oyunun 7-də də uduzmamışıq. Qol vura bilməsək də, nəzərə alaq ki, güclü müdafiəsi olan komandalara qarşı oynamışıq. Qol vura bilmirik və qol da buraxmırıq. Bu faktin neqativ tərəfini yox, pozitiv tərəfini görmək olar. Bizdən aşağıda olanlar 30-40 qol buraxıb, amma bizdə elə deyil. Bunlara da nəzər salmaq lazımdır. Hücumda problemlərimiz var, son nöqtəni qoymaqda çətinlik yaşayırıq.
Şahin Cəfərov