Reading view

Layiq olanın qazandığı duel – Məmmədovun günahkar axtarışı

“Qəbələ” Misli Premyer Liqasındakı yerini qorudu. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv I Liqanın gümüş medalçısı “Mingəçevir”lə pley-off duelindən qalib ayrıldı.

Görüşdən əvvəl favorit olan “qırmızı-qaralar” rəqibinə oyun planında da üstünlük quraraq rahat qələbə qazandı. Matçın startından sonadək topa nəzarət edən, hücum axtarışlarında olan qəbələlilər çoxsaylı real qol epizodları yaratsa da, hücumçuların arxayın davranışı, bəzi məqamlarda əlavə fintlərə üstünlük verməsi və uğursuzluq hesab fərqinin böyüməsinə mane oldu. Burada rəqib qapıçı Orxan Sadıqlını da adını qeyd etmək lazımdır. Qolkiper xüsusilə ikinci hissədə etdiyi bir neçə kritik seyvlə yadda qaldı.

“Mingəçevir” isə səviyyə fərqini hiss etdi. Daha çox standart vəziyyətlərə bel bağlayan bölgə komandası əsasən uzun ötürmələrlə təhlükə yaratmağa çalışdı. Lakin bütün cəhdlər boşa getdi. Bəzi hallarda forvard Kalunqa irəlidə hərəkətlilik yaratmaq istəsə də, uğursuz oldu.

Oyundan sonra “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədovun hakim Tural Qurbanovu günahlandırması isə anlaşılmaz göründü. Matçboyu daha çox yerdə qalan, vaxtı uzatmağa çalışan mingəçevirlilər olsa da, mütəxəssis referinin oyunu tez-tez saxlamasından gileyləndi. Halbuki bu məsələdə başlıca rol məhz onun komandasının futbolçularına məxsus idi. Hər bir halda, görünən o idi ki, Məmmədov məğlubiyyətə don geyindirməyə çalışır. Yoxsa oyunboyu bir təhlükə yarada bilməyən komandanın çalışdırıcısı niyə hakimi günahlandırmağa cəhd etsin?

Hər bir halda, “Qəbələ” layiqli qələbə qazandı və Misli Premyer Liqasındakı yerini qorudu. “Mingəçevir”in keçməsi sürpriz sayılacaq və yeni mövsüm üçün daha bir fiasko komanda görüntüsü yaradacaqdı. Sxadadzenin komandası çempionata rəng qatan kollektivlərdəndir. Sərgilədiyi oyuna baxmayaraq layiq olduğu mövqedə qərarlaşmayan “qırmızı-qaralar” başa çatan mövsümdən nəticə çıxarmalı və növbəti ilə daha güclü hazırlaşmalıdır.

Şahin Cəfərov

Sxadadze: “Böyük hesabla qələbə qazanmalıydıq”

Misli Premyer Liqasına vəsiqə uğrunda keçirilən “Qəbələ” – “Mingəçevir” oyunundan (2:0) sonra “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– “Qəbələ” azarkeşlərini təbrik edirəm və onlardan mövsümə görə üzr istəyirəm, sabiq oynamadıq. Bəzi məqamlarda gərginlik də oldu. Oyuna gəlincə, favorit tərəf biz idik. Şadam ki, futbolçular matça ciddi yanaşdı və yaxşı futbol nümayiş etdirdi. Az qol vurduğumuza görə müəyyən narazılıq var. Real epizodları qaçırdıq, amma heyətdə gənc oyunçularımızın olduğunu da nəzərə almaq lazımdır. İlk hissədə oyunun taleyini həll etdik. Çoxlu qol imkanları yaratmağı bacardıq. Rəqibə gəlincə, onların təcrübəli baş məşqçisi var. “Mingəçevir”in əsas üstünlüyü də məhz bu amildir. Məmmədovun sayəsində bu mərhələyə gəliblər. Ümumi götürəndə, üstün tərəf biz olduq və liqada qalmağa layiq idik.

– İddialara görə, klubdakı son oyununuz idi…
– Bu sualı rəhbərliyə vermək lazımdır. Müqaviləm davam edir.

– Ramiz Məmmədov bildirdi ki, baş hakim Tural Qurbanov oyunu yaxşı idarə edə bilmədi. O, məğlubiyyətə səbəb bunu görürdü. Siz necə düşünürsünüz?
– Elə düşünmürəm, böyük hesablı qələbə qazanmalıydıq. Rəqibin demək olar ki, bir qol imkanı da olmadı.

– Komandada qalacağınız halda, heyətdə hansı dəyişiklikləri etməyi düşünürsünüz?
– Düzü, çox yorğunam. Sabah ölkəmə qayıtmağı düşünürəm. Qayıtdıqdan sonra bir çox məsələləri müzakirə edəcəyik. Gələcəklə bağlı danışmaq üçün hələ tezdir.

– Milliyə cəlb olunan Rza Cəfərov bu gün nə üçün meydanda yox idi?
– Belə qərar verdik. Rza ilə danışdım və o, mövsümün ortasında bizə gəldi. Yarım il oynamamışdı və praktikaya ehtiyac var idi. Qərara gəldik ki, son matçlarda daha təcrübəli Səlahət Ağayevə şans verək. Məncə, yanılmadıq.

– “Qəbələ”  göstərdiyi oyuna görə 12 komanda arasında 11-ci olmamalı idi. Üstəlik, sizin məşqçilik bacarığınıza da şübhə yoxdur. Bəs problem nədə idi?
– Problem ondadır ki, qeyri-sabitlik yaşandı. İndi sakit şəkildə bunları təhlil etməliyəm. Klubun prezidenti ilə danışanda da bildirdim ki, səhvləri analiz etməliyik.

Şahin Cəfərov

“Hər iki qolun səbəbkarı Tural Qurbanov idi” – Məmmədov

Misli Premyer Liqasına vəsiqə uğrunda keçirilən “Qəbələ” – “Mingəçevir” oyunundan (2:0) sonra “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Komandanın oyunundan razı qaldım. Bəzi mövqelərlə bağlı narazılıq var.

– Lazımi nəticə üçün nə çatmadı?
– Hakimlikdən narazılıq edən məşqçi olmamışam. Amma səmimi deyirəm, bu oyunda Tural Qurbanovun təyinatı yersiz görünürdü. Bütün cərimə qərarları qapımıza tərəf verilirdi.

– Yaxşı müdafiə olunurdunuz, amma qol buraxandan sonra sanki ruh düşkünlüyü yarandı…
– Standart vəziyyətə qədər qapımızda təhlükə yox idi. Rəqibin vurduğu qol zamanı qaydanı pozmamışdıq. Əlavə olaraq, “Qəbələ” penaltini qazandığı epizoddan əvvəl də bizim oyunçumuza qarşı müdaxilə var idi. Hər iki qolda Tural Qurbanovun qərarları həlledici rol oynadı.

– Klubdakı taleyiniz necə olacaq?
– Hələ ona vaxt var.

– Premyer Liqa təcrübəsi olan futbolçuların ehtiyatda qalması nə ilə bağlı idi?
– Bu, komandanın daxili işidir. Hansı futbolçular tam hazırdır, onlar oynadı. Öz-özümüzə düşmən deyilik. Müəyyən taktiki planlarımız var idi. Usmanın, Cəlalın, Bahadırın oyuna sonradan daxil olması komandanın güclənməsinə hesablanmışdı.

– Oyundan əvvəl şanslarınızın yüksək olduğunu demişdiniz…
– Sözümün üstündəyəm. Mübariz komandayıq.

– Sizcə, pley-offun reqlamenti düzgündür? Premyer Liqa klubu 11 legionerlə meydana çıxa bilər, amma siz yox…
– Komandalar arasında büdcə, keyfiyyət fərqi var. Düzgün rəqabət üçün belə məqamlara fikir vermək lazımdır.

Şahin Cəfərov

MPL: “Qəbələ” yerini qorudu

Bu gün Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Qəbələ” və “Mingəçevir” üz-üzə gəlib. Görüş “Qəbələ”nin qələbəsiylə başa çatıb.

“Qırmızı-qaralar” yeni mövsümdə Premyer Liqada mübarizəsinə davam edəcək.

Misli Premyer Liqası
Pley-off oyunu

28 may

18:30 Qəbələ – Mingəçevir 2:0
Qollar:
Əkbər Eyyubov, 35-avtoqol, Keyta, 45+5-pen
Baş hakim: Tural Qurbanov
SOCAR Polymer Arena

İPL-də mövsümün ən yaxşı baş məşqçisi bilindi

İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı “Arsenal”ın çalışdırıcısı Mikel Arteta qazanıb.

İspan mütəxəssisin rəhbərlik etdiyi “topçular” Premyer Liqada 22 il sonra çempionluq yaşayıb.

Arteta karyerasında ilk dəfə ilin məşqçisi seçilib.

I Liqaya vəsiqə kimin olacaq?

Bu gün I Liqaya vəsiqə uğrunda pley-off oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, II Liqanı ikinci sırada bitirən “Qaradağ Lökbatan” I Liqanın 9-cusu “Şimal” ilə qarşılaşacaq.

Şamaxı şəhər stadionunda baş tutacaq oyun saat 16:00-da start götürəcək.

Qalib yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Azərbaycan I Liqası
Pley-off

27 may

16:00 Şimal – Qarabağ Lökbatan

Premyer Liqa klubları cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Milsi Premyer Liqasının XXXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

22 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

22 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 86.3);

23 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 86.3);

23 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Neftçi” oyununun 65-ci dəqiqəsində “Neftçi” komandasının 18 nömrəli futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 1000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 44.1, 11.3, 19.2);

“Qarabağ” 1-ci, “Neftçi” 2-ci oldu

Misli Premyer Liqasının 2025/26 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.

Futbolpress.az xəbər verir ki, nəticəsi ləğv olunan “İmişli” – “Sumqayıt” matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi XXVIII turun “Qarabağ” – “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.

Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb – 39 min 560 (orta göstərici – 2473)

Adı “Neftçi” ilə hallanan futbolçu “Şamaxı”dan ayrıldı

“Şamaxı” futbolçusu Rüfət Abbasovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah müdafiəçisi ilə müddəti bitən müqavilə uzadılmayıb.

Abbasovun adı “Neftçi” ilə hallanır.

Azərbaycan yığmasının da üzvü olan futbolçu bu mövsüm Premyer Liqada 33 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Kəpəz”in debütantları

“Kəpəz”in yetirmələri Ruslan Quliyev və Elgün Bayramov Azərbaycan Premyer Liqasının son turunda debüt edib.

Futbolopress.az xəbər verir ki, Ruslan Quliyev ilk oyununa 17 yaş 240 günlüyündə çıxıb. Elgün Bayramov isə Premyer Liqada debüt edərkən 23 yaş 81 günlük olub.

“Kəpəz” son turda “Neftçi”yə uduzub – 0:1.

Komanda mövsümü 10-cu sırada bitirib.

❌