Reading view

Edin Terziç – “Atletik”in yeni baş məşqçisi!

Almaniyanın “Borussiya” (Dortmund) komandasının sabiq baş məşqçisi Edin Terziç yeni mövsümdən Bilbao “Atletik”ini çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl La Liqa təmsilçisinin mətbuat xidməti hazırkı mütəxəssis Ernesto Valverdenin cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. Onu isə bu postda Terziçin əvəz edəcəyi dəqiqləşib.

Terziçin müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. O, yeni vəzifəsinin icrasında cari mövsüm başa çatdıqdan sonra başlayacaq.

Yeri gəlmişkən, Edin Terziç Yupp Haynkesdən sonra “Atletik”in tarixində ikinci almaniyalı məşqçi olacaq.

Terziçin 43 yaşı var. O, iki dəfə – 2020-ci ildən 2021-ci ilə qədər və 2022-ci ildən 2024-cü ilə qədər “Borussiya”da çalışıb. Dortmund təmsilçisi onun rəhbərliyi altında Almaniya Kubokunu (2021) qazanıb və UEFA Çempionlar Liqasının finalına (2024) yüksəlib.

Yan Dyomande – Bundesliqada aprelin ən yaxşı futbolçusu!

“Leypsiq”in 19 yaşlı ivuarlı vingeri Yan Dyomande futbol üzrə Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Dyomande aprel ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Leypsiq”in universal vingeri həm cari mövsümdə, həm də karyerası ərzində ilk dəfə oxşar mükafata layiq görülür.

Cari mövsümdə “Bayern”in hücumçusu Harri Keyn (sentyabr, dekabr və fevral) və sağ vingeri Makyl Olise hərəyə 3 dəfə (avqust, noyabr və yanvarda) ayın ən yaxşı oyunçusu elan ediliblər. Oktyabrda Yonatan Burkardt (“Ayntraxt”), martda Denis Undav (“Ştutqart”) fərqləniblər.

Yan Dyomande peşəkar karyerasına İspaniyanın “Leqanes” klubunda başlayıb. “Leypsiq” onu 2025-ci ilin yayında 20 milyon avro məbləğ müqabilində məhz İspaniya klubundan transfer edib. 19 yaşlı cinah hücumçusu Almaniya klubunun heyətində indiyə qədər 34 oyuna çıxıb, 13 qol vurub, 9 məhsuldar ötürmə verib.

Kot-d’İvuarın U-17 və U-23 yığmalarında da oynamış Dyomande 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 9 oyun keçirib, 3 qola imza atıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Bundesliqa: “Borussiya” “Borussiya”ya uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Frayburq” – “Volfsburq” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Sankt Pauli” doğma meydanda “Maynts”a məğlub olub. Mönhenqladbax və Dortmund “Borussiya”larının görüşündə isə meydan sahibləri tək qolla qalib gəliblər.

Beləliklə, geridə qalmış 32 turdan sonra 83 xala malik “Bayern” vahid liderdir. Çempionluğu təmin etmiş Münhen təmsilçisini 67 xala malik Dortmund “Borussiya”sı və 62 xallı “Leypsiq” izləyirlər. “Bayer”, “Ştutqart” və “Hoffenhaym”ın 58, “Frayburq”un 44 xalı var.

Almaniya, Bundesliqa
32-ci tur
2 aprel

Bayern – Haydenhaym 3:3
Qollar: Qoretska, 44; 57. Olise, 90+10 – Zivzivadze, 22; 76. E.Dinkci, 31.

Hoffenhaym – Ştutqart 3:3
Qollar: Kramariç, 7; 49. B.Ture, 23 – Fuhrix, 20. Demiroviç, 64. T.Tomas, 90+5.

Union Berlin – Köln 2:2
Qollar: Rothe, 73. L.Burcu, 89 – Bulter, 33. El Mala, 61.

Ayntraxt – Hamburq 1:2
Qollar: C.Y.Uzun, 48 – Qronbaek, 51. F.Vyeyra, 59.

Verder – Auqsburq 1:3
Qollar: Şmid, 64 – Kade, 24; 45+3. Yakiç, 69.

Bayer – Leypsiq 4:1
Qollar: P.Şik, 25; 76; 89. Tella, 45 – Baumqartner, 80.

3 may

Sankt Pauli – Maynts 1:2
Qollar: Sisey, 87 – Tiets, 6. Mvene, 40.

Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 1:0
Qol: Tabakoviç, 88.

Frayburq – Volfsburq 1:1
Qollar: Linhart, 75 – Kulyelaris, 55.

“Şalke” 3 il sonra yenidən Bundesliqada!

Almaniya İkinci Bundesliqasında mübarizə aparan “Şalke” 2026/2027-ci illər mövsümündə əsas Bundesliqada çıxış edəcək.

Arena.az xəbər verir ki, növbəti mövsümdə Almaniya Bundesliqasına vəsiqə qazanmış ilk komanda bəlli olub.

Miron Musliçin rəhbərlik etdiyi komanda ötən gecə İkinci Bundesliqanın 32-ci turu çərçivəsində Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanaraq xallarını 67-ə çatdırıb. Nəticədə bu komanda elitaya vəsiəqəni təmin edib. Liderin əsas izləyicisi “Paderborn” sona iki tur qalmış 58 xalla ikinci pillədə qərarlaşıbsa, “Hannover”in 57, “Elversberq”in 56 xalı var. “Darmştadt” 51, “Herta” 48 xal toplayıb.

Qeyd edək ki, İkinci Bundesliqada 2-ci yeri tutacaq komanda da əsas Bundesliqaya birbaşa vəsiqə qazanacaq. 3-cü olacaq kollektivi isə əsas Bundesliqada 16-cı yeri tutacaq komanda ilə pley-off qarşılaşmaları gözləyir.

Qeyd edək ki, “Şalke” üç mövsüm idi İkinci Bundesliqada çıxış edirdi.

Əsas Bundesliqada elitanı tərk etməyə əsas namizədlər isə 18-ci olan “Haydenhaym” (23 xal), 17-ci pillədə qərarlaşmış “Volfsburq” (25), 16-cı sırada yer almış “Sankt Pauli”dir (26).

Mahir Emreli “Kayzerslautern”ə yenə lazım olmadı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”in Drezden “Dinamo”suna qarşı keçirdiyi oyunda iştirak etməyib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçunun adı 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində qarşılaşdıqları “Dinamo” ilə matçın iştirak ərizəsinə də daxil edilməyib.

Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

32 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Bundesliqa: “Bayer” 4 qola sevindi, “Bayern” xal itirdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Bayern” – “Haydenhaym” və “Hoffenhaym” – “Ştutqart” matçlarında qalib müəyyənləşməyib. Dörd qolluq “Union Berlin” – “Köln” görüşündə də heç-heçə qeydə alınıb. “Ayntraxt” evdə “Hamburq”a, “Verder” “Auqsburq”a məğlub olub. “Bayer” isə “Leypsiq”lə ev oyununda darmadağına sevinib.

32-ci turun qalan görüşləri sabah keçiriləcək.

Almaniya, Bundesliqa
32-ci tur
2 aprel

Bayern – Haydenhaym 3:3
Qollar: Qoretska, 44; 57. Olise, 90+10 – Zivzivadze, 22; 76. E.Dinkci, 31.

Hoffenhaym – Ştutqart 3:3
Qollar: Kramariç, 7; 49. B.Ture, 23 – Fuhrix, 20. Demiroviç, 64. T.Tomas, 90+5.

Union Berlin – Köln 2:2
Qollar: Rothe, 73. L.Burcu, 89 – Bulter, 33. El Mala, 61.

Ayntraxt – Hamburq 1:2
Qollar: C.Y.Uzun, 48 – Qronbaek, 51. F.Vyeyra, 59.

Verder – Auqsburq 1:3
Qollar: Şmid, 64 – Kade, 24; 45+3. Yakiç, 69.

Bayer – Leypsiq 4:1
Qollar: P.Şik, 25; 76; 89. Tella, 45 – Baumqartner, 80.

3 may

17:30. Sankt Pauli – Maynts
19:30. Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund)
21:30. Frayburq – Volfsburq

Edmond Tapsoba “Bayer”lə yeni müqaviləyə imza atdı

Futbol üzrə Burkina Faso millisinin mərkəz müdafiəçisi Edmond Tapsoba Almaniyanın “Bayer” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2028-ci ilin 30 iyununda bitəcəkdi.

Xatırladaq ki, Edmond Tapsoba 2020-ci ilin yanvar ayından Leverkuzen təmsilçisinin uğurları üçün çalışır. “Bayer” onu həmin vaxt Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubundan 20,2 milyon avroya transfer etmişdi. Tapsoba indiyə qədər “Bayer”də 267 oyuna çıxıb, 13 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Tapsoba daha öncə “Salitas”, “Uaqaduqu”, “Leyksoeş”, “Vitoriya” kimi klubların da şərəfini qoruyub.

Edmond 2016-cı ilin avqustunda debüt etdiyi Burkina Faso yığmasının heyətində 60 oyuna çıxıb, 4 qola imza atıb, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Manuel Noyer ÇL antirekordunu təkrarladı

Almaniya çempionu “Bayern”in təcrübəli qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının (ÇL) antirekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, bu, ÇL-in 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin PSJ (Fransa) ilə ilk oyununda qeydə alınıb.

Almaniyalı qolkiper 4:5 hesabıyla uduzduqları matçda qapıya vurulan 5 zərbədən heç birini dəf edə bilməyib. PSJ futbolçularının çərçivəyə endirdiyi zərbələrin hamısı qollarla nəticələnib. Beləliklə, Noyer turniridə nadir antirekordu təkrarlayıb.

Oxşar hadisə sonuncu dəfə 2000-ci ildə baş verib. O zaman “Çelsi”nin qapıçısı Ed de Qeye də “Barselona”ya qarşı 1/4 finalda bir dənə də olsun seyv etmədən 5 qol buraxmışdı.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 35 oyuna çıxıb, 38 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 596 oyun, 497 buraxılmış qol və 269 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 13 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 40 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Harri Keyn Stiven Cerrardın rekordunu qırdı

Almaniya çempionu “Bayern”in ingilis hücumçusu Harri Keyn futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) unikal nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 32 yaşlı forvard ötən gecə ÇL-in yarımfinal mərhələsinin PSJ (Fransa) ilə ilk oyununda bir qol vurub.

Bununla da Keyn ÇL-də çıxdığı ardıcıl 6-cı matçda qol müəllifi olub. O, əvvəlki beş Çempionlar Liqası matçında – “Union”, PSV, “Atalanta” və “Real”la (həm ilk, həm də cavab oyununda) görüşlərdə də fərqlənmişdi. Nəticədə Keyn sözügedən turnirdə ingiltərəli futbolçular arasında yeni rekord müəyyənləşdirib.

Keyn son 6 matçda 8 qol vurmaqla 2008-ci ildə ardıcıl beş oyunda fərqlənmiş həmyerlisi Stiven Cerrardın da rekordunu qırıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 46 oyuna çıxıb, 54 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 142 oyun, 139 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Vensan Kompani: “PSJ-yə daha çox qol vura bilərdik”

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların ilk oyunu ötən gecə Paris şəhərində keçirilib və Almaniya nəhənginin 4:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kompani bu oyunu tribunadan izləmək məcburiyyətində qalıb. Belçikalı mütəxəssis sarı vərəqə limitini doldurduğu üçün yarımfinalın ilk matçında diskvalifikasiya olunmuşdu. Bu üzdən də o, texniki zonada yer ala bilməyib.

Kompani oyundan sonra matçı tribunadan izləməyin xoşuna gəlmədiyini gizlətməyib və həmkarı Luis Enrikeyə də maraqlı mesaj ünvanlayıb. O, komandasının oyuna yüksək enerji ilə başladığını və hücumda təhlükəli anlar yaratdığını deyib:

“Meydanda əsl enerji var idi. Biz həm oyuna nəzarət edirdik, həm də təhlükə yaradırdıq. Beş qol buraxmaq yarımfinal səviyyəsində məğlubiyyət deməkdir, amma yaratdığımız imkanlara baxanda daha çox qol vura bilərdik”.

Vensan Kompani əlavə edib ki, nəticə xırda detallardan asılı olub:

“Bu cür matçlarda hər şey incə detallarla həll olunur. Növbəti oyunda da bu detallar həlledici olacaq. Evdə azarkeşlərimizlə birlikdə maksimum gücümüzü ortaya qoymalıyıq.

Oyuna tribunadan baxmaq xoşuma gəlmədi. Luis Enrikeyə dedim ki, bunu öz istəyi ilə niyə etdiyini anlamıram. Amma komandamın xarakter göstərməsi xoşuma gəldi. Bu, futbolsevərlər üçün əsl matç idi”.

Xatırladaq ki, bu komandalar arasında cavab qarşılaşması mayın 6-da, Münhendəki “Alyans Arena”da baş tutacaq.

“Bayern” sonuncu dəfə bu aqibəti 1995-ci ildə yaşamışdı

Almaniya futbolunun ən nəhəng klubu hesab edilən “Bayern” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi son olaraq UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə Parisdə 4:5 hesabı ilə məğlub olub.

Sözügedən komanda bundan öncə 1994/1995-ci illər mövsümündə UEFA Çempionlar Liqasının yarımfinalında “Ayaks”a (Niderland) 2:5 hesabı ilə uduzmuşdu.

Xatırladaq ki, Almaniya və Fransa çempionları arasında cavab oyunu mayın 6-da Münhen şəhərində keçiriləcək. “Bayern” ilk oyunda uduzsa da, mərhələ adlamaq şansları hələ də yüksək qiymətləndirilir. PSJ isə ÇL-in sonuncu qalibidir və titulunu qorumaq üçün çalışır.

Bu matçın qalibi finalda “Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək. Sözügedən komandaların ilk oyunu bu gün Madrid şəhərində təşkil ediləcək. Cavab görüşü isə bir həftə sonra baş tutacaq.

❌