Zamiq Əliyev “Vora”ya qarşı 12 dəqiqə oynadı
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 15-ci turu çərçivəsində “Vora” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0. Əliyev bu görüşün 78-ci dəqiqəsində meydana buraxılıb.
“Eqnatiya” 15 turdan sonra 28 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Sözügedən komanda 15 oyunda 8 qələbə qazanıb, 4 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 53 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.