1.6 milyon və dəyirman
“Qarabağ”ın ÇL-in pley-off mərhələsinədək irəliləməsi həm də 70 milyon manata yaxın gəlir gətirdi. UEFA qaydalarına görə Azərbaycan Premyer Liqasındakı klublar da bu nəticədən pay alacaq. Bərabər bölgü nəticəsində 12 klubun hərəsi 1.6 milyon manata yaxın pul alacaq.
Avrokuboklarda uğurlu nəticə qazanmaq bu qədər möhtəşəmdir. Həm qazanırsan, həm də qazandırırsan.
İndi gəlin bir reallığı qabardaq.
Klublarımız bu pulu nəyə sərf edəcək?
Məlumdur ki, Komodo əjdahası kimi gözləyənlər var. Əksər klublar hələ ötən ilin sonlarından həsrətlə gözləyir.
Və bu həsrətli hicranın vüsalı müsibət olacaq. Yəqindir ki, məsələn, “Neftçi”, “Sabah” kimi klubların bu məbləğə o qədər də ehtiyacı yoxdur, ancaq qalan əksərinin həsrətlə gözləri yol çəkir. Və heç bir klubun bu vəsaiti ən acınacaqlı sahəyə – infrastruktura sərf edəcəyinə güman yoxdur.
Məhz o pulun da başına daş salmaq üçün nə fantaziyalar dolaşır beyinlərdə.
İndi hansısa klubda hansısa özünü biləndər hesab edənin biri dodaqaltı mızıldanır ki, “bilmədən yazırlar ee, bu pulu özbaşına istədiyin yerə xərcləmək olar?!”.
Olar!
Azərbaycan klublarında futbolun inkişafı üçün yox, müftə pulların həzmi-rabedən keçirilməsi üçün ən kreativ, innovativ ideyalar icad edə biləcək kadrlar var. Onlar elə sənədləşdirib leqallaşdıracaq ki, kimsə yeyintini sübut edə bilməyəcək; nə sübut olunub ki indiyədək…
O 1.6 milyon manatı ən əziz nəsnə kimi gözləyən klublar var. Dədə malı kimi…
Məsələn, “Karvan Yevlax”ın o pula faydalı bir iş görəcəyinə niyə inanaq?
“İmişli”yə soruşsan, bu suala da, “Premyer Liqada qalacağımız dəqiqiləşsə…” cavabı verəcək. “Araz Naxçıvan”? Desən ki, 1.6 milyon manatı Naxçıvan stadionunun yenidənqurmasına həsr edin, köçün ora, deyəcəklər “baş üstə”, görəcəksən ki, pul bitdi, “Araz Naxçıvan” yenə Bakıdadır.
Süni örtüklü meydançaların dəyişilməsini təklif etsən, təklifin xətdən sallanıq qalar.
Bir sözlə, hamısı ağıllı-ağıllı aparır özünü, görkəm alıb, fason verməyə pərgardılar. Di gəl, bircəciyi o 1.6 milyonu hara xərcləyəcəyini ictimaiyyətə açıqlamayacaq.
Belə “pul üyütmə” cihazı mahiyyətində klubların formalaşmasına və çiçəklənməsinə səbəb dövlətin ayırdığı dotasiyadır. Verməsən olmur, verəndə də futbola bir xeyri olmur. Beləcə yel dəyirmanı öz işində…
Kamil Əhməd