Layiq olanın qazandığı duel – Məmmədovun günahkar axtarışı
“Qəbələ” Misli Premyer Liqasındakı yerini qorudu. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv I Liqanın gümüş medalçısı “Mingəçevir”lə pley-off duelindən qalib ayrıldı.
Görüşdən əvvəl favorit olan “qırmızı-qaralar” rəqibinə oyun planında da üstünlük quraraq rahat qələbə qazandı. Matçın startından sonadək topa nəzarət edən, hücum axtarışlarında olan qəbələlilər çoxsaylı real qol epizodları yaratsa da, hücumçuların arxayın davranışı, bəzi məqamlarda əlavə fintlərə üstünlük verməsi və uğursuzluq hesab fərqinin böyüməsinə mane oldu. Burada rəqib qapıçı Orxan Sadıqlını da adını qeyd etmək lazımdır. Qolkiper xüsusilə ikinci hissədə etdiyi bir neçə kritik seyvlə yadda qaldı.
“Mingəçevir” isə səviyyə fərqini hiss etdi. Daha çox standart vəziyyətlərə bel bağlayan bölgə komandası əsasən uzun ötürmələrlə təhlükə yaratmağa çalışdı. Lakin bütün cəhdlər boşa getdi. Bəzi hallarda forvard Kalunqa irəlidə hərəkətlilik yaratmaq istəsə də, uğursuz oldu.
Oyundan sonra “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədovun hakim Tural Qurbanovu günahlandırması isə anlaşılmaz göründü. Matçboyu daha çox yerdə qalan, vaxtı uzatmağa çalışan mingəçevirlilər olsa da, mütəxəssis referinin oyunu tez-tez saxlamasından gileyləndi. Halbuki bu məsələdə başlıca rol məhz onun komandasının futbolçularına məxsus idi. Hər bir halda, görünən o idi ki, Məmmədov məğlubiyyətə don geyindirməyə çalışır. Yoxsa oyunboyu bir təhlükə yarada bilməyən komandanın çalışdırıcısı niyə hakimi günahlandırmağa cəhd etsin?
Hər bir halda, “Qəbələ” layiqli qələbə qazandı və Misli Premyer Liqasındakı yerini qorudu. “Mingəçevir”in keçməsi sürpriz sayılacaq və yeni mövsüm üçün daha bir fiasko komanda görüntüsü yaradacaqdı. Sxadadzenin komandası çempionata rəng qatan kollektivlərdəndir. Sərgilədiyi oyuna baxmayaraq layiq olduğu mövqedə qərarlaşmayan “qırmızı-qaralar” başa çatan mövsümdən nəticə çıxarmalı və növbəti ilə daha güclü hazırlaşmalıdır.
Şahin Cəfərov