Konate: “Taleyimiz öz əlimizdədir”
“Zirə” Misli Premyer Liqasının XXX turunda “Qəbələ”ni məğlub edib – 1:0.
Matçdan sonra “qartallar”ın futbolçusu Brahim Konate “Futbolpress.az“a açıqlamasında oyunu şərh etdi:
“Qəbələ” ilə oyunun çətin olacağını bilirdik. Onlar çox mübariz komandadır və sürətli futbol oynayırlar. Buna baxmayaraq, sona qədər döyüşdük və əzmkarlıqla qələbə qazandıq”.
“Zirə” Azərbaycan Kubokunun finalında “Sabah”la qarşılaşacaq. Qəsəbə təmsilçisi titulu qazanacağı halda, həm də yeni mövsümdə Avropa Liqasında iştirak haqqı əldə edəcək. Konate şanslardan söz açdı:
“Sabah”ın gücünü bilirik. Amma finaldır və hər nəticə mümkündür. Məqsədimiz avrokuboklarda olmaqdır. Taleyimiz öz əlimizdədir və bunun üçün mübarizə aparacağıq. Sonda necə olacağını görəcəyik. Avrokuboklara düşə bilməsək, bizim üçün uğursuzluq sayılacaq”.
Konate öz çıxışına da toxundu:
“Düşünürəm ki, oyunum pis deyil. Düzdür, mövsümün bəzi mərhələlərində zədələrə görə ritmim pozuldu, amma futbolda belə hallar qaçılmazdır. Öz üzərimdə çox çalışıram və bilirəm ki, daha yaxşısını etməyə qadirəm”.
Şahin Cəfərov