Reading view

Tonali üçün “derbi”

“Nyukasl”ın futbolçusu Sandro Tonali yayda klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti” və “Mançester Yunayted” italiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Goal” nəşri məlumat yayıb.

Tonali yayda klubdan ayrılmağa müsbət yanaşır. O, hələ seçimini etməyib.

Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 29 oyunda 2 məhsuldar ötürmə edib.

II Liqada 10 qollu duel

Azərbaycan II Liqasında XX turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Qaradağ Lökbatan” – “Şirvan” matçında 10 qol vurulub.

“Quba” “Ağstafa Gəncləri”ni məğlub edib.

Azərbaycan II Liqası
XX tur

29 mart

“Ağstafa Gəncləri” – “Quba” 0:1
Qol: Bəhram Köçərli, 32.

“Ağdaş” – “Araz Saatlı” 0:0

“Şəmkir” – “Göygöl” 0:0

“Qaradağ Lökbatan” – “Şirvan” 7:3
Qollar: Rəhman Quliyev, 3. Ramil Orucov, 40; 73. Rövşən Şahmuradov, 53; 60-pen. Emil Quluzadə, 86. Sabir Allahquliyev, 87 – Elgün Xəlilov, 13. Elcan Rəsulov, 43. Ramiz Məmmədov, 79.

Tudoru da göndərdilər

“Tottenhem” baş məşqçisi İqor Tudorla vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Tudor ötən aydan komandaya rəhbərlik edirdi. “Tottenhem” onun başçılığı altında 7 oyunda 1 qələbə qazanıb, 5 dəfə uduzub.

“Qarabağ”dan xanım fanatlarına jest

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda aprelin 3-də “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, “atlılar” oyuna gəlmək istəyən xanım fanatlar üçün jest edib. Belə ki, xanım azarkeşlər üçün giriş pulsuz olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

“Ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım”

Azərbaycan milli komandası “FIFA Series-2026” yoldaşlıq turnirində sabah Syerra Leone millisi ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, millinin futbolçusu Qismət Alıyev matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Milli üçün önəmli matç olacaq. Bizim üçün belə oyunların olması Millətlər Liqası görüşləri öncəsi daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək.

– Milli komandada sizin mövqeyinizdə alternativ kimi yalnız Abdulla Rzayev var. Rəqabətin zəif olması durumunuza necə təsir edir?
– “Zirə”də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdir.

Şahin Cəfərov

Ayxan Abbasov: “Hər rəqibə hörmət etməliyik”

Azərbaycan milli komandası “FIFA Series-2026” yoldaşlıq turnirində sabah Syerra Leone millisi ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, millinin baş məşqçisi Ayxan Abbasov matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqibin isə birinci oyunudur. Bu baxımdan onların bir az üstünlükləri var. Amma oyun evimizdədir və azarkeşlərimizin dəstəyi ilə qələbə qazanmağa çalışacağıq. Syerra Leone yığması Sent Lüsiyadan daha güclüdür. Reytinqdə də bizdən üstündürlər. İnanıram ki, komandamız bu oyunda daha istəkli olacaq. Millətlər Liqasına qədər bir toplanışımız qalıb. Hazır olmağa çalışacağıq.

– İlk oyunda yağışın yağması meydançaya təsir göstərib. Bu sizi narahat edir?
– Həmin oyunda hava və meydança ağır idi. Lakin rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdu, çox fərq hiss olunmadı.

– Canni De Byazinin belə bir uğur gətirən inancı (totemi) var idi: qələbələrdən sonra mətbuat konfransına Emin Mahmudovla gəlirdi. Siz niyə belə etmədiniz?
– Millidə olandan bu yana, istəyirəm ki, bütün futbolçular bu məsuliyyəti dərk etsinlər. Onların sizin qarşınıza çıxması və danışması vacibdir. Bizim xüsusi inancımız yoxdur; istəyirik ki, hər kəs mətbuat önünə çıxsın.

– Syerre-Leona millisi haqda çox şey bilmirik. Bu komanda hansı üslubda oynayır, kimdən çəkinmək lazımdır, bilmirik. Onları təhlil edə bilmisiniz?
– Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqdə bizdən üstün ola bilər. Onlar da xalları elə-belə qazanmayıb. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla oynayırlar, texnikalıdırlar.

– Sent Lüsiya ilə matçda ehtiyatdan oyuna qoşulanlardan sabah kimlərə şans verəcəksiniz? Rotasiyalar çox olacaq?
– Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Bura ən yaxşılar gəlir. Rəqiblərə görə seçimlər edəcəyik.

– Köməkçilərinizi Millətlər Liqasındakı rəqiblərdən Litva və ya Lixtenşteynin görüşlərinə göndərmisiniz?
– Yay toplanışında rəqiblərimizi yaxından izləmək planımız var. Köməkçilərimiz də orada ola bilər, özümüz də. İndiki yoldaşlıq görüşlərini yaxından izləyirik. Lixtenxşteyn Tanzaniyaya qalib gəldi. Litva Gürcüstanla oynayırdı. Yaxşı, mübariz komandadır. Bizim onlardan böyük üstünlüyümüz yoxdur. Futbolçuların milliyə yaxşı formada gəlməsi vacibdir.

– Sabah bərabərlik qeydə alınarsa, bunu uğurlu hesab etmək olar?
– Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçəcəklər. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FIFA-dır. Rəqibləri biz seçmirik. Hər rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk oyunda istədiyimiz o idi ki, futbolçular oyuna düzgün yanaşsınlar.

– Qələbə sizin özünüz üçün nə qədər vacibdir?
– Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Bu il imkan var ki, ən yaxşı ilimiz olsun.

– Bir dəfə demişdiniz ki, müqaviləniz U-21-də fəaliyyətinizə əsasən davam edir. AFFA bu haqda ətraflı açıqlama verməyib. Millətlər Liqasındakı nəticələr millidəki fəaliyyətinizə təsir göstərəcək? Həm də “Şamaxı”nın baş məşqçi axtarışına çıxdığı xəbərlər dolaşır…
– Klubla müqaviləm yaya kimidir. Milli ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzkairə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Qərarlar veriləcək.

– Milli komanda bir müddət özünə bərabər rəqiblərlə qüvvəsini sınayacaq. Daha sonra Avropa çempionatının seçmə mərhələsində güclü komandalarla oynayarkən çətinlik çəkməyəcəksiniz ki? 
– Yox. Məncə, problem olmaz. Ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq iki illik stressə bəs edir (gülür). Kənardan asan görünə bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. San-Marino və Malta ilə oyunlarımız olacaq. Bunlar zəif rəqiblər deyil. Üstəlik, rəqib seçimi yalnız bizdən asılı deyil, qarşı tərəfin də razılığı mütləqdir.

Şahin Cəfərov

AFFA rəsmiləri nə üçün Moskvaya gedib?

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin aparıcı mütəxəssisi Şəbnəm Eyyubova və Futbolda Sosial Layihələr üzrə menecer Zəhra Vəlizadə Rusiya Futbol İttifaqı (RFİ) tərəfindən təşkil olunan Dayanıqlı İnkişaf və Futbolda Sosial Məsuliyyət mövzusuna həsr edilmiş seminarda iştirak ediblər.

Futbolpress.az xəbər verir ki, Moskvada təşkil edilən iki günlük tədbirdə Rusiya futbol klublarının nümayəndələri, həmçinin Qazaxıstan və Belarusdan olan həmkarlar iştirak ediblər. Seminarın əsas məqsədi futbolda dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində təcrübə mübadiləsi aparmaq, mövcud təşəbbüsləri müzakirə etmək və əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.

Seminar çərçivəsində AFFA nümayəndələri tərəfindən assosiasiyanın həyata keçirdiyi sosial və inklüziv layihələrə dair təqdimat edilib.

Stolüstü tennisçilərdən Avrasiya Liqasında uğurlu çıxış

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Aktobe şəhərində təşkil olunan Avrasiya Liqası yarışında inamla çıxış ediblər.

Futbolpress.az xəbər verir ki, gənclərdən ibarət seçmənin baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarət komanda ilk turun 6 görüşündən 5-də qələbə qazanıb. Yalnız bir oyunda uduzan Azərbaycan komandası ümumi nəticələrə əsasən yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Avrasiya Liqasının növbəti turunun görüşləri 28-31 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kollektiv də ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.

Riad Rəfiyev Harvardın məzunu oldu – AÇIQLAMA

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Avropa Futbol Klubları (EFC) və “Harvard Business School”un birgə layihəsi olan “Executive Leadership Programme” proqramını uğurla başa vurub.

Yüksək səlahiyyətli futbol menecerləri üçün nəzərdə tutulan proqram liderlik, strateji qərarvermə və innovativ idarəçilik bacarıqlarının inkişafını dəstəkləyir.

Proqram çərçivəsində iştirakçılar ABŞ-nin Boston şəhərində yerləşən Harvard kampusunda keçirilən intensiv sessiyalarda, həmçinin onlayn dərslərdə və Avropada təşkil olunan yekun mərhələdə iştirak ediblər.

Proqramın mükafatlandırma mərasimi Parisdə, “Park de Prens” stadionunda keçirilib.

Qeyd edək ki, sözügedən proqram EFC və “Harvard Business School”un ilk birgə layihəsidir. İlk tədris prosesində PSJ, “Mançester Siti”, “Çelsi”, “Yuventus”, “Nyukasl”, “Monako”, “Fənərbağça”, “Real Betis” və digər Avropa klublarının top menecerləri iştirak ediblər.

Rəfiyev qatıldığı təhsil proqramı ilə bağlı “Futbolpress.az”a açıqlama verdi:

“Bildiyiniz kimi, “Sumqayıt” Futbol Klubu Avropa Futbol Klublarının (EFC) üzvlərindən biridir. Biz mütəmadi olaraq EFC-nin tədbirlərində iştirak edirik. Budəfəki proqram isə top menecerlər üçün təşkil olunmuşdu. İlk dəfə idi ki, “Harvard Business School” və EFC belə bir proqram təşkil edirdi. Ölkəmizi və “Sumqayıt” Futbol Klubunu Avropanın top klublarının sırasında təmsil etməkdən qürur duyuram. Ümid edirəm ki, qazandığım təcrübə gələcəkdə həm rəhbərlik etdiyim klubumuza, həm də ümumilikdə Azərbaycan futboluna fayda verəcək”.

Kamil Əhməd

Ölkə çempionatında böyük final

Minifutbol üzrə ölkə çempionatında 2025/2026 cı il mövsümünə yekun vurulur.

Futbolpress.az xəbər verir ki, liqanın həlledici matçında “Zirə” və “Birbaşa Bakı” komandaları qarşılaşacaq. Bir tərəfdə dördqat ölkə çempionu “Birbaşa Bakı” digər tərəfdə isə çempionluq arzusu heç cür reallaşmayan “Zirə”.

Böyük maraqla gözlənilən bu qarşılaşma 3 aprel, saat 20:30-da Bakı Tennis Akademiyasında keçiriləcək. Final görüşü “İdman TV” və AMF-nin rəsmi yutub səhifəsindən canlı yayımlanacaq.

“Liverpul”da dəyişiklik qərarı

“Liverpul” mövsümün sonunda baş məşqçi dəyişikliyi edəcək.

Futbolpress.az xəbər verir ki, klub hazırda komandaya rəhbərlik edən Arne Slot ilə yolları ayıracaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Slotun əvəzinə bu posta Xabi Alonso gətiriləcək. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

“Liverpul” Premyer Liqada 31 turdan sonra 49 xalla 6-cı sıradadır.

Xabi daha əvvəl “Bayer” və “Real”da çalışıb.

“İnter”in futbolçusu “Barselona” yolunda

“İnter”in və İtaliya millisinin futbolçusu Alessandro Bastoni karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Barselona”nın təklifini qəbul edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kataloniyalılar “İnter”lə danışıqları davam etdirir.

Bastoni bu mövsüm 35 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Salah sabiq klubuna qayıda bilər

“Liverpul”dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Roma” misirli hücumçunun xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. 33 yaşlı futbolçu qərarını mövsümün sonunda verəcək.

Salah daha öncə 2015-2017-ci illərdə “Roma”nın formasını geyinib.

Misirli futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. O, “qırmızılar”la 435 oyunda 255 qol vurub.

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

Tofiq Musayev UFC-də ikinci döyüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, o, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb. Üç raundun yekununda hakimlərin qərarı ilə qalib elan edilən Tofiq UFC-də ilk qələbəsini qazanıb.

Tofiq UFC-də ilk döyüşündə Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub.

Xatırladaq ki, Musayev ötən ilin aprelində UFC ilə 4 döyüşlük müqavilə imzalayıb.

“Gələcəyimi “Arsenal”da görürəm”

“Arsenal”ın futbolçusu Kay Haverts klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, hücumçu klubdan ayrılacağı ilə bağlı çıxan xəbərləri yalanlayıb:

“Düzü, “Arsenal”dan gedəcəyimlə bağlı xəbərlərə rast gəlməmişəm. Bunlar real deyil. Burda özümü evimdəki kimi hiss edirəm. Düşünürəm ki, komandada da məndən razıdırlar. Gələcəyimi “Arsenal”da görürəm”.

Tanınmış “Qarabağ” azarkeşi vəfat etdi

“Qarabağ” azarkeşi kimi sosial şəbəkədə tanınan Zəfər Hacılı vəfat edib.

Futbolpress.az xəbər verir ki, mərhum fanat üç gün əvvəl etdyi paylaşımda vəziyyətinin pis olduğunu bildirib:

“Bu gün saat 16:57-də nəfəs ala bilməmək, boğulma və güclü öskürək səbəbilə 103-ə zəng etdim. Vəziyyətim hazırda da ağırdır, hələ də normal nəfəs ala bilmirəm. Bu problem məndə xronikidir, əvvəllər də olub və bilirəm ki, müalicəsiz keçən şey deyil. Bronxlarım tam tutulub, boğulma hissi ilə qalmışam. Təcili Tibbi Yardım gəldi, saturasiyamı ölçdülər və çox aşağı çıxdı. Məni xəstəxanaya aparmaq istədilər, amma əvvəl zəng edib dedilər ki, qızdırmam çox deyilsə xəstəxana qəbul etməyəcək, geri qaytaracaq. Bu nə yanaşmadır? Bu arada temperaturumu ölçdülər, 38 çıxdı. Sonra briqadaya deyildi ki, sadəcə qızdırmaya qarşı iynə vurun və gedin. Mənim problemim qızdırmadır? Mən nəfəs ala bilmirəm, boğuluram. Saturasiyam aşağıdır. Bir insanın bu vəziyyətdə bu cür yola verilməsi açıq-aşkar məsuliyyətsizlikdir. İnsan həyatına bu qədər laqeyd yanaşmaq nə deməkdir? Hələ də ağır vəziyyətdəyəm və real kömək ala bilməmişəm. Bu məsələ ilə bağlı ciddi araşdırma tələb edirəm. Bu cür yanaşma qəbuledilməzdir”.

Kazemiro: “Qərarım qətidir”

“Mançester Yunayted”in futbolçusu Kazemiro yayda klubdan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “The Athletic” nəşrinə açıqlamasında qərarının qəti olduğunu bildirib:

“Qərarım qətidir. Yayda “Mançester Yunayted”dən ayrılacağam”.

Kazemironun adı ABŞ və Səudiyyə Ərəbistanı klubları ilə hallanır.

“Real”ın yetirməsi milli seçimini etdi

“Real”ın gənc futbolçusu Tiaqo Pitarç milli komanda seçimini edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya yığmasında oynayacağını açıqlayıb. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Pitarç “Real”ın yetirməsidir. O, bu mövsüm La Liqada və Çempionlar Liqasında 4 oyuna çıxıb.

Yarımmüdafiəçi daha əvvəl Mərakeşin U-18, İspaniyanın U-20 yığmasında çıxış edib.

Azərbaycan yığması son oyunda da uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində son oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.

Milli ilk oyunda Litvaya 0:4 hesabıyla uduzub.

“Liverpul” Salahın yoxluğunu hiss edəcək”

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Məhəmməd Salahla bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis misirli hücumçu haqda bunları deyib:

“Salah inanılmaz dərəcədə peşəkardır. Məşqlərə yanaşması, intizamı, oyunu bunları deyir. O, daha 6-7 il yüksək səviyyədə oynaya bilər. “Liverpul” onun yoxluğunu hiss edəcək”.

“Dinamo” Zaqatalada darmadağına sevindi

II Liqada XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə bir oyun baş tutub.

“Sheki City” Zaqatalada “Dinamo”ya uduzub. Görüş qonaqların 6:1 hesablı qələbəsiylə başa çatıb.

II Liqa
XX tur

28 mart

Sheki City – Dinamo 1:6
Qollar: T.Zeynalov, 5 – V.Seyidov, 13 (pen.), 61, 89 (pen.), Y.Qarayev, 39, 71, Ə.Abbasov, 59

Bölgə klubuna hava əngəli

Son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq II Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib.

Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib. Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.

Azərbaycana qol vuran futbolçu: “Onları çox yorduq”

Portuqaliyanın U-21 millisinin yarımmüdafiəçisi Joao Simoes Avro-2027-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az “Record” nəşrinə istinadən xəbər verir ki, matçda bir qol vuran futbolçu 4:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Birinci hissədə rəqibi çox yorduq, çoxlu imkanlar yaratdıq, amma təəssüf ki, qol vura bilmədik. İkinci hissədə tempi qoruduq. Səbirli davrandıq və qollar gəldi. Ardıcıl fərqlənəndən sonra hər şey daha asan oldu. Şükürlər olsun, dörd qol vurmağı bacardıq.”

“Bunların üzərində işləməyə vaxtımız olmur” – Nəbiyev

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən ilk iki oyunla bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

“Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük “silahı” standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı qol imkanları əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problemimiz son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sona qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə yüz faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur”.

Aqil Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı da danışıb:

“Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik”.

Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşır.

Tofiq Musayevin növbəti sınağı

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev bu gecə turnirdə döyüşə çıxacaq.

Futbolpress.az xəbər verir ki, o, Çili təmsilçisi İqnasio Bahamondeslə qarşılaşacaq. Döyüş ABŞ-nin Sietl şəhərində təşkil olunacaq.

Bahamondes bundan əvvəl Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.

İqnasio ilə qarşılaşma Tofiq Musayevin UFC karyerasındakı 2-ci döyüşü olacaq. O daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub.

Azərbaycan çempionatlarının oyunları təxirə salındı

AFFA-nın bayrağı altında təşkil edilən bəzi çempionat oyunları təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Kazemironun “elçiləri”

“Mançester Yunayted”dən ayrılacağı açıqlanan Kazemiro üçün təkliflər var.

Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. MLS təmsilçiləri “Los Anceles Qalaksi”, “İnter Mayami”, Səudiyyə Ərəbistanı klubu “Əl İttihad” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

34 yaşlı futbolçu seçim etməyə tələsmir.

Kazemiro bu mövsüm 30 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi yayda başa çatır.

MY-nin istədiyi futbolçuya qiymət qoydular

“Mançester Yunayted” “Brayton”un futbolçusu Karlos Balebanı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” yayda 22 yaşlı yarımmüdafiəçini sıralarına cəlb etmək niyyətindədir.

“Brayton” Baleba üçün 100 milyon funt-sterlinq tələb edir. MY məbləği aşağı salmaq arzusundadır.

Baleba bu mövsüm 29 oyuna çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Lukakuya ultimatum

“Napoli” futbolçusu Romelu Lukakunu heyətdən kənarlaşdıra bilər.

Futbolpress.az xəbər verir ki, hücumçu Belçika yığmasının heyətinə dəvət alsa da, düşərgəyə qatılmayıb. O, klubdan və millidən icazəsiz ölkəsində fərdi məşqlər edir. Bu barədə “Sky Sport İtalia” məlumat yayıb.

“Napoli” Lukakuya martın 31-nə qədər vaxt verib. Oyunçu İtaliyaya qayıtmasa, əsas komandadan kənarlaşdırılacaq.

Lukaku bu mövsüm 7 oyunda 1 qol vurub.

Silvadan “yaşıl işıq”

Portuqaliyalı futbolçu Bernardo Silva yayda “Mançester Siti”dən ayrılmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi agentinə təklifləri dəyərləndirməsini bildirib.

Silvanın adı “Yuventus”, “Qalatasaray”, “Barselona” kimi klublarla hallanır.

31 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 30 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Musa: “Daha çox qol vura bilərdim”

Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, millinin hücumçusu Musa Qurbanlı matçdan sonra jurnalistlərə açıqlamasında oyunu dəyərləndirib:

“Uzun müddət idi ki, qələbə qazana bilmirdik. Bu baxımdan nəticə bizim üçün çox önəmli idi və buna görə sevincliyik. Milli komandada çıxış edərkən rəqibin kim olmasından və oyunun hansı status daşımasından asılı olmayaraq, əsas məqsəd hər zaman qalib gəlməkdir. Sevindirici haldır ki, bu dəfə böyükhesablı qələbə əldə etdik. Bu uğur qarşıdakı rəsmi oyunlar öncəsi bizə əlavə motivasiya və özünəinam qazandırdı”.

Forvard oyunda daha çox qol vurmaq istədiyini qeyd edib:

“Düzdür, qol vurmağı bacardım, amma düşünürəm ki, daha yaxşı ola, çox qol vura bilərdim. Əsas məsələ komandaya xeyir verməkdir”.

Musa növbəti rəqib – Syerra Leone yığması haqda fikirlərini bölüşüb:

“Syerra Leone yığması ilə qarşılaşmaya da eyni məqsədlə, qələbə üçün çıxacağıq. Əsas diqqətimizi hazırlıq prosesinə yönəldəcəyik ki, növbəti toplanışa qədər optimal formaya çata bilək. Hücumda nə qədər məhsuldar olsaq, bu, komandamızın xeyrinə olacaq və nəticələrimizə müsbət təsir göstərəcək”.

Şahin Cəfərov

Mane üçün Türkiyə variantı

“Əl Nəsr”in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Beşiktaş” seneqallı hücumçunun xidmətində maraqlıdır. İstanbul klubu yayda oyunçunun transferi üçün danışıqlara başlayacaq.

Mane bu mövsüm 26 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Düzəlmək üçün düz etmək

Belə başa düşüldü ki, Ayxan Abbasov media və ictimaiyyətlə hələ də elit səviyyədə kommunikasiyaya hazır deyil. Bu məsələ ona görə vacibdir ki, o, artıq hansısa klubun deyil, milli komandanın baş məşqçisidir və hər oyun xarici komandaya qarşı olur…

Sent Lüsiya ilə oyundan sonra mətbuat konfransında tənqidlərə açıq yanaşdığını deməyi lazımi tələb baxımından məqbul yanaşma idi, lakin cavabın sonunda yenə, “…hərdən görünür ki, kimin daxilində nə var…” tipli lazımsız cümlə işlədib.

Nə vaxtdır dərinə getmədən, eyhamla işarə etsək də, Ayxan bəy anlamadı ki, çək-çevir yox, müşahidə “mood”unda olması lazımdır. Ya da anlayır, lakin öz bildiyindən əl çəkmir.

Tənqidçilər arasında biz də varıq, başqa bu işi peşəkar görənlər də var. Elitada olan mütəxəssis bu məsələdə diqqətli davranmağı bacarmasa, heç vaxt öz istədiyi iş mühitini qura bilməyəcək; beyin daim gərginlikdə qalacaq.

Nə qədər eyhamlasaq da, xeyri olmadı, yenə xırda da olsa, əhəmiyyətsiz fikir sahiblərinə lazımsız atmaca oldu.

Gələk 6:1 hesablı tarixi qələbəyə. Sent Lüsiya yarımhəvəskar səviyyədə oynayan komanda təsirini bağışladı. Buna görə də millinin potensialı və ya yaxın perspektivi haqda qeydlər üçün ciddi material yoxdur. Lakin xüsusən ikinci hissədə qurulan çoxsaylı hücumlarımızda realizasiya problemi Abbasov üçün siqnal ola bilər.

Sent Lüsiya ikinci hissədə qapandı və müdafiə planı o qədər səviyyəli qurulmamasına rəğmən aramsız hücumlarımız nəticəsiz qalırdı. Belə məqamlarda rotasiyalar etmək, hücum modelini dəyişmək gərəkdir. Yalnız bunlar tətbiq ediləndən sonra Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadənin hücum fazasında faydalı iş əmsalı artdı, qollar vurmağa başladıq.

Hər nə qədər rəqibin zəif olmasını qabartsaq da, böyükhesablı qələbənin ruh yüksəkliyi yaratması danılmazdır. İndiki məqamda da Azərbaycan millisinə bu hava-su qədər əhəmiyyətlidir.

Syerra Leone ilə oyunda Abbasov üçün heyətin optimallaşdırılması daha vacib ola bilər. Sent Lüsiyaya qarşı 22 futbolçunu sınaqdan keçirən baş məşqçi qarşıdakı yoxlama oyununda yayda Avstriyada keçiriləcək təlim-məşq toplanışına kimlərin dəvət edilməsi sualına daha dəqiq cavab tapacaq.

Millətlər Liqasında çıxışa qədər Avstriya toplanışından savayı, daha 2-3 sparrinq rəqib tapılsa, çox faydalı olar.

Elçin Cəlilov

U-19-un növbəti sınağı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv B Liqasının 6-cı qrupunun ikinci görüşündə Şimali İrlandiya ilə qarşılaşacaq.

Litvanın Kaunas şəhərindəki “Raudondvario” stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək.

Azərbaycan yığması qrupdakı ilk oyunda Litvaya uduzub – 0:4.

Foden “Mançester Siti”dən ayrıla bilər

İngiltərəli futbolçu Fil Foden yayda “Mançester Siti”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Football İnsider” portalı məlumat yayıb. Yarımmüdafiəçi oyun praktikasının azlığından narazıdır və daha çox şans qazanacağı komandada olmaq niyyətindədir.

Foden bu mövsüm 41 oyunda 10 qol vurub. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.

Rafinyadan “Barselona”nı məyus edən xəbər

“Barselona”nın zədəli futbolçusu Rafinyanın son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, Braziliya millisinin düşərgəsində xəsarət alan vingerin vəziyyəti ciddidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rafinya azı 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, Çempionlar Liqasında 1/4 finalda “Atletiko” ilə matçları buraxacaq.

Rafinya bu mövsüm 31 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə edib.

Tanınmış keçmiş futbolçu velosipeddən yıxıldı – FOTO

İngiltərə millisinin sabiq futbolçusu Alan Şirer velosipedlə qəza keçirib.

Futbolpress.az xəbər verir ki, keçmiş hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, velosipeddən yıxıldığına görə aldığı xəsarətləri paylaşıb.

“Nyukasl”dakı çıxışı ilə yaddaşlarda qalan Şirer Premyer Liqada 404 oyunda 206 qol vurub.

Seçim Messidədir

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yayda keçiriləcək dünya çempionatında iştirak etmək şanslarından söz açıb.

Futbolpress.az xəbər verir ki, o, bu barədə Mavritaniyaya qalib gəldikləri (2:1) yoldaşlıq oyunundan sonra “Le Parisien” nəşrinə açıqlamasında deyib.

Skaloni qərarın Messiyə bağlı olduğunu bildirib. O, kapitanın istənilən seçiminə hörmətlə yanaşacaqlarını qeyd edib.

Argentina millisi dünya çempionatında J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

❌