“Kəpəz” “zirzəmi”dən uzaqlaşır
“Kəpəz” Premyer Liqanın XV turunda “Qəbələ“ni məğlub edib. Yevlax şəhər stadionunda baş tutan görüş nominal meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.
Azər Bağırovun gəlişindən sonra oyun planında artıran “Kəpəz” “Qəbələ” ilə matçda üstün tərəf kimi oynadı. Hər iki hissədə daha çox qol epizodu yaradan gəncəlilər layiqli üç xalı aktivinə yazdırdı. Qələbə “Kəpəz”i həm sonuncu pillədəki “Karvan-Yevlax”dan bir az uzaqlaşdırdı, həm də liqada qalmaq yolundakı əsas rəqibi “Qəbələ“yə qarşı şəxsi oyunlardakı ümumi hesabı bərabərləşdirdi. Dövrənin ilk matçında “qırmızı-qaralar” üç xal götürən tərəf idi.
“Qəbələ“də əsas problem heyətlə bağlıdır. Təcrübəsiz və gənc legionerlərlə liqada qalmaq mübarizəsi aparan bölgə klubunun güclənməsinə ehtiyac var. Çempionatda ən çox qol epizodu yaradan kollektivlərdən olmasına baxmayaraq, “Qəbələ” 14 turda cəmi 10 qol vurub. Bu, liqanın ən aşağı ikinci göstəricisindən biridir. Bu heyətlə komandanın elitada qalması çətin görünür.
“Kəpəz” isə mühüm qələbə qazandı. Bağırovun komandası qış fasiləsinə az qala sonuncu “Karvan-Yevlax”dan 4 xal önə keçdi. Düzdür, Yevlax təmsilçisinin bu gün “İmişli”yə qarşı vacib görüşü var və qələbə xal fərqini azalda bilər. Lakin indiki məqamda komandanın son turlardakı oyunu və potensialı yaxşı nəticəyə ümid vermir. “İmişli” daha nizamlı və nəticəyə oynamağı bacaran kollektivdir.
Şahin Cəfərov