Reading view

Rodri və Laport üçün əlamətdar oyun

Dünya çempionatının (DÇ-2026) yarımfinalında Fransa ilə oyun İspaniya millisinin futbolçuları Rodri və Emerik Laport üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, onlar 2:0 hesablı qələbəyə sevindikləri bu matçda dünya çempionatları tarixinə düşüblər.

Rodri mundialın yarımfinal görüşündə 67 dəqiq ötürmə yerinə yetirib. Bununla da “Mançester Siti”nin futbolçusunun DÇ-2026 ərzində etdiyi dəqiq ötürmələrin sayı 655-ə çatıb. Beləliklə, 30 yaşlı yarımmüdafiəçi 1966-cı ildən etibarən statistikanın aparıldığı dövrdə dünya çempionatlarında ən çox dəqiq ötürmə edən futbolçu rekordunu yeniləyib.

İspaniya millisinin müdafiəçisi Emerik Laport da tarixi göstəriciyə imza atıb. 31 yaşlı futbolçu dünya çempionatları tarixində doğulduğu ölkəni yarımfinal mərhələsində məğlub edən ilk oyunçu olub.

Fransada anadan olan Laport bu ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında 50-dən çox oyun keçirib. Lakin o, baş məşqçi Didye Deşamın rəhbərliyi altında Fransa millisində debüt etmək imkanı əldə etməyib.

Daha sonra İspaniyanın “Atletik” (Bilbao) klubuna transfer olunan müdafiəçi 2021-ci ildə İspaniya vətəndaşlığı alaraq bu ölkənin millisində çıxış etməyə başlayıb.

Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Fransızlar Kanteyə “elçi düşdü”

“Fənərbağça”nın futbolçusu Nqolo Kante klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Paris” yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Liqa 1 təmsilçisi İstanbul klubu ilə danışıqlara start verib.

35 yaşlı futbolçu bu ilin fevralından “Fənərbağça”da çıxış edir. O, Super Liqada 14 oyunda 2 qol vurub.

Tomas Mönye “Sanderlend”də

İngiltərənin “Sanderlend” klubu heyətini təcrübəli sağ cinah müdafiəçisi, 34 yaşlı belçikalı futbolçu Tomas Mönye ilə gücləndirib.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Tərəflər arasında 2028-ci ilin iyun ayınadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Bu yay Belçika millisinin heyətində DÇ-2026-da çıxış etmiş Mönye Fransanın “Lill” klubu ilə müqaviləsinin başa çatmasının ardından azad agent kimi “Sanderlend”ə qoşulub.

Belçikanın Sent-Od şəhərində anadan olmuş futbolçu peşəkar karyerasına ölkəsinin aşağı liqalarında başlayıb. Daha sonra “Brügge”də çıxış etmiş Mönye burada Belçika çempionluğu və ölkə kubokunu qazanıb.

2016-cı ildə Fransanın PSJ klubuna transfer olunmuş müdafiəçi Paris təmsilçisinin heyətində keçirdiyi dörd mövsümdə üç dəfə Fransa çempionu olub və ölkə kubokunu üç dəfə qazanıb. O, 2020-ci ildə Almaniyanın Dortmund “Borussiya”sına keçib, daha sonra “Trabzonspor” və son olaraq “Lill”in formasını geyinib.

Mönye isə yeni komandasına qoşulduğu üçün həyəcanlı olduğunu bildirib:

“Sanderlend”ə keçdiyim üçün çox həyəcanlı və qürurluyam. Karyeramda yeni səhifə açdığıma görə xoşbəxtəm. Premyer Liqa dünyanın ən güclü və maraqlı çempionatlarından biridir və burada oynamaq həmişə arzuladığım çağırış idi.

Klubun layihəsi, ambisiyası və inkişaf istəyi məni çox təsirləndirdi. Avrokuboklarda iştirak etmək də qərarıma ciddi təsir göstərdi. Futbolçu kimi hər zaman ən güclülərlə mübarizə aparmaq və titullar uğrunda oynamaq istəyirsən.

Ümid edirəm ki, həm meydanda, həm də meydandan kənarda komandaya öz təcrübəmlə fayda verəcəyəm. Karyeram ərzində möhtəşəm kollektivlərin üzvü olmuşam, indi isə bütün gücümü “Sanderlend” üçün sərf etməyi, komanda yoldaşlarıma kömək etməyi və azarkeşlərlə möhkəm bağ qurmağı səbirsizliklə gözləyirəm. İlk oyunumda onların qarşısına çıxmağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Tomas Mönye yeni komandasında 12 nömrəli formanı geyinəcək.

Mbappe: “İspanlara qarşı istədiyimiz oyunu göstərə bilmədik”

Futbol üzrə Fransa millisinin kapitanı Kilian Mbappe DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb.

Arena.az xəbər verir ki, 27 yaşlı hücumçu komandasının nə texniki, nə də taktiki baxımdan oyun planını həyata keçirə bildiyini bildirib:

“Nə texniki, nə də taktiki baxımdan göstərmək istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Dünya çempionatının yarımfinalında etməli olduqlarını yerinə yetirmirsənsə, qalib gəlmək mümkün deyil.

İspaniya öz oyun planına və futbol fəlsəfəsinə sadiq qaldı. Onlar topa və oyunun tempinə nəzarət etməyi sevirlər. Bizim planımız isə onlara yüksək təzyiq göstərmək, öz ritmlərini tapmalarına imkan verməmək idi”.

Mbappe topu qazandıqları epizodlarda belə səhvlərə yol verdiklərini vurğulayıb:

“Hətta topu ələ keçirdiyimiz anlarda belə ilk toxunuşlarımız kifayət qədər keyfiyyətli deyildi. Məhz bu cür detallar məğlubiyyətə səbəb oldu.

Bu, bizim üçün böyük məyusluqdur. Amma obyektiv olsaq, finala yüksəlmək üçün lazım olan bütün şərtlərə malik deyildik”.

Xatırladaq ki, İspaniya yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın finalına yüksəlib. Turnirin ikinci yarımfinalında Argentina və İngiltərə milliləri üz-üzə gələcək. Final oyunu isə iyulun 19-da keçiriləcək.

Kilian Mbappe Fransa millisinin DÇ rekordunu yenilədi

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatları tarixində yığmanın ən çox oyun keçirən futbolçusu olub.

Arena.az xəbər verir ki, 27 yaşlı forvard bu rekorda DÇ-2026-nın yarımfinalında İspaniyaya qarşı keçirilən matçda imza atıb.

Mbappe start heyətində meydana çıxmaqla dünya çempionatlarında 21-ci oyununu keçirib.

Beləliklə, o, bu göstəricidə 20 oyunla ikinci pillədə qərarlaşan, 2018-ci il dünya çempionu və Fransa millisinin sabiq kapitanı Uqo Lyorisi geridə qoyub. Təcrübəli qapıçı 2022-ci il dünya çempionatından sonra milli komanda ilə vidalaşmışdı.

Mbappe 2024-cü ildən İspaniyanın “Real” klubunun formasını geyinir. O, Madrid təmsilçisi ilə 2024/2025 mövsümündə İspaniya Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.

Fransa millisinin heyətində isə Mbappe 2018-ci ildə dünya çempionu, 2022-ci ildə dünya çempionatının gümüş mükafatçısı olub. O, Qətərdə keçirilən DÇ-2022-də vurduğu 8 qolla turnirin bombardiri adına layiq görülmüşdü.

Deşam: “İspaniya bizdən daha üstün olduğunu göstərdi”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının texniki baxımdan rəqibdən geri qaldığını etiraf edib.

Deşam eyni zamanda oyunun hakimliyi ilə bağlı da sual ünvanlayıb:

“Futbolçularımız məyusdurlar. Ancaq obyektiv yanaşsaq, texniki cəhətdən lazımi səviyyədə deyildik. Bu, bizim öz günahımızdır.

İndi nəsə desəm, məğlubiyyətdən sonra məni ağlayan tərəf kimi qələmə verəcəklər. Amma bir sual vermək istəyirəm: bu hakim yarımfinalı idarə etmək üçün lazımi səviyyədədirmi? Buna özüm cavab verməyəcəyəm. Oyunda kifayət qədər mübahisəli epizodlar oldu.

Əsas səbəb isə odur ki, biz öz səviyyəmizdən aşağı çıxış etdik. Təhlükəli vəziyyətlər yarada biləcək çoxlu texniki səhvlərə, uğursuz ötürmələrə yol verdik.

Bu, ən yüksək səviyyədir və bunu qəbul etmək ağrılı olsa da, reallıqdır. İndi üçüncü yer uğrunda oyuna çıxacağıq. İndiyədək gördüyümüz işi kiçiltmək istəmirəm. Sadəcə, bu matçda İspaniya bizdən daha üstün olduğunu göstərdi.

Özüm haqqında düşünmürəm. Futbolçularla birlikdə finala qədər irəliləmək üçün hazırlaşmışdıq. Buna nail ola bilmədik və bu, böyük məyusluqdur. Bununla belə, komandamızın gördüyü yaxşı işi kölgə altına salmaq istəmirəm. Hesab edirəm ki, toparlanmağı bacarmışdıq. Eyni zamanda, İspaniyanın da haqqını vermək lazımdır. Onlar oyuna tam nəzarət edirdilər.

Bizə dəqiqlik və enerji çatmadı. İspanlar rəqibin hücumlarını oxumaqda, ötürmələri ələ keçirməkdə çox ustadırlar. Onların müdafiəsini daha çox çətin vəziyyətə salmaq istəyirdik”.

“Bu yanaşma bizi bu nöqtəyə gətirdi”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente isə Fransa üzərindəki qələbəni komanda birliyi ilə əlaqələndirib:

“Demək olar ki, dörd il əvvəl müəyyən bir ideya ilə yola çıxmışdıq və bu ideyaya sadiq qaldıq. Məhz bu yanaşma bizi bu nöqtəyə gətirdi.

Bu gün dünyanın ən güclü milli komandalarından biri ilə qarşılaşdıq. Ancaq onların qarşısında dünyanın ən yaxşı komandası dayanmışdı.

Biz vahid komandayıq. Bu uğuru fədakarlığımız və istedadımız sayəsində tam haqq etmişik. Futbolçularımız hər gün öz sədaqətlərini, birliklərini, səxavətlərini və bacarıqlarını nümayiş etdirirlər. Onlar çətin görünən işləri asanlaşdırırlar”.

Sxadadze: “Yeni transferlər tam hazır deyillər”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze yeni mövsümə hazırlıq çərçivəsində bu gün “Kəpəz”ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutmuş bu oyunda meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

Sxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Hazırlıq prosesinin ən çətin dövrüdür. “Yükləmələr” çox olur. Əlbəttə, futbolçularda yorğunluq var. Hər hissə 45 dəqiqə oynayırıq ki, bütün futbolçular fiziki yükləmələri alsınlar.

Qalib gəldik, amma bu, yoxlama oyunudur. Məqsəd güclü və zəif tərəflərimizi müəyyənləşdirmək idi. Bu gün bizim üçün ən vacib olan taktiki, mövqe oyunu idi.

Yeni transferlərimiz də ilk oyunlarını keçirdilər. Hələ ki, onlar tam hazır deyillər. Təəssüf ki, bir çox legionerlər gələndə Azərbaycan çempionatının səviyyəsindən xəbərsiz olurlar. Onların məlumatı yoxdur ki, Azərbaycan Premyer Liqasının səviyyəsi çox yüksəlib. Artıq bunu başa düşdülər və öz üzərilərində işləyirlər. Hazırlıq dövründə vaxtımız çoxdur, yaxşı işləməliyik. Yeni transferlərlə güclənməyə ehtiyacımız var və bunun üzərində iş gedir.
Bu mövsüm uğurlu nəticələrlə azarkeşlərimizi sevindirmək istəyirik. Yoxlama oyunu olmasına baxmayaraq, stadiona gəlib sonadək komandamızı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.

Yarımfinal öncəsi Mbappe narahatlığı

Fransa millisinin futbolçusu Kilian Mbappe zədəsini tam sağaltmayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Forvardın hələ də sağ ayaq topuğunda ağrılar var. Buna baxmayaraq, onun İspaniya ilə yarımfinal matçına start heyətdə başlamaq ehtimalı yüksəkdir. Onun ağrıkəsicilərlə meydana çıxacağı bildirilir.

Bu gün keçiriləcək Fransa – İspaniya oyununa saat 23:00-da start veriləcək.

Yan Zommer Belçika klubu ilə anlaşdı

Bu yay İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılmış isveçrəli qapıçı Yan Zommer bundan sonra “Brügge”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı qolkiper yeni komandasına azad agent statusu ilə keçib. Onun müqaviləsinin müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, Zommer “İnter”ə 2023-cü ilin avqustunda 6,75 milyon avro məbləğ müqabilində “Bayern”dən keçmişdi. İsveçrəli 37 yaşlı qapıçının “İnter” karyerası ümumilikdə 139 oyun, 120 buraxılmış qol və 66 “quru” oyundan ibarətdir.

Zommer “İnter”lə 2 dəfə İtaliya çempionu olub, İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb.

Yan Zommer heyətində çıxışını artıq başa vurduğu İsveçrə yığmasında 2012-ci ilin may ayında debüt edib. Yan İsveçrə yığmasında 94 oyun keçirib və 92 qol buraxıb, 35 oyundan isə “quru” qurtulub.

Zommer “İnter”dən öncə “Bayern”, “Borussiya” (Mönhenqladbax), “Qrasshopper”, “Vaduts” və “Bazel”də çıxış edib.

“Transfermarkt” internet-portalı 37 yaşlı isveçrəli qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Georgi Çakvetadze “Udineze”yə keçdi

İtaliyanın “Udineze” klubu heyətini futbol üzrə Gürcüstan yığmasının hücumameyilli yarımmüdafiəçisi Georgi Çakvetadze ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumameylli yarımmüdafiəçi İngiltərənin “Uotford” klubundan tamhüquqlu əsasda transfer olunub. Gürcüstan millisinin üzvü ilə 2030-cu ilin iyununun sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Klublar arasında gerçəkləşən transferin maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, Georgi Çakvetadze karyerası ərzində Gürcüstanın “Dinamo” (Tiflis), Belçikanın “Gent”, Almaniyanın “Hamburq” və İngiltərənin “Uotford” klublarında çıxış edib. O, həmçinin uzun illərdir Gürcüstan millisinin əsas oyunçularından biridir. Yarımmüdafiəçi indiyə qədər yığmanın heyətində 39 oyuna çıxıb, 10 qol vurub, 10 məhsuldar ötürmə verib.

Rudi Qarsiya: “Belə oyunların taleyini xırda detallar həll edir”

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya DÇ-2026-nın 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının ciddi itkilərlə üzləşdiyini vurğulayıb:

“Təbii ki, bəxtimiz gətirmədi. Yuri Tilemans start heyətində meydana çıxa bilmədi, Tibo Kurtua zədələndi, Kevin de Bröyne isə matçı sona çatdıra bilmədi. Buna baxmayaraq, oyunda qaldıq və görüşü əlavə vaxta daşımağa ümid edirdik.

İspaniya ilə bərabər səviyyədə mübarizə apardıq və onları tərəddüd etməyə məcbur etdik. Lakin belə oyunların taleyini xırda detallar həll edir. Səhv etmək və rəqibə hədiyyə vermək olmaz. Təəssüf ki, gənc futbolçularımızdan biri belə bir səhvə yol verdi.

Bununla belə, komandamla qürur duyuram. Dünya çempionatında Belçikanın böyük futbol ölkəsi olduğunu göstərdik.

Ümid edirəm ki, ölkəyə yenidən xəyal qurmaq imkanı verdik və artıq bütün belçikalılar millinin arxasında dayanır. Komandada işləməyə başlayanda əsas məqsədlərimdən biri də bu idi. Düşünürəm ki, buna nail olduq və bunun davam edəcəyinə inanıram”, deyə Rudi Qarsiya vurğulayıb.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente isə Belçika üzərindəki 2:1 hesablı qələbədən sonra yarımfinalda Fransa ilə keçiriləcək qarşılaşma barədə danışıb:

“Hər şey bu komandanın xarakteri ilə bağlıdır. Belə məqsədyönlü və daim inkişaf etməyə çalışan futbolçularla işləmək mənim üçün böyük şərəfdir.

Fransaya qalib gələ biləcəyimizi düşünmək üçün əsasımız var. Bunun üçün ciddi çalışacağıq. Biz Fransanı iki dəfə məğlub etməyi bacaran yeganə milliyik. Qarşıda iki böyük komandanın mübarizəsi var”.

Sadio Mane milli karyerasını başa vurdu

Seneqal milli komandasının tarixində ən çox qol vurmuş futbolçu olan Sadio Mane yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Seneqal mətbuatı məlumat yayıb.

34 yaşlı hücumçu millidən ayrılarkən azarkeşlərə emosional vida mesajı ünvanlayıb:

“Bilin ki, bu bayraq naminə hər şeyimi qurban vermişəm. Bütün gücümü ortaya qoymuşam və hər zaman ölkəmiz uğrunda sonadək mübarizə aparmışam”, – deyə Mane bildirib.

Sadio Mane Seneqal millisinin heyətində 130 oyuna çıxıb, 54 qola imza ataraq komandanın tarixinin ən yaxşı bombardiri olub.

O, milli ilə birlikdə 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub, həmçinin 2019 və 2026-cı illərdə turnirin gümüş medallarını qazanıb.

Mane 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir və 2026-cı ildə bu komandanın heyətində ölkə çempionu olub.

Təcrübəli hücumçu karyerası ərzində “Mets”, “Zalsburq”, “Sauthempton”, “Liverpul” və “Bayern”in də formasını geyinib. O, “Liverpul”un heyətində İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, Liqa Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub. Hücumçu “Bayern”lə isə Almaniya Bundesliqasını və Almaniya Super Kubokunu qazanıb.

Kilian Mbappe və Usman Dembele 24 illlik rekordu təkrarladılar

Fransa millisinin hücumçuları Kilian Mbappe və Usman Dembele dünya çempionatında 24 il əvvəl qeydə alınmış nailiyyəti təkrarlayıblar.

Arena.az xəbər verir ki, DÇ-2026-nın 1/4 finalında Mərakeşi 2:0 hesabı ilə məğlub etmiş Fransa yığmasının hər iki qolunu məhz Mbappe və Dembele vurub.

Bununla da Mbappe turnirdəki qol sayını 8-ə, Dembele isə 5-ə çatdırıb. Nəticədə Fransa millisi 2002-ci ildən bəri heyətində eyni dünya çempionatında ən azı 5 qol vuran iki futbolçuya sahib olan ilk komanda olub.

Sonuncu dəfə bu göstəriciyə 2002-ci il dünya çempionatında Braziliya millisi nail olmuşdu. Həmin mundialda Ronaldo 8, Rivaldo isə 5 qol vurmuşdu.

Qeyd edək ki, Kilian Mbappe hazırda DÇ-2026-nın bombardirlər siyahısına da şərikli liderlik edir. Fransa millisinin kapitanı Argentina yığmasının hücumçusu Lionel Messi ilə birlikdə 8 qola malikdir.

Oyundan sonra Mbappe ilk hissədə yerinə yetirə bilmədiyi penalti zərbəsinin səbəbini də açıqlayıb:

“Çox çətin vəziyyət idi. Hakim əvvəlcə penalti təyin etdi və mən zərbəyə hazırlaşmağa başladım. Sonra isə epizodun VAR-da yoxlanılacağını bildirdi. Bu, diqqətimi tamamilə yayındırdı, çünki əvvəllər belə vəziyyətlə heç vaxt qarşılaşmamışdım”, – deyə Mbappe bildirib.

Xatırladaq ki, fransız hücumçu qaçırdığı penaltidən sonra özünü toparlayaraq bir qol vurub və bir məhsuldar ötürmə ilə komandasının 2:0 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.

Kilian Mbappe DÇ-2026-da rekordlar qırmağa davam edir

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 finalında Mərakeşə qarşı keçirdikləri oyunda növbəti tarixi rekordlara imza atıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu 2:0 hesabıyla qalib gəldikləri bu matçda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Düzdür, Kilian matçın 28-ci dəqiqəsində qazandığı penaltini qola çevirə bilməyib. Onun zərbəsini Mərakeş millisinin qapıçısı Yasin Bunu dəf edib. Buna baxmayaraq, Mbappe ikinci hissədə öz sözünü deyib.

O, 60-cı dəqiqədə hesabı açaraq DÇ-2026-da 8-ci qolunu vurub və həmin anda Argentina millisinin kapitanı Lionel Messiyə çataraq turnirin bombardirləri siyahısında birinci pilləni bölüşüb. Cəmi altı dəqiqə sonra isə Usman Dembelenin qoluna məhsuldar ötürmə verərək mundialda assistlərinin sayını 3-ə çatdırıb və 8 qol, 3 assistlə DÇ-2026-nın ən məhsuldar futbolçusuna çevrilib. Messinin aktivində isə hazırda 8 qol və 1 məhsuldar ötürmə var. Bombardirlər yarışında növbəti pillədə 7 qolla norveçli Erlinq Haland qərarlaşıb.

Mərakeşlə oyundakı qolu Mbappe üçün daha bir neçə tarixi nailiyyətlə əlamətdar olub. Fransalı hücumçu dünya çempionatlarında vurduğu qolların sayını 20-yə çatdıraraq bu həddi aşan tarixdə ikinci futbolçu olub. Bu göstəricidə o, yalnız 21 qolu olan Lionel Messidən geri qalır.

Kilian Mbappe eyni zamanda dünya çempionatlarında vurduğu qələbə qollarının sayını 8-ə yüksəldərək bu göstəricidə yeni mütləq rekord müəyyənləşdirib. O, indiyədək rekordu əlində saxlayan polyak Qjeqoj Lyatonu geridə qoyub.

Fransalı forvard pley-off mərhələsində də Lionel Messinin rekordunu təkrarlayıb. Mərakeşlə görüşdən sonra onun mundialların pley-off oyunlarında məhsuldar fəaliyyətlərinin sayı 14-ə (12 qol, 2 assist) çatıb. Messinin də pley-off mərhələsində 14 məhsuldar fəaliyyəti (7 qol, 7 assist) var.

Mbappe Fransa millisində də ilkə imza atdı

Kilian Mbappe Fransa millisinin heyətində də tarixi göstəriciyə imza atıb. O, yığmada 100 məhsuldar fəaliyyət həddini aşan ilk futbolçu olub. Hazırda onun hesabında milli komandada keçirdiyi 104 oyunda 64 qol və 37 məhsuldar ötürmə var.

Mbappe dünya çempionatlarında keçirdiyi oyunların sayına görə yığmanın rekordunu təkrarlayıb. 27 yaşlı futbolçu Mərakeşə qarşı oyuna start heyətində çıxmaqla dünya çempionatlarında 20-ci matçını keçirib. Bununla da Mbappe bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisin rekorduna şərik olub. 2018-ci il dünya çempionu olmuş Lyoris yığma karyerasını DÇ-2022-dən sonra başa vurmuşdu.

Bundan başqa, Mbappe dünya çempionatları tarixində iki müxtəlif mundialda ən azı 8 qol vurmuş ilk futbolçu olub. O, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında da 8 qol vuraraq turnirin bombardiri olmuşdu. Daha əvvəl Mbappe və Messi iki müxtəlif mundialda ən azı 7 qol vurmuş ilk futbolçular kimi tarixə düşmüşdülər.

Fransa millisi növbəti mərhələdə İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Kilian Mbappe zədələndi – DÇ-nin yarımfinalını buraxacaq?

Futbol üzrə Fransa milli komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 final mərhələsində Mərakeşə qarşı keçirdikləri oyunda zədə alıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu görüşün 77-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənib.

Madrid “Real”ına məxsus oyunçu meydanı öz ayağı ilə tərk edib və tribunadakı azarkeşləri alqışlayaraq onlara təşəkkürünü bildirib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək. Amma böyük ehtimalla bu, ona növbəti matçda iştirak etməyə problem yaratmayacaq.

Mbappe özü də Mərakeşlə oyunda aldığı zədənin ciddi olmadığını bildirib:

“Topuğuma zərbə dəydi, amma hər şey qaydasındadır”, – deyə fransalı futbolçu M6 telekanalına açıqlamasında bildirib.

Xatırladaq ki, Fransa yığması Mərakeşlə görüşdə 2:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Mbappe bu matçda bir qol vurub, bir məhsuldar ötürmə edib, eyni zamanda qazandığı penaltini qola çevirə bilməyib. Onun 28-ci dəqiqədə yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini Mərakeş millisinin qapıçısı Yasin Bunu dəf edib.

Kilian Mbappe hazırda Argentina millisinin kapitanı Lionel Messi ilə birlikdə DÇ-2026-nın ən sərrast futbolçusudur. Hər iki oyunçunun aktivində 8 qol var.

Fransa millisi yarımfinalda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Lorenzo İnsinye “Sampdoriya”ya keçdi

Futbol üzrə İtaliya milli komandasının sabiq sol cinah hücumçusu Lorentso İnsinye bundan sonrakı karyerasını “Sampdoriya”da davam etdirəcək.

Arena.az xəbər verir ki, Genuya təmsilçisi 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalandığını rəsmən açıqlayıb.

Tərəflər arasında imzalanan müqavilənin müddəti 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

İnsinye 2026-cı ilin yanvarından etibarən “Peskara”nın formasını geyinirdi. O, B Seriyasında sonuncu yeri tutan komandanın heyətində keçirdiyi 13 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Mövsüm başa çatdıqdan sonra isə o, sərbəst agent statusunda “Sampdoriya”ya keçib.

Xatırladaq ki, Lorentso İnsinye “Napoli”nin məzunudur. Hücumçu, karyerası ərzində “Kaveze”, “Foca”, “Peskara” və “Toronto”da da oynayıb.

İnsinye 2012-ci ilin sentyabr ayında debüt etdiyi İtaliya yığmasının heyətində 54 oyun keçirib, 4 qol vurub və 4 məhsudlar ötürmə verib.

Lorentso İnsinyenin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtaiya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku, həçminin “skuadra adzurra” ilə qazandığı 2020-ci il Avropma Çempionatı (AÇ-2020) var.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 1,4 milyon avro məbləğində qiymətləndirir.

“Arsenal” İllan Melyeni heyətinə qatdı

Futbol üzrə İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olan “Arsenal” heyətini yeni qapıçı – İllan Melye ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İngiltərə klubu fransalı qolkiperi azad agent kimi heyətinə qatıb. 26 yaşlı qapıçı ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb. O, yeni komandasına mövsümöncəsi hazırlıq toplanışı zamanı qoşulacaq.

Qeyd edək ki, İllan Melye son 7 mövsümü İngiltərənin digər klubu “Lids Yunayted”də keçirib. O, bu müddətdə bütün turnirlərdə 215 oyunda meydana çıxıb, 286 qol buraxıb, 70 matçda qapısını toxunulmaz saxlayıb.

Fransanın “Loryan” klubunun yetirməsi olan qolkiper “Arsenal”da 30 nömrəli formanı geyinəcək.

Melye Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

Aleksandar Stankoviç və İvan Provedel “İnter”də

Futbol üzrə İtaliya çempionu “İnter” heyətini iki yeni futbolçu – dayaq yarımmüdafiəçisi Aleksandar Stankoviç və qapıçı İvan Provedellə gücləndirib.

Arena.az bu barədə Milan klubunun rəsmi saytına istinadən xəbər verir.

Stankoviç Belçikanın “Brügge” klubundan 23 milyon avro müqabilində transfer edilib. 20 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Aleksandar Stankoviç “İnter”in öz yetirməsidir. O, bir müddət İsveçrənin “Lütsern” klubunda icarədə də olub. “Brügge” serb futbolçunu 2025-ci ilin yayında 9,5 milyon avro müqabilində heyətinə qatmışdı. Amma İtaliya klubu cəmi bir il sonra yetirməsini yenidən öz rənglərinə bağlayıb.

Ötən mövsüm “Brügge”də 55 oyuna 9 qol və 5 assist müəllifi olmuş Stankoviç Serbiya yığmasında da 8 oyuna çıxıb, 1 qol vurub.

“İnter” 32 yaşlı italiyalı qapıçı İvan Provedeli də “Latsio”dan tamhüquqlu əsasda satın alıb. Keçid “İnter”ə 3 milyon avro məbləğ müqabilində başa gəlib. Provedel 2029-cu ilin iyun ayının sonuna qədər müddət ərzində “neradzurri”nin xidmətində olacaq.

Provedel 2022-ci ildən “Latsio”da çıxış edirdi. O, ötən mövsüm A Seriyasında 27 oyuna çıxıb, 27 qol buraxıb.

Yeri gəlmişkən, “İnter”in sabiq qapıçısı Samir Handanoviç Milan təmsilçisindən ayrılıb. Hazırda məşqçi fəaliyyəti ilə məşğul olan Samir Handanoviç “neradzurri”inin yeniyetmələrdən ibarət U-17 komandasının baş məqşçisi vəzifəsini tərk edib. Handanoviç müvafiq qərarı ilə bağlı, özünün sosial şəbəkə hesabları üzərindən də məlumat paylaşıb. Onun növbəti fəaliyyəti ilə bağlı məlumat yoxdur. Təxmin edilir ki, sloven mütəxəssis yeni təklifləri baxışdan keçirə bilər.

Eduardo Kunde “Qəbələ”dən getdi

Azərbaycan Premyer Liqasında 2026/2027-cı illər mövsümünə hazırlaşan “Qəbələ” braziliyalı müdafiəçisi Eduardo Kunde ilə yollarını ayırıb.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 28 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Monteneqro əsilli braziliyalı futbolçuya xidmətləri üçün təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb.

Eduardo Kunde 2025-ci ilin avqust ayından “Qəbələ”nin sıralarında idi. O, əyalət təmsilçisinin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 27 oyun keçirib.

Kunde daha öncə Bolqarıstanda “Botev” (Vratsa), Braziliyada “Operario”, “Bruske”, Yaponiyada “Saqamihara”, İndoneziyada “Persis Solo” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” daha öncə İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Ceyhun Bağırzadə, Domi Massumu, Okan Təhməzli və Seydina Keyta ilə də yollarını ayırmışdı.

Gedənlərin əvəzində Kouya Mabena və Natan Monzanqonu transfer etmiş “Qəbələ” Səlahət Ağayevlə də yeni müqavilə bağlayıb.

❌