“Kəpəz” klubunun İdarə Heyətinin üzvü Fərman Əlizadənin “Futbolpress.az“a müsahibəsi:
– Gəncə stadionu ilə bağlı vəziyyət nə yerdədir?
– İlk növbədə ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə klubumuz və azarkeşlər adından təşəkkür edirik. Məhz Prezidentin sərəncamı ilə stadionun inşası “Kəpəz”in inkişafı üçün böyük təkandır. Stadionun tikintisi Gənclər və İdman Nazirliyinə həvalə olunub və gördüyünüz kimi qısa müddətdə böyük iş görülüb. Fors-major hal baş verməzsə, hər zaman klubların yanında olan AFFA və PFL-in dəstəyi ilə ilk ev oyunumuzun may ayında keçirilməsi planlaşdırılır.
– “Kəpəz”ə gələrkən qarşınıza qoyduğunuz əsas məqsəd və hədəf nə idi?
– Mən özüm də Gəncədə doğulub, burada böyümüşəm. “Kəpəz” uşaqlıqdan azarkeşlik etdiyim komandadır. Doğma şəhərimin doğma klubuna dəstək olmaq təklifi olundu və mən də bunu böyük məmnuniyyətlə qəbul etdim. “Kəpəz” böyük tarixə, zəngin ənənələrə və güclü azarkeş bazasına malik klubdur. İlk mərhələdə prioritetimiz Premyer Liqada mövqeyimizi qorumaq, paralel olaraq isə struktur baxımından davamlı inkişaf üçün möhkəm baza formalaşdırmaq idi.
– Yeni mövsümün startından klubda hansı işlər görülüb?
– Akademiya ilə əsas komanda arasında koordinasiya gücləndirilib. Eyni zamanda infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Qürurverici haldır ki, struktur dəyişiklikləri nəticəsində Azərbaycan futbol klubları arasında ilk qadın klub meneceri məhz “Kəpəz”də fəaliyyət göstərir. Səbinə Hənifəyeva bu işin öhdəsindən yüksək səviyyədə və layiqincə gəlir. Klub da onun fəaliyyətini yüksək qiymətləndirir.
– Bu mövsüm komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Növbəti mövsüm üçün plan nədir?
– Mövsümün əvvəlində hədəflərimiz daha fərqli idi. Təəssüf ki, start istədiyimiz kimi alınmadı. Sonradan müəyyən dəyişikliklər etdik. Azər Bağırov komandaya qayıtdıqdan sonra yeni transferlər reallaşdırıldı. Yusif İmanov, Rauf Hüseynli, Mate Abuladze, Veysəl Rzayev, Rəhman Hacıyev və Camal Cəfərov baş məşqçimizin istəyi ilə komandaya cəlb olundular. Bir sıra oyunçularla isə yollar ayrıldı. Mövsümün qalan hissəsində əsas hədəf sabitliyi qorumaqdır. Kubokda isə bacardığımız qədər irəliləmək istəyirik. Komandamıza inanırıq. Baş məşqçimiz, yerli futbolçularımız və ümumilikdə kollektivin hər bir üzvünün qarşıya qoyulan hədəflərə çatmaq üçün maksimum çalışacağına əminik. Növbəti mövsümdə isə daha rəqabətədavamlı kollektiv formalaşdırmaq və turnir cədvəlində yuxarı pillələr uğrunda mübarizə aparmaq niyyətindəyik. Addımlarımız mərhələli və real plan əsasında atılır.
– Veysəl Rzayevin vəziyyəti necədir və onunla bağlı plan nədir?
– Klubun İnfrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçimiz Azər Bağırov və komanda üzvləri mütəmadi olaraq Veysəl Rzayevi ziyarət edirlər. Əsas məqsədimiz onun tam sağalaraq ayağa qalxmasıdır. Ümid edirik ki, Veysəl tezliklə yaşıl meydanlara qayıdacaq.
– Cefferson Bentu ilə bağlı vəziyyət nə yerdədir?
– Təəssüf ki, Cefferson Bentu klub qarşısında olan öhdəliklərini yerinə yetirməyib və qış fasiləsindən sonra komandanın düşərgəsinə qayıtmayıb. Bununla bağlı artıq FIFA-ya müraciət etmişik. FIFA-nın qaydalarına uyğun olaraq hüquqi proses başlanılıb. Onun gedişi seleksiya planlarımızda dəyişiklik etməyə məcbur etdi. Bu səbəbdən baş məşqçi Azər Bağırovun istəyi ilə Mate Abuladze komandaya dəvət olundu.
– Akademiyanın inkişafı ilə bağlı hansı planlar var?
– Akademiya klubun gələcəyidir. Seçim mexanizmi gücləndirilir. Ötən ay növbəti seleksiya məşqləri keçirilib və bu seleksiya nəticəsində aşağı yaş qrupları üzrə komandalara uşaqlar cəlb olunub. Məşqçilərin ixtisasartırması və kateqoriyalarının yüksəldilməsi prioritetdir. Texniki bazanın təkmilləşdirilməsi istiqamətində də işlər görülür. Məqsədimiz əsas komandaya mütəmadi olaraq akademiya yetirmələri qazandırmaqdır. Qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz iki yoxlama görüşündə “Kəpəz”in 10-dan çox yetirməsi şans qazanıb. Bu hal klubumuzda uzun illər qeydə alınmırdı. Bu fakt əsas komanda ilə akademiya arasında əlaqələrin möhkəmləndiyini və sistemli işin artıq nəticə verməyə başladığını göstərir.
– Uzun illərdir milli komandaya dəvət olmur. Bu ənənənin bərpası üçün nə edilir?
– Bu istiqamətdə işlər aparılır. Artıq akademiyamızın futbolçuları aşağı yaş qrupları üzrə milli komandalara dəvət almağa başlayıblar. Bu, görülən işlərin real nəticəsidir. Ümid edirik ki, yaxın illərdə onları əsas milli komandanın heyətində də görəcəyik. Gələcəkdə Akademiyaya performans və fiziki hazırlıq üzrə mütəxəssislərin cəlb olunması da nəzərdə tutulub. Məqsədimiz futbolçuların fərdi inkişafını daha peşəkar səviyyəyə qaldırmaqdır.
– Maliyyə sabitliyi və sponsorluq məsələləri ilə bağlı hansı addımlar atılıb?
– Bildiyiniz kimi, ilk dəfədir ki, “Kəpəz”in titul sponsoru var. Bu münasibətlə “Unibank”a təşəkkür edirik. Onlarla yeni layihələr üzərində işləyirik və əməkdaşlığımızı daha da genişləndirməyi planlaşdırırıq. Ümumilikdə büdcə planlaması daha sistemli şəkildə qurulub. Paralel olaraq yeni tərəfdaşların cəlb olunması istiqamətində danışıqlar aparılır. Məqsədimiz uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaqdır. Klubun brend dəyərinin artırılması sponsor marağını da yüksəldir.
– Akademiya üçün yeni layihələr nəzərdə tutulurmu?
– Akademiya yeni məşq inventarları və forma dəsti ilə təmin olunub. Futbolçuların məşq etdiyi stadionda mövcud olan natamam işlər mərhələli şəkildə aradan qaldırılır. Ərazidə hasarların hörülməsi artıq yekunlaşdırılıb. Stadion ərazisində yeni sanitar qovşağı inşa olunub və qızlar və oğlanlar üçün ayrıca nəzərdə tutulub. Bundan əlavə, Akademiyanın məşq meydançasında işıqlandırma sisteminin qurulmasına başlanılıb. Uzun illər işıqlandırmanın olmaması səbəbindən axşam saatlarında məşq keçmək mümkün deyildi və bu, futbolçuların inkişafına mənfi təsir göstərirdi. Yeni sistemin quraşdırılması ilə bu problem aradan qaldırılacaq və məşqlər daha əlverişli şəraitdə, daha geniş zaman intervalında keçiriləcək. Bundan başqa, Akademiya üçün oyun vaxtı istifadə ediləcək soyunub-geyinmə otağının tikintisi və əlavə sanitar qovşağın inşası nəzərdə tutulub. Yaxın gələcəkdə süni meydançanın dəyişdirilməsi də planlarımız sırasındadır.
– Akademiyadan əsas komandaya keçid mexanizmi necə qurulacaq?
– Perspektivli futbolçular artıq əsas komandanın məşqlərinə cəlb olunur. Məşqçilər heyəti ilə koordinasiya gücləndirilib. İdarə Heyətinin sədri Adil Vəliyevlə keçirilən görüşdə baş məşqçimiz Azər Bağırovun qarşısına akademiya ilə bağlı konkret tapşırıqlar qoyulub və o da planlarının klub strategiyası ilə tam uyğun olduğunu bildirib. Baş məşqçimiz mütəmadi olaraq aşağı yaş qruplarının məşqlərini və matçlarını izləyir. Yoxlama oyunlarında akademiya üzvlərinə şans verilməsi də bu sistemli yanaşmanın tərkib hissəsidir.
– Azarkeşlərlə bağlı hansı planlar var?
– “Kəpəz” azarkeşsiz təsəvvür olunmur. “Xəmsə” və “Kəpəz Ultras” kimi uzun illər tribunada və komandanın yanında olan və yeni yaradılan “Zona 20” kimi üç böyük azarkeş qrupumuz var. Onlar nəticədən asılı olmayaraq hər zaman klubun yanındadırlar. Bu dəstək klubumuz üçün böyük stimuldur. Ev oyunlarını Gəncədə keçirəcəyimiz vaxt onların dəstəyinə daha çox ehtiyacımız olacaq və inanırıq ki, arena tam dolacaq.
– “Kəpəz”in veteranlarla bağlı nə deyə bilərsiz?
– Veteranlar “Kəpəz”in tarixidir. Klubun ən böyük uğurları onların adları ilə bağlıdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Veterlarla arasında Akademiyamızda fəaliyyət göstərənləri də var. Onlar klubumuzun aşağı yaş qruparndan ibarət komandalarda məşqçilər heyətində yer alıblar. Bundan başqa, klubun nəzdnində “Gəncə futbol əfsanələri” şurası da yaradılıb. Bu şuraya komandanın formasını geyinən bütün veteranlar üzv seçilib. Onlarla bağlı da planlarımız var. Bu ayın sonunda görüşümüz olacaq. Ev oyunlarımızı doğma stadionumuzda keçirəndə onlar üçün də xüsusi tribuna ayrılacaq və “Kəpəz”in matçlarını izləmələri üçün şərait yaradılacaq.
– Qarşıda sizi 2 çətin matç gözləyir. “Neftçi” və “Sabah” oyunları ilə bağlı gözləntiləriniz?
– Rəqibdən asılı olmayaraq baş məşqçi və futbolçularımızın hədəfi əzmkar oyun göstərib, qələbə qazanmaqdır. “Neftçi” ənənəsi olan köklü bir komandadır. Güclü heyətə malikdirlər. Onlarla oyunumuz hər zaman gərgin idman mübarizəsi şəraitində keçib. “Sabah” da artıq tarix yazmağa başlayır. Ötən mövsüm Azərbaycan kubokunu qazanmaları bunun sübutudur. Hazırda isə Premyer Liqada turnir cədvəlinin ilk pilləsində qərarlaşıblar və uğurlu mövsüm keçirirlər. Bütün bunlara rəğmən bildirdiyim kimi hədəfimiz hər oyunda layiqli mübarizə aparıb, maksuimum nəticə qazanmaqdır.
Şahin Cəfərov