Yuri Vernidubun gəlişindən sonra oyun planında artıran və turnir cədvəlində ciddi yüksəlişə nail olan “Neftçi” Misli Premyer Liqasında ən çox qələbə qazanan 4 komandadan biridir.
“Ağ-qaralar” 30 oyunda 13 dəfə üç xala sevinib. Bu, “Sabah”, “Qarabağ” və “Turan Tovuz”dan sonra ən yaxşı göstəricidir. Komandanın “üçlük”dən kənarda qalmasının əsas səbəbi isə mövsümün əvvəlində daha aşağı pillələrdə qərarlaşan kollektivlərlə oyunlarda itirlən xallardır.
Maraq üçün qeyd edək ki, “Neftçi” liqada ən çox heç-heçə edən (11) dörd komanda arasındadır. Beşinci pillədə yer alan “Zirə” bu göstəricidə liderdir – 13 bərabərlik. “Neftçi” ilə yanaşı, “İmişli” və “Şamaxı”nın də 11 “sülh”ü var.
“Neftçi” Misli Premyer Liqasında növbəti qələbəsini qazandı. “Ağ-qaralar” səfərdə autsayder “Karvan-Yevlax”a inamlı hesabla – 3:0-la qalib gəldi. Xallarını 50-yə çatdıran bakılılar 4-cü pillədəki mövqeyini qorudu.
Ötən turda “Qarabağ” üzərində qazanılan qələbədən sonra eyforiyaya qapılmayan, yevlaxlılarla duelə də ciddi yanaşan “Neftçi” yaxşı çıxışla arzuladığı üç xalı qazandı.
Paytaxt klubunun qarşıda finala bərabər üç oyunu var. Komanda 4-cü yeri tutsa belə, avrokuboklara vəsiqə qazanması özündən asılı deyil. “Sabah”ın kubokda “Zirə”ni məğlub etməsi, “ağ-qaralar” üçün Konfrans Liqası “bileti” verəcək. Əksi olacağı halda, komanda avrokuboklardan kənarda qalacaq.
Autsayder “Karvan-Yevlax” isə I Liqaya bir addım da yaxınlaşdı. Yevlax təmsilçisi rəqibinə yalnız yarımsaat müqavimət göstərə bildi. Qarşıda üç oyun var və yevlaxlıların 11-ci “Qəbələ” ilə arasındakı xal fərqi 6-dır. Komandaların bir-biri ilə də dueli var. Ancaq autsayder liqada qalmaq şansını davam etdirə bilməkçün oyuna qədər xal fərqini üçə endirməlidir. İndiki məqamda gedişat “Qəbələ”nin lehinədir.
Ümumilikdə, Füzuli Məmmədovun yetirmələrinin riyazi olaraq pley-off şansları davam edir. Lakin sərgilənən oyun, heyətin keyfiyyəti onları “Qəbələ”dən bir addım geridə saxlayır.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 30-cu turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan demiyəcəyəm, bu matça görə məndə həyəcan var idi. Adətən böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.
Bizim üçün hər oyun finaldır. “Şamaxı”, “Sabah” və “Kəpəz”lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşürlər ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.
Falaye Sakoya təşəkkür edirəm. O, peşəkar futbolçudur. Bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər təcrübəsi var, Fransa çempionatında oynayıb.
“Neftçi” kimi tarixi olan komandada işləmək böyük şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da “Neftçi”də oynamağın adi bir şey olmadığını başa düşməlidirlər. Hər zaman peşəkar davranmalı və bu ada layiq olmalıdırlar.
Kimlərin qalıb, kimlərin gedəcəyinə gəlincə, vaxtı çatanda hər şeyi deyəcəyəm. Mətbuatda çox şey yazırlar. Hətta yazırlar ki, mənim futbolçularla münaqişəm var. Mən ümumiyyətlə konfliktli insan deyiləm. Bir-birimizə hörmətlə yanaşırıq. Nə olur-olsun, ortaq dil tapacağıq. Onu deyim ki, seçimlərdə həssas yanaşacağıq. Bizim kriteriyalara uyğun futbolçularla yola davam edəcəyik.
Məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da “Turan Tovuz”, “Zirə”, “Şamaxı” ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur. Bu, futbolçuların və rəhbərliyin də arzusudur”.
Misli Premyer Liqasının XXX turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– “Qarabağ”la ikinci oyundan sonra uşaqlarda böyük emosiyalar ortaya çıxdı. Bu oyun üçün çox həyəcan keçirdim. Məşqçilər heyəti olaraq bunun öhdəsindən gələ bildik. Futbolçulara da minnətdaram.
– “Neftçi”nin avrokuboklara vəsiqə məsələsi məhz sizin ev oyunlarınızı keçirdiyiniz arenada müəyyənləşəcək. Həmin oyundan – kubokun finalından gözləntiləriniz nədir?
– Qarşıda üç oyun var və bunlar bizim üçün finaldır. Bütün futbolçular başa düşür ki, hər matçda maksimum nəticə göstərməliyik. Kubokun finalından da çox şey asılı olacaq. Titulu kim qazanacaq? Zaman göstərəcək. Öz oyunlarımız da vacibdir. Sona qədər mübarizəmizi davam etdirəcəyik.
– Falaye Sakoya nə vermişdiniz ki, mövsümün ən yaxşı oyunlarından birini keçirdi?
– Ona təşəkkür edirəm, peşəkar futbolçudur. Bir oyunda yox, bütün matçlarda səviyyəsini ortaya qoymalıdır. Fransa çempionatında da oynayıb və yaxşı təcrübəsi var. Ona nə deyim? Afərin!
– Məşqçi kimi böyük yol keçmisiniz. Müharibə vaxtı ölümlə üzbəüz olmusunuz. Amma ötən oyundan sonra çox həyəcanlı olduğunuzu demişdiniz. Bu, matça görə idi, ya başqa səbəbi oldu?
– Başqa səbəb yox idi. Sadəcə 1:5 hesablı məğlubiyyət mənim üçün sarsıdıcı idi. Bundan sonra söz tapa bilmirdim. Ona görə də, ikinci oyunda fərqli çıxış etdik. Qələbədən sonra emosiyalar fərqli idi və buna görə də suallara cavab vermək istəmədim. “Neftçi” kimi tarixi olan komandada işləmək isə şərəfdir. Klubda çalışaraq futbolçulara, azarkeşlərə və rəhbərliyə böyük hörmətim var. Oyunçular da “Neftçi”də olmağın üstünlüyünü dərk etməlidir. Hər zaman peşəkar oynamalıdırlar ki, bu kluba layiq olsunlar.
– Transfer məsələlərində planlarınız hazırdır?
– Transferlər barədə danışmamışam. Kim hansı oyunçunun adını çəkirsə, özü də danışsın. Vaxtı gələndə hər şeyi özüm deyəcəyəm. Yazırlar ki, hansısa futbolçu ilə münaqişə etmişəm, amma bu, doğru deyil. Transfer işlərində çox diqqətli olacağıq.
– “Neftçi”nin “üçlük”dən kənarda qalmasının səbəbi mövsümün əvvəlində itirilən xallardır, yoxsa hakim qərarları?
– Bu barədə şərh vermək istəmirəm. Komanda məndən əvvəl də çoxlu xallar itirmişdi. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt”la oyundakı heç-heçələr mənim də vaxtımda olub. Çalışırıq ki, hər oyunda maksimum nəticə qazanaq. Komandada müsbət dəyişikliklərə nail olmuşuq. Ən böyük arzum “Neftçi”nin layiq olduğu yerlərdə görməkdir.
– Kubokun finalını stadiondan izləyib, “Sabah”a azarkeşlik edəcəksiniz?
– Dəqiq bilmirəm. “Sabah”a və ya “Zirə”yə azarkeşlik etməyim doğru sayılmaz. Güclü olan qalib gəlsin. Düzdür, “Sabah”ın qələbəsi bizə daha uyğundur, amma hansısa rəqibimizə pis bir şey arzu edə bilmərəm. Həyat bumeranqdır.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.
“Karvan” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda baş tutmuş görüşün baş hakimi Rauf Cabbarov olub. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edərək növbəti 3 xalına sevinib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0), “Qarabağ” “Turan Tovuz”a (2:1) qalib gəlib. “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” isə “Sabah”a (0:3) uduzub.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutacaq.
“Karvan” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin bir şikayətini təmin etməyib.
Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Azərbaycan Premyer Liqasında “Turan Tovuz”la görüşdə hakimləri təhqir etdiyi üçün “ağ-qaralar” 8 000 manat ziyana düşüblər.
Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda azarkeşləri tərəfindən təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi. Lakin Apellyasiya Arbitraj Tribunalı bu şikayətə baxılmasını əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salıb. Məsələ ilə bağlı yekun qərarın nə vaxt açıqlanacağı bildirilmir.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqanın 21-ci turundan təxirə salınmış bir oyunla bağlı qərarlar açıqlanıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 21-ci tur
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.
“Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə Ağdam komandası 8000 manat cərimə edilib.
“Neftçi”nin qapıçısı Emil Balayev Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Qarabağ”la oyundan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün baş tutmuş görüşü “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Emil Balayev matçdan sonra klubun “Youtube” kanalına açıqlama verib. O, komandasının qələbəsini belə şərh edib:
“Çox sevinirəm. Uzun müddətdir ki, “Qarabağ”a qarşı qalibiyyətimiz yox idi. Həmin qələbəyə bu matçda nail olduq. Məşqçilər heyətinə, “Neftçi” ailəsinə təşəkkür edirəm. Hamı inandı, mənə bu qarşılaşmada etimad göstərdilər. Etimadı doğrultmağa çalışdım. Əlimizdən gələni etməyə çalışdıq. Komandada qlobal dəyişikliyin olduğunu deməzdim. Meydana çıxan hər oyunçu necə futbol fəlsəfəmizin olduğunu bilir. Məşqçinin tapşırıqlarını yerinə yetirəndə, belə nəticə qeydə alınır”.
Balayev aprelin 26-da “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları qarşılaşmanı da xatırlayıb:
“Həmin matçda oyunumuz alınmadı. Bu görüşdə isə qalib gəldik. Əvvəlki qarşılaşmadakı məğlubiyyətə baxmayaraq, azarkeşlərimiz bizi tək qoymadılar, dəstək oldular. Onların dəstəyi sayəsində qalib gəldik”.
Xatırladaq ki, “Neftçi” hazırda Azərbaycan Premyer Liqasının yarış cədvəlində 47 xalla dördüncü pillədə qərarlaşıb.
“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”ın qələbə qolunu vuran Bassalu Sambu klubun televiziyasına açıqlamasında bunları deyib:
“Əlhəmdülillah, Allah məni bu mövqeyə gətirib. Çətin vaxtlarımda yanımda olan hər kəsə təşəkkür edirəm”
Qolkiper Emil Balayev isə qələbəni belə şərh edib:
“Uzun müddəti idi, “Qarabağ”ı məğlub edə bilmirik. Bu günə şükürlər olsun. Etimad göstərən hər kəsə təşəkkür edirəm. Çalışdım ki, gözləntiləri qarşılayım. Qapıçı mövqeyində qlobal dəyişiklik olmadı. Hər birimiz meydana çıxmağa daim hazırıq. Qələbə münasibətilə bütün “Neftçi” ailəsini təbrik edirəm”.
“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1. “Ağ-qaralar” bununla da “atlılar”a qarşı 18 oyunluq qələbəsizlik seriyasını bitirib.
Ötən həftə 1:5 hesabıyla uduzan “Neftçi” bu dəfə dərsinə yaxşı hazırlaşdı. Müdafiədə kompakt oynayan, yarımmüdafiədə yüksək pressinqlə rəqibi səhvlərə məcbur edən “ağ-qaralar” ilk hissədə balansı qoruya bildi. Fasilədən sonra qonaqlar üstünlüyü artırsa da, sürətli əks-hücumlarla təhlükəli gələn “Neftçi” standart vəziyyətdən fərqləndi. Qoldan sonra da rəqibini geridə qəbul edən “ağ-qaralar” hesabı qorumağa çalışırdı. Lakin oyunun sonlarına yaxın Elvin Bədəlovun avtoqolu hesaba tarazlıq gətirdi.
Əslində, bərabərlik də “Neftçi” üçün pis nəticə sayılmazdı, lakin son dəqiqədə Sambunun başla vurduğu qol bakılılar üçün əlavə motivasiya, uzunmüddətli seriyanın qırılması ilə əlamətdar oldu. “Neftçi” bu qələbə ilə çoxdandır arzulanan ruhunun oyanışını göstərdi.
Vernidubun komandası turnir cədvəlində də bir pillə irəlilədi. İndi mühüm olan mövqeni qorumaqdır. Kubokda da “Sabah” çempion olacağı halda, “Neftçi” Konfrans Liqasına vəsiqə qazanacaq.
Mövsüm ərzində xüsusilə, Çempionlar Liqasında böyük güc sərf edən “Qarabağ” indi bunun acısını yaşayır. Son çempion “taxtdan düşdü”, qızıl medallar “Sabah”ın olacaq. Matçdan sonra baş məşqçi Qurban Qurbanov da qeyd etdi, komanda bu mövsümdən dərs çıxarmalıdır. Ehtiyat qüvvəsi zəifləyən “atlılar” elə büdrədiyi ilk ildəcə çempionluğu qaçırdı. “Sabah”ın yüksəlişi, “Neftçi”nin dönüşü, “Turan Tovuz”, “Zirə” kimi komandaların mübarizliyi qarşıdakı illərdə liqada maraqlı rəqabətin xəbərçisidir.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Qarabağ”la matçdan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Neftçi” azarkeşlərini təbrik edirəm. Bu, bizim üçün çox önəmli bir qələbə idi. Eyni zamanda bundan əvvəlki ağır məğlubiyyətə görə onlardan bir daha üzr istəyirəm. “Neftçi” elə bir komandadır ki, daim eyni yüksək səviyyədə oynamalı və rəqibə pressinq tətbiq etməlidir. Ötən matçda necə oynadığımızı gördünüz və 1:5 hesabı ilə uduzduq. Biz həmin məğlubiyyətdən lazımi nəticələr çıxardıq və məhz buna görə də bu gün meydanda yaxşı oyun nümayiş etdirdik”.
Yuri Vernidub gərgin matçın onu emosional baxımdan çox yorduğunu vurğulayaraq jurnalistlərdən anlayış göstərmələrini və bu dəfə sual verməmələrini xahiş edib:
“Sizdən bir xahişim var. Hazırda o qədər fərqli hisslər keçirirəm ki, mümkünsə, bu gün mənə sual verməyəsiniz. Qarşıda hələ 4 oyunumuz var, o zaman nə qədər istəsəniz, suallarınızı məmnuniyyətlə cavablandırmağa hazıram. Hazırda sadəcə oyundan uzaqlaşmaq istəyirəm. Ümid edirəm ki, bu istəyimi anlayışla qarşılayacaqsınız. Bu, qətiyyən sizə qarşı hörmətsizlik deyil, hər birinizə böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, siz həmişə maraqlı suallar verirsiniz və mən də onları səmimi şəkildə cavablandırıram. Lakin bu gərgin matç məni emosional baxımdan o qədər yordu və bütün enerjimi aldı ki, bu dəfəlik sual-cavab hissəsi olmasa, daha yaxşı olar. İnanın ki, hamınıza dərin hörmətim var”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionunun adına sona 4 tur qalmış aydınlıq gəlib.
21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçında 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin aktivində 59 xal qalıb. Bununla da 72 xala malik “Sabah” ən yaxın izləyicisi üçün əlçatmaz olub.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bununla da tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb. “Sabah” 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.
Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.
“Sabah” son 18 mövsümdə bu siyahıya düşən ilk komandadır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməmişdi. “Sabah”a qədər sonuncu yeni çempion 2007/2008 mövsümündə ilk titulunu əldə edən “İnter” olub.
Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:
– “Neftçi” azarkeşlərini təbrik edirəm, eyni zamanda ötən oyundakı nəticəyə görə onlardan üzr istəyirəm. Belə oynamamalı idik. Bu səhvlərdən nəticə çıxardıq və qələbə qazandıq. Fanatlarımızı bir daha təbrik edirəm. Xahiş edirəm, bu gün sual verməyəsiniz – elə vəziyyətdəyəm ki, bir az sakitləşməyə ehtiyacım var. Qarşıdakı dörd oyunda nə qədər istəsəniz, sual verə bilərsiniz. Bu, hörmətsizlik kimi qəbul olunmasın. Oyun emosional baxımdan məni çox yordu. Bu gün sual olmasa, daha yaxşı olar.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçirilib.
Arena.az xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edib.
Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək ediblər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirib.
Tərəflər “Neftçi Arena”da üz-üzə gəliblər. Sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı. Bu dəfə isə “Neftçi” əzəli rəqibi üzərində 2:1 hesablı qələbəyə sevinib. Nəticədə həm paytaxt klubu yarış cədvəlində 4-cü pilləyə yüksəlib, həm də “Sabah” cari mövsümün sonuna 4 tur qalmış Azərbaycan çempionu olub.
“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək.
Bakı klubunun keçmiş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:
“Neftçi” dördüncü yer üçün mübarizə aparmağa davam etmək istəyirsə, mütləq qələbə qazanmalıdır. Məğlubiyyət şanslarını çox azaldacaq. Buna görə, komanda matça maksimum şəkildə hazır olmalıdır”.
Komandalar arasında ötən həftə baş tutan görüşdə “Qarabağ” 5:1 hesablı qələbə qazanıb. Əsədov bu nəticənin bugünkü oyuna mümkün təsirindən söz açdı:
“1:5-in təsiri ola bilər. Belə məğlubiyyətin komandada inamsızlıq yaratmaq ehtimalı var. Amma bəzən də görürük ki, ağır nəticələr geridönüş üçün bir məqama çevrilir. “Neftçi” oyuna son şans kimi baxmalıdır. “Qarabağ”ın gücü isə bəllidir. Komandada daxili atmosfer nə qədər yaxşı olmasa da, meydanda sərgilənən oyun bunları arxa planda qoyur”.
Mütəxəssis “Neftçi”nin durumuna da toxundu:
“Ötən matç göstərdi ki, “Neftçi” hələ yüksək səviyyədə oyun üçün hazır deyil. Vernidubun işi çox olacaq. Məsələ tək taktiki vəziyyətdən getmir, oyunçu profili önəmlidir, komandada bəzi mövqelər gücləndirilməlidir. “Qarabağ”la oyun “Neftçi” üçün test oldu. Gələcək planları qurmaq üçün bu görüşlərdən nələrsə götürmək olar”.
“Neftçi” – “Qarabağ” oyununa saat 20:00-da start veriləcək.
“Neftçi” Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Komandalar aprelin 26-da, XXIX tur çərçivəsində bu arenada üz-üzə gəlmiş və “Qarabağ” 5:1 hesablı qələbə qazanmışdı.
“Neftçi” əzəli rəqibinə qarşı keçirdiyi son 11 oyunda uduzub. Bakılılar bu gün seriyanı qırmaq arzusundadır. Oyunu vacib edən daha bir detal ilə “ağ-qaralar”ın liqada dördüncü pilləyə yüksəlmək şansının olmasıyla bağlıdır.
“Neftçi” bu gün “Qarabağ”la matçda üç xal qazansa, turnir cədvəlində dördüncü olan “Zirə”ni keçəcək və bir xallıq üstünlük yaranacaq. Dördüncü pillənin sahibi “Sabah”ın ölkə kubokunu qazanacağı halda, Konfrans Liqasına yollanacaq.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.
Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
“Neftçi Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək.
Xatırladaq ki, sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.
“Qarabağ” hazırda Premyer Liqanın yarış cədvəlində 59 xalla ikinci pillədə qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.
Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyun keçirilib.
Futbolpress.az xəbər verir ki, “Neftçi” azarkeşləri önündə “Qarabağ”ı qəbul edib. “Palms Sports Arena”da baş tutan oyun “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.
Bu nəticədən sonra “Sabah” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. “Bayquşlar” ikinci “Qarabağ”ı 13 xal qabaqlayır.
Misli Premyer Liqası XXI turdan təxirə salınmış oyun
30 aprel
20:00 Neftçi – Qarabağ 1:1 Qol: Emil Səfərov, 55 – Elvin Bədəlov, 85 (avtoqol)
Baş hakim: Kamranbəy Rəhimov
“Palms Sports Arena”
Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək. Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sabah – aprelin 30-da “Neftçi Arena”da baş tutacaq.
Xatırladaq ki, sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilmiş “Neftçi” – “Qarabağ” oyununu 9500 tamaşaçı izləyib.
Arena.az xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.
“Ağ-qaralar”ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011-ci illər mövsümündə qeyd alınıb. 2011-ci il fevralın 13-də “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.
Xatırladaq ki, paytaxt təmsilçisi Ağdam klubu ilə ev oyunundan 1:5 hesablı məğlubiyyətlə ayrılıb.
“Neftçi” Premyer Liqanın 2025/2026-cı illər mövsümündə keçirdiyi 28 oyunda 11 qələbə qazanıb, 11 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. “Ağ-qaralar” hazırda 44 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıblar.