Reading view

Berdıyevdən heç-heçə şərhi

Azərbaycan Premyer Liqasının XXII turunun “Turan Tovuz” – “İmişli” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Qol imkanlarından yararlana bilmədik. Rəqib bir dəfə də qapımıza zərbə vura bilmədi. Ümumi baxanda, bu gün iki xal itirdik.

– Coş Ginelli və İbrahima Vadjinin CV-si yaxşıdır. Lakin meydanda sanki istəniləni verə bilmirlər. Onlara nə qədər vaxt lazımdır?
– Məşqlərdə bunun üzərində işləyirik. Fikirləşirəm ki, oyundan-oyuna problemi aradan qaldıracağıq.

– Qarşıda kubokda “Kəpəz” və çempionatda “Neftçi” ilə oyuna çıxacaqsınız. Qısa müddətdə iki ağır oyuna çıxmaq futbolçuların fiziki durumuna necə təsir edəcək?
– Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq.

– Aleks Souzanı mövsümün sonuna qədər saxlayıb, daha sonra transferinə icazə vermək olmazdı?
– Xeyr, belə düşünmürük. Haqlı olaraq belə qərar vermişik.

Kaşkilya: “Güclü rəqiblərə müqavimət göstəririk”

Azərbaycan Premyer Liqasının XXII turunun “Turan Tovuz” – “İmişli” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyunçularımı təbrik edirəm. Taktiki cəhətdən yüksək səviyyədə çıxış etdik. “Turan Tovuz” son matçlarda qalib gəlir, psixoloji durumları üstündür. Amma onlara qarşı yaxşı mübarizə apardıq. Çətin oyun alındı. “Turan Tovuz” avrokuboklarda oynamaq istəyir. Çox intensiv oyun gedirdi. Rəqibin futbolçuları fiziki cəhətdən güclüdür. Onlar bu sarıdan bizdən güclü idilər. Amma oyun quruluşunda bizim yarımmüdafə xətti rəqibin yarımmüdafiəsinin qarşısını ala bilirdi. Oyunumuzdan razıyıq. Birinci hissədə epizodlar yarada bildik. “Turan Tovuz”un mərkəz müdafiəçiləri təcrübəli və güclüdürlər. Rəqibin gücünü nəzərə alaraq, əlimizdən gələni edirdik. Biz hücumumuza daha çox diqqət yetirəcəyik. Meydana qələbə üçün çıxmışdıq. Amma oyunun gedişatından razıyıq. Heç-heçə bizim üçün pozitiv nəticədir.

– Komanda uzun müddətdir, qələbə qazana bilmir. Bu heyətlə hara qədər gedə bilərsiniz?
– Limitli resursları olan “İmişli” kimi komanda üçün çətindir. Onu da nəzərə almaq lazımdır ki, müəyyən oyunlarda bəxt amili bizə qarşı olub. “Karvan-Yevlax” və “Araz-Naxçıvan”a qarşı matçlarda qələbəni əldən verdik. Bu, bəxtdir və buna qarşı nəsə edə bilmərik. Hər oyunda qalib gəlmək istəyirik. Bizim üçün üç xal qazanmaq əsas məsələdir. Son 8 oyunun ikisində uduzmuşuq. “Qəbələ” və “Qarabağ” kimi nəhəng rəqibə qarşı. “Turan Tovuz”la görüşdə qol buraxmadıq. Güclü rəqiblərə müqavimət göstəririk. Hazırda 10-cu pillədə qərarlaşan komandadan 5 xal öndəyik. Düzdür, super mövqe deyil, amma hər oyunda qalib gəlmək, tilsimi qırmaq istəyirik. Son 11 oyun bizim üçün çox çətin olacaq. Əziyyət çəkəcəyik. Amma buna hazırıq.

Qurbanov: “Sabah”ın gücünü daha yaxşı bildik”

Azərbaycan Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin görmək istədiyi kimi matç oldu. Rəqibin hücum xətti çox güclüdür. Futbol elə səviyyəyə çatıb ki, belə oyunlarda hər hesab ola bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. “Nyukasl”dan sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq.

– Oyunun sonuna altı dəqiqə əlavə edildi. Sizcə, bu müddət az deyildi?
– Oyunda fasilələr çox olmuşdu. Belə oyunda 6 dəqiqənin əlavə edilməsi məncə də az idi. Bəzən elə oyunlar olur ki, heç kim onun bitməsini istəmir.

– Matç başa çatandan sonra rəqib komandadakı həmkarınızla 1-2 dəqiqəlik səhbətiniz oldu…
– Rəqibin köməkçi məşqçisi bizə qarşı ədəbsizlik elədi. Danışığımız da bu yöndə idi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. O da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm.

– Qarşıdakı oyunlara komandanı psixoloji hazırlamaq çətin olmayacaq?
– Məni düşündürən məqam futbolçuların bərpasıdır. Çox sıx qrafikdə oynayırdıq, qarşıdakı matçlarda rotasiyalarla oyunçuları bərpa etməyə çalışacağıq.

– Matçdan sonra futbolçular sevinirdilərmi, yoxsa bərabərliyə üzülənlər var idi?
– Oyundan sonra sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Xarakter qoymasan, nəticə əldə etmək olmaz. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Sona qədər mübarizə aparacağıq. Bu gün “Sabah”ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq.

– Müdafiədə rotasiyalar etmişdiz. Yaxşı alındığını düşünürsünüz?
– Bu gun belə bir heyət çıxarmağı uyğun gördüm. Bolt deməzdim ki, zəif çıxış etdi. Qarşısında çempionatın ən sürətli oyunçularından olan Maluda var idi. Ona qarşı da normal çıxış ediyini düşünürəm. Kaşuk da isə bəlkə də həyəcan var idi. Daha yaxşı oynaya bilərdi.

– Musa Qurbanlı vacib qol vurdu. Onunla bağlı fikirləriniz nədir? Startda görə biləcəyik? 
– Musa çox əziyyət çəkir. Bu cür davam eləsə, start heyətində də yer ala bilər.

“Ümid edirəm ki, bir daha belə səhvlərimiz olmayacaq”

Azərbaycan Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyundan öncə məşqçilər heyəti ilə danışarkən deyirdik ki, matç hesab 3:3 bitə bilər. Əfsuslar olsun ki, hesada 3:0 öndə olsaq da, bu üstünlüyü sona qədər qoruyub-saxlaya bilmədik. Düzdür, bizə çətin idi. Burada “Qarabağ”ın təcrübəsi öz rolunu oynadı. Çox üzgünük. 3:0 öndəsənsə, necəsə yolunu tapıb sona qədər üstünlüyü saxlamaq lazım idi. Amma təəssüf ki, bunu edə bilmədik. Bu, bizim üçün yaxşı dərsdir, bundan nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Bu mənada, belə vəziyyətə düşdükdə, artıq daha yaxşı hazırlıqlı olmalıyıq, düzgün oynamalıyıq. Hər iki komandanı bugünkü oyuna görə təbrik edirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, rəqib son 20 dəqiqədə gözəl geridönüş edərək, hesabı bərabərləşdirdi. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənlərə görə də çox üzgünəm. Hələ də tribunada boş yerlər var idi. Bəzən çempionatda bu cür oyunlar Çempionlar Liqası matçlarından daha maraqlı, daha gərgin alınır. Demək olar ki, bu oyunda hər şey, intriqa, dram var idi…

– İki xal itirdiniz, yoxsa bir xal qazandınız?
– Oyundan qabaq soruşsaydınız, fərqli cavab verərdim. Amma hesab 3:0 olduqdan sonra güzgüyə baxırıq və məyusuq. Biz xalları itirdik. Ona görə də “Qarabağ”ı gözəl geridönüşü reallaşdırdığı üçün təbrik etdim. Bu oyundan nəticələr çıxarmalıyıq. Ümid edirəm ki, bir daha belə səhvlərimiz olmayacaq.

– Köməkçilərinizdən biri Azərbaycan futbolunun əfsanələrindən sayılan Müşfiq Hüseynova qarşı qeyri-etik hərəkət etdi. Ona hansısa cəza olacaq?
– Əlbəttə ki, biz üzr istədik. Sözün açığı, o anı görməmişdim. Çünki meydançaya köklənmişdim. Bir də gördüm ki, hər iki komandanın ehtiyat skamyası ayağa qalxıb və orada nəsə baş verib. “Sabah” olaraq biz heç vaxt bu cür məsələlərə haqq vermirik. Bizim üçün hörmət çox önəmlidir. Biz feyr-pley qaydalarının hamısına riayət edirik.

– Çempionluq mübarizəsində olan komanda 12 dəqiqəyə 3 qol buraxdı. Bunun səbəbini necə izah edə bilərsiz?
– Mən artıq bunu başa saldım. Konsentrasiya əskikliyi, təcrübə və rəqib…

– Xəyal Əliyevin fasilədə əvəzlənməsi nə ilə əlaqədar idi?
– Məcburi əvəzetmə idi. Sağlamlığı ilə bağlı idi. Hətta dünən onun bu gün start heyətində meydana çıxması sual altında idi.

– Son dəqiqələrdə baş hakimin qərarlarına iradlarınızı bildirirdiniz. Sizcə, hakim idarəçiliyi necə idi?
– Hər nə desəm də, bunun önəmi yoxdur. Çünki Hakimlər Komitəsinin sədri var və səhvlərdən onlar məsuldurlar. Səhvlərinə baxırlar. Hər birimiz insanıq. Səmimi şəkildə ümid edirəm ki, istəyərəkdən səhv olmayıb, hər kəs səhv edə bilər. Bundan artıq şərh demək istəmirəm. Oyun da artıq başa çatıb. Oyunçularımı təhlil etməliyəm, onların səhvində məsuliyyətim var, hakimlərin səhvlərində də Hakimlər Komitəsinin.

“Quba”nın futbolçusu mükafatına qovuşdu

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Quba” futbol klubunun üzvü Ramin Məhərrəmov mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XVI turun “Quba” – “Kür-Araz” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

“Qarabağ” – “Sabah”: heyətlər bilindi

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXII turunda bu gün “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 15. Leandro Andrade, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

 

“Qarabağ”ın futbolçusu əməliyyat olundu

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçimiz sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

Bəhlul Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Roysla müqavilə uzadıldı

“Los Anceles Qalaksi” klubu futbolçusu Marko Roysla müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 36 yaşlı hücumçunun müqaviləsi 2027-ci ilin sonuna kimi nəzərdə tutulub.

Roys 2025-ci ildən “Los Anceles Qalaksi”də çıxış edir. O, komandada 21 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Neftçi” bəyanat yaydı

“Neftçi” klubu bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” çempionatdakı hakim səhvləri ilə bağlı etiraz edib:

“Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Neftçi” qarşılaşmasının son dəqiqələrində yaşananlar yenidən Azərbaycan futbolunda hakimliyin səviyyəsi və bütün tərəflərə ədalətli yanaşma məsələlərini gündəmə gətirdi. Baş hakim Kamranbəy Rəhimovun haqlı olaraq əks tərəfə göstərdiyi cərimə zərbəsinə VAR-dan müdaxilə edildi və “Neftçi”nin qapısına növbəti dəfə penalti təyin olundu. Futbolçumuz Mustafa Sekin həmin anda qayda pozuntusuna məruz qalması bir yana, topu tamamilə qaydalar çərçivəsində uzaqlaşdırmasına baxmayaraq, VAR-dan gələn “siqnal”la rəqibin hesabı bərabərləşdirməsinə şərait yaradıldı.Buna bənzər epizod 16-cı turda “Karvan-Yevlax”la görüşdə də yaşanmışdı. Birinci hissənin sonlarında yenə VAR-ın müdaxiləsi ilə “Neftçi”nin qapısına penalti təyin edilmişdi və komandamız həmin görüşdə yalnız son dəqiqə qolu ilə qələbə qazanmağı bacarmışdı. Bir neçə gün sonra AFFA Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov qərarın yanlış olduğunu, İqor Ribeyronun “havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyini”, dolayısıyla qaydanı pozmadığını təsdiqləmişdi.“Şamaxı” – “Neftçi” görüşündə təyin edilən penalti ilə də bağlı eyni sözləri demək olar. Mustafa Sek topa oynayır, əllərindən görmədiyi rəqibə qarşı qeyri-qanuni istifadə etmir, hətta özü qayda pozuntusuna məruz qalır. Lakin qərar penaltidir.Görünür, VAR-dakı hakim Cavid Cəlilovun öz oyun qaydaları var. Bu hakim ümumən son həftələrdə gündəmdədir və gündəmdə olmasının səbəbi yüksək səviyyəli hakimliyi deyil, elə “Şamaxı” ilə oyundakı kimi yersiz müdaxilələri, absurd qərarları və oyun qaydalarını istədiyi şəkildə yozmasıdır.Baş hakim Kamranbəy Rəhimovun videotəkrara Azərbaycan çempionatına xas olmayan rekord sürətlə və cəmi bir rakursdan yarı-yarımçıq baxdıqdan sonra tələsik qərar çıxarması isə ayrı bir mövzudur. Liqamızda bəzən açıq-aşkar, təmizliyinə şübhə olmayan qolların VAR tərəfindən “səssiz” yoxlanması dəqiqələr alır. Dəfələrlə olub ki, ekran qarşısına dəvət edilən hakim epizodu uzun-uzadı incələyir, bir neçə rakurs tələb edir. Bu oyunda isə baş hakimin monitora yaxınlaşması ilə xarakterik VAR hərəkətini göstərib 11 metrlik nöqtəyə işarə etməsi arasında 20 saniyə oldu, ya olmadı… Maraqlıdır ki, “Neftçi”nin qapısında gördüyü son 4 topu məhz hakimlər “vurub”. Bu qolların hamısı ya xətalı 11 metrlik zərbə qərarından sonradır, ya da qol hücumunda qayda pozuntusu olub. Artıq adıçəkilən “Karvan-Yevlax” oyunundakı penalti, “Kəpəz”lə görüşdə növbəti dəfə (!) VAR-ın müdaxiləsi ilə təyin edilən və sonradan yenə Hakimlər Komitəsi sədrinin yanlış qərar kimi təsdiqlədiyi 11 metrlik zərbə və “Şamaxı” ilə matçda daha bir səhv penalti qərarı. Təbii ki, VAR müdaxiləsindən sonra.Bu oyunda rəqibin hər iki qolunda qayda pozuntusu var. 1-ci qoldan əvvəlki hücumda hakimin köməkçisinin “gözündən yayınan” az qala 5 metrlik ofsayd da unudulmamalıdır. Paylaşılan şəkildə də aşkar görünür ki, rəqib futbolçu ötürmə anında oyundankənar vəziyyətdədir. Amma hakim oyunu dayandırmır və davamında gələn künc zərbəsindən “Neftçi”nin qapısına qol vurulur.Ümumiyyətlə, “Neftçi” bu mövsüm yanlış hakim qərarlarından ən çox əziyyət çəkən komandadır. Təqdim etdiyimiz videoda əks olunanlar o səhvlərin yalnız daha qabarıq şəkildə önə çıxanlarıdır. Ədalətsiz hakim qərarları və yanlış VAR müdaxilələri ilə “Neftçi” bu mövsüm ciddi xal itkilərinə məruz qalıb və belə görünür ki, bu proses davam edir.Azərbaycan futbolunun təməl daşı, ölkənin ən qədim və köklü klubu olan “Neftçi”nin tarixi şərəfli səhifələrlə zəngindir. Bizim böyük qələbələrimiz olub və bundan sonra da olacaq. Lakin futbolçuların və məşqçilərin meydandakı əziyyətinin bir əl hərəkəti, səriştəsiz hakimlərin xətalı qərarları ilə yerə vurulması nə qəbul edilməlidir, nə də buna göz yumulmalıdır.Biz AFFA Hakimlər Komitəsindən bu səhvləri buraxmış şəxslər haqqında ciddi ölçü götürməsini, hakimlərin, hakim köməkçilərinin, dördüncü hakimlərin, videotəkrar hakimlərinin bütün oyunlarda, o cümlədən də “Neftçi”nin matçlarında daha diqqətli olmalarını tələb edirik. Çünki mövsümün həlledici hissəsində istənilən yanlış və qərəzli qərar yüzlərlə insanın çoxaylıq əməyini puç edir, azarkeşlərdə ölkə futbolundakı hər kəs bərabər yanaşmaya olan inamı sarsıdır.“Neftçi”nin heç bir hakim köməyinə ehtiyacı yoxdur, amma bizə qarşı edilənlərə də biganə qalmayacağıq. Futbol ictimaiyyətinin “Neftçi”nin bu haqq səsinə səs verəcəyinə ümid edir, Misli Premyer Liqasının bundan sonrakı oyunlarında ədalətin bərqərar olacağına inanırıq”.

Hidayət kimi olma…

Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində çəkisi uyğun olmadığı üçün iştirak etməyib. Xəbər çıxdı ki Cüdo federasoyası da onu cəzalandırıb.

Son olimpiya çempionumuz… Hansı ki, nəhayət, ilk dəfə ikiqat olimpiya çempionu ola biləcəyinə emid bəslədiyimiz bir ad…

Hidayət çəki verə bilməməyinə görə ən azı olimpiya çempionluğundan utanmalıdır.

Ümumiyyətlə, əksər olimpiya mükafatçılarımızın bu uğurdan sonra karyerasında eniş yaşaması bilinən məsələdir. Buna əsas səbəb kimi olimpiya medallarına görə böyük məbləğdə maliyyə mükafatının verilməsi, geniş imtiyazlar və s. göstərilir. Qəbulolunan və reallığı əks etdirən arqumentdir.

Lakin bu mükafat nə qədər böyük olur-olsun, idmançının “boşalması” peşəkarlığa xəyanətdir. Minbir əziyyətlə qazanılan o uğur da dəyərdən, hörmətdən düşür.

Ən pisi odur ki, bu mənfi tendensiyaya son qoya biləcək bir ciddi nümunəmiz yoxdur.

Hidayətə ümid böyük idi, o da belə…

Kamil Əhməd

Millinin baş məşqçisi Bakıda jurnalistlərlə görüşəcək

Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının vaxtı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, hər iki konfrans matçdan bir gün əvvəl olacaq.

Millinin baş məşqçisi Siyasət Əsgərov saat 15:00-da media önünə çıxacaq.

2 mart

Şimali Makedoniya milli komandası
14:15. Mətbuat konfransı

Azərbaycan milli komandası
15:00. Mətbuat konfransı

İran millisi dünya çempionatından çəkilə bilər

Futbol üzrə İran yığması bu ilin yayında ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatında iştirakdan imtina edə bilər.

Futbolpress.az xəbər verir ki, buna səbəb dünən başlayan ABŞ – İsrail – İran müharibəsidir.

İran yığması mundialda üç oyununu ABŞ-da keçirməlidir. Yerli futbol federasiyası buna görə yarışdan çəkilməyi düşünür.

Dünya çempionatı 11 iyun – 19 iyulda olacaq.

İran yığması G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

1 mart

Rusiya, Premyer Liqa
14:00 Dinamo Moskva – Krılya Sovetov (Matç Premyer)
17:30 Soçi – Spartak Moskva (Matç Premyer)
20:00 Axmat – ÇSKA (Matç Premyer, Matç TV)

İtaliya, A Seriyası
15:30 Kremoneze – Milan (Futbol 1)
18:00 Sassuolo – Atalanta (Futbol 1)
21:00 Torino – Latsio (Futbol 1)
23:45 Roma – Yuventus (Futbol 1, Matç TV)

Azərbaycan, Premyer Liqa
16:30 Turan Tovuz – İmişli (CBC Sport)
19:00 Qarabağ – Sabah (CBC Sport, İdman TV)

Türkiyə, Super Liqa
17:00 Gənclərbirliyi – Konyaspor beİN Sports 1)
21:00 Antalyaspor – Fənərbaxça (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor – Qaziantep (beİN Sports 2)

İngiltərə, Premyer Liqa
18:00 Mançester Siti – Kristal Pelas (beİN Sports 3)
18:00 Fulhem – Tottenhem (beİN Sports 4)
20:30 Arsenal – Çelsi (Mədəniyyət TV, beİN Sports 3)

İspaniya, La Liqa
19:15 Valensiya – Osasuna (Futbol 2)
21:30 Betis – Sevilya (İdman TV)
00:00 Jirona – Selta (İdman TV)

Fransa, Liqa 1
23:45 Marsel – Lion (beİN Sports 4)

Vicdan ofsaydda…

“Şamaxı” – “Neftçi” oyunun (2:2) hakimliyi dünənki gündəmi zəbt etdi. Hətta Trampın İran açıqlamalarını belə geridə qoydu.

Səbəb hakimliyin bərbad idarəçiliyi idi.

Absurd qərarlar

  1. “Şamaxı”nın ilk qolundakı ofsayd şübhəsi;
  2. Oyunun son dəqiqəsində “Neftçi” əleyhinə təyin edilən penalti qərarı.

Açıq-aşkar görünür ki, “Neftçi”yə badalaq vuruldu.

VAR hakimi Cavid Cəlilov yenə yanlış qərarı ilə gündəmə gəldi. Və bu həmin hakimin iştirakı ilə dəfələrlə baş verən anormallıqdır.

Maraqlıdır, AFFA buyaxınlarda hakimlikdə ciddi kadr islahatları aparsa da, niyəsə ən çox “səhv edən” Cavid yenə sıralarda olur.

Necə?

Hakimlər Komitəsinin yeni rəhbərliyi buna nə deyəcək?

Səhv səhvdir, qərəz qərəzdir, alçaqlıq da alçaqlıq…

İslahat alçaqları təmizləyə bilmirsə, deməli, islahat deyil…

Niyə məhz “Neftçi”yə qarşı?

Bu haqda klubun mövqeyi, bir fikri, ideyası varmı?

Bilmirik. Yenə müstəqil media və azarkeşlər həşir salıb, haqsızlığı qabardır…

Konspiroloji versiyalar var. Məsələn, buyaxınlarda Vensan Abubakarın hakimliklə bağlı çıxışına görə bu dəfə klub belə “cəzalandırıldı”. Düzdü, Şamaxıdakı oyundan sonra komandanın kapitanı Emin Mahmudov da hakimlik barədə sərt açıqlamalar verdi. Görək bundan sonra necə olacaq (?).

Belə durumda ən real arqumenti “Neftçi”nin mövqeyi formalaşdıra bilərdi, o da hələ yoxdur.

Olanda dəqiq danışarıq…

Hələliksə dəqiq bilinən odur ki, hakimliyin içində idarəolunan qüvvə var və o “şəbəkə” dağıdılmayınca bütün islahatlar əbəsdir. Sarsaq qərarlar davam edəcək.

Kamil Əhməd

Mərkəzi oyunda gərgin son

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün birinci matçında “Turan Tovuz “İmişli” ilə heç-heçə edib.

Turun mərkəzi görüşündə lider “Sabah” səfərdə “Qarabağ”la bərabərə qalıb.

Azərbaycan Premyer Liqası
XXII tur

1 mart

16:30 Turan Tovuz – İmişli 0:0
Baş hakim: Fərid Hacıyev
“Azersun Arena”

19:00 Qarabağ – Sabah 3:3

Qollar: Bikalyo, 73, Medina, 79, Musa, 84 – Xəyal, 13, Maluda, 54, Mikels, 61
Baş hakim: Tural Qurbanov
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ” – “Sabah”: neçə bilet satılıb?

Misli Premyer Liqasının XXII turu çərçivəsində “Qarabağ” “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, sabah saat 19:00-da start götürəcək matça indiyə qədər 9500 bilet satılıb.

Qeyd edək ki,  “Qarabağ” – “Sabah” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Biletlərin qiyməti: 5, 10, 20 AZNBiletlər iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Biletləri oyun günü isə həm stadionun kassalarından həm də, iTicket.az saytından əldə edilə bilər.

 

Bölgə klubunun ev oyununun yeri dəyişdi

1 mart tarixində II Liqanın 16-cı turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Quba” – “Kür-Araz” oyununun yeri dəyişdirilib.

Futbolpress.az xəbər verir ki, Quba şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Quba Olimpiya İdman Kompleksinin stadionunun oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından, hər iki klubun qarşılıqlı razılığı əsasında oyunun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilməsi qərara alınıb. Oyunun başlama saatı ilə bağlı dəyişiklik yoxdur.

“Belə bəsit qollar buraxmaq olmaz” – Sxadadze

Azərbaycan Premyer Liqasının XXII turunun “Qəbələ” – “Karvan-Yevlax” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

Bu gün 2 xal itirdik. Çoxlu qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmədik. Gərəksiz qollar buraxırıq. Sonra da rəqibi qovalamalı oluruq. İndi də standart vəziyyətdən qol buraxdıq. Ondan sonra oyunu ələ aldıq. Həddən artıq çoxlu qol epizodlarımız oldu. Futbolçularıma çox şey deyə bilmərəm. Sadəcə belə bəsit qollar buraxmaq olmaz.

– Bundan sonra penaltiləri Seydina Keyta vuracaq?
– Əvvəlki oyunda da əslində Keyta vurmalı idi. Həmin anda Adriel Ba Lua topu götürdü və penaltini vurmaq üçün xahiş etdi. Əsas penalti vuranımız Keytadır, ikinci isə Ba Lua.

– Yanvardan sonra Ba Luanın performansında eniş hiss olunur. Siz necə düşünürsüz?
– Ba Lua demək olar ki, qış təlim-məşq toplanışını bizimlə keçirmədi. Sənəd problemi var idi, pasportunu dəyişməli idi. Ölkəsində proses uzandı. Ona görə də hazırlıq prosesinə gec qoşuldu. O, öz üzərində işləyir. Son ötürmələrdə və zərbələrdə çatışmazlığı var. Özü də bunu görür, başa düşür. Bizim üçün vacib oyunçudur. Ümid edirik ki, yavaş-yavaş əvvəlki formasını bərpa edəcək.

– İsmael Akinadenin start heyətində yer almamasının səbəbi nə idi?
– Son oyunlarda zəif təsir bağışlamışdı. Sanki bir matçda oynayır, sonra onda eniş yaşanır. Həm də oruc tutur. Cüssəli futbolçudur, onun üçün belə anlarda çətin olur.

“Sona qədər mübarizə aparacağıq” – Məmmədov

Azərbaycan Premyer Liqasının XXII turunun “Qəbələ” – “Karvan-Yevlax” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Meydança bir az sürüşkən idi deyə, yaşadıq. Futbolçular meydanda yaxşı vuruşdular. Bizim üçün 1 xal da önəmli idi. Bizimçün istənilən xal vacibdir. Qalib də gələ bilərdik, uduza da bilərdik. Hər iki komandaya qarşıdakı matçda uğurlar arzulayıram.

– “Karvan-Yevlax” ən yaxın izləyicisi “Qəbələ”yə uduzmasa da, arada 9 xallıq fərq var. Sizcə, bunun səbəbi nədir?
– Səbəbi zəif oyunlarımızdır, qələbə qazanmamışıq. Mən gələndən sonra bəzi matçlarda yaxşı oynasaq da, məğlub olmuş, müdafiədə səhvlər buraxmışıq. İnanın ki, səhvləri aradan qaldırmaq üçün çox çalışırıq. Rəqibi təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq.

– Futbolçularınız çox vaxt aparırdı. Tapşırığı siz vermişdiz?
– Xeyr. İnanmıram hansısa məşqçi futbolçusuna “yerdə uzan, vaxt apar” tapşırığını versin. Elə şey yox idi. Futbolçudur da, hansısa epizodda güc sərf edir deyə, bərpa olmaq üçün belə şeylər edirlər.

Şahin Cəfərov

“PFL-dən xahiş edirəm, desinlər, etikanı harda pozmuşam?”

Azərbaycan Premyer Liqasının XXII turunun “Şamaxı” – “Neftçi” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Azarkeşlər üçün maraqlı oyun oldu. “Neftçi” kimi komandadan xal almaq yaxşıdır. Rəqib yaxşı formadadır. Məncə, bir xala layiq idik. Bəzi anlarda biz, bəzi anlarda onlar üstün oldu.

– Abubakarın birinci qolu müdafiənin səhvinin olduğunu düşünürsünüz?
– Hücumda olanda top itirdik və rəqib əks-hücumda bizi yaxaladı. Futbolçular da çox yorulmuşdu. Son ayda 4 gündən bir oyundayıq. Eyni heyət olur demək olar. Ən problem o oldu ki, hücuma çıxanda topu itirdik.

– Qarşıda “Qarabağ”la kubok oyunu var. Bu matç görüşə necə təsir edəcək?
– Çətin olacaq. Futbolçularıma inanıram. Belə sıx qrafikdə oynamağa öyrəşməliyik. Bütün dünyada belə hal var. Süni örtüklü meydançada məşq edir, futbol oynayırıq. Buna görə bərpa məsələsi çətindir. İtirəcəyimiz nəsə yoxdur, qazana bilərik. Buna görə mübarizə aparacağıq.

– Qubada “İmişli” ilə oyunda qapıların hündürlüyü ilə bağlı fikir bildirmişdiniz. Lakin PFL açıqlama verdi və bir növ sizi qınadı…
– Təəssüf edirəm ki, PFL mənə cavab verdi. Məndən əvvəl o meydançada oynayan məşqçilər sərt açıqlamalar vermişdilər, amma PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə, deyirlər ki, danışığım etik olmayıb. Bu etik məsələsini tapa bilmədim, bilmədim etik olmayan nədir. Həmin matçda top iki dəfə qapı dirəyinə dəydi. Qapıçı ilə danışdım, dedi qapını hiss edirdim. İkinci hissədə 12 sm torpaq töküb, problemi aradan qaldırırlarsa, hara gedirik? Məsələn, Bəhlul Mustafazadə o arenada zədələndi. Çox arqumentlər var. Meydançamızı təmizləməyə minnət edirlər. PFL nə vaxt gəlib meydança təmizləyib? Reqlament var. Bu gün olmayacaqdı, sabah olacaqdı. Biz nə demişik? “İmişli” ilə səfərdə oynayan bütün komandalar qapıyla bağlı etirazlarını bildiriblər. İndi nə oldu mən etikanı pozdum? Mən öz komandamdan da danışıram, meydançanın örtüyü dəyişməlidi, işıqlandırma olmalıdır. Problemlər var, bilirik. Biz nəyəsə don geyindirmirik. PFL-dən xahiş edirəm, desinlər, etikanı harda pozmuşam? Məndən əvvəl danışan məşqçilərin cavabını niyə vermədilər bəs?

Şahin Cəfərov

“Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər” – Vernidub

Azərbaycan Premyer Liqasının XXII turunun “Şamaxı” – “Neftçi” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Oyunu şərh etmək istəmirəm. Bu qərara kim cavabdehdirsə, şərhi o versin. Oyundan razıyam, amma təəssüf ki, bu gün baş verənlər ağrılıdır. Futbola yaraşmır belə hal.

– Oyunun sonlarında qatı duman oldu. Sizcə, oyunun davam etməsi düzgün idi?
– Bilmirəm. Belə görünür ki, VAR epizodu yaxşı görüb.

– Abubakar fasilədən sonra oyuna qoşulub, ardıcıl qollar vurdu. Onun daha əvvəldən meydanda olması düzgün olmazdı?
– Əvvəldən düşünmüşdük. Sambu və Abubakar yaxşı formadadır. Hakimlik hər yerdə problemlidir. Tək Azərbaycanda deyil. Komanda olaraq ən məyusedici halı yaşadıq. Buna görə özümüzü pis hiss edirik. Ciddi irəli getməyə başlamışdıq. Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər. Amma dayanmayacağıq, iradəmiz və irəli gedəcəyik. Güclülər bu yolu davam edə bilirlər. Üzürlü sayın, daha danışmaq istəmirəm.

Şahin Cəfərov

Şamaxıda heyətlər bilindi

“Neftçi” Azərbaycan Premyer Liqasının XXII turunda bu gün “Şamaxı”nın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

 

Milli üzvü qələbənin iştirakçısı oldu

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Kırcalı təmsilçisi azarkeşləri önündə “Spartak Varna” ilə qarşılaşıb. Matç “Arda”nın qələbəsiylə başa çatıb – 1:0.

Cəlal oyuna ehtiyatda başlayıb və 74-cü dəqiqədə meydana daxil olub.

“Arda” çempionatda 31 xalla 7-ci sıradadır.

Millinin sabiq futbolçusuna ölkəsində iş verildi

Portuqaliya millisinin sabiq futbolçusu Bruno Alveşin yeni işi məlum olub.

Futbolpress.az xəbər verir ki, keçmiş müdafiəçi “Rio Ave” komandasına baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssis futbolçu kimi “Portu”, “Fənərbağça”, “Kalyari”, “Parma” kimi klublarda çıxış edib. O, Portuqaliya yığmasında 96 oyunda 11 qol vurub.

Qoretska üçün daha bir “elçi”

Mövsümün sonunda “Bavariya”dan ayrılacağı açıqlanan Leon Qoretskaya daha bir klub “elçi” düşüb.

Futbolpress.az xəbər verir ki, “Arsenal” və “Atletiko”dan sonra İtaliyanın “Yuventus” klubu da yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Klublar Qoretska ilə danışıqlara başlamağı planlaşdırır. Alman futbolçu seçim etməkdə tələsmir.

Qoretska bu mövsüm Bundesliqada 20 oyunda 2 qol vurub.

“İmişli” illüziyası – diqqətli olmaq şərtdir

“İmişli”nin U-13 komandasının forması yox imiş. Daha doğrusu, komanda Hacıqabuldan olan həmyaşıdlarına qarşı oyuna fərqli formalarla çıxmışdı.

Bu hadisəni ilk araşdıran “Futbolpress.az” klubun mövqeyini də öyrənmişdi.

Çatışmazlığın aradan qaldırıldığını bildirən klub ictimaiyyətə bir daha belə halın yaşanmayacağı vədini verdi.

Lakin…

Saytımızın daha geniş araşdırmaları nəticəsində məsələ ilə bağlı daha da xoşagəlməz məqamların olduğu aşkarlandı.

Şahidlər, müxtəlif mənbələrdən dəqiqləşdirilmiş informasiyaya görə “İmişli”nin aşağı yaş qruplarında forma problemi davam edir.

Mənbə bildirir: “Cəmi bir forma dəsti alınıb. Bir komanda geyinir, oyuna çıxır, sonra təhvil verir, digər komanda geyinir”.

Təkrar qeyd edirik. Mövzuya dair klubun mövqeyini dərc etmişik. Əlbəttə, yenə dərc etməyə hazırıq, ancaq deyəsən bu məsələ gizlən-qaç oyununa çevriləcək.

Tövsiyə edirik ki, klub aşağı yaş qrupları üzrə komandalarının oyunlarından fotosessiyaları mütəmadi və operativ şəkildə öz internet resurslarında dərc etsin.

Klubun ümumiyyətlə özünütəqdimlə real obrazı arasında fərqlər gözə çarpır. Məsələn, klubun prezidenti Kamran Eyyubovun danışdıqlarında olan “İmişli” ilə realdakı arasında fərqlər var.

Danışıqdakı klub sürətlə inkişaf edir, gələcəklə bağlı samballı planları var. Realdakı isə bəzən çox bəsit problemlərlə gündəmə gəlir…

***

AFFA növbəti analoji nöqsanda müvafiq komandanın yarışdan kənarlaşdırılacağını bildirib. Güman edək ki, cəzadan yayınmaq üçün aldadıcı manevrlər yox, həqiqətən Premyer Liqa standartlarına layiq səviyyədə – uşaq komandaları forma ilə təchiz olunub.

Bundan başqa, öz stadionu olmayan, bu mövzuda utopik və irreal açıqlamalar verən klub rəhbərliyi legioner limiti kimi həssas mövzunu bilərəkdən buyaxınlarda 12-ci əcnəbi ilə 3+ illik müddətə müqavilə bağlayır…

İnfrasturktur və bu kimi fundamental suallara başlanğıcı, “Klubumuz Premyer Liqada qalarsa” kimi cümlələrlə cavab verən rəhbərlik bu məqamda reallığı, rasionallığı itirir. Bəs nə əcəb legioner cəlbi mövzusunda klubun Premyer Liqada qalıb-qalmama təhlükəsi nəzərə alınmır?!

Bu və oxşar hallar klubun imici, səviyyəsi haqda xoş olmayan münasibət formalaşdırır.

“İmişli”nin stadion məsələsindən tutmuş, sadalanan digər irili-xırdalı məsələlərdə problemsiz ötüşə bilməməsi sual yaradır: görəsən, klub rəhbərliyi makulatura mahiyyətli vədlərlə gün ötürür, yoxsa təcrübəsizliyin xaosuna düşüb?

Bu tip klublar unutmamalıdır, dövlətin onların hər birinə ayırdığı 2.5 milyon manat ciddi məsuliyyətdir və zamanı yaxınlaşdıqca bunların haqq-hesabı sorulacaq, ictimaiyyətə detallı izahatlar verilməsi tələb olunacaq.

Bizə, ictimaiyyətə maraqlıdır, məsələn, “İmişli” AFFA-nın bu tip iradlarına nə cür reaksiya verib, hansı məsuliyyətləri etiraf edib? Eləcə də digər klublar – xüsusən həmin 2.5 milyon manata ciddi məbləğ əlavə etməsinə şübhələrin olduğu…

AFFA da, klublar da bunun məsuliyyətini ciddi dərk etməlidir, ən kiçik nöqsan belə dərhal araşdırılmalı, həll edilməlidir. Əks halda bunun məsuliyyətini daşıyan klub və ya qurumlar öz fərsizliyi ilə ölkə futbolunu o dotasiyadan da məhrum edəcək.

Kamil Əhməd

P.S.

Ümumiyyətlə, Premyer Liqada çıxış edən bəzi klublar özünü formalaşdırmaq əvəzinə “pul üyütmə” makinasına çevrilib sanki. Hətta bəziləri təhdid formasında reaksiyalar verir və bu da birbaşa AFFA-nın, PFL-in nöqsanıdır. Səbəbi anlaşılmayan loyallıq nümayiş olunur belə klublara qarşı. Bəlkə də say artımı üçün verilən qərarın yanlış olmadığını göstərməyə çalışmaqdır bu, lakin ciddi boşluq yaranır. Artıq bəzi klublar özünü elə aparır, sanki 2.5 milyon manat olmasa, onlara o məbləğdən aylıq ödəniş edilməsə, əsas komandaddan başqa heç nəyə xərc çəkməyəcəklər.

Niyə?

Çünki baş məşqçidən tutmuş heyətə cəlb olunan hər əcnəbi oyunçu rəhbərlik üçün “gəlir mənbəyidir”.
Hələ vaxta var, maraqla gözləyirik, yəqin hesabatlarında dotasiyaya əlavə olaraq nə qədər büdcə ayrıldığlnı smeta şəklində göstərəcəklər.

P.P.S. Boşluq çox ciddi mövzudur. Həmin boşluq üzündən bu gün bir neçə Premyer Liqa klubunda dələduz-menecerlər yuva salıb. Məsəlın, bir klub prezidenti digər kkuba baş məşqçi “həll edir”, “faiz tutur”, bir PL klubunun idarəçi fiqurlarından biri digərinə – rəqibinə xaricdən oyunçu gətirir, “faiz tutur” və s. Boşluğun yetişdirdiyi həmin gizli “qəhrəmanlar” məhz 2.5 milyon manatlıq dotasiyaya – loru ifadə edilsə, “müftə pula” daraşıb. Ya AFFA və PFL birgə şəkildə öz funksionallığını tam bərqərar edərək mübarizə aparmalıdır/həll edilməlidir, ya da belə “hallar” həll olunmasa, aşkara çıxarılacaa… Başda da adıçəkilən qurumlar təqsirli sayılacaq.

Şamaxıda dramatik sonluq, Qəbələdə heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Neftçi” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Matç bərabərliklə başa çatıb.

Digər görüşdə “Qəbələ” autsayder “Karvan-Yevlax”la heç-heçə edib.

Azərbaycan Premyer Liqası
XXII tur

28 fevral

14:30 Şamaxı – Neftçi 2:2
Qollar:
Sezar, 74, Rossi, 90+6 (pen.) – Abubakar, 60, 90+2
Baş hakim: Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

17:00 Qəbələ – Karvan-Yevlax 1:1
Qollar:
Keyta, 37 (pen.) – Barker, 27
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu

Premyer Liqa: derbini “Arsenal” qazandı

İngiltərə Premyer Liqasında XXVIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Autsayder “Vulverhempton” evdə “Aston Villa”nı qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Liverpul” bu turda “Vest Hem”i, “Mançester Siti” isə “Lids”i məğlub edib.

İngiltərə Premyer Liqası
XXVIII tur

27 fevral

Vulverhempton – Aston Villa 2:0
Qollar: J.Qomes, 61, R.Qomes, 90+8

28 fevral

Bornmut – Sanderlend 1:1
Qollar:
Evanilson, 63 – Mayenda, 18.

Bernli – Brentford 3:4
Qollar:
Kayode, 45+3 (avtoqol). Antoni, 47. Flemminq, 60 – Damsqor, 9. Tyaqo, 25. Şade, 34.

Liverpul – Vest Hem 5:2
Qollar
: Ekitike, 5. Van Deyk, 24. Makallister, 43. Qakpo, 70. Disasi, 82 (avtoqol) – Souçek, 49. Kastelyanos, 74.

Nyukasl – Everton 2:3
Qollar
: Remsi, 32. Mörfi, 82 – Brentueyt, 19. Beto, 34. Berri, 83.

Lids – Mançester Siti 0:1
Qol:
Semenyo, 45+2.

1 mart

Brayton – Nottingem Forest 2:1
Qollar:
D.Qomes, 6. Uelbekk, 15 – Gibbs-Uayt, 13.

Fulhem – Tottenhem 2:1
Qollar:
H.Uilson, 7. İvobi, 34 – Riçarlison, 66.

Mançester Yunayted – Kristal Pelas 2:1
Qollar:
B.Fernandes, 57-pen. Şeşko, 65 – Lakrua, 4.

Arsenal – Çelsi 2:1
Qollar:
Saliba, 21. Timber, 66 – İnkapye, 45+2 (avtoqol)

Bundesliqa: favoritlərdən qələbə

Almaniya Bundesliqasında XXIV turun növbəti oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Auqsburq” azarkeşləri önündə “Köln”ə qalib gəlib.

Turun mərkəzi görüşündə “Bavariya” səfərdə Dortmund “Borussiya”sına qalib gəlib.

Almaniya Bundesliqası
XXIV tur

27 fevral

Auqsburq – Köln 2:0
Qollar: Ribeyro, 55 (avtoqol), Klod-Mauris, 90+6

28 fevral

Borussiya (Münhenqladbax) – Union Berlin 1:0
Qol:
Diks, 90+4 (pen.)

Bayer – Maynts 1:1
Qollar:
Kuansa, 88 – Bekker, 67.

Hoffenhaym – Sankt Pauli 0:1
Qol:
Laqe, 45+4.

Verder – Haydenhaym 2:0
Qollar:
Miloşeviç, 57. Behrens, 90+7 (avtoqol)

Borussiya (Dortmund) – Bavariya 2:3
Qollar:
Şlotterbek, 26. Svensson, 83 – Keyn, 54, 70 (pen.), Kimmix, 87.

1 mart

Ştutqart – Volfsburq 4:0
Qollar: D.Undav, 21, J.Levelinq, 30, 42, N.Narti, 90+5

Ayntraxt F – Frayburq 2:0
Qollar: F.Çaibi, 64, J.Bahoya, 81

Hamburq – Leypsiq 1:2
Qollar: F.Vieyra, 22 – Romulo, 36, Y,Diomande, 50

Super Liqa: “Fənərbağça” səfərdə xal itirdi

Türkiyə Super Liqasında XXIV turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Trabzonspor” və “Başakşəhər” evdə qələbəyə sevinib.

“Qalatasaray” “Alanyaspor”a qalib gəlib. “Fənərbağça” səfərdə “Antalyaspor”la heç-heçə edib.

Türkiyə Super Liqası
XXIV tur

27 fevral

Başakşəhər – Konyaspor 2:0
Qollar: Selke, 52, 61.

Trabzonspor – Karagümrük 3:1
Qollar: Onuaçu, 20. Nvayvu, 47, 50 – Verde, 28.

28 fevral

Kasımpaşa – Rizespor 0:3
Qollar: H.Dervişoğlu, 25, V.Mihaila, 56, A.Mebude, 80

Kocaelispor – Beşiktaş 0:1
Qol: E.Aqbadu, 52

Göztepe – Eyüpspor 0:0

Qalatasaray – Alanyaspor 3:1
Qollar: S.Boey, 45+2, L.Torreyra, 58, V.Osimhen, 83 – S.Munye, 49

1 mart

Gənclərbirliyi – Kayserispor 0:0

Samsunspor – Qaziantep 0:0

Antalyaspor – Fənərbağça 2:2
Qollar: L.Mercan, 43 (avtoqol), Van de Strek, 49 – S.Şerif, 63. V.Sarı, 69 (avtoqol)

❌