Yevlaxda qonaqların günü – “Kəpəz”dən aciz oyun
“Turan Tovuz” qış fasiləsinə qələbə ilə yollanıb. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv dövrənin və ilin sonuncu turunda “Kəpəz”ə qalib gəlib – 2:0.
Yevlax şəhər stadionunda baş tutan görüş tovuzluların üstünlüyü ilə keçib. Hər iki hissədə topa daha çox sahib olan, boş zona verməyən, epizod yaradan “Turan Tovuz” layiqli qələbə qazanıb. Komandanın bundan əvvəlki matçlarda itirdiyi xallara görə ciddi narazılıq yaranmış, baş məşqçi Berdıyev azarkeşlər tərəfindən “istefaya” səslənmişdi. Buna baxmayaraq, “Qərb derbisi”ndə qazanılan qələbə az da olsa, əhvalı yaxşılaşdıracaq.
“Kəpəz” isə son turların ən pis oyunlarından birini keçirdi. 90 dəqiqə ərzində təhlükəli epizod yarada bilməyən gəncəlilər rəqib qapısına yaxınlaşa bilmirdi. “Turan Tovuz” bütün mövqeləri bağlamış, oynamağa imkan verməmişdi. “Kəpəz”in aciz oyunu yekunda məğlubiyyətlə nəticələndi.
“Turan Tovuz” ən pis halda ili 5-ci sırada başa vuracaq. Hazırda 27 xalı olan tovuzlular 4-cüdür və 5-ci “Zirə”dən bir oyun çox keçirib. “Qartallar” bu gün “İmişli”yə qalib gəlsə, mövqeyini yenidən ələ keçirəcək.
“Kəpəz”in mövqeyi isə rəqiblərdən asılıdır. 9 xalla 10-cu sırada yer alan gəncəlilər “Qəbələ”nin qələbə qazanacağı halda, bir pillə geriləyəcək.
Şahin Cəfərov