– Aprelin 13-dən U-20 yığma komandası təlim-məşq toplanışına yığılıb. Sabah toplanışın son günüdür. Toplanış zamanı 2 futbolçu zədələnib. Biri əvvəldən zədələnmişdi deyə başqa futbolçu çağırıldı. Digəri isə toplanış zamanı zədə aldı. Hazırlıq davam edir, yeni məşqçilər heyəti var. Sabah son gündür. Bu toplanış gələcək hazırlıq üçün də faydalı olacaq.
– Növbəti təlim-məşq toplanışının harada keçirilməsi planlaşdırılır?
– Mayın sonunda başlayacaq və iyunun əvvəlinə kimi planlaşdırılır. O da Qəbələdə baş tutacaq.
– Yoxlama oyunları olacaq?
– Bu toplanışda olmadı. Bunu baş məşqçi xahiş etdi. Toplanışı daha çox futbolçuları tanımaq üçün etdik. İkinci hazırlıqda artıq fikir var ki, yoxlama oyunu olsun. Ancaq hələ qərar verilməyib. Rəqibi məşqçilər korpusu seçəcək.
– U-20 dünya çempionatına hazırlıq necə gedir?
– Qurumlarla əlaqədəyik. FIFA və Özbəksitandan olan həmkarlarla sıx danışıqlar olur. Hazırlıqlar davam edir. Detallı məlumatlar yoxdur. Açılış və bağlanış oyunu ilə bağlı da hələ qeyri-müəyyənlik var. Çempionatın tarixinə gəldikdə, təxminən 2027-ci il sentyabr ayının ortalarından oktyabrın əvvələrinə təsadüf edəcək. Yaxın günlərdə dəqiq tarixlər, açılış-bağlanış oyunu, həm də püşkatma mərasimi ilə bağlı daha detallı məlumatlar əldə ediləcək.
– Futbolçuların oyun praktikasının artırılması ilə bağlı hansısa addım atılacaq? Əvəzedicilər Liqasının da ləğvi müzakirə olunub. Premyer Liqa və ya I Liqada hansısa klubun yığmanın bazası kimi fəaliyyət göstərməsi gündəmdədir?
– Bu qərar verilmədi və olmayacaq. Komanda hazırda gördüyünüz kimi, bir ayda təxminən iki həftəlik toplanış keçəcək. Sual yaranır ki, çempionatlar necə olacaq? Çünki bəzi futbolçular Gənclər Liqasında, bəziləri Əvəzedicilərdə oynayır. PFL və Gənclər Liqasını keçirən daxili departamentlə danışdıq və yarışları müvəqqəti dayandırdıq. Bunu etmək məcburiyyətində idik. Əvəzedicilər Liqasının ləğvi müzakirə olunur, amma hələ qərar verilməyib. Ləğv olunmasa belə, böyük ehtimalla format dəyişikliyi nəzərdə tutulur. U-20 yığmasının məşqçilər korpusu artıq 17 aylıq məşq vaxtlarını veriblər. Bu gün artıq bilirik ki, milli necə məşq edəcək. Dünya çempionatı bizim üçün prioritetdir.
– Bəs, Premyer Liqada oynayan futbolçularla bağlı məsələ necə olacaq?
– Bəli, bu məsələ var, amma detallı müzakirə edilməyib. “Qarabağ”la məşq keçən bir futbolçumuz var. Premyer Liqada oynayan bu yaşlı futbolçular demək olar, əsas heyət deyillər. Düzdür, “Sumqayıt”da var və buna görə indi ordakı uşaqları çağıra bilmədik. Gələcəkdə klublarla da danışıqlar olacaq. Premyer Liqanın dayandırılmaslı məsələsi gündəmdə deyil (gülür).
– Heyətin gücləndirilməsi yönündə ölkə xaricində çıxış edən futbolçularla bağlı hansısa addımlar atılıb?
– Bu toplanışa da ölkə xaricində çıxış edən futbolçuları dəvət edirdik. Təəssüflər olsun ki, onlar liqada davam etdiyinə görə, futbolçular toplanışa qoşula bilmədi. Gələcəkdə əlbəttə ki, onları yenidən dəvət etmək fikrimiz var. Hazırkı toplanışda ölkə xaricindən bizdə ancaq “Marset” futbol məktəbindən oyunçu var.
– Siyahıda olanlar hansı ölkədə oynayan futbolçulardır?
– Türkiyə və İsveçdə oynayanlar var. Hansı ki, bundan əvvəl də yığmaya dəvət ediliblər. Almaniyadan da 1-2 oyunçumuz nəzarətdədir. Amma detallı məlumat verə bilmirəm. Çünki Azərbaycanla bağlılıqları olsa da, pasportları hələ ki yoxdur.
– AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov hazırda FIFA-da çalışır. Onunla əlaqə necədir, dünya çempionatının keçirilməsi yönündə hansı köməyi var?
– Bununla bağlı Elxan Məmmədovla müəyyən əlaqələrimiz olur, ancaq o, FIFA-da milli assosiasiyalar üzrə rəhbərdir. Sırf dünya çempionatının keçirilməsi ilə bağlı kontaktlar isə FIFA-nın Yarışların Keçirilməsi üzrə Departamenti ilə qurulur.
– Finalın Azərbaycanda, yoxsa Özbəkistanda keçirilməsi sizin üçün prinsipial məqamdır?
– Bu məsələ ilə bağlı Özbəkistandan olan həmkarlarımızla danışıqlar gedir. Finalın Azərbaycanda keçirilməsini istəyirik.
– Çempionatlardakı yeni formatlar necə olacaq?
– Bu məsələni hələ detallı danışmamışıq. Sadəcə bir variantdır. Toplanışdan sonra məşqçilər heyəti ilə də müzakirə ediləcək.
– Premyer Liqada hakimliklə bağlı fikirləriniz nədir?
– Xahiş edirəm, bu mövzuya toxunmayaq. Mediatur U-20 yığmasının toplanışı ilə bağlıdır və suallar da bu haqda istiqamətdə olsun.
– U-19 və U-20 yığma komandalarının təlim-məşq toplanışları üst-üstə düşsə, prioritet hansı olacaq?
– Yaxşı sualdır. Bu məsələ ilə bağlı onu deyim ki, belə bir şey baş verə bilər. Məşqçilərlə birlikdə qərar veriləcək, amma burada daha çox U-20 yığması prioritet götürüləcək.
– U-20 yığmasının dünya çempionatına qarşısına hansı hədəf qoyulacaq?
– Yığma komandamız və baş məşqçi qarşısında əsas hədəf qoyulub- komandamız elə çıxış etməlidir ki, sadəcə iştirakçı kimi görünməyək. DÇ-də iz qoymuş komanda kimi yadda qalmaq istəyirik. Ən azından mübarizə aparaq, asan şəkildə məğlub olmayaq. Çünki dünya çempionatıdır, reallıqları da nəzərə almaq lazımdır. Keçmiş dünya çempionatlarının qrup mərhələlərinə nəzər salsaq, görərik ki, iştirakçıların hər biri çox güclü komandadır. Elə yaş qrupudur ki, bu turnirə xüsusi əhəmiyyət verilir. Bunlar 17 yaşlılar səviyyəsində deyil – peşəkar müqaviləsi olan, böyük klublara məxsus oyunçuların çıxış edəcəyi turnirdir. Biz də AFFA olaraq reallığı anlayırıq. Əsas istiqamətimiz odur ki, komandamız çempionatda mübarizə aparsın.
– Təqvimlə bağlı açıq qalan məsələlər – şəhərlər və tarixlər – bunlara nə vaxt aydınlıq gətiriləcək?
– Yayda keçiriləcək əsas dünya çempionatından sonrakı həftələrdə bəlli olacaq. Təxminən iyul-avqust aylarında.