“Qələbəyə sevinmək növbəsi bizə də çatacaq” – Rimas
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində Fransa təmsilçisi “Elan Şalon”a uduzub – 71:84.
Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis məğlubiyyəti belə şərh edib:
“Səfərdə oynamaq həmişə çətindir. Çünki ev komandasının üstünlüyü olur. Yaxşı başlamasaq da, oyunun gedişində vəziyyəti düzəltməyi bacardıq. Lakin keçən dəfə dediklərimi təkrarlamaq məcburiyyətindəyəm. Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür. Ehtiyatda Endər kimi hazır oyunçuya ehtiyacımız var. Dəyişiklik imkanlarımızın məhdudluğu yekunda 4-cü periodda aktivlik, aqressiv oyun baxımından uduzmağımıza səbəb olur. Oyunçuların sona yaxın yorulması bizə lazım atışların qeyri-dəqiq yerinə yetirilməsi ilə nəticələnir. Buna görə də oyunçulara hər hansı iradım yoxdur. Çünki hər biri oyunda var gücünü qoydu. Ümid edirəm qələbəyə sevinmək növbəsi bizə də çatacaq. Bu istiqamətdə işlər görülür. Amma bunun üçün vaxt lazımdır”.