Reading view

Bundesliqa: “Bayer” səfərdə xal itirdi

Almaniya Bundesliqasında XXI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Ayntraxt” səfərdə “Yunion”la heç-heçə edib.

“Borussiya” (Mönhenqladbax) – “Bayer” matçında qalib müəyyənləşməyib. “Haydenhaym” evdə “Hamburq”a, “Volfsburq” Dortmund “Borussiya”sına uduzub. “Frayburq” “Verder”i “Maynts” “Auqsburq”u, “Sankt Pauli” isə “Ştutqart”ı məğlub yola salıb.

Almaniya Bundesliqası
XXI tur

6 fevral

Union Berlin – Ayntraxt 1:1
Qollar: Qerfeld, 87-pen – Braun, 83.

7 fevral

Frayburq – Verder 1:0
Qol: Beste, 13.

Haydenhaym – Hamburq 0:2
Qollar: Koniqsdorffer, 45+3. Filippe, 78.

Maynts – Auqsburq 2:0
Qollar: Amiri, 8-pen; 80-pen.

Sankt Pauli – Ştutqart 2:1
Qollar: Saliakas, 35. Sinani, 55-pen – Levelinq, 90.

Volfsburq – Borussiya (Dortmund) 1:2
Qollar: Kulyerakis, 52 – Brandt, 38. Girassi, 87.

Borussiya (Münhenqladbax) – Bayer 1:1
Qollar: Engelhardt, 10 – Sander, 44-öz qapısına.

8 fevral

18:30. Köln – Leypsiq
20:30. Bavariya – Hoffenhaym

PL: favoritlər qazandı

İngiltərə Premyer Liqasında XXV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Lids” “Nottingem Forest”ə qalib gəlib.

Lider “Arsenal” evdə “Sanderlend”ə, “Mançester Yunayted” isə “Tottenhem”ə qalib gəlib.

İngiltərə Premyer Liqası
XXV tur

6 fevral

Lids – Nottingem Forest 3:1
Qollar: Boqle, 26. Okafor, 30. Kalvert-Lyuin, 49 – Lukka, 86.

7 fevral

Mançester Yunayted – Tottenhem 2:0
Qollar: Mbemo, 38. B.Fernandes, 81.

Arsenal – Sanderlend 3:0
Qollar: Subimendi, 42. Dyökereş, 66; 90+3.

Bornmut – Aston Villa 1:1
Qollar: Rayan, 55 – M.Rocers, 22.

Börnli – Vest Hem 0:2
Qollar: Sammervill, 13. Kastelyanos, 26.

Fulhem – Everton 1:2
Qollar: Mikolenko, 18-öz qapısına. Dyusberi-Holl, 75. Leno, 83-öz qapısına.

Vulverhempton – Çelsi 1:3
Qollar: Arokodare, 54 – Palmer, 13-pen; 35-pen; 38.

Nyukasl – Brentford 2:3
Qollar: Botman, 24. B.Gimarayns, 79-pen – Janelt, 37. İ.Tyaqo, 45+2-pen. Uattara Da, 85.

8 fevral

18:00. Brayton – Kristal Pelas
20:30. Liverpul – Mançester Siti

Azərbaycan cüdoçularından iki medal

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurublar.

Futbolpress.az xəbər verir, Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb. 27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.

Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

“Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.

“Neftçi”nin yeni mağazasının açılışı oldu

“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.

Futbolpress.az xəbər verir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub. Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlərimiz onlarla xatirə şəkilləri çəkdiriblər.

Açılışa qatılan qonaqlarımıza “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub. Qeyd edək ki, bundan əvvəl “Gənclik Mall”da yerləşən “GO Sport”da rəsmi mağazamızın açılışı baş tutmuşdu.

 

Bakı klubu Gəncədə uduzdu

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, NTD səfərdə “Gəncə” ilə qarşılaşıb. Matç bakılıların məğlubiyyəti ilə başa çatıb – 85:104.

“Gəncə” A qrupunda 24 xalla üçüncüdür. NDT isə 18 xalla sonuncu – 6-cı sırada qərarlaşıb.

Kenanın razılığı alındı

“Yuventus” futbolçusu Kenan Yıldızla müqaviləni uzadacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Turin klubu türkiyəli yarımmüdafiəçi ilə anlaşıb və tərəflər arasında yeni – 4 illik müqavilə imzalanacaq.

Yıldızın “transfermarkt”da dəyəri 75 milyon avrodur. O, bu mövsüm A Seriyasında 22 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Real” tək qaldı

“Barselona” klubu Super Liqa layihəsindən çıxıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

2021-ci ildə Avropanın tanınmış 12 klubu yeni liqa yaratmaq niyyətində olduğunu açıqlayıb. İdeya müəllifi isə “Real”ın rəhbəri Florentino Peres olub. Daha sonra UEFA və FIFA-nın təzyiqindən sonra klubların əksəir layihədən ayrılıb.

“Barselona”nın da Super Liqadan çıxmasıyla layihəni tək dəstləyən komanda “Real” qalıb.

“Bavariya”da yeni müqavilə hazırlığı

“Bavariya” futbolçusu Dayot Upamekano ilə müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun idman direktoru Maks Eberl yerli mətbuata açıqlamasında deyib. O, fransalı müdafiəçi ilə anlaşmağa yaxın olduqlarını bildirib.

Upamekano 2021-ci ildən “Bavariya”da çıxış edir. O, komandada 178 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə edib.

Milli üzvü məğlubiyyətin iştirakçısı oldu

Azərbaycanlı futbolçu Cəlal Hüseynov “Arda” klubunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Bolqarıstan çempionatının XX turunda ÇSKA ilə matçda iştirak edib. O, Sofiya təmsilçisi ilə görüşə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb.

Kırcalı təmsilçisi 20 turdan sonra 24 xalla 10-cu sıradadır.

Qyökereş hamını qabaqladı

“Arsenal”da yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, isveçli hücumçu Viktor Qyökereşdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu 48 faiz səslə birinci olub. O, Qabriel Jezus, Qabriel Martinelli və Martin Subimendini qabaqlayıb.

Qyökereş ötən ay 8 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Turnir cədvəlinə baxmaq üçün hələ tezdir” (MÜSAHİBƏ)

“İmişli”nin qapıçısı Andrey Sinenkanın “Futbolpress.az”a müsahibəsi:

– 7 oyundur, qələbə qazana bilmirsiniz. Enişin səbəbi nədir?
– Komandanın eniş yaşadığı fikri ilə razı deyiləm. Bu, futboldur, belə hallar olur: mövsümün ortasıdır, cəzalar, zədələr var. Amma bu, o deməkdir ki, daha çox çalışmalı və daha yaxşı oyun göstərməliyik.

– Xal itkiləri komandanı autsayderlər zonasına yaxınlaşdırır. Təzyiq var?
– Xeyr, belə hiss etmirik. Bəli, acı bir məğlubiyyət oldu. Hesab edirəm ki, oyundan-oyuna irəliləmək və maksimum nəticə göstərməyə çalışmaq lazımdır. Turnir cədvəlinə baxmaq üçün hələ tezdir, mövsümün yarısı hələ qabaqdadır.

– Sonuncu dəfə “Neftçi” səfərində qələbə qazanmısınız. Bu matçdan sonra arxayınlıq yarandı ki, bu qədər xal itkiləri yaşanır?
– Heç bir arxayınlıq yoxdur. Dediyim kimi, komandanın eniş yaşadığını düşünmürəm. Bu, futboldur, belə şeylər olur. “Neftçi” ilə oyundan sonra üç heç-heçə etdik və onların bəzilərində qələbəni əldən verdiyimizi demək olar. Bəzi hallarda bu, sadəcə bəxtsizlik idi: bir oyunda vurduğumuz qol ləğv edildi, digərində açıq-aşkar penalti verilmədi, başqa oyunda son dəqiqədə rikoşetdən qol buraxdıq, bir yerdə penalti qaçırdıq. Düşünürəm ki, önə baxmalı, qarşıdakı oyunlara köklənməli və mövcud səhvləri aradan qaldırmağa çalışmalıyıq.

– Növbəti turda “Kəpəz”ə qarşı vacib oyun var. Qələbə komandanı nisbətən rahatlaşdıra bilər…
– “Kəpəz” xeyli güclənib, yeni oyunçularla heyətini möhkəmləndirib. Bizim üçün hər oyun vacibdir , istər “Kəpəz” olsun, istərsə də başqa klub. Hər matça görə 3 xal verilir və bütün komandalar üçün bu eynidir. Ona görə də hesab edirəm ki, öz oyunumuza fokuslanmalı və istənilən rəqibə qarşı maksimum konsentrasiya ilə hazırlaşmalıyıq.

– Ev oyunlarınızı keçirdiyiniz Quba stadionunun durumu ilə bağlı klublar narazıdır. Eyni şəraitdə oyunlar olsa da, digər komandalar çox şikayətçidir. Siz artıq bu arenaya öyrəşmisiniz?
–  Bəli, stadionun vəziyyəti qənaətbəxş deyil. Düşünürəm ki, buna əsasən qış mövsümünün hava şəraiti, yağışlar, şaxtalar təsir edir. Əlbəttə, heç kim bundan məmnun deyil, oyunda müəyyən çətinliklər yaranır. Amma meydança hamı üçün eynidir, hamı bərabər şəraitdədir. Bu, bizim üçün də çətinlik yaradır.

Şahin Cəfərov

Azərbaycan klubunda məşqçi təyinatı

“Gəncə” basketbol klubunun məşqçilər heyətinə yeni mütəxəssis cəlb edilib.

Futbolpress.az xəbər verir ki, Zaur Məmmədov baş məşqçi Halil Atlının köməkçilərindən biri olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı məşqçi son iki ildə klubun aşağı yaş qruplarından ibarət komandalarında çalışıb.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

7 fevral

Türkiyə, Super Liqa
15:30 Fatih Karagümrük – Antalyaspor (beİN Sports 1)
21:00 Samsunspor – Trabzonspor (Futbol 3, beİN Sports 1)

İngiltərə, Premyer Liqa
16:30 Mançester Yunayted – Tottenhem (İdman TV)
19:00 Arsenal – Sanderlend (beİN Sports 3)
19:00 Vulverhempton – Çelsi (beİN Sports 4)
21:30 Nyukasl – Brentford (İdman TV)

İspaniya, La Liqa
19:15 Barselona – Malyorka (İdman TV)
21:30 Sevilya – Jirona (Futbol 2)
00:00 Real Sosyedad – Elçe (İdman TV)

İtaliya, A Seriyası
21:30 Cenoa – Napoli (Futbol 1, Matç TV)
23:45 Fiorentina – Torino (Futbol 1, Matç TV)

Sabiq klubu Vinisiusu istəyir

Braziliyanın “Flamenqo” klubu “Real”dan Vinisius Juniorla maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Braziliya təmsilçisi sabiq oyunçusunu geri qaytarmaq niyyətindədir.

“Flamenqo” oyunçuya və kluba yüksək məbləğ təklif etmək iqtidarında deyil. Lakin braziliyalın Vinisiusun kluba mənsubluq hissini ön plana çıxarmaqla onu razı salmaq niyyətindədir.

25 yaşlı hücumçu “Flamenqo”nun yetirməsidir. O, 2018-ci ildə 45 milyon avro qarşılığında “Real”a keçib.

“Liverpul”un sabiq futbolçusu “Seltik”də

“Liverpul”un sabiq futbolçusu Aleks Oksleyd-Çemberlenin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Seltik”lə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Çemberlen Qlazko klubu ilə 6 aylıq müqavilə imzalayacaq.

İngiltərəli oyunçunun son klubu Türkiyədə “Beşiktaş” olub.

“Ronaldo klubdan kənarda qəbul edilən qərarlara təsir edə bilməz”

Səudiyyə Peşəkar Futbol Liqası “Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldonun oyunları boykot etməsinə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, qurum 40 yaşlı hücumçunun qərarı ilə bağlı açıqlama yayıb:

“Ronaldo “Əl Nəsr”ə gəlişi ilə klubun böyüməsində və hədəflərinin artmasında çox önəmli rol oynayıb. Hər böyük futbolçu kimi o da qazanmaq istəyir. Lakin nə olursa olsun, heç bir futbolçu klubdan kənarda verilən qərarlara təsir edə bilməz”.

Ronaldo klubun transfer dönəmini passiv keçirməsinə və rəqiblərin güclənməsinə görə boykot qərarı verib. O, “Əl Nəsr”in son iki çempionat matçına çıxmayıb.

“Qalatasaray” futbolçusunu icarəyə verdi

“Qalatasaray” futbolçusu Kazımcan Karataşı icarəyə verib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi mövsümün sonuna kimi “Başakşəhər”də çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kazımcan bu mövsüm “Qalatasaray” formasıyla 13 oyunda 2 məhsuldar ötürmə edib.

Legioner rüsumu: “Neftçi” limitdə, “Qarabağ” milyona çatır

Çempionlar Liqasında pley-offlara qalan “Qarabağ” heyətini bir legionerlə gücləndirib. “Atlılar” Kiprin AEK klubundan cinah müdafiəçisi Jeremi Qnalini transfer edib.

Futbolpress.az-ın məlumatına görə, bu mövsüm buna qədər 16 legioner sifariş edən “Qarabağ” Qnailinin də adınıda siyahıya salıb. Bu ildən tətbiq edilən legioner rüsumu qaydalarına görə, “Qarabağ” Qnali sifariş etdiyi üçün 200 min manat ödəyəcək.

Legioner rüsumu qaydası:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Son Azərbaycan çempionunun buna qədərki 16 əcnəbi üçün ödəyəcəyi məbləğ 585 min manat idi. Artıq məbləğ 785 minə çatıb. Klub daha bir transfer etsə, “Qarabağ”ın legionerlər üçün ödəyəcəyi rüsum milyona yaxın – 985 min manat olacaq.

Son günlərdə Kiprin “Etnikos” klubunun futbolçusu Bruno Almeydanı gətirəcəyi iddia edilən “Neftçi” də artıq limitdədir. Buna qədər 15 legioneri olan və 385 min manat ödəməli olan “ağ-qaralar” braziliyalını da transfer edəcəyi halda, məbləğ 585 min manat olacaq.

Şahin Cəfərov

 

“Beşiktaş”da kolumbiyalı qapıçı

“Beşiktaş” heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Roma”dan Denis Vaskesi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kolumbiyalı qolkiper mövsümün sonuna kimi “Beşiktaş”ın formasını geyinəcək.

Vaskes “Roma”dan başqa İtaliyada “Milan” və “Empoli”də də çıxış edib.

Xamesin yeni klubu rəsmiləşdi

“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqes karyerasına ABŞ-də davam edəcək.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Minnesota” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xameslə müqavilə yaya kimi nəzərdə tutulub.

Karyerası ərzində “Real”, “Bavariya”, “Everton”, “Portu” kimi klublarda forma geyinən Xamesin son ünvanı Meksikada “Leon” olub.

“Atletiko” “Barselona”ya rəqib oldu

İspaniya Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, “Barselona” final yolunda “Atletiko” ilə qarşılaşacaq. Digər yarımfinal görüşü isə “Atletik” ilə “Real Sosyedad” arasında olacaq.

Yarımfinalın

İspaniya Kuboku
Yarımfinal mərhələsi

Atletiko – Barselona
Atletik – Real Sosyedad

Azərbaycan klubu amerikalı ilə gücləndi

“Naxçıvan” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, elita təmsilçisi ABŞ-dən olan basketbolçu Roderik Smiti heyətinə qatıb.

26 yaşlı oyunçu son olaraq Meksikanın “Mazatlan Venados” klubunda çıxış edib.

O, 2023-2024-cü illərdə “Sumqayıt” klubunun formasını geyinib.

FIFA referisi “Neftçi”nin oyununda

Azərbaycan Premyer Liqasında XIX turun təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, “Sabah” – “Araz-Naxçıvan” oyununu Tural Qurbanov idarə edəcək.

“Neftçi” – “Qəbələ” görüşündə isə FIFA referisi Əliyar Ağayev ədaləti qoruyacaq.

8 fevral (bazar)

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”, 16:00

“Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30

9 fevral (bazar ertəsi)

“İmişli” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu, 14:30

“Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”, 18:30

10 fevral (çərşənbə axşamı)

“Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu, 14:30

“Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”, 19:00

Böyük Dəbilqə: cüdoçuların rəqibləri məlum oldu

Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Futbolpress.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşibb.

Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.

Turnir sabah saat 11:00-da start götürəcək.

Kişilər

-60 kq, 1/16 final

Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə

-66 kq, 1/16 final

Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə

Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə

-81 kq, 1/16 final

Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə

Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə

-100 kq, 1/16 final

Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)

+100 kq, 1/16 final

Uşanqi Kokauri – Marvin Belz (Almaniya)

Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)

4 qol

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, dörd qarşılaşmada cəmi 4 top vurulub.

“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.

Bu, 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb – “Səbail” – “Qarabağ” – 0:1, “Sabah” – “Sumqayıt” – 0:0, “Kəpəz” – “Neftçi” – 0:2, “Araz-Naxçıvan” – “Zirə” – 1:0.

Bunadək isə 2004/05 mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib – “Neftçi” – “İnter” – 0:0, “Gənclərbirliyi” – “MKT-Araz” – 0:0, MOİK – “Xəzər Lənkəran” – 0:1, “Karat” – “Bakı” – 1:2.

Düzdür, bu raundda daha az – cəmi 2 qol vurulması da olub. Amma 1997/98 mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub – “Dinamo” – “Qarabağ” – 0:0, “Kəpəz” – “Bakılı” – 0:0,  MOİK – “Neftçi” – 1:1, “Pambıqçı” (Bərdə) – “Kür-Nur” – -:+.

Qeyd edək ki, 1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/97 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.

 

 

 

 

 

“Turan Tovuz”un yubiley qələbəsi

“Turan Tovuz” Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.

Futbolpres.az xəbər verir ki, bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.

Tovuz təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir

Qeyd edək ki, “Turan Tovuz” ilk qələbəsini 2015/16 mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdəki 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.

“Qarabağ” cild dəyişir? – legionerləşmə

“Qarabağ”ın Jeremi Qnali transferindən sonra yerli futbolçuların – Toral Bayramov, Elvin Cəfərquliyev, Nəriman Axundzadənin ayrılacağı haqda xəbərlər çıxır.

FutbolPress”in əldə etdiyi məlumata görə hər üç futbolçuya yerli və xarici klublardan təklif var.

Bəs proses hara gedir?

Legioner limitinin yeni formatı “Qarabağ”ın, daha dəqiq, baş məşqçi Qurban Qurbanovun məqbul saymadığı formatdır. Bu haqda rəsmi açıqlama olmasa da, kuluarlardan belə eşidilir.

Məlumatların təhlili o ehtimalı yaradır ki, “Qarabağ” da legionerlərə daha çox üstünlük verəcək. Aparıcı yerli futbolçuların düşərgəni tərk edəcəyi təxminən dəqiqdir.

Nəyin necə olacağını zaman göstərəcək, ancaq limitin yeni formatı özü ilə müsbət məqamlar gətirsə də, müəyyən təlatümlər də yaradır.

Çalxalanma prosesinin futbolumuza zərər deyil, xeyir verməsi üçünsə emosional yox, rasional davranışlar/qərarlar vacibdir.

Kamil Əhməd

“Şamaxı” üçün əlamətdar qələbə

“Şamaxı” ölkə kubokunda 60-cı qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, bu, Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib.

Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.

“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.

Qeyd edək ki, “Şamaxı” ilk qələbəsini 2001/02 mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.

Boykot davam edir – Ronaldo yenə oynamayacaq

Portuqaliyalı hücumçu Kirştiano Ronaldo boykota davam edir.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr”in futbolçusu çempionatda “Əl İttihad”la matça da çıxmayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Ronaldonun klub rəhbərliyi ilə münasibətləri pozulub və o, son günlərdə məşqə də qatılmır.

40 yaşlı hücumçunun ayrılığı gündəmdədir.

Tanınmış futbolçunun oğlu “Çelsi” ilə müqavilə imzaladı

“Qalatasaray”ın sabiq futbolçusu Emmanuel Ebuenin oğlu Matis Ebue “Çelsi” ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb. Bu, Ebuenin ilk peşəkar müqaviləsi olub.

Matis ötən ilin yanvarında “Uotford”dan “Çelsi”yə keçib. 17 yaşlı yarımmüdafiəçi bu mövsüm “Çelsi”nin U-18 komandasında 16 oyunda 3 qol vurub.

Milli üzvlərinə seminar keçirildi

Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.

Futbolpress.az xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin təqdimatında keçirilib.

Məşğələ zamanı qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr üzərindən izah edilib, müxtəlif epizodlar üzrə qərarvermə meyarları ətraflı müzakirə olunub. Seminarın məqsədi yeni tələblərin daha dəqiq mənimsənilməsi, yarışlarda yarana biləcək anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın daha səmərəli qurulmasına dəstək göstərmək olub.

“Roma”dan “Beşiktaş”a

“Roma”nın qapıçısı Devis Vaskes karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Beşiktaş” klubu kolumbiyalı qolkiperin icarəsi üçün “Roma” ilə danışıqlar aparır.

Vaskes “Roma”dan başqa İtaliyada “Milan” və “Empoli”də də çıxış edib.

Vaskes bu mövsüm oyuna çıxmayıb.

“Fənərbağça”da Taliska sevinci

“Fənərbağça” futbolçusu Anderson Taliska ilə müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı hücumçu ilə anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə tərəflər arasında yeni – 2 illik sözləşmə imzalanacağı bildirilib.

Taliska bu mövsüm 33 oyunda 19 qol vurub.

Azərbaycan yığması Gürcüstana böyük hesabla uduzdu

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.

Nazir üçün qəbul günü

Fevralın 6-da gənclər və idman naziri Fərid Qayıbov Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası üzrə şəhər və rayon sakinlərini qəbul edib.

Futbolpress.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

“Şəfa”nın baş məşqçisi: “Fərqi qorumaq bizim üstünlüyümüzdür”

“Şəfa” I Liqada mövsümün ikinci dövrəsinə xal itkisiylə başlayıb.

Bakı təmsilçisi doğma meydanda “Baku Sportinq”lə heç-heçə edib – 1:1. Komandanın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az”a açıqlamasında nəticəni şərh etdi:

“İlk oyunlar həmişə gərgin keçir. Xal itirsək də, turnir cədvəlində vəziyyət hələ də biz istəyən kimidir. Oyunun gedişinə baxsaq, iki xal itirdik. Ani səhvdən qol buraxdıq və üstünlüyü əldən verdik. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Səhvləri minimuma endirib, liderliyimizi qorumalıyıq”.

“Şəfa” növbəti turda “Səbail”lə qarşılaşacaq. Hazırda birinci sırada olan “Şəfa”nın 31, üçüncü “Səbail”in isə 25 xalı var. Çempionluq mübarizəsində olan komandaların dueli mövsümün ən kritik oyunlarından olacaq. Kərəmli matçla bağlı gözləntilərini bölüşdü:

“Qarşıda uzun marafon var. Xal itkiləri qaçılmazdır. Nəzərə alaq ki, ilk turlarda iddialı komandalarla qarşılaşırıq. Əsas məsələ xal fərqini qorumaqdır ki, əlavə təzyiq yaranmasın. “Səbail”lə oyunda qələbə qazanmaq istəyirik ki, yenidən fərqi artıraq. Məqsəd liderliyi davam etdirməkdir. Futbolçular da məsuliyyəti dərk edir. Fərqi qorumaq bizim üstünlüyümüzdür”.

“Şəfa” qış transfer dönəmini “sakit” keçirir. Kərəmli hücumçu transferi istədiklərini, ancaq hələ reallaşan nəsə olmadığını bildirdi:

“Yeni transferə hər zaman ehtiyac olur. Qış fasiləsində oyunçuların klublarıyla müqaviləsi olduğu üçün transfer etmək çox çətindir. Hücum xəttinə oyunçu istərdik, amma indiki məqamda bizdən asılı olmayan səbəblərə görə mümkünsüz görünür”.

Şahin Cəfərov

Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib

Azərbaycan Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.

BOK rəsmilərinin diqqətinə çatdırılıb ki, “Arsax” ifadəsi uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri ilə bağlı Ermənistanın apradığı qeyri-qanuni və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir. Bu baxımdan, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbirində belə bir proqram seçimi açıq şəkildə siyasi və ideoloji məna daşıyır və Olimpiya dəyərlərinə ziddir.

Qeyd edilib ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. Beynəlxalq Olimpiya Komitəsinin missiyalarından biri də idmanı siyasətdən kənar saxlamaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır.

Bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur, eyni zamanda regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.
Milli Olimpiya Komitəsi öz etirazında bir daha bildirib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzlərindən biridir, bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə etmək yolverilməzdir.

Oyunu yarımçıq tərk edən region klubu cəzalandı

Region Liqasında mübarizə aparan “Araz” komandası texniki məğlubiyyətlə cəzalanıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb Region Liqasında keçirilən “Hacıqabul”la oyunun 86-cı dəqiqəsində komandanın meydanı tərk etməsidir.

Klub AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyətlə cəzalanıb.

“Kəpəz” 6000 manat cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Karvan-Yevlax” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilsin (maddə 68);

“Kəpəz” – “Şamaxı” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Kəpəz” komandası 1000 manat cərimə edilsin (maddə 68);

“Kəpəz” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

“Qarabağ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Konyaspor” futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükanı” İlhan Paluta tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

Palut bu postda Çağdaş Atanı əvəzləyib.

“Konyaspor” Super Liqada 20 turdan sonra 19 xalla 14-cü sıradadır.

“Qarabağ”ın “Nyukasl”la oyunlar üçün heyəti

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la oyunları üçün iştirak ərizəsi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Kadi Borges yeni siyahıda yer alıb. O, Kris Koakunu əvəzləyib.

Yeni transfer Jeremi Qnali ilə iştirak ərizəsinə salınmayıb.

Qapıçılar: 89.Amin Ramazanov, 97.Fabian Buntiç, 99.Mateuş Koxalski

Müdafiəçilər: 2.Mateus Silva, 3.Sami Mmae, 13.Bəhlul Mustafazadı, 18.Dani Bolt, 30.Abbas Hüseynov, 44.Elvin Cəfərquliyev, 55.Bədavi Hüseynov, 81.Kevin Medina

Yarımmüdafiəçilər: 8.Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20.Kadi Borges, 21.Aleksey Kaşuk, 27.Toral Bayramov, 32.Hikmət Cəbrayılzadə, 35.Pedro Bikalyo, 9.Joni Montiel

Hücumçular: 11.Ammanuel Addai, 22.Musa Qurbanlı, 17.Kamilo Duran, 7.Nəriman Axundzadə

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda, cavab görüşünü isə 25-də səfərdə keçirəcək.

Xames bu dəfə MLS-də oynayacaq

“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqes karyerasına ABŞ-də davam edəcək.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Minnesota” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında yaxın zamanda müqavilə imzalanacaq.

Karyerası ərzində “Real”, “Bavariya”, “Everton”, “Portu” kimi klublarda forma geyinən Xamesin son ünvanı Meksikada “Leon” olub.

“Real” “Mançester Siti”nin futbolçusu ilə maraqlanır

“Real” “Mançester Siti”nin futbolçusu Fil Fodenlə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

“Mançester Siti” Fodeni satmaq niyyətində deyil. Klub oyunçunu 180-200 milyon avroluq təklif olacağı halda, buraxa bilər.

Foden “Mançester Siti” formasıyla ümumilikdə 353 oyunda 110 qol vurub, 65 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Duran “Fənərbağça”nı bu kluba dəyişdi

Müqavilə ilə “Əl Nəsr”ə məxsus olan, icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duran klubu tərk edib.

Futbolpress.az xəbər verir ki, kolumbiyalı hücumçu “Zenit”lə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Duran müqavilə üçün Rusiyaya yollanıb.

22 aşlı futbolçu bu mövsüm “Fənərbağça”da 21 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə dib.

Kubokda 1/4 final cütləri

Fransa Kubokunda 1/4 final mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, “Marsel” bu raundda “Tuluza” ilə qarşılaşacaq. “Lion”un yarımfinal yolundakı rəqibi isə “Lans” olacaq.

Fransa Kuboku
1/4 final mərhələsi

Marsel – Tuluza
Strasburq – Reyms
Loryan – Nitsa
Lion – Lans.

Oyunların təqvimi hələ açıqlanmayıb.

“Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın”

“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funksioner Çempionlar Liqasında “Nyukasl”la pley-off oyunu ərəfəsində “Neftçi”yə qarşı keçirməli olduqları matçın təxirə salınmasını istədiyini deyib:

“Qrafikimiz çox ağırdır, çox çətindir. “Neftçi” ilə daim təmasdayıq. “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq”.

Gözel “Nyukasl”la matçdan da danışıb:

“Çox gözəl yerlərə gəlib çıxmışıq. Tarixi mövsüm keçiririk. Bu, məni çox sevindirir. Avropada 1200-dən çox klub var və biz ilk “24-lüy”ə düşmüşük. “Nyukasl”la oyuna qalib gəlmək arzusu ilə çıxacayıq. Biz səfərə bərabərlik üçün yox, qalibiyyət üçün gedirik. Müdafiədə yox, hücumda çıxış edəcəyik. Klubun prezidenti olaraq Qurban Qurbanov və komandamdan gözləntim odur ki, bütün rəqiblərə qarşı ən gözəl oyunu görmək istəyirəm”.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda, cavab görüşünü isə 25-də səfərdə keçirəcək.

“Qarabağ”ın ÇL üçün heyətində dəyişiklik

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunları üçün iştirak ərizəsində dəyişiklik edilib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Kris Koaku heyətdən çıxarılıb və zədəsini sağaldan Kadi Borges sifariş olunub.

Kadi ötən ilin oktyabrında “Çelsi” ilə matçda (2:2) zədələndiyi üçün heyətdən çıxarılmışdı.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda, cavab görüşünü isə 25-də səfərdə keçirəcək.

Ayxan Abbasov üçün ilk

“Şamaxı” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”ı məğlub edib – 2:1.

Futbolpress.az-ın məlumatına görə, bu, baş məşqçi Ayxan Abbasovun “şirlər”lə “atlılar”a qarşı ilk qələbəsi kimi tarixə düşüb.

“Şamaxı” Abbasovun rəhbərliyi altında “Qarabağ”la 6 dəfə üz-üzə gəlib. 4 dəfə uduzan bölgə klubu 1 dəfə heç-heçə edib, 1 dəfə də qələbə qazanıb.

Ayxan Abbasov 2024-cü ilin yayından “Şamaxı”nı çalışdırır.

Berdıyevin “Kəpəz”ə qarşı üstünlüyü

“Turan Tovuz” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”ə qalib gəlib.

Futbolpress.az-ın məlumatına görə, tovuzlular Kurban Berdıyevin rəhbərliyi altında gəncəlilərə qarşı altıncı qalibiyyətini əldə edib.

“Turan Tovuz” mütəxəssisin başçılığı ilə “Kəpəz”ə qarşı ümumilikdə 7 oyun keçirib. Bu matçlarda cəmi 1 dəfə məğlubiyyət yaşanıb. Komanda ötən mövsüm səfərdə “sarı-göylər”ə 2:5 hesabıyla uduzub.

Berdıyev 2024-cü ilin yayından “Turan Tovuz”a rəhbərlik edir. Komanda onunla 58 matça çıxıb. Tovuzlular bu görüşlərdə 27 qələbə qazanıb, 16 heç-heçə edib, 15 dəfə uduzub. Qol nisbəti isə 84-ün 61-ədir. Berdıyevin “Turan Tovuz”da xal ortalaması 1.67-dir.

Şamaxı fərqi – 3-nün cəmi 1-i eləmədi

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az-ın məlumatına görə, ən yüksək göstərici Şamaxıda qeydə alınıb. Yerli komandanın “Qarabağ”ı məğlub etdiyi (2:1) görüşdə tribunada 1200 tamaşaçı olub.

Digər üç görüşdə isə ümumi tamaşaçı sayı 1000-dir.

“Sumqayıt” – “Zirə” – 400 tamaşaçı (0:0)
“Sabah” – “Qəbələ” – 300 tamaşaçı (0:0)
“Şamaxı” – “Qarabağ” – 1200 tamaşaçı (2:1)
“Turan Tovuz” – “Kəpəz” – 300 tamaşaçı (1:0)

Qeyd: Rəqəmlər Peşəkar Futbol Liqasının rəsmi oyun protokollarından götürülüb.

“Beşiktaş”dan transfer

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Vulverhempton”dan Emmanuel Aqbadunu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Aqbadu müqavilə üçün İstanbula gəlib.

28 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 14 oyuna çıxıb.

Qış Olimpiya Oyunları başlayır

Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarışlar Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunacaq.

Olimpiada fevralın 4-də qarışıq cütlüklərin körlinq turniri ilə başlayıb. Qadınların hokkey turniri isə 5 fevralda start götürüb.

Açılış mərasimi fevralın 6-da Milandakı “San-Siro” stadionunda, yerli vaxtla saat 20:26-da başlayacaq.

Hansı oyun, hansı kanalda – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

6 fevral

İtaliya, A Seriyası
23:45 Verona – Piza (Futbol 1)

İngiltərə, Premyer Liqa
00:00 Lids – Nottingem Forest (İdman TV, beİN Sports 3)

İspaniya, La Liqa
00:00 Selta – Osasuna (Futbol 2, Matç TV)

“Borussiya”dan “Qalatasaray”a

“Qalatasaray” heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi Münhenqladbax “Borussiya”sından Can Armando Güneri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Armando Güner bu mövsüm “Borussiya”nın  U-19 komandasında 14 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Şamaxıda duman, Bakıda qar

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Sonuncu oyun günündə “Şamaxı” “Qarabağ”a, “Turan Tovuz” isə “Kəpəz”ə minimal fərqlə qalib gəlib.

Şamaxı – Qarabağ 2:1

Güclü duman altında keçirilən oyunda ilk hissədə meydanda daha aktiv oyun sərgilədi. Qurban Qurbanov sıx qrafikə görə daha çox ehtiyatda olan futbolçulara şans verdi. Mütəxəssis gözlədiyi performansı ala bilmədi və oyunun məntiqi nəticəsi kimi “Şamaxı” fasiləyə 2:0 öndə yollandı. İkinci hissədə aparıcı oyunçuları meydana buraxan Qurbanov bu dəfə “duman” əngəlini aşa bilmədi. Fasilədən sonra dumanın daha güclənməsinə baxmayaraq, oyun sona qədər davam etdi. “Qarabağ” sadəcə qollardan birinin əvəzini çıxa bildi.

Məğlubiyyətə baxmayaraq, cütün favoriti yenə məhz “Qarabağ”dır. “Atlılar” rəqibindən heyət baxımından daha üstündür və doğma meydanda minimal fərqi aradan qaldırmaq elə də çətin deyil. Hər bir halda, oyun göstərdi ki, “Qarabağ”ın ehtiyat qüvvəsi arzulanan səviyyədə deyil.

Turan Tovuz – Kəpəz 1:0

Bir neçə gün əvvəl ağır “Qarabağ” səfərindən məğlubiyyətlə ayrılan tovuzlular kubok matçına demək olar, elə həmin heyətlə çıxdı. “Kəpəz” isə rotasiyalar etmişdi. Gənclərə və oyun praktikası az olanlara şans verən Azər Bağırov komandasının oyunundan çox da narazı qala bilməz. Hər bir halda, hər iki hissədə mübarizə aparan və fürsətlər yaratmağa çalışan gəncəlilər məğlubiyyətdən qaça bilmədi. Fasilədən sonra yağan qar da komandalarn oyun tempinə təsirsiz ötüşmədi.

Oyunda daha çox diqqət çəkən isə Kurban Berdıyevin meydandan qovulması oldu. İkinci hissədə hakim Əli Əliyevin qərarına sərt reaksiya verən mütəxəssis “qırmızı” ilə qarşılaşdı. Sakit təbiəti ilə seçilən mütəxəssisin belə aqressiyası gözlənilməz oldu. Onu da qeyd edək ki, ilk hissədə tovuzluların sayılmayan qolu da müzakirəyə açıqdır.

Qələbə tovuzluları yarımfinala daha yaxınlaşdırdı. “Kəpəz”in cavab görüşündə “Turan Tovuz”a iki fərqlə qalib gəlməsi çətindir. Əsas diqqəti liqada qalmaq olan gəncəlilər üçün prioritet məhz çempionatdır. Bu səbəbdən cavab görüşündə Bağırovun riskə getməsi ehtimalı daha azdır.

Şahin Cəfərov

“Fənərbağça”dan qələbə, “Beşiktaş”dan qələbə

Türkiyə Kubokunda qrup mərhələsinin III turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Konyaspor” “Aliağa” klubunu darmadağın edib – 4:0. “Beşiktaş” səfərdə “Kocaelispor”la heç-heçə edib.

“Fənərbağça” azarkeşləri önündə “Ərzurumspor”a 3 qolla qalib gəlib.

Türkiyə kuboku
Qrup mərhələsi, III tur
5 fevral

B qrupu
Konyaspor – Aliağa 4:0

C qrupu
Kocaelispor – Beşiktaş 1:1
Fənərbağça – Ərzurumspor 3:1
Keçiörengücü – Qaziantep 1:5

Qara Qarayevə ağır itki

Azərbaycanın U-21 millisinin məşqçisi Qara Qarayevə ağır itki üz verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssisin atası Elxan Qarayev vəfat edib.

O, müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib. (Qafqazinfo)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi vəzifəsini icra edən Qara Qarayev futbolçu kimi “Qarabağ”, “Neftçi”, “Araz-Naxçıvan” klublarında çıxış edib.

“Hamı istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun”

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– 4 gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik. Bu gün də heyətdə böyük dəyişikliklər etmədik. Hava şəraitinin də oyuna təsiri oldu. Lakin vacib olan qələbə qazanmağımızdır. Bir ay sonra cavab oyunu olacaq. İndi növbəti matça hazırlaşmalıyıq.

– Avrokuboklara vəsiqə qazanmaq üçün kuboku, yoxsa çempionatı uyğun yol kimi görürsüz?
– Hamı istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Ona görə iki yarışda da yaxşı nəticə istəyirik.

Şahin Cəfərov

Azər Bağırov: “Cavab matçında daha fərqli oynamağa çalışacağıq”

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Kubokun ilk oyunu çox maraqlı alındı, yaxşı mübarizə apardıq. Düşünürəm ki, cavab matçında daha fərqli oynamağa çalışacağıq. İlk hissədə 9 yerli futbolçu ilə meydanda idik. Bu bizim üçün yeni çağırış idi. Növbəti oyunlarda daha məsuliyyətli olub, turu keçməyə çalışacağıq.

– Növbəti mərhələ şanslarını necə dəyərləndirirsiniz?
– Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq.

Şahin Cəfərov

Sterlinqin Türkiyə klubuna transferi baş tutmayıb

“Samsunspor” “Çelsi”dən ayrılan Rahim Sterlinqin transferindən imtina edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Yüksel Yıldırım açıqlama verib. O, Sterlinqin onlara təklif edildiyini, lakin məbləğdə razılaşmadıqlarını deyib:

“Şərh vermək istəmirəm. Bizə dedilr, danışdıq, amma çox pul istədilər”.

Qabon millisinin hücumçusu “Sabah”da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” FK icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

Lider xal itirdi, “Səbail” qələbə qazandı

Azərbaycan I Liqasında mövsümün ikinci dövrəsinə start verilib.

Futbolpress.az xəbər verir ki, XIII turda ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Səbail” səfərdə “Zaqatala”ya qalib gəlib. Lider “Şəfa” isə “Baku Sportinq”lə heç-heçə edib.

Azərbaycan I Liqası
XIII tur

5 fevral

“Cəbrayıl” – MOİK 2:2
Qollar: Arsen Dauda, 11; 74 – Seyxan Fərəcov, 41. Mehrac Baxşalı, 69.

“Şəfa” – “Baku Sportinq” 1:1
Qollar: Emin Zamanov, 48-pen – Xəyyam Məmmədli, 75.

“Zaqatala” – “Səbail” 0:1
Qol: Emil Qasımov, 18.

“Turan Tovuz” – “Kəpəz”: heyətlər

“Turan Tovuz” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 1. Oleq Baklov 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 14. Murad Dadaşev 3. Enrike Silva 90. Joarlem Santos 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 29. Dioqo Verdaska (k) 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 5. Rauf Hüseynli 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov 83. Raul İsaqov 9. Luis Paçu 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori
Baş məşqçi: Azər Bağırov

Ayxan Abbasov: “Hamı istəyir ki, imkanları daxilində irəli getsin”

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Şamaxı” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Kubok iki oyundan ibarətdir. İlk matçı evimizdə keçirdik. Hava şəraiti iki komandaya da çətinlik yaradırdı. Futbolçularım döyüşdülər. “Qarabağ” kimi komandaya qarşı mübarizə aparmaq çətindir. Amma bu, komandamıza güc verir. “Qarabağ” sıx qrafikdədir, başa düşürük, bəzi oyunçuları da yoxdur. Lakin ilk hissədə futbolçularım tapşırıqları yaxşı yerinə yetirdilər. Sonradan yorğunluq oldu. Biz də sıx qrafikdəyik, çətin oyunlardır. Davam edəcəyik. Beş gün sonra yenidən çempionat oyunu var. Yaxşı hazırlaşmalıyıq.

– Bugünkü oyunda əsas heyəti buraxmaqla fiziki yüklənmə etmədiniz?
– Düzdür, tam gümrahlıq olmayacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün belə matçlar lazımdır. Premyer Liqada hədəf yerimizi qorumaqdır. Çalışdığımızı edəcəyik.

– Kubokda hədəf nədir?
– Həyat mübarizədir, hamı istəyir ki, imkanları daxilində irəli getsin, inkişaf etsin. Əlbəttə, niyə istəmərik? Sadəcə bəlli qrupdayıq, “Qarabağ” kimi rəqibimiz var. Hamı mübarizə aparmaq istəyir.

– Cavab görüşündə şansları necə dəyərləndirirsiniz?
– Yenə favorit “Qarabağ”dır.

– Dumanlı havada baş məşqçi taktiki cəhətdən nələr edə bilər? 
– İkinci hissənin bəzi anlarında cinahları görə bilmirdik. Çətinlik çəkdik.

– Çempionatda da “Qarabağ”la oynayacaqsınız. Hava belə olsa, təxirəsalınma üçün müraciət edəcəksiniz?
– Daha çətin havalarda oynadıqlarımız olub. Ötən mövsüm “Səbail”lə matç var idi, bundan da pis hava olmasına baxmayaraq, oynadıq. Vəziyyət daha pis olsa, bizdən asılı olmayacaq. Belə baxsaq, havalar yaxşılığa doğru getməlidir.

Şahin Cəfərov

“Qarabağ” Şamaxıda uduzdu, “Turan Tovuz”dan qələbə

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün birinci matçında “Qarabağ” “Şamaxı”ya uduzub.

Digər görüşdə “Turan Tovuz” “Kəpəz”in müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar

5 fevral

19:00 Turan Tovuz – Kəpəz 1:0
Qol:
Hurtado, 57
Baş hakim: Əli Əliyev
“Azersun Arena”

14:30 Şamaxı – Qarabağ 2:1
Qollar:
Rossi, 27, 42 – Musa, 79
Baş hakim: Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

❌