Ayxan Abbasov: “Bu, gələcək üçün təkan verəcək”
“FIFA Series-2026” turnirinin finalında keçirilən Azərbaycan – Syerra-Leone oyunundan (1:1, penaltilər 9:8) sonra millinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Oyunların fərqli olacağını bilirdik. İlk hissədə səhvlər etdik, hücumda aqressivlik çatmadı. Rəqib bizi əks-hücumda yaxaladı və fərqləndi. İkinci hissədə yaxşı müdafiə olunub, hücumların effektivliyini artırmalıydıq. Sonda hesabı bərabərləşdirdik. Penaltilər seriyası maraqlı alındı. Turnirdə qalib olduğumuz üçün sevincliyik. Bu oyun bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyıq. Gələcək oyunlara baxacağıq. Qarşıda iki yoxlama oyunu olacaq. Bununla Millətlər Liqasına hazır olmağa çalışacağıq.
– İlk dəfə çempion olduq, ilk dəfə penaltilərdə qələbə qazandıq. İlk penalti təcrübəniz haqda fikirlərinizi bilmək istəyirdim…
– İlk deyil. Kubokda “Sumqayıt”da işlədiyim vaxt “Qarabağ”ı penaltilər seriyasında keçmişdik. Futbolçular məşqlərdə penaltiləri yoxlayırdılar. Bugünkü seriya da bir təcrübədir. Bu oyun milli üçün faydalı olacaq.
– Bu turnir milliyə hansı təcrübəni qazandırdı?
– FIFA-nın turniridir. Rəqiblərimizdən Lixtenşteyn də burda mübarizə aparırdı. Onların qrupunda daha zəif komandalar var idi və elə zəif olan qalib oldu. Bu toplanışda millidə yeni adlar oldu, sınaqdan keçdi. Bəlli sistem üzərində çalışırıq. İnşallah, xeyrini görəcəyik.
– İki oyundan sonra Millətlər Liqası üçün optimal heyəti təxminən formalaşdımı?
– Müəyyən fikirlər yaranır. Turnirə hələ var. Zədələr həmin vaxt işimizi çətinə sala bilər.
– Litva və Lixtenşteyn yığmasını izləmisinizmi?
– İki komandanı da təhlil edirik. Litva möhkəm komandadır. Evlərində çox yaxşı çıxış edirlər. Məncə, onlarla şanslar bərabərdir. Çalışacağıq ki, maksimum nəticə əldə edək.
– Bu oyundan aldığınız siqnallar hansılardır?
– İki oyunda da sonradan meydana daxil olan futbolçu oyunu dəyişdi. Ruhdan düşmürlər, çox istəklidirlər. Millidə rəqabət olduğu hiss edildi. Bu, gələcək üçün təkan verəcək. Bir çox futbolçunu yaxından izlədik. İnanıram ki, bizi təəccübləndirən yeni oyunçular da olacaq.
– Sadiq Baqıyev var Rusiyada. “Torpedo”da ən yaxşı futbolçu seçildi bu yaxınlarda. Tək o deyil, digər oyunçulardan da izlədikləriniz varmı? Bəyəndiyiniz futbolçu olsa, dərhal pasport məsələsi həll oluna bilər?
– Bəyəndiyimiz olsa, problem olmaz. U-21 yığma komandamıza da namizəd futbolçular izlənilir. Sadiq Baqıyevi U-21 yığmasına çağırdıq. Lakin bəzi məsələlər oldu, legioner statusu ala bilərdi deyə, imtina etdi. Biz də istəyirik ki, burda oynamaq istəyənlərə kömək edək.
Şahin Cəfərov



