“Aşkarladığımız səhvləri aradan qaldırmağa çalışacağıq”
Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında 1 dəst medal qazanan sərbəst güləş üzrə milli vətənə qayıdıb.
Futbolpress.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Xetaq Qazyumov, baş məşqçi:
“Çox sevinirik ki, bu yarışda çempionumuz oldu. Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik. Gənc güləşçimiz Xetaq Karsanovun yenicə keçdiyi 125 kq-da gümüş medal qazanması da sevindiricidir. Ali Tsokayev də 86 kq-a keçidini medalla qeyd etdi. Ceyhun Allahverdiyev və Fərid Cabbarovdan da medal gözləyirdik. Onlardan başqa da medal qazana biləcək milli üzvləri var idi. Bəzisi taktiki səhvlərə yol verdi. Bəzisi isə emosiyalarını cilovlaya bilmədi. 3 gündən sonra İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlayacağıq. Bu yarışda aşkarladığımız səhvləri və boşluqları növbəti yarışa qədər aradan qaldırmağa çalışacağıq”.
Kənan Heybətov, dünya çempionu:
“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. U23 yaş qrupunu qızıl medalla başa vurdum. İnşallah, daha da yaxşı hazırlaşıb, gələn il böyüklər arasında da bu uğuru təkrarlayaram. Finalda güləşdiyim iranlı Sina Xəliliylə yanvarda da qarşılaşmışdım. Zaqrebdə keçirilən reytinq turnirinin finalında tam üstünlüklə (12:1) qalib gəlmişdim. Bu yarışda 0:3 hesabıyla geridə idim. İkinci hissədə geridönüş edərək 9:4 hesablı qələbə qazandım”.
Xetaq Karsanov, dünya ikincisi:
“İlk növbədə bizə yaradılan hərtərəfli şəraitə göə Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Daha da yaxşı nəticə əldə etmək istərdik. Şəxsən özümdən çempionluq gözləyirdim. 125 kq-da debüt edirdim. Səhvlərim üzərində işləyəcəyəm. Daim yanımızda olan və bizə kömək edən bütün məşqçilər heyətinə minnətdaram”.