Normal view

Yesterday — 1 April 2026FutbolPress.Az

Getse ilə bağlı qərar – rəsmi

1 April 2026 at 22:30

Almaniyanın “Ayntraxt” klubu futbolçusu Mario Getsenin müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verri ki, bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2028-ci ilin yayına kimi artırılıb.

Getse bu mövsüm 26 oyunda 2 məhsuldar ötürmə edib.

“Mançester Siti”də özbək fərqi

1 April 2026 at 22:00

“Mançester Siti”də mart ayının ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, müdafiəçi Abdukodir Xusanovdur. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu azarkeşlər arasında keçirilən səsvermədə yarımmüdafiəçi Rodri və vinger Ceremi Dokunu qabaqlayıb.

Özbəkistanlı futbolçu ötən ay 6 oyunda meydana çıxıb.

Bundesliqa klubu türkü saxlamaq istəyir

1 April 2026 at 21:27

Bundesliqa təmsilçisi “Hoffenhaym” türkiyəli müdafiəçisi Ozan Kabakın müqaviləsini uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky De” nəşri məlumat yayıb. Bundesliqa klubu müdafiəçi ilə danışıqlara başlayıb.

Ozan bu mövsüm Almaniya çempionatında 18 oyunda 4 qol vurub.

Azərbaycan yığması FIFA reytinqində irəlilədi

1 April 2026 at 20:39

FIFA milli komandaların reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması 1136.67 xalla 124-cü sırada qərarlaşıb. Milli ötən siyahı ilə müqayisədə üç pillə irəliləyib.

Azərbaycan yığması bir neçə gün əvvəl “FIFA Series-2026″nın qalibi olub. Komanda Sent Lüsiyanı (6:1) və Syerra Leoneni (1:1, penaltilər 9:8) məğlub edib.

Reytinq cədvəlinə 1877.32 xalla Fransa başçılıq edir.

“Oyundan sonra ağladım”

1 April 2026 at 20:23

İtaliya millisinin qapıçısı Canluici Donnarumma dünya çempionatına vəsiqə qazanmamalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, qolkiper Bosniya və Herseqovinaya penaltilərdə uduzduqları matçdan sonra bunları deyib:

“Oyundan sonra ağladım. İtaliyanı layiq olduğu yerə apara bilmədik və çox məyusuq. Millinin kapitanıyam və bundan qürur duyuram”.

“Sumqayıt” – “Neftçi” oyunu 2 manata

1 April 2026 at 20:00

Misli Premyer Liqasının XXI turunda keçiriləcək “Sumqayıt” – “Nefçti” oyununun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, 5 aprel, saat 18:00-da baş tutacaq “Sumqayıt” – “Neftçi” matçının biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

 

I Liqada təyinatlar məlum oldu

1 April 2026 at 19:36

I Liqada XX turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Səbail” – “Baku Sportinq” oyununu Əli Əliyev idarə edəcək..

2 aprel (cümə axşamı)

MOİK – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Səbuhi Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Novruz Əzimov
Binə qəsəbə stadionu, 15:00

“Zaqatala” – “Difai”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Aydın Bəxşiyev, Şamil İmanzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Zaqatala OİK stadionu, 15:30

“Səbail” – “Baku Sportinq”
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Rəhman Aslanov, Murad Səlimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bayıl Arena”, 17:00

3 aprel (cümə)

“Şahdağ Qusar” – “Şimal”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Safalı Ağayev, Maqsud Şamıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı OİK stadionu, 15:30

“Mingəçevir” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Mirnihat Seyidov, Sənan Bayramzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:30

Azərbaycan bu yarışda 43 boksçu ilə təmsil olunacaq

1 April 2026 at 19:00

Aprelin 2-də Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.

Futbolpress.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.

14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq.

Turnirin açılış mərasimi sabah saat 15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, turnirin supervayzeri Svetoslav Sapoundjiyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

“Sabah” “Astana”nı seçdi

1 April 2026 at 18:22

“Sabah” basketbol komandası yoldaşlıq oyunları keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sabah” Qazaxıstanın “Astana” komandası ilə iki oyunda üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmalar aprelin 4-də, saat 19:30, aprelin 6-da, saat 15:00-da start götürəcək.

Adıyev qovuldu

1 April 2026 at 17:49

Rusiyanın “Krılya Sovetov” klubu baş məşqçisi Maqomed Adıyevi istefaya göndərib.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə qovulub.

Adıyev ötən ilin yayından “Krılya Sovetov”a rəhbərlik edirdi. Komanda liqada 22 turdan sonra 13-cü sıradadır.

“Son oyunumda göz yaşlarımı saxlamaq çətin olacaq”

1 April 2026 at 17:34

“Mançester Yunayted”in futbolçusu Kazemiro klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, komandada son aylarını keçirən yarımmüdafiəçi klubdakı durumundan danışıb:

“Azarkeşlərin sevgisini bilirəm. Bunları sözlə ifadə etmək olmur. Hər kəsə minnətdaram. İlk gündən məni tək qoymadılar, yanımda oldular.

Son oyunumda göz yaşlarımı saxlamaq çətin olacaq. Həyat yoldaşım azarkeşlərin bir il də qalmağım üçün etdikləri çağırışları eşidəndə kövrəlmişdi. Hiss edirəm ki, klubdan ayrılsam da, ömrümün sonuna qədər “Mançester Yunayted”in bir parçası olacağam”.

Kazemiro mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir.

“Final fitindən sonra sanki ruhum bədənimdən çıxmışdı”

1 April 2026 at 17:15

İsveç millisinin baş məşqçisi Qrem Potter dünya çempionatına vəsiqə qazanmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Polşaya 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra bunları deyib:

“İnanılmaz axşam oldu. Bu anların bir parçası olmaq möhtəşəmdir. Komandam adına çox sevinirəm. Çətin oldu, amma bacardıq. Futbolçularla qürur duyuram.

Final fitindən sonra sanki ruhum bədənimdən çıxmışdı… Qapıya baxıram, ehtiyat oyunçular skamyasına baxıram, hər kəs qaçır və düşünürəm ki, mən hardayam? Bu anlar üçün tanrıya hər zaman minnətdar olacağam”.

Azərbaycanlı qadın hakimlərə beynəlxalq təyinat

1 April 2026 at 16:47

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

AFFA 3 klubu yarışlardan kənarlaşdırdı

1 April 2026 at 16:25

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda üç klubun yarışlardan kənarlaşdırılması ilə bağlı qərar qəbul edilib:

15 mart 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Ağdam FK-Pambıqçı(Bərdə) oyunu Pambıqçı(Bərdə) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Pambıqçı (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Pambıqçı(Bərdə) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)

15 mart 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməli olan Füzuli FK-Məhsul(Zərdab) oyunu Məhsul(Zərdab) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Məhsul (Zərdab) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Məhsul (Zərdab) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)

29 mart 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməli olan Zəfər FK(Bərdə)-Aran FK(Beyləqan) oyunu Zəfər FK(Bərdə) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Zəfər FK (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Zəfər FK (Bərdə) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)

“Turan Tovuz”un legioneri şans qazanmadı

1 April 2026 at 16:10

Tacikistan yığması Asiya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, komanda seçmə mərhələdə A qrupunu lider bitirib. Tacikistan qrupun son oyununda Filippinlə heç-heçə edib – 1:1.

Tacikistan yığmasında “Turan Tovuz”un qapıçısı Oleq Baklov da çıxış edir. O, Filippinlə matçda ehtiyatda qalıb.

Qattuzo: “Çox məyusam”

1 April 2026 at 15:41

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo yığmadakı gələcəyi haqda sualı cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yığmanın dünya çempionatından kənar qalmasından sonra qovulacağı ilə bağlı çıxan xəbərlərə belə münasibət bildirib:

“Millidəki gələcəyim? Fərqi yoxdur. İndiki məqamda çox məyusam. Mundialdan kənar qalmaq adamı incidir”.

İtaliya yığması dünya çempionatının pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzub.

“Liverpul”un futbolçusu millidə zədələndi

1 April 2026 at 15:38

“Liverpul”un futbolçusu Jeremi Frimponq zədələnib.

Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi Niderland yığmasının düşərgəsində zədə alıb. Bu barədə komandanın baş məşqçisi Ronald Koman yerli mətbuata açıqlamasında deyib.

Frimponqun bərpa müddəti açıqlanmayıb.

Futbolçusu bölgə klubunu ziyana saldı

1 April 2026 at 15:09

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda “Səbail” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 84.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 26-cı dəqiqəsində “Şəfa” komandasının 6 nömrəli futbolçusu Xəyal Tomarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şəfa” komandası 300 manat cərimə edilsin (maddə 44.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 90+3-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının 19 nömrəli futbolçusu Aqostinyo Çipesse təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 900 manat cərimə edilsin (maddə 45.1);

İspaniyada irqçilik skandalı

1 April 2026 at 14:45

İspaniya millisi yoxlama oyununda Misirlə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, görüş qolsuz başa çatıb. Matçda ispan fanatlar Afrika təmsilçisinin oyunçularına qarşı irqçi şüarlar səsləndirib. Azarkeşlər müsəlman futbolçuların əleyhinə “tullan, tullan, tullanmayan müsəlmandır” deyə şüarlar deyib.

İspaniya Futbol Federasiyası hadisəni qınadığını və tədbir görəcəyini açıqlayıb.

“Kəpəz” böyük məbləğdə cərimələndi

1 April 2026 at 14:18

AFFA İntizam Komitəsi “Kəpəz”i cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasında XXV turun “Kəpəz” – “Qarabağ” oyunundan əvvəl və matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 6500 manat cərimələnib.

Matç “Kəpəz”in qələbəsiylə başa çatıb – 1:0.

“Futbolun inkişafı naminə sağlam qüvvələr birləşməlidir” – MÜSAHİBƏ

1 April 2026 at 14:00

Ölkə futbolunda yenə canlanma yaranıb. Aprelin 3-də keçiriləcək AFFA-nın Hesabat Konfransı fonunda gedişata geniş nəzər yetirmək üçün Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovla müsahibə etdik. Proseslərə təhlili yanaşmalar üçün zəngin təcrübəsi və səhih mövqeyi ilə Tahir müəllimin fikirləri ictimai əhəmiyyət daşıyır:

– Tahir müəllim, BFF-in aktivləşdiyi görünür. Bu haqda ətraflı məlumat verərdiniz?
– Uzun illərdən sonra, 2024-cü ilin aprel ayında AFFA-da rəhbər dəyişikliyi baş verdi. Futbolda nəhayət ki, islahatların aparılacağı ümidi yarandı. Federasiyanın ilk addımlarından biri yeni futbol strategiyasının hazırlanması oldu. Assosiasiya tərəfindən belçikalı mütəxəssislər dəvət edildi. İşlər onlara tapşırıldı. Eyni zamanda AFFA öz üzvlərinə, klublara, futbol ictimaiyyətinə müraciət edərək təkliflərin verilməsini istədi. Bir çox qurumların məsələyə biganə yanaşmasına baxmayaraq, öz tərəfimdən kompleks təkliflər paketi hazırladım, rəsmi olaraq AFFA-ya təqdim etdim. Sonrakı mərhələdə təkliflərimiz əcnəbilər tərəfindən bəyənildi, İcraiyyə Komitəsində baxıldı, belçikalılarla görüş təşkil edildi. Avropalıların prosesə şablon yanaşması, vaxtaşırı ölkəmizə səfərləri yersiz vaxt itkisinə səbəb olur, aylar itirilir, futbol ictimaiyyəti arasında narahatlıq yaradırdı. Gərgin keçən iclasda önəmli layihələrimizin qəbul edilməsinə və ümumi hərəkətliliyə nail olduq. Bir çox təkliflərimizlə bərabər, 8 regional futbol mərkəzi – akademiyaların yaradılması ideyamız yekun layihə sənədində öz əksini tapdı. Bu müddət ərzində yeni AFFA rəhbərliyi ilə mütəmadi görüşlərimiz, məsləhətləşmələrimiz olur, müəyyən təklifləri nəzərdən keçirirdik. İstəkli olduqları üçün köməyimizi əsirgəmirdik. Müzakirələrimizdən biri də rəhbərlik etdiyim Bakı Futbol Federasiyasının maddi-texniki bazasının yaxşılaşdırılması, ümumi futbol strukturuna inteqrasiyası idi. Danışıqlar bir qədər vaxt apardı. Özümlə bağlı açıqlamaq istəmədiyim bəzi təkliflərə münasibətdə təşəkkür edərək, futbol adına ümumi işlərin daha vacib olduğunu vurğuladım. İlkin mərhələdə BFF-lə bağlı layihələrin həyata keçirilməsi razılığına gəldik və yekunda rəsmi müqavilə imzaladıq. Minimum şərait və şərtlərlə böyük həcmdə işlərə start vermişik. Artıq birgə fəaliyyətimizlə “D” kateqoriyalı məşqçi kurslarının iki mərhələsini bitirmişik. İlin sonunadək daha 4 kursun keçirilməsi nəzərdə tutulub. Digər layihələrlə yanaşı, qısa müddətdə media və ictimaiyyət tərəfindən BFF-n müsbət aktivliyi hiss edilirsə, görünürsə, deməli, doğru yoldayıq.

– Bu yaxınlarda AFFA-nın baş katibi region federasiya rəhbərləri ilə görüşdü. Siz AFFA baş katibi ilə bir fotoda… Futbol ictimaiyyətinin öyrəncəli olmadığı situasiya idi. Görüş barədə və ümumiyyətlə, mövzu ətrafında geniş danışmağınızı istərdim.
– Hər zaman vurğulayıram, tənqidlər, fikirlər peşəkarlığa, dərin təhlillərə, pozitivliyə, qarşılıqlı inam və səmimiyyətə söykənməli, ideyaların həyata keçirilməsi fərdi yanaşmadan üstün tutulmalıdı. Ancaq ideoloji, strateji birliklə irəliləyişə nail olmaq olar. Futbolun inkişafı istənilirsə, öncə AFFA Nizamnaməsinə uyğun struktur bərpa edilməli, formalaşdırılmalı, hüquqi baza yaradılmalıdır. AFFA futbol federasiyalarını özündə birləşdirən assosiasiyadır. BFF də daxil olmaqla, region federasiyaları səsvermə hüququna malik qurumlardır. İllərdi AFFA öz Nizamnaməsini pozaraq de-yure səlahiyyətlərə sahib üzvlərini de-fakto kənarda qoyurdu. Federasiya daxilində bir qrup vəzifəli şəxs məqsədli şəkildə monopoliya yaratmışdı. Hüquqi baza təmin edilmədən nəinki futbol, heç bir təşkilat düzgün fəaliyyət göstərə bilməz. Futbol ictimaiyyəti AFFA strukturundan geniş məlumatlı olmasa da, bunların bilinməsi çox əhəmiyyətlidir. Qanunlar yerində olmadan, icra olunmadan, futbolumuzda dirçəlişi təmin edə biləcək işlək mexanizmin fəaliyyəti mümkünsüzdür. Belə görüşlər çoxdan baş tutmalı idi. AFFA-nın yeni rəhbər heyət üzvləri ilə bu mövzuda dəfələrlə söhbətlərim olub, qanunlara söykənərək vəziyyətdən çıxış yolları müzakirə edilib. Qeyd olunan görüşün mahiyyəti şəxsi müstəvidən irəli gəlmir. Cahangir Fərəcculayevin baş katib vəzifəsinə təyinatı və AFFA rəhbərliyinin dəstəyi ilə tədricən struktura uyğun addımların atılması sürətlənib. Strukturun bərpası heç də asan başa gəlmir. İllərdi Azərbaycan futbolu elə bir labirintə salınıb ki, qanunların aliliyinin bərqərar olması təəssüf ki, süni maneələrlə üzləşir, futbolda kök salanlara sərf etmir. Bu da özlüyündə vaxt aparır, ümumi işlərin irəliləməsini ləngidir. İstəyimiz odur ki, proses daha sürətlə davam etsin. AFFA öz üzvləri ilə birgə vahid orqanizm kimi çalışmalı, fəaliyyət göstərməlidir. Təbii ki, bunun üçün maddi-texniki bazanın yaradılması mütləqdir!

Görüşə gəldikdə, toplantı çox konstruktiv keçdi, infrastruktur, uşaq-gənclər futbolu, tədris, innovativ addımlar, media, ictimaiyyətlə əlaqələr və digər önəmli məsələlər müzakirə edildi. Region federasiyaları rəsmiləri, AFFA rəhbərliyinin çağırışına səs verməli, aktiv, təşəbbüskar olmalı, öz məsuliyyətlərini dərk etməli, qarşılıqlı işbirliyi qurulmalıdır. Futbol kuluarlarında islahatların aparılmasını istəməyənlər yetərincədir. Önəmli olan AFFA-ya yeni gələnlərin bunu başa düşməsidir. Azərbaycan futbolu bilərəkdən dolaşığa salınmış “hörümçək torundan” xilas olunmalıdır!

– Qarşıdan AFFA-nın Hesabat Konfransı gəlir. Ötənilki tədbirdə yeni baş katib iddialı danışmışdı. Vəd olunmuş işlərin icrası sizcə nə yerdədir?
– Ölkə futbolundakı vəziyyət kənardan göründüyü qədər sadə deyil, çox cərəyanlar mövcuddur. Bir çox tərəflərin futbolun ümumi inkişafından fərqli, öz maraqları var. Təzə gələnlər üçün futbolda baş verənlərin analizi, araşdırılması vaxt aparır, bu da işlərin daha sürətlə getməsinin qarşısını alır. İlk vaxtlar futbol təsərrüfatının daha asan idarə olunacağı zənn edilirdisə, hazırda vəziyyət müsbətə doğru dəyişməkdədir. Bununla yanaşı, futbol şəbəkələrinin planları baş tutmadıqca, aparılan prosesə qarşı təzyiqlər çoxalır. Futbol təsərrüfatında olanların bəzilərinə dəyişikliklər, yeniliklər sərf etmir. Onsuz da ləngiyən islahatların qarşısının alınması üçün “planlar” qurulur. Ətrafdan görünməsə də, daxildə gərginlik açıq sezilir. İctimaiyyət arasında müzakirələrin təhlil səviyyəsi artırılmalı, futbolun inkişafı naminə sağlam qüvvələr birləşməlidir. Bu işlərdə mətbuatın, sosial medianın rolu əvəzolunmazdır. Hər zaman xüsusi qeyd etdiyim kimi, mətbuat peşəkar futbolla azarkeşlər, cəmiyyət arasında böyük körpüdür. Bu bağlayıcı qüvvə nə qədər möhkəm olarsa, hər iki tərəf bir-birinə sıx bağlı olar, futbolun inkişaf sütunları dağıdıcı qüvvələrin qarşısını alar. Bunlarla paralel, futbola cavabdehlərin peşəkarlığa söykənərək, qətiyyəti, niyyəti, inamı çox vacibdir. Futbol komanda idman növüdür, AFFA öz üzv qurumları ilə birgə peşəkar idarəçi komanda kimi fəaliyyət göstərməlidir. Futbolda psixoloji narahatlıq, gözləmə mövqeyi, bəzilərinin strukturlarda “krot”luq fəaliyyəti davam edir. Nə qədər çətin görünsə də, dəqiq diaqnozlarla islahatlar sürətlə davam etdirilməlidir. Xüsusi vurğulayım, bu, tək adamın işi deyil, yuxarıda qeyd etdiyim kimi, vahid və futbolun gələcəyini təmin edəcək komanda formalaşmalıdır. Konfrans və sonrakı həftələr, aylar yeni qətiyyətli addımların, islahatların nə yerdə olduğunu göstərəcək. Azərbaycan futbolu adına çox illər itirilib, vaxt, zaman gözləmir…

– Sizin geniş spektrli təhlillərdən yana olduğunuzu bilirik. İndiki AFFA rəhbərliyinin yaxın və uzunvədəli planda gözləntiləri, qarşılaya biləcək planları, stratejisi varmı?
– İstək var, bu, birmənalıdır. Azərbaycan futbolunun müasir tələblərə cavab verən infrastruktur problemləri ilə yanaşı, ümumi idarəçilikdən daha çox, peşəkar futbol idarəçiliyi problemi özünü daha qabarıq hiss etdirir. Bu sarıdan təcrübəsizlik özünü büruzə verir və vaxt itkisinə səbəb olur. Futbolda bir mövsüm strateji olaraq 3-5 ilə bərabərdir. Uzunvədəli planlara gəldikdə, Futbolun İnkişaf Strategiyası qəbul edilib. Böyük vəsait və həcm tələb edən işdir. Dəfələrlə bildirmişəm, qəbul olunan strategiyanın həyata keçirilməsi üçün 8-10 il vaxt lazımdır, o da maliyyənin və işlərin düzgün olacağı, aparılacağı halda. Strategiyanın ən böyük strateji yanlışlığı 2025-28-ci illərin qeyd edilməsi oldu. Burada ilk növbədə belçikalıların məsuliyyətsizliyini qeyd etməliyəm, layihənin 3-4 ilə həyata keçirilə biləcəyi mümkünsüzlüyünü AFFA İcraiyyə Komitəsinə rəsmən bildirməli idilər. Artıq 1 il geridə qalıb… Proqramın həyata keçirilməsi çox böyük vəsait tələb edir. Maliyyə ayrılana kimi, mövcud imkanlardan səmərəli istifadə olunması şərtdir. Dövlət AFFA xətti ilə hər il futbola kifayət qədər dotasiya ayırır və maliyyə qonşu Qafqaz ölkələrinin futbola yatırımından daha çoxdur. Bu vəsaitin xərclənmə mexanizminə yenidən baxılmalıdır. Klublara ödənilən maliyyənin böyük hissəsi legionerlərə ödənilir. Digər tərəfdən, strateji planların həyata keçirilməsi məsələləri bəzi hallarda AFFA-nı aşır. Bura həqiqi hərbi xidmət, infrastruktur üçün torpaq sahələrinin ayrılması və s. məsələlər daxildir. Bütün bunlar dövlət səviyyəsində və müvafiq qurumlarla əlaqəli həll olunmalıdır. AFFA təkbaşına strateji inkişaf planını istəsə də belə, tam həcmdə həyata keçirə bilməz. Önəmli olan doğru yolun tutulması və tədricən bunların həyata keçirilməsidir. İnkişaf Strategiyası qəbul edilib, istək göstərilib, 2-3 olmasın, lap 5-6 il olsun, təki həyata keçirilsin, kağız üzərində qalmasın. 2027-ci ildə Azərbaycanda keçiriləcək U-20 dünya çempionatına hazırlıq bu işlərə böyük təkan verə bilər.

– Sizin layihə rəhbəri olduğunuz “Sabahın ulduzları” yarışının keçirilməsi gözlənilir. İşlər nə yerdədir?
– “Sabahın ulduzları” böyük, əhatəli layihədir. Hazırlıq mərhələsi davam edir. Uşaq, yeniyetmə futbolu olmasına baxmayaraq, yeni, daha peşəkar tələblərə cavab verən əsasnamə hazırlandı, AFFA ilə birgə təsdiq olundu. Xüsusi dizaynda medallarımız, mükafatlarımız hazırdı artıq. Paytaxtda futbol infrastrukturu probleminin olması heç kimə sirr deyil. Bunu nəzərə alaraq oyunlar mərkəzləşdirilmiş qaydada Bayıl stadionunda keçiriləcək. AFFA daxili resursları hesabına aprel ayından Bayıl stadionunda əsaslı təmir işlərinə start verəcək. İnzibati bina, mövsüm bitən kimi isə, ot örtüyü, projektorlar dəyişdiriləcək, digər zəruri işlər görüləcək. Bakı zonasında futbol mərkəzi-akademiyasının inşasına kimi, arena əsaslı təmirdən sonra uşaq-gənclər futbolu və tədris mərkəzinə çevrilməlidir. Yenidənqurmadan dərhal sonra, daha yaxşı şəraitdə “Sabahın ulduzları” yarışları start götürəcək. Sponsor, tərəfdaşlarla danışıqlarımız davam edir. “CBC Sport” kanalında canlı yayımın təşkili, həftəlik xüsusi verilişin olması razılığı əldə olunub. Digər tərəfdən YouTube versiyası üzərindən 100-dən çox oyunun canlı göstərilməsi üçün işlərimiz davam edir. Uşaq futbolunda heç vaxt belə yanaşma olmayıb. Yarışlara ancaq əsasnamə tələblərinə cavab verən klub, komandalar buraxılacaq. Kəmiyyət yox, keyfiyyət ön planda olacaq. İstedadlı futbolçuların üzə çıxması, yetişməsi ilə yanaşı məşqçilərin, hakimlərin, gənc klub menecerlərinin inkişafı təmin ediləcək, praktiki və nəzəri seminarlar keçiriləcək. “Sabahın ulduzları” layihəsi uşaq-gənclər futboluna münasibəti dəyişəcək. İnanıram ki, bu nəcib işlərdə media, jurnalistlər, ümumilikdə futbol ictimaiyyəti öz dəstəyini əsirgəməyəcək.

– Klublar tərəfindən “Sabahın ulduzları” layihəsinə maraq hansı səviyyədədir?
– Bu yarış özünü illərdi doğrultmuş layihədir. AFFA ilə bərabər aparıcı klublarla danışılıb və məşqçi, futbolçular səbirsizliklə “Sabahın ulduzları”nın startını gözləyirlər.

– Uşaq futbolundan söz düşmüşkən, bu sahəni bilməyinizlə bərabər BFF əməkdaşları manitorinqlər aparır. Uşaq futbolunda vəziyyət nə yerdədir?
– Assosiasiya ilə razılıq əsasında manitorinqlər keçirilir və mövsümün sonunda kompleks halda detallı təqdimat hazırlanacaq. Övladınız da U-13 “Neftçi”nin futbolçusudur, hər həftə oyunları izləyirsiniz. İstedadlarımız yetərincədir. Problem uşaq-gənclər futboluna olan münasibətdir. “Uşaq futbolu yoxdur” deməklə futbolçu yetişməz! Əməli işlər görülməli, ortaya keyfiyyətli məhsul qoyulmalıdır. AFFA tərəfindən klublara hər il bu sahə üzrə 500 min manat (12 klub – 6 milyon) təmənnasız vəsait ödənilir. Əlavə olaraq yarışların keçirilməsinə 1-2 milyon pul xərclənir. Toplam 7-8 milyon vəsait sərf olunur. Azərbaycan şərtləri üçün az məbləğ deyil. “Neftçi”, “Sabah” kimi klublar uşaq futboluna yatırım edir, “Ulduz”, digər özəl klublar az vəsait xərcləmir. Hər mövsüm bu rəqəm ümumilikdə 10-15 milyon edir. Bunun qarşılığında keyfiyyətli futbolçu qıtlığının olması ölkə futbolunun faciəsidir. Deməli, işlər düzgün qurulmayıb. Tək infrastruktur çatışmazlığı problemi deyil, işə yanaşma, təşkilatı səviyyə, məşqçi kvalifikasiyası, hakimlik və digər məqamlar kompleks yanaşma ilə həll edilməlidir. Bölgələrimizdə vəziyyət daha acınacaqlıdır. Bu sahədə köklü islahatlar aparılmalıdır.

– Aşağı yaş qrupları yığmaların çıxışında bu, özünü açıq göstərir. Neçə il lazımdır ki, vəziyyət düzəlsin?
– İllərə bölmək istəməzdim. İşə düzgün, peşəkar yanaşma ilə keyfiyyət prosesini sürətləndirmək mümkündür.

– “FİFA series-2026” oyunlarında millinin çıxışını necə qiymətləndirirsiniz?
– Azərbaycan futbolu elə vəziyyətdədir ki, hər bir xırda qığılcım da pozitivliyə söykənməlidir. Əvvəlki illərə baxanda, millidə məğlub psixologiya, bəhanələr aşılanmır artıq. İstək, məsuliyyət, qələbə ruhu formalaşır. Məşqçi, futbolçular da bunun fərqindədilər. Ölkə futbolunun durumu bəllidir. İmkanlar daxilində minimumdan maksimumun əldə edilməsinə çalışılmalıdır. Millinin toplanışı qarşıdakı aylar üçün faydalı olacaq. Ayxan Abbasov turnirdə nəticə dalınca qaçmadı, demək olar, bütün futbolçuları müxtəlif oyun quruluşunda sınadı. Hətta final görüşündə rəqib nəticəni düşünüb optimal heyəti dəyişmirdisə, Azərbaycan yoxlama oyunu düşüncəsi ilə kifayət qədər əvəzetmələr etdi. Önəmli olan baş məşqçinin müsbətləri, boşluqları görməsi və qarşıdakı toplanışlarda bunların inkişaf etdirilməsi, aradan qaldırılmasıdır. İstənilən qələbə psixoloji olaraq futbolçularda özünəinamı artırır. Əsas, eyforiyaya qapılmadan potensialın artırılması, rəqabətin yaradılması, rəsmi oyunlar üçün optimal heyətin formalaşdırılmasıdır.

– Premyer Liqada klublar tərəfindən hakimlərdən narazılıq sanki çoxalıb. Beynəlxalq dərəcəli hakim kimi münasibətiniz maraqlıdır, bu, bəzi klubların özünü sığortasıdır, yoxsa həqiqətən hakim idarəçiliyində problemlər var?
– Premyer Liqada son dövrədir, çempionat sona yaxınlaşır. Hazırda elə durumdur ki, komandalar hər xal uğrunda amansız mübarizə aparırlar. Turnir cədvəlində olan vəziyyət asan oyunların olmadığını göstərir. Bu, çempionluq, avrokubok zonası uğrunda rəqabətlə bərabər, autsayderlər qrupuna da aiddir. Hakimlərdən maksimum konsentrasiya, psixoloji hazırlıq tələb olunur. Demək olar, hər il qaydalarda dəyişiklər edilir, yeni tövsiyyələr verilir. Nəinki futbolçular, bir çox hakimlər yenilikləri qavramağa, meydanda tətbiq etməyə çətinlik çəkirlər. Bu da məşqçilərin, azarkeşlərin narazılığına səbəb olur. Sürətlə dəyişdirilən “Oyun qaydaları” publikada çaşqınlıq yaradır, sabitlik pozulur. Klubların əsas etirazı referi-VAR sinxronluğunun olmamasına, eyni, oxşar epizodlarda hakimlərin fərqli yanaşmalarınadır. Referilərin mübahisə doğuran epizodlarda birmənalı baxışı təmin edilməlidir. Finişə 8 tur qalıb, hakim qərarları geniş müzakirələrə səbəb olacaq. AFFA hakimlər üçün istənilən şəraiti yaradıb. Bunun qarşılığı meydanda yüksək səviyyədə verilməlidir.

Elçin Cəlilov

“Qalatasaray”ın baş məşqçisi London klubuna “yox” deyib

1 April 2026 at 13:29

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Tottenhem”dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Tutto Mercato” nəşri məlumat yayıb. London klubu mütəxəssisi baş məşqçi təyin etmək istəyib, lakin Burukun cavabı “yox” olub.

“Tottenhem” dünən “sükanın” Roberto De Zerbiyə tapşırıldığını açıqlayıb.

“Hazırda bacarmayacağımız şey yoxdur” – Hakan

1 April 2026 at 12:47

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu dünya çempionatına vəsiqə qazanmaları haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi mundialla bağlı bunları deyib:

“Çox istedadlı komandayıq. Hazırda bacarmayacağımız şey yoxdur. Arzularımız var. Bütün futbolçular xəyal qurur. İnşallah, dünya çempionatında ölkəmizi layiqincə təmsil edəcəyik”.

Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər olacaq. Mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

AFFA Vaqif Cavadova iş verdi

1 April 2026 at 12:32

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

Futbolpress.az xəbər verir ki, qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.

Azərbaycanın U-20 yığmasının baş məşqçisi portuqaliyalı Ruy Jorjedir.

“Belə qələbələr bizə daha da inam verəcək” – Hüseynov

1 April 2026 at 12:00

Azərbaycan millisi “FIFA Series-2026” turnirinin qalibi olub. Yığma həlledici görüşdə Syerra Leone millisini penaltilər seriyasında məğlub edib.

Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynov “Futbolpress.az“a açıqlamasında turnirdəki çıxışlarını şərh etdi:

“Qalib gəlmişiksə, hər şey müsbətdir. Qələbə hər zaman yaxşı hiss etdirir. Komanda yoldaşlarım, hamı əziyyət çəkdi. Əvvəldən istəyimiz turnirin qalibi olmaq idi və bunu bacardıq”.

Müdafiəçi millinin iki oyundakı performansından söz açdı:

“Yaxşı oyunlar oynadıq. İkinci matçda rəqib daha yaxşı idi. Bizə meydanda çətinlik yaratdılar. Buna baxmayaraq, penaltilər seriyasında qələbə qazandıq. Hər bir halda, qalib gəlmək xoşdur. Belə qələbələr inamımızı daha da artıracaq. Növbəti oyunlarda maksimum nəticə göstərməyə çalışacağıq”.

Şahin Cəfərov

Mitkov: “Azərbaycanla matçda qələbəyə layiq idik”

1 April 2026 at 11:39

Bolqarıstanın U21 yığmasının üzvü Asen Mitkov Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan futbolçu 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Qələbə üçün bir qol çatmadı. Son dəqiqələrdə şanslarımız oldu, amma yararlana bilmədik. Birinci hissədə tələskənliyə yol verdik. Fasilədən sonra daha yaxşı oynadıq. Azərbaycanla matçda qələbəyə layiq idik. Heyətdə itkilərimizin olması oyuna təsir etdi”.

Bolqarıstanlı məşqçi Azərbaycanla oyundan sonra nələr dedi?

1 April 2026 at 11:22

Bolqarıstanın U21 yığmasının baş məşqçisi Todor Yantsev Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Nə olursa-olsun qələbə qazanmalı idik. Birinci hissədə oyunumuzu göstərə bilmədik. Fasilədən sonra çox yaxşı oynadıq, qol şansları yaratdıq. Azlıqda qalsaq da, qələbə üçün şanslarımız var idi. Matçdan əvvəl gözlənilməz itkilərimiz oldu və bu, matça təsirini göstərdi”.

Qattuzo: “Belə məğlubiyyəti həzm etmək çox çətindir”

1 April 2026 at 11:16

İtaliya millisi DÇ-2026-da iştirak etməyəcək.

Futbolpress.az xəbər verir ki, “azzuri” pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

Millinin baş məşqçisi Cennaro Qattuzo “Football İtalia”ya açıqlamasında məğlubiyyəti belə şərh edib:

“Buna layiq deyildik. Çox çalışdıq, mübarizə apardıq, amma alınmadı. Rəqib qapısı qarşısında üç real şans yaxaladıq. Onlar isə demək olar, ciddi epizod yaratmadan qalib gəldi.

Komandamla fəxr edirəm. İtaliya futbolu üçün bu mundial vacib idi. Belə məğlubiyyəti həzm etmək çox çətindir”.

Dördqat dünya çempionu mundiallar tarixinə antirekordla düşdü

1 April 2026 at 10:50

İtaliya millisi DÇ-2026-da iştirak etməyəcək.

Futbolpress.az xəbər verir ki, “azzuri” pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

İtaliya dünya çempionluğu yaşamış, amma ardıcıl 3 mundialı buraxan ilk milli komanda olub.

Dördqat dünya çempionu sonuncu dəfə 2014-cü ildə qitənin ən nüfuzlu futbol turnirində iştirak edib.

Messi onlara da qol vurdu

1 April 2026 at 10:34

Argentina yığması yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, “tanqoçular” Zambiya ilə üz-üzə gəlib. Görüş Argentinanın 5:0 hesablı qələbəsiylə başa çatıb.

Qolları Messi, Alvares, Otamendi, Çanda və Barko vurub.

Zambiya yığması Messinin karyerasında qol vurduğu 40-cı milli komanda olub.

Qurbanovun “sarı”ları

1 April 2026 at 10:21

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi idarəçilik edib.

Futbolpress.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən Niderland – Belarus matçında (2:1) ədalət təmsilçisi olub. O, meydan sahiblərinin 2, qonaqların isə 1 futbolçusuna sarı vərəqə göstərib.

Digər həmyerlimiz Asiman Əzizli isə köməkçi hakim funksiyasını yerinə yetirib.

Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

Çikaqoda “sülh”

1 April 2026 at 10:09

Meksika və Belçika milli komandaları yoldaşlıq oyununda üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, görüş Çikaqoda baş tutub. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

Meksikanın qolunu Xorxe Sançes vurub. Belçikada isə Dodi Lukebakio fərqlənib.

Meksika yığması dünya çempionatının A qrupunda Cənubi Afrika, Cənubi Koreya, Çili və Çexiya ilə mübarizə aparacaq.

Belçika millisi isə G qrupunda Yeni Zelandiya, Misir və İranla üz-üzə gələcək.

ABL: pley-in mərhələsinin cütləri

1 April 2026 at 09:45

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, “Quba” 1/4 final yolunda “Şəki” ilə qarşılaşacaq. “Sərhədçi”nin rəqibi isə “Naxçıvan” olacaq.

Oyunlar 3-10 aprel aralığında keçiriləcək. 2 qələbə sayına tez çatan komanda 1/4 finala yüksələcək.

Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsi

Quba – Şəki
Sərhədçi – Naxçıvan
Lənkəran – Gəncə
Sumqayıt – NTD Bakı

Kapitan “Sumqayıt”la vidalaşa bilər

1 April 2026 at 09:30

Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə yayda “Sumqayıt”dan ayrıla bilər.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi iddialı komandada oynamaq arzusundadır. “Kimyaçılar”ın yetirməsi bu mövsümün əvvəlində “Neftçi” və “Zirə”dən təklif almasına baxmayaraq, “Sumqayıt”da qalmışdı. Kapitan artıq dəyişiklik vaxtının olduğunu düşünür.

Səbuhi bu mövsüm 27 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Sumqayıt”la müqaviləsi 2027-ci ilin yayına kimidir.

Şahin Cəfərov

DÇ-2026: qruplar

1 April 2026 at 09:15

Bu il keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçıları məlum olub.

Futbolpress.az xəbər verir ki, Türkiyə yığması D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fil dişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundial  iyunun 11-dən iyulun 19-na qədər keçiriləcək.

“Türkiyə sonuncu dəfə dünya çempionatına qatılanda 1 yaşım var idi”

1 April 2026 at 08:41

Türkiyə millisinin futbolçusu Orkun Kökçü DÇ-2026-nın pley-off mərhələsinin finalında Kosovoya qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi mundiala vəsiqə qazanmalarını belə şərh edib:

“Çox xoşbəxtik. Böyük hədəfimiz vardı. Türkiyə sonuncu dəfə dünya çempionatına qatılanda mən hələ 1 yaşında idim. Hər zaman o hekayələri eşidirdik. Hədəfimiz yeni hekayəni bizim yazmağımız idi”.

Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər olacaq. Mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

Montella: “Dünya çempionatı futbolun zirvəsidir”

1 April 2026 at 08:14

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın pley-off mərhələsinin finalında Kosovoya qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Futbolçularımla qürur duyuram. Çox istedadlı olmaqlarına baxmayaraq, böyük fədakarlıq və səbirlə oynadılar. Rəqibimiz sona qədər mübarizə apardı. Bizə çox çətinlik yaşatdılar.

Hər məşqçi dünya çempionatında olmağı arzu edər. Buna nail olduğum üçün çox xoşbəxtəm. İnanılmaz hisslərdir. Dünya çempionatı futbolun zirvəsidir”.

Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər olacaq. Mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı

1 April 2026 at 00:49

Türkiyə millisi dünya çempionatına vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, “ay-ulduzlular” həlledici görüşdə Kosovonu məğlub edib – 1:0.

Görüşdə yeganə qolu ikinci hissədə Kerem Aktürkoğlu vurub.

“Heç-heçə ədalətli nəticədir”

31 March 2026 at 23:34

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Plovdivdə Bolqarıstan yığması ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçı belə şərh edib:

“Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik”.

Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

Before yesterdayFutbolPress.Az

Türkiyə millisinin baş məşqçisi oyun zamanı huşunu itirdi

31 March 2026 at 20:39

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Türkiyə oyununda xoşagəlməz hadisə baş verib.

Futbolpress.az xəbər verir ki, türklərin baş məşqçisi Egemen Korkmaz meydanın kənarında huşunu itirib və yerə yıxılıb. Hadisə matçın 35-ci dəqiqəsində baş verib.

Hakim bu səbəbdən oyunu dayandırıb. Korkmaz ilkin müdaxilə ilə ayılsa da, xəstəxanaya aparılıb.

Matçın baş tutub-tutmayacağı məlum deyil. Görüş ilk hissədə 0:0 olarkən dayandırılıb.

“Tottenhem” baş məşqçisini açıqladı

31 March 2026 at 20:15

“Tottenhem”in yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, London təmsilçisinin “sükanı” Roberto De Zerbiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

İtaliyalı mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilən İqor Tudoru əvəzləyib.

De Zerbi son olaraq “Marsel”i çalışdırıb.

“Milan” serbiyalı hücumçu transfer etdi

31 March 2026 at 19:13

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” Serbiyanın “Partizan” klubundan Andrey Kostiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Kostiç yayda “Milan”a qoşulacaq.

Forvard bu mövsüm 27 oyunda 10 qol vurub.

Türkiyə millisiylə birgə Bursada toplanış

31 March 2026 at 18:50

Sərbəst güləş üzrə Azərbaycanın U20 milli komandası növbəti təlim-məşq toplanışına başlayır.

Futbolpress.az xəbər verir ki, milli sabahdan Bursada Türkiyə millisiylə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq). Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib.

Millimiz toplanış bitdikdən sonra 17-19 apreldə keçiriləcək “Çempionlar” turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.

Milli İsveçrə ilə bir qrupda

31 March 2026 at 18:29

Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub.

Futbolpress.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv A qrupunda İsveçrə, İslandiya və İrlandiya ilə üz-üzə gələcək.

AVRO-2029-un ilkin seçmə oyunları noyabrın 8-18-i aralığında, həmçinin 2027-ci ilin fevralın 7-17-də keçiriləcək.

“Fənərbağça”nın prezidenti qəzaya düşdü

31 March 2026 at 18:18

“Fənərbağça” klubunun prezidenti Sadettin Saran avtomobil qəzası keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb. Hadisə İstanbulda, Saran evə gedən zaman baş verib. Qəzada Saran xəsarət almayıb.

Qeyd edək ki, Sadettin Saran ötən ilin sentyabrından “Fənərbağça”nın prezidentidir.

 

“Mareskanın gedişi bizə çox təsir göstərdi” – Kukurelya

31 March 2026 at 17:50

“Çelsi”nin futbolçusu Mark Kukurela açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan müdafiəçi komandanın sabiq baş məşqçisi Enzo Mareska haqda danışıb:

“Mareska ilə 18 ay işlədik və bir-birimizi yaxşı bilirdik. “Arsenal”a baxın, Arteta yeddi ildir, komandadadır. Hələ çox böyük kubok qazanmasalar da, ona inanmaqda davam edirlər. Mareskanın gedişi bizə çox təsir göstərdi. Mən olsaydım, mövsümün sonuna qədər onunla yola davam edərdim”.

“Çelsi” ilin əvvəlində Mareska ilə vidalaşıb və komandanı hazırda Liam Rosenyor çalışdırır.

London klubu Premyer Liqada 31 turdan sonra 48 xalla 6-cı sıradadır.

“Qalatasaray” həyatımı dəyişdi”

31 March 2026 at 17:30

“Qalatasaray”ın futbolçusu Qabriel Sara açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Braziliya millisinin düşərgəsində “Canal Wamo Youtube”yə danışan yarımmüdafiəçi İstanbul klubunun həyatına təsirindən söz açıb:

“Qalatasaray”da milliyə yüksələ bilməyim üçün hər şeyi etdilər. Çempionlar Liqasında mübarizəmiz bu yolda mənə çox kömək oldu. Kim olduğumu göstərmək istəyirəm. Klubuma qayıdanda da yüksək formamı qorumalıyam. “Qalatasaray” həyatımı dəyişdi”.

Sara 2024-cü ildən “Qalatasaray”da çıxış edir.

Montella onları kənarda saxladı

31 March 2026 at 17:15

Kosovo və Türkiyə yığması bu gün dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüşə saat 22:45-də start veriləcək.

Türkiyə yığmasında beş futbolçu oyunun heyətinə daxil edilməyib. Baş məşqçi Vinçenso Montella Merih Demiral, Məhəmməd Şengezer, Oğuz Aydın, Ahmetcan Kaplan və Mustafa Eskihellaça ehtiyac duymayıb.

“Sabah” iki legioneri millidə debüt etdi

31 March 2026 at 16:45

“Sabah”ın futbolçuları milli komandalarda oyunlara çıxıb.

Futbolpress.az xəbər verir ki, Rəhman Daşdəmirov, Aleksey İsayev, Xəyal Əliyev və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətində “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub. Rəhman Sent Lüsiya, Aleksey Syerra Leone, Xəyal və Abdulla isə milli komandamızın turnir çərçivəsində keçirdiyi hər iki matçda şans qazanıb.

Coy-Lens Mikels Ruanda millisində debüt edib və “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub. O, Estoniya ilə matçda komandasının qələbəsinə məhsuldar ötürmə ilə töhfə verib.

Umarali Raxmonaliyev isə Qabon yığma komandası ilə oyunda Özbəkistanın əsas millisinin heyətində debüt edib.

Priştinada türklərə jest

31 March 2026 at 16:29

Kosovo və Türkiyə yığması bu gün dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüşə saat 22:45-də start veriləcək.

Oyunun keçiriləcəyi Priştinada yerli əhali türkiyəli fanatlara jest edib. Kafelərin birində qonaq fanatlara çay və qəhvə pulsuz verilir:

“Bütün türk azarkeşlərə qəhvə və çay pulsuzdur. Siz bunları 1999-cu ildə ödəmisiniz, indi borcunuz yoxdur”.

“Çempionluq mübarizəsində növbəti üç tur həlledici olacaq”

31 March 2026 at 16:00

“Şəfa” Azərbaycan I Liqasında 19 turdan sonra 45 xalla birinci sıradadır. Bu mövsüm məğlub olmayan bakılılar ən yaxın izləyicisi “Baku Sportinq”i 8 xal qabaqlayır.

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Mövsüm başlayandan tam istədiyimiz səviyyədə oyun göstəririk. Nəticələr də istədiyimiz kimidir. Çox qol vurur, az qol buraxırıq. İşimizin öhdəsindən gəlməyi bacarırıq. Amma bu, o demək deyil ki, çempionluğun taleyini həll etmişik. Qarşıda turlar var və hər şey dəyişə bilər. Stabilliyi, ciddiyyəti qorumalıyıq”.

“Şəfa” çempionatda növbəti üç turda “Mingəçevir”, “Səbail” və “Baku Sportinq”lə qarşılaşacaq. Mütəxəssis liqada ən kritik dönəmin başladığını qeyd etdi:

“İndi çempionluq haqda danışmırıq. Önümüzdə üç vacib oyun var. Çempionatda ən çətin dönəm bundan sonra başlayır. Düşünürəm ki, çempionluq yolunda növbəti üç tur həlledici olacaq”.

Kərəmli klubdan ayrılacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirdi:

“Belə xəbərlər hər klubda olur. Mövsümün sonuna kimi işimizdəyik. İndi çıxan şayiələrə fikir vermirik. Bunu düşünsək, işimizə istədiyimiz kimi diqqət edə bilmərik”.

Şahin Cəfərov

“Belə nəticələrlə barışmaq çətindir” – Kukurelya

31 March 2026 at 15:29

“Çelsi”nin futbolçusu Mark Kukureyla Çempionlar Liqasında PSJ-yə məğlub olmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi turnirdə mübarizəni 1/8 finalda dayandırmalarına belə izah verib:

“PSJ ilə oyunlarda təcrübəmiz çatmadı. Bir çox oyunçu üçün belə səviyyədə oyun ilk idi və bunun cəzasını çəkdik. Belə nəticələrlə barışmaq çətindir. Hər gün mübarizə aparırsan, çalışırsan, amma başa düşürsən ki, hələ də yüksək səviyyəndən uzaqsan”.

“Çelsi” PSJ-yə səfərdə 2:5, evdə isə 0:3 hesabıyla uduzub.

Gəncədə 11 ölkə təmsilçiləri yarışacaq

31 March 2026 at 15:26

Aprelin 4-də Gəncədə start götürəcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Gəncə İdman Sarayında iki gün davam edəcək yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.

Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ idmançıları gücünü sınayacaq.

Ölkəmiz turnirdə 100-dən çox cüdoçu ilə təmsil olunacaq.

 

Dağıstanlı “Beşiktaş”da

31 March 2026 at 15:16

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Bandırmaspor”dan 14 yaşlı Görkem Dağıstanlını transfer edib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dağıstanlı “Bandırmaspor”un U-14 komandasında bu mövsüm 10 oyunda 15 qol vurub, 11 məhsuldar ötürmə edib.

Millinin sabiq qapıçısı vəfat etdi

31 March 2026 at 14:50

Bolqarıstan millisinin sabiq qapıçısı Borislav Mixaylov vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Keçmiş qolkiper 2025-ci ilin noyabrında insult keçirmişdi.

Mixaylov 1983-1996-cı illərdə Bolqarıstan millisində çıxış edib.

“Sumqayıt” bolqarıstanlı futbolçu ilə maraqlanır

31 March 2026 at 14:30

Bolqarıstanın ÇSKA klubunun futbolçusu İlian İliyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Sumqayıt” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Blits” nəşri məlumat yayıb. “Kimyaçılar”ın baş məşqçisi Saşa İliç Sofiya təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olan futbolçunun transferini istəyir.

İliyev Bolqarıstan yığmasının da üzvüdür. O, bu mövsüm 23 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Mançester Yunayted”dən 1+1 illik təklif

31 March 2026 at 14:15

“Mançester Yunayted” futbolçusu Harri Maquayrla müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” müdafiəçiyə 1+1 illik sözləşmə təklif edib. Bu barədə ESPN məlumat yayıb. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilib.

Maquayr 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir. O, 266 oyunda 17 qol vurub, 9 məhsuldar ötürmə edib.

Milli üzvü “qızıl” qazandı

31 March 2026 at 13:52

Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə “Asiya Qran Pri 2026” beynəlxalq turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Kənan Həsənzadə uğurla çıxış edib.

O, “Backgammon” (Blitz) kateqoriyasında 256 iştirakçı arasında hamını qabaqlayaraq qızıl medal qazanıb.

 

AÇ: millinin oyun proqramı bilindi

31 March 2026 at 13:34

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək. Görüş mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək.

Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.

“İran yığmasının düşdüyü çətin vəziyyətdən xəbərdarıq”

31 March 2026 at 13:20

FIFA prezidenti Canni İnfantino İran yığmasının dünya çempionatında mümkün iştirakı ilə bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri “El Financiero”ya açıqlamasında bunları deyib:

“İran yığmasının düşdüyü çətin vəziyyətdən xəbərdarıq. Çalışırıq. Dünya çempionatının ən yaxşı halda keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Lakin indi İranla bağlı ancaq A planımız var, alternativ yoxdur”.

Dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. İran yalnız oyunlarının Meksikaya salınacağı halda, turnirdə iştirak edə biləcəyini açıqlayıb.

“Sportinq”in hücumçusu “Liverpul”un hədəfində

31 March 2026 at 12:46

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Luis Suares karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” kolumbiyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Corriere de Mah” nəşri məlumat yayıb.

“Sportinq” yayda keçiriləcək dünya çempionatının sonuna kimi futbolçunu buraxmayacaq. Klub oyunçunun yaxşı performansı ilə dəyərinin artması ehtimalına qarşı bu qərarı verib.

Suares bu mövsüm 42 oyunda 33 qol vurub.

“Millətlər Liqasında da yaxşı nəticələr əldə etmək olar”

31 March 2026 at 12:30

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirinin qalibi olub. Yığma Sent Lüsiyaya (6:1) və Syerra Leoneyə (1:1, penaltilər 9:8) qalib gəlib.

“Qəbələ” və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev millinin turnirdəki çıxışı ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Millinin oyunlarını necə dəyələndirirsiniz?
– Hər toplanış komanda üçün faydalıdır. Uyğunlaşma, xəttlərarası əlaqələri yaxşılaşdırmaq adına yaxşı fürsət idi. Baş məşqçi Ayxan Abbasov da yeni oyunçuları yoxlaya bildi.

– Sizcə, bu iki oyundan hansı faydanı götürmək olar?
– Futbolçuların özünəinamı artdı. Hər iki oyunda komanda çox istəkli görünürdü. Düşünürəm ki, millinin qarşısına turnirin qalibi olmaq hədəfi qoyulmuşdu.

– Rəqiblərin də gücünü nəzərə almaq lazımdır…
– Hər bir halda, rəqibdən asılı olmayaraq, qələbələr motivasiya artırır, futbolçularda özgüvən yaradır. Amma oyun planında bəzi şeyləri daha yaxşılaşdırmaq lazımdır.

– Bu oyunla Millətlər Liqasında şanslar necədir?
– Avropa komandaları fərqli oynayır. Oyun sistemini daha da yaxşılaşdırmaq lazımdır. Məncə, Millətlər Liqasında da yaxşı nəticələr əldə etmək olar. Nə qədər acı səslənsə də, indi D Liqasındayıq və bütün hədəf C Liqasına qaxlmaq olmalıdır. Buna köklənməliyik.

Ölkə çempionatına yekun vuruldu

31 March 2026 at 12:09

Şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, yarış ilk dəfə paytaxtdan kənarda – Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub. Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qaliblər və mükafatçılar:

8 yaşadək oğlanlar:
1. Ziya Qubatov (Quba)
2. Məhəmməd Mirzəyev (Bakı)
3. Kəmaləddin Hüseynov (Bakı)
3. Suad Rəhimli

8 yaşadək qızlar:
1. Əminə Əmənzadə (Bakı)
2. Selin Məmmədova (Gəncə)
3. Aylin Abbaslı (Şamaxı)

10 yaşadək oğlanlar:
1. Nurlan Qənizadə (Bakı)
2. Kənan Babasoy (Bakı)
3. Daniel Konovalov (Bakı)

10 yaşadək qızlar:
1.Nurcan Tahirova (Gəncə)
2. Banu Məmmədzadə (Bakı)
3. Şəms Carçılı (Qazax)

12 yaşadək oğlanlar:
1. Səfa Hümmətov (Bakı)
2. Kamran Babayev (Bakı)
3. Nurlan Əzizli (Sumqayıt)

12 yaşadək qızlar;
1. Mehriban Əhmədli (Gəncə)
2. Xanımzar Hümmətli (Sumqayıt)
3. Sadəgül Əfəndi (Bakı)

14 yaşadək oğlanlar;
1. Şəmsi Qaraxanov (Bakı)
2. Yaşar Şirinov (Bakı)
3. Suat İbrahimli (Bakı)

14 yaşadək qızlar;
1. Zəhra Allahverdi (Mingəçevir)
2. Leyla Mirzəliyeva (Sumqayıt)
3. Fatimə Mirzəliyeva (Sumqayıt)

16 yaşadək oğlanlar;
1. Paşam Əlizadə (Bakı)
2. Elçin Şəkərəliyev (Sumqayıt)
3. Hüseyn Qurbanov (Gəncə)

16 yaşadək qızlar;
1. Lalə Hüseynova (Bakı)
2. Əsnad Vəliyeva (Bakı)
3. Ayan Hüseynli (Bakı)

18yaşadək oğlanlar;
1. Tunar Davudov (Bakı)
2. Rüstəm Rüstəmov (Sumqayıt)
3. Fərid Orucov (Sumqayıt)

18yaşadək qızlar;
1. Nərmin Abdinova (Bakı)
2. Nurtən Nuriyeva (Sumqayıt)
3. Leyla Budaqova (Gəncə)

Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2.000 AZN-dək maddi dəstək göstəriləcək.

Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi

31 March 2026 at 11:45

Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb. 50 yaşlı mütəxəssis yoldaşlıq oyununda Almaniyaya məğlubiyyətdən (1:2) sonra istefaya göndərilib.

Addo 2024-cü ilin martından komandaya rəhbərlik edirdi.

Qana yığması ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.

“Fənərbağça” və “Qalatasaray” onun üçün “yarışacaq”

31 March 2026 at 11:30

“Roma” ilə müqaviləsi mövsümün sonuna qədər olan Paulo Dibala karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.

“Fənərbağça” və “Qalatasaray” argentinalı hücumçunu heyətinə qatmaq istəyir. Dibala hələ qərar verməyə tələsmir və danışıqlara başlamayıb.

Dibala bu mövsüm A Seriyasında 17 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Zirə”nin legioneri “FIFA Series-2026″nın ən yaxşı oyunçusu seçildi

31 March 2026 at 11:13

“Zirə”nin futbolçuları Leroy-Jak Mikels və Anje Mutsinzinin çıxış etdiyi Ruanda millisi “FIFA Series–2026” beynəlxalq turnirinin qalibi olub.

Futbolpress.az xəbər verir ki, yığma həlledici görüşdə Estoniyanı məğlub edib – 2:0.

“Zirə”nin futbolçusu Leroy Mikels görüşdə bir qolla yadda qalıb. Daha əvvəl Qrenade ilə matçda da fərqlənən Leroy turnirin ən yaxşı oyunçusu seçilib.

Ruandada “Zirə”nin digər futbolçusu Ange Mutsinzi, “Sabah”ın hücumçusu Joy-Lens Mikels və “Karvan-Yevlax”ın vingeri Coy-Slayd Mikels də çıxış edir. Hər üç futbolçu Estoniya ilə matçda şans qazanıb.

Tuxel risk etməyəcək

31 March 2026 at 10:53

İngiltərə milli komandası bu gün yoxlama matçı keçirəcək.

Futbolpress.az xəbər verir ki, yığma Yaponiya ilə üz-üzə gələcək.

İngiltərə millisinin futbolçusu Cud Bellingem görüşü buraxacaq. Onun yüngül zədəsi var və baş məşqçi Tomas Tuxel yerli mətbuata açıqlamasında yarımmüdafiəçini risk etməyəcəyini bildirib.

İngiltərə – Yaponiya oyunu saat 22:45-də başlayacaq.

Avram məğlubiyyəti kənardan izlədi

31 March 2026 at 10:37

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova yığması yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Kiprlə üz-üzə gəlib. 5 qolun vurulduğu matç Moldovanın məğlubiyyəti ilə başa çatıb – 2:3.

Avram oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi

31 March 2026 at 21:58

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan milli səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

31 mart

20:00. Bolqarıstan (U-21) – Azərbaycan (U-21) 0:0
Plovdiv, “Xristo Botev”
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Dmitro Zaporojenko, Viktor Nijnik
Dördüncü hakim: Dmitro Pançişin
(Hakimlər briqadası Ukraynadandır)

Nə qazandıq?

31 March 2026 at 10:00

Azərbaycan millisi “FIFA Series-2026” turnirinin qalibi oldu. İlk görüşdə Sent-Lüsiya üzərində tarixə düşən (red-ən böyük hesablı qələbə) qalibiyyət (6:1) əldə edən yığma həlledici oyunda Syerra Leone yığmasını üstələdi.

Sumqayıtda, “Mehdi Hüseynzadə” stadionunda baş tutan görüşə milli daha yaxşı başlasa da, rəqib əks-hücumlardan şanslar əldə etdi. Milli birinci yarıda hücumda effektivlik göstərə bilmirdi. Bəzi anlarda tələskənlik, bəzi anlarda yanlış ötürmələr hücumların nəticəsiz yekunlaşmasına səbəb oldu. Yarımsaatın tamamına dəqiqələr qalmış yığmanı əks-hücumda yaxalayan afrikalılar istədikləri qolu vurmağı bacardı. Epizodda qayda pozuntusunun olub-olmaması da bir sual idi, hər bir halda, epizod bitməmiş diqqəti itirmək olmaz. Milli məhz bu diqqətsizlikdən qapısında qol gördü. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışan yığma iki şans yaxalasa da, rəqib qapıçını keçmək mümkün olmadı.

Milli ikinci hissədə daha üstün oynadı. Görünür, futbolçular fasilədə “ayılmışdı”. Ardıcıl hücumlardan sonra standart vəziyyət zamanı Rahil Məmmədovun akrobatik vuruşu və hesabın bərabərləşməsi komandaya əlavə təkan verdi. Lakin əsas vaxtda önə çıxmaq, oyunu tez bitirmək alınmadı.

Penaltilər seriyası isə daha gərgin alındı. Tərəflər hərəyə 10 penalti vurdu, milli 9-nu, rəqib 8-ni qola çevirdi. Turnirin böyük mahiyyəti olmasa da, həm Azərbaycan, həm Syerra Leone tərəfi qalib olmaq üçün çox arzulu idi. Matçboyu rəqib komandanın baş məşqçisi Məhəmməd Kallonun kənarda çılğınlığı, məğlubiyyət sonrası mətbuat konfransına gəlməməsi onun üçün görüşün necə önəmli olduğunu, məğlubiyyətin isə necə kədərləndirdiyini göstərdi.

“FIFA Series” turniri yoldaşlıq xarakteri daşıyır və beynəlxalq reytinq baxımından ciddi əhəmiyyət kəsb etmir. Hər bir halda, qazanılan iki qələbə və tarixin ilk kuboku yığma üçün motivasiyaverici olacaq.

Qazanc nə oldu?

FIFA reytinqinə cüzi təsir, uzunmüddətli qələbəsizlik seriyasının bitirilməsi və futbolçuların yoxlanılması.

Ayxan Abbasov, demək olar, dəvət etdiyi futbolçuların hamısına şans verdi. Mütəxəssis kimin hələ potensialını artırmalı, kiminsə milli üçün faydalı ola bilməyəcəyini gördü.

Lakin xüsusilə Syerra Leone ilə matçda nümayiş etdirilən oyun Millətlər Liqasında uğur qazanmaq üçün yetərli olmayacaq. Bu turnirdəki rəqiblərimiz  Lixtenşteyn və Litva olacaq. Birinciləri hər iki matçda məğlub etmək olar, amma Litva kifayət qədər ciddi rəqibdir. Son dövrlərdə inkişafda olan bu komanda müdafiədə kompakt oyunu ilə seçilir. Syerra Leone yığmasının müdafiəsini yarmaqda çətinlik çəkən, Sent Lüsiya ilə əldə etdiyi 10 şansın birində  dəqiq olan milli Litvaya qarşı daha ciddi hazırlaşmalıdır.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

31 March 2026 at 09:38

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Avropa çempionatı
19:30 Xorvatiya U21 – Türkiyə U21 (TRT Spor)

Yoxlama oyunu
20:00 Norveç – İsveçrə (CBC Sport)
21:00 Rusiya – Mali (Matç Premyer, Matç TV)

DÇ-2026
22:45 Kosovo – Türkiyə (TV8)
22:45 Bosniya və Herseqovina – İtaliya (CBC Sport)

DÇ-2026: İtaliya yenə mundialdan kənar qaldı

1 April 2026 at 02:30

Bu gün dünya çempionatının pley-off mərhələsinin final oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Türkiyə yığması həlledici görüşdə Kosovoya qalib gəlib.

Çexiya Danimarkanı, İsveç isə Polşanı üstələyib. İtaliya millisi isə Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

DÇ-2026
Pley-off mərhələsi, final

31 mart

Bosniya Herseqovina – İtaliya 1:1 (penaltilər 4:1)
Qollar:
Tabakoviç, 79 – M.Kin, 15.

İsveç – Polşa 3:2
Qollar:
Elanqa, 19. Laqerbielke, 44. Dyökereş, 88 – Zalevski, 33. Sviderski, 55.

Kosovo – Türkiyə 0:1
Qol:
K.Aktürkoğlu, 53.

Çexiya – Danimarka 2:2 (penaltilər 3:1)
Qollar:
Şults, 3. Kreyçi, 100 – Andersen, 72. Hoq, 111.

Millinin futbolçusu: “Gülə-gülə danışırıqsa, nə xoş”

31 March 2026 at 09:00

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra millinin futbolçusu Vüsal İsgəndərli fikirlərini bölüşüb:

“Gülə-gülə danışırıqsa, nə xoş. Əlbəttə, istəyimiz budur ki, qələbələr davam etsin. Bu iki oyunda rəqibin adı önəmli deyil. Əsas odur, qələbələr bizə inam versin”.

 

Yeni yolun başlanğıcı…

31 March 2026 at 08:42

Millimiz “FIFA Series-2026” turniri çərçivəsində cırtdan Sent Lüsiya ilə qarşılaşmada ən böyükhesablı qələbəsini qazandı (6:1)…

İkinci oyunda Afrikanın ortabablarından olan Syerra Leone ilə əsas vaxtda 1:1 hesabıyla bitən oyunu dramatik penaltilər seriyasında udub turnirin qalibi oldu – kubok götürdü…

Millinin baş məşqçisi Ayxan Abbasov mükafatlandırmaya övladı ilə qatılmışdı…

Millinin oyunçuları sanki böyük bir turnirin qalibi olubmuş kimi sevinirdi…

Futbolçular mətbuata açıqlamalarında o qədər sevincli görünürdülər ki…

***

Bütün bunlar ironik və ikonik detallarıyla fərqli hisslər yaradırdı.

Açığı, bəzən sentimental olmamaq mümkün deyildi.

Bəli, reallıq hissi hakimlik etsə, olanları qəribə qarşılamaq, təsvir etmək olar. Lakin bütün tərkibi ilə bu mənzərələr futbolumuzun tarixi səbəb-nəticə əlaqələrinin bariz mənzərəsi idi.

Bizə isə rasional olmaq, peşəkar yanaşma gərəkdir.

***

Peşəkarlıq mühitinin formalaşdırılmasına hələ çox var, lakin bir rasional detalı qeyd etmək olar. AFFA-nın baş katibi Cahangir Fərəcullayev “CBC Sport”a flaş açıqlamasında belə bir cümlə işlətdi: “Bu yeni yolun başlanğıcıdır”.

Tipik rasional yanaşmadır. Reallıq hissinə söykənmiş, mövcud vəziyyəti ironiyadan xilas edib gələcək barədə ümidverici iddia etmək.

Bəli, bugünkü nəticə ilə öyünəsi bir şey yoxdur. Lakin simvolik yanaşma sərgiləyib, bu kiçik müsbət məqama uğurlu gələcəyin başlanğıcı mahiyyətində yanaşmaq olar.

Bir şərtlə, iddianın məsuliyyəti dərk edilə və bunun üçün ümidverici zəmin ola/yaradıla.

Varmı?

Görürükmü?

İctimaiyyətin əksəri bu suallara müsbət, pozitiv reaksiya verməz.

Ehtimal ki, bunu AFFA da bilir, baş katibə də əyandır.

3 gün sonra assosiasiyanın hesabat konfransı olacaq. İnkişafa ümid verəcək, yeni yolun başlanğıcı şüarına lobbi yaradacaq arqumentlərin olub-olmayacağı həmin konfransda əyani bilinəcək.

Ötən bir ildə hansı addımlar atılıb və qarşıda hansı planlar/prioritetlər müəyyənləşdirilib? Məhz bu suala cavab həmin konfransda böyük ölçüdə məlum olacaq.

Yeni yolun başlanğıcıdırmı…

Elçin Cəlilov

Bayramov: “Hər cür situasiyaya hazır idik”

31 March 2026 at 08:21

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra millinin qapıçısı Aydın Bayramov fikirlərini bölüşüb:

“Bütün xalqımızı təbrik edirəm. Çoxdandı qələbə qazana bilmirdik. Bu iki qələbə vacib idi. İstərdik ki, elə əsas vaxtda qələbəni təmin edək. Futboldur. Hər cür situasiyaya hazır idik.

Final, penaltilər deyiləndə beynimdə müəyyən ssenarini düşünürdüm. Analiz etmişdim. Düzdür, penaltilər seriyası mənim üçün çox uğurlu alınmadı. İstiqaməti tapırdım, amma tuta bilmirdim”.

FIFA-dan AFFA-ya xatirə hədiyyəsi

31 March 2026 at 08:00

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib. Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası “FIFA Series – 2026” turnirinin qalibi olub.

Ayxan Abbasov: “Bu, gələcək üçün təkan verəcək”

30 March 2026 at 22:17

“FIFA Series-2026” turnirinin finalında keçirilən Azərbaycan – Syerra-Leone oyunundan (1:1, penaltilər 9:8) sonra millinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Oyunların fərqli olacağını bilirdik. İlk hissədə səhvlər etdik, hücumda aqressivlik çatmadı. Rəqib bizi əks-hücumda yaxaladı və fərqləndi. İkinci hissədə yaxşı müdafiə olunub, hücumların effektivliyini artırmalıydıq. Sonda hesabı bərabərləşdirdik. Penaltilər seriyası maraqlı alındı. Turnirdə qalib olduğumuz üçün sevincliyik. Bu oyun bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyıq. Gələcək oyunlara baxacağıq. Qarşıda iki yoxlama oyunu olacaq. Bununla Millətlər Liqasına hazır olmağa çalışacağıq.

– İlk dəfə çempion olduq, ilk dəfə penaltilərdə qələbə qazandıq. İlk penalti təcrübəniz haqda fikirlərinizi bilmək istəyirdim…
– İlk deyil. Kubokda “Sumqayıt”da işlədiyim vaxt “Qarabağ”ı penaltilər seriyasında keçmişdik. Futbolçular məşqlərdə penaltiləri yoxlayırdılar. Bugünkü seriya da bir təcrübədir. Bu oyun milli üçün faydalı olacaq.

– Bu turnir milliyə hansı təcrübəni qazandırdı?
– FIFA-nın turniridir. Rəqiblərimizdən Lixtenşteyn də burda mübarizə aparırdı. Onların qrupunda daha zəif komandalar var idi və elə zəif olan qalib oldu. Bu toplanışda millidə yeni adlar oldu, sınaqdan keçdi. Bəlli sistem üzərində çalışırıq. İnşallah, xeyrini görəcəyik.

– İki oyundan sonra Millətlər Liqası üçün optimal heyəti təxminən formalaşdımı?  
– Müəyyən fikirlər yaranır. Turnirə hələ var. Zədələr həmin vaxt işimizi çətinə sala bilər.

– Litva və Lixtenşteyn yığmasını izləmisinizmi?
– İki komandanı da təhlil edirik. Litva möhkəm komandadır. Evlərində çox yaxşı çıxış edirlər. Məncə, onlarla şanslar bərabərdir. Çalışacağıq ki, maksimum nəticə əldə edək.

– Bu oyundan aldığınız siqnallar hansılardır?
– İki oyunda da sonradan meydana daxil olan futbolçu oyunu dəyişdi. Ruhdan düşmürlər, çox istəklidirlər. Millidə rəqabət olduğu hiss edildi. Bu, gələcək üçün təkan verəcək. Bir çox futbolçunu yaxından izlədik. İnanıram ki, bizi təəccübləndirən yeni oyunçular da olacaq.

– Sadiq Baqıyev var Rusiyada. “Torpedo”da ən yaxşı futbolçu seçildi bu yaxınlarda. Tək o deyil, digər oyunçulardan da izlədikləriniz varmı? Bəyəndiyiniz futbolçu olsa, dərhal pasport məsələsi həll oluna bilər?
– Bəyəndiyimiz olsa, problem olmaz. U-21 yığma komandamıza da namizəd futbolçular izlənilir. Sadiq Baqıyevi U-21 yığmasına çağırdıq. Lakin bəzi məsələlər oldu, legioner statusu ala bilərdi deyə, imtina etdi. Biz də istəyirik ki, burda oynamaq istəyənlərə kömək edək.

Şahin Cəfərov

 

AFFA-nın baş katibi: “Qələbəni kiçiltmək lazım deyil”

30 March 2026 at 22:01

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev “CBC Sport”a fikirlərini bölüşüb:

“Hər kəsi təbrik edirəm. Qələbəni kiçiltmək lazım deyil. Uşaqlar iki oyunda yaxşı mübarizə apardı, layiqli qələbə qazandı. Hesabda geri düşməyimizə baxmayaraq, sona qədər mübarizə apardıq, penaltilərdə qələbə qazandıq. Bu, bizim üçün vacibdir.

Rəqiblər haqda deyilə bilər ki, tanınmır. Amma bu, bizim üçün yolun başlanğıcıdır. Davamı gəlsin”.

“Qırmızı şeytan” turinlilərin hədəfində

30 March 2026 at 20:24

“Mançester Yunayted”in futbolçusu Manuel Uqarte karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” uruqvaylı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Uqaret “Mançester Yunayted”dən ayrılmağa müsbət yanaşır. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Londonda De Zerbi səsləri

30 March 2026 at 18:00

İtaliyalı mütəxəssis Roberto De Zerbi “Tottenhem”i çalışdıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu son iş yeri “Marsel” olan mütəxəssislə bir müddətdir, danışıqlar aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilib.

De Zerbi hazırda işsizdir. O, daha əvvəl İngiltərədə “Brayton”u çalışdırıb.

Millinin düşərgəsindən “Arsenal”a pis xəbər

30 March 2026 at 17:18

“Arsenal”ın və İngiltərə millisinin futbolçusu Noni Madueke zədələnib.

Futbolpress.az xəbər verir ki, o, yığmanın düşərgəsində xəsarət alıb. Bu barədə millinin baş məşqçisi Tomas Tuxel yerli mətbuata açıqlamasında deyib. Madueke bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Noni bu mövsüm “Arsenal”la Premyer Liqada 20 oyunda 2 qol vurub.

“Xankəndi”dən 14 cavabsız qol

30 March 2026 at 16:49

Azərbaycan II Liqasında XX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib.

“Xankəndi” “Kür-Araz”ı 14 cavabsız qolla məğlub edib.

Azərbaycan II Liqası
XX tur

30 mart

Xankəndi – Kür-Araz 14:0
Qollar: B.Teymurov, 18, 42, R.Məhərrəmov, 21, E.Nəsibov, 34, 38, 43, T.Qurbatov, 53, 57, E.Quliyev, 60, 66, M.Canıyev, 69, 85, İ.Səfərzadə, 75, Ə.Mürsəlov, 87

Salah üçün PSJ variantı

30 March 2026 at 16:36

“Liverpul”dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını PSJ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Euro Football” portalı məlumat yayıb. Misirli futbolçunun agenti Məhəmməd Yamani parislilərin oyunçuya marağını təsdiqləyib:

“Salah möhtəşəm oyunçudur. PSJ-nin marağı onun hələ də hansı səviyyədə olduğunu göstərir”.

Salah yayda “Liverpul”dan ayrılacaq.

Malta ilə də bacarmadılar

30 March 2026 at 16:21

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda son oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan milli Bolqarıstanın Plovdiv şəhərindəki üçüncü görüşündə Malta yığması ilə qarşılaşıb. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesablı heç-heçə başa çatıb. Azərbaycan yığmasının heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Bununla milli qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, U-17 qrupdakı ilk iki oyununda Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə heç-heçə edib.

Kadisdə fiasko

30 March 2026 at 15:45

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində mübarizəsini başa vurub.

Futbolpress.az xəbər verir ki, martın 27-də İspaniyanın Kadis şəhərində start götürən yarışda C qrupunda yer alan komanda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları ilə qarşılaşıb. Milli hər üç görüşdə məğlub olub.

Qeyd edək ki, AVRO-2026-nın ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparıb və qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

2026 Avropa Çempionatı (2-ci təsnifat mərhələsi)
C qrupu
Oyunların nəticəsi

27 mart
İspaniya – Azərbaycan 3:0 (25:10, 25:19, 25:17)

28 mart
Niderland – Azərbaycan 3:0 (25:11, 25:12, 25:16)

29 mart
Azərbaycan – Estoniya 0:3 (15:25, 20:25, 15:25)

Azərbaycan yığması “FIFA Series-2026″nın qalibi oldu

30 March 2026 at 21:23

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində bu gün final oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşün əsas vaxtı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan milli qalib adını qazanıb.

Azərbaycan yığması bundan əvvəl Sent Lüsiya millisinə qalib gəlib – 6:1.

“FIFA Series-2026”

30 mart

19:00 Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)

Qollar: Rahil Məmmədov, 72 – Kanu, 28
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

❌
❌