Normal view

Yesterday — 9 March 2026Main stream

Berdıyev: “Hər şey sonda bilinəcək”

9 March 2026 at 23:24

Misli Premyer Liqasının XXIII turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi.

– Bu qələbə 3-cü yer uğrunda iddianı nə dərəcədə ortaya qoyur?
– Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Hər şey sonda bilinəcək.

– Öndə olsanız da, İbrahima Vadji və Joarlem Santos meydanda qaldı… Bu, nə ilə bağlı idi?
– Vadji fiziki baxımından da yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.

– “Turan Tovuz” kubok üçün liqanı, liqanı isə kubok üçün qurban verəcək?
– Heç bir fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır.

– “Turan Tovuz” artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?
– Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur.

– Çempionluq hədəfiniz qalır?
– Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.

Şahin Cəfərov

Vernidub: “Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pis”

9 March 2026 at 23:05

Misli Premyer Liqasının XXIII turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– İlk məğlubiyyətinizi yaşadınız. Bu, komandaya necə təsir edəcək? Qəza kimi yanaşacaqsınız, ya necə?
– Nə vaxtsa bir məğlubiyyət olmalı idi. Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik. Azından heç-heçə olmalıydı, qələbə də qazana bilərdik. Böyük epizodlar olmadı. Onlar bir şansı dəyərləndirdi, biz yox. Bununla barışmaq və işləmək lazımdır.

– İkinci hissədə komandanın oyunu alınmırdı. “Şamaxı” ilə matçdakı hakim qərarları bu oyuna necə təsir etdi? Köklənmək problemi yox idi?
– Əlaqəsi yoxdur. Ümumi oyunda intensivlik var idi, amma ikinci hissə yaxşı alınmadı. “Turan Tovuz” zəif rəqib deyil. Üçüncü yerdədilər, amma bu gün onlardan pis oynamadıq. Buraxdığımız bir qol oyunun taleyini həll etdi.

– Bu heyət hədəflərinizə çatmaq üçün yetərlidirmi?
– Dəfələrlə təkrar etmişəm, gələndən eyni heyətdir. Sadəcə braziliyalı bir oyunçu (red-Brener Almeyda) transfer etmişik və belə davam edəcəyik.

– Cinah oyunçularınız zədəli idi. Onların yoxluğu oyuna necə təsir etdi?
– Ciddi bir şey olmadı. Məcburiyyətdən əvəzlənmə etdik. Amma bizdə 23 futbolçu var və hamısı oynamalıdır. Onlar bura oturmağa gəlməyib. Zədələrin nəticəyə ciddi təsir etdiyini düşünmürəm. Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pis. Futbolçular hər oyun artırmağa çalışır.

– İlk dəfə müsəlman ölkəsində işləyirsiniz. Komandanızda oruc tutanlar var. Bu, oyunçuların hazırlıq planına təsir edir?
– Həqiqətən, təsiri var. Lakin tək bizdə deyil, digər komandalarda da eyni vəziyyətdir. Onlara nəsə qadağa qoymağa haqqım yoxdur. Bunların da öhdəsindən gələcəyik. Tək bizdə deyil, eyni şey “Turan Tovuz”da da var. 7-yə kimi yemək yeməmək və 8-də oyuna çıxmaq çətindir.

– Özünüzdən əvvəli məşqçilərdən fərqli olaraq, nə deyirsiz ki, “komandanı hazırlamağa vaxt lazımdır”, nə də “yığdığım komanda”dır. Gələcəkdə bu sözləri deməyəcəksiniz?
– Mənə qədər burda bir məşqçi olub. Həmin məşqçi haqda nəsə deyə bilmərəm, bu, qeyri-etik olar. Həm də həmkarımdır. Mənə qədər olan hamı günahkardır demərəm. Hər zaman aldığın zərbəni dəf etməyi bacarmalısan və insan olaraq qalmalısan. Ona görə də indiyə qədər çalışdığım klublarda hər zaman nəticə olub.

– “Qarabağ”la təxirə salınmış oyunun vaxtı açıqlanmayıb. Rəqib apreldə 3 dəfə “Sabah”a qarşı oynaya bilər. Bu halda sizinlə oyunun may ayında keçirilməsini istəyə bilər. Bu dəfə də “Qarabağ”a güzəşt edəcəksiniz?
– Qərarı nə mən, nə “Qarabağ” verir. Mən bilən AFFA bu haqda qərar verir. Nə vaxt desələr, oynamağa hazırıq. Əlbəttə, biz də öz təkliflərimizi verəcəyik. Bildiyim qədərilə, hər iki tərəf tarixdə razılaşmalıdır. Sabah desələr, sabah oynayacağıq. “Qarabağ”a qarşı oynamaq mənim üçün də maraqlıdır. Güclü komandalara qarşı duellər yaxşı olur. Görməliyik ki, biz də oralara çatmaq üçün nələr etməliyik. Yolumuza davam edəcəyik.

Klubun media və marketinq direktoru Rüstəm Əfsərli: “Klub adından deməliyəm ki, AFFA-nın bəyanatı gözlənilməz oldu. Çünki indiyə qədər qurumun fəaliyyəti ilə bağlı hansısa sözümüz olmayıb. Görülən işlərdən daim məmnun olmuşuq. Bu məsələlərdən iradımız olmayıb. Suallarımız hakim qərarları ilə bağlıdır. Yanlış qərarlardan ən çox əziyyət çəkən komanda bizik. Bununla bağlı suallarımız var idi. Diqqət etsəniz, mövsüm ərzində hakimlər komitəsində bizim matçda lehimizə bir yanlış qərar olduğu deyilməyib. Amma əleyhimizə olan yanlış qərarlar təsdiqlənib. Suallarımız bunlardan ibarət idi. AFFA Hakimlər Komitəsinə dəvətə görə təşəkkür edirik. “Şamaxı” ilə oyunda penaltinin doğru olduğu açıqlanandan sonra görüşə ehtiyac qalmadı. Hakimlərlə bağlı suallar var, federasiya ilə bağlı yox. Bir məqamı bildirmək istərdik, bəyanatda bir neçə xoşagəlməz, qəbulolunmaz ifadələr var idi. İctimai fikirlərin manipulyasiyası, oyun qaydaların yozulmasında şəxsi maraqlar və s. bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz. Bizim tariximiz göz önündədir. Ümid edirəm ki, növbəti dəfə diqqət edilər və belə ifadələrdən qaçılar. Bir daha qeyd edirəm, qurumla bağlı narazılığımız yoxdur və ölkənin köklü klubu olaraq AFFA-nın qərarlarına, islahatlarına dəstək olduğumuzu bildirmək istəyirəm”.

Şahin Cəfərov

Rəşad Sadıqov: “Gedişat elə oldu ki, bir xal qazandıq”

9 March 2026 at 21:05

Misli Premyer Liqasının XXIII turunun “Zirə” – “Kəpəz” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun bizim üçün yaxşı başladı. Erkən qol vurduq. Ondan sonra da yaxşı epizodlarımız oldu. Şanslardan yararlana bilmədik. Rəqib standart vəziyyətlərdən fərqləndi. Çoxsaylı hücumlar etdik, daha çox oyuna nəzarət edən tərəf idik. Hesabın da təsiri var idi. Rəqib irəlidə idi və müdafiəyə çox diqqət edirdi. Mövsümboyu belə oyunlar olur. Yaxşı epizodlardan vaxtında istifadə edə bilmirsən və rəqib standartlardan istifadə edir. Oyunöncəsi də bu haqda danışmışdıq. Bu qədər çətinliyə baxmayaraq, bir xal da pis deyil.

– Bu gün bir xal qazandınız, ya iki xal itirdiniz?
– Hamımız üç xala köklənmişdik. “Kəpəz”in son turlardakı çıxışını görmüşdük. Yaxşı oynayırlar. Üç xal istəyirdik, amma gedişat elə oldu ki, bir xal qazandıq.

– Oyunun sonlarında gəncəli azarkeşlər sizə qarşı şüarlar səsləndirirdi…
– Eşitmirdim, maraqlı deyil. Çempionatda 2 komanda liderliyə, 5 komanda avrokuboklara mübarizə aparır. 5 komandada yalnız yerli məşqçi mənəm. Sadəcə bunu qeyd etmək istəyirəm.

Şahin Cəfərov

“Daha dəqiq oynamağı bacarsaydıq, son dəqiqədə qələbəni əldən verməzdik”

9 March 2026 at 20:47

Misli Premyer Liqasının XXIII turunun “Zirə” – “Kəpəz” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərimizin yaxşı və pis gündə yanımızda olmaqlarını istəyirəm. Əsl azarkeşlər dar gündə tanınır. “Zirə” illərin komandasıdır, yaxşı komandadır. Sürətli əks-hücumlarımızı planlaşdırmışdıq. Maraqlı oyun alındı. İlk hissədə yaxşı başlamadıq. Amma sonra toparlandıq və məncə, daha dəqiq oynamağı bacarsaydıq, son dəqiqədə qələbəni əldən verməzdik. Qarşıda çətin oyunlarımız var. “Zirə”yə uğurlar arzu edirəm.

– Bu gün bir xal qazandınız, ya iki xal itirdiniz?
– Məncə, iki xal itirdik.

Şahin Cəfərov

II Liqada bu gün: “Şirvan” qazandı, liderin oyunu baş tutmadı

9 March 2026 at 20:16

Azərbaycan II Liqasında XVII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün bir matç baş tutub. “Şirvan” azarkeşləri önündə “Quba”nı məğlub edib.

Lider “Xankəndi”nin bu gün “Şəmkir”ə qarşı keçirməli olduğu oyun baş tutmayıb.

Azərbaycan II Liqası
XVII tur

9 mart

Şirvan – Quba 1:0
Qol: Ruslan Şahbazov, 10

“Neftçi” – “Turan Tovuz”: heyətlər

9 March 2026 at 20:06

“Neftçi” Misli Premyer Liqasının XXIII turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 20:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev

Zirədə heyətlər məlum oldu

9 March 2026 at 17:57

“Zirə” Misli Premyer Liqasının XXIII turunda bu gün “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Zirə”:  97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 4. Ruan Renato 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 5. Ange Mutsinzi 11. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Kəpəz”: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 6. Camal Cəfərov 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze

Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 57. Amur Yusifov

Baş məşqçi: Azər Bağırov

“Laporta Messinin “Barselona”ya qayıtmasını istəmir”

9 March 2026 at 15:17

“Barselona”nın sabiq baş məşqçisi Xavi açıqlama verib.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis komandanın keçmiş kapitanı Lionel Messinin kluba mümkün qayıdışına toxunub:

“Düzü, Messinin yaxın zamanda “Barselona”ya qayıdacağını düşünmürəm. Çünki klubun rəhbəri hazırda Xoan Laportadır və böyük ehtimalla, yenidən seçimlərdə qalib olacaq. Laporta Messinin “Barselona”ya qayıtmasını istəmir. Ona görə onun dövründə bunun gerçəkləşəcəyinə inanmıram”.

“Barselona” ÇL matçına itkilərlə çıxacaq

9 March 2026 at 14:38

“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsində “Nyukasl”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, komandalar arasında sabah İngiltərədə baş tutacaq ilk oyunda “Barselona”nın 4 futbolçusu iştirak etməyəcək. Bunlar Aleks Balde, Jul Kunde, Andres Kristensen və Frenki de Yonqdur. Adıçəkilən oyunçular heyətə daxil edilməyib.

“Nyukasl” – “Barselona” oyunu saat 00:00-da başlayacaq.

İtaliya klubu “Qarabağ”ın vingerini izləyir

9 March 2026 at 14:16

“Qarabağ”ın futbolçusu Emmanuel Addai “Napoli”nin diqqət mərkəzindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb. Xəbərdə Neapol klubunun nümayəndələrinin 24 yaşlı vingeri mövsümün sonuna qədər izləyəcəyi bildirilir.

“Napoli” fərdi keyfiyyətləri yüksək olan Addainin sürəti və rəqib müdafiəsindəki aktivliyi xüsusi cəlb edib. İtaliya təmsilçisi Addaini hücum xətti üçün alternativ güc variantı kimi düşünür.

Emmanuelin “Qarabağ”la müqaviləsi mövsümün sonuna kimidir. O, bu “futbol ili”ndə 39 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

23 “qırmızı”lıq Mineyro derbisi – VİDEO

9 March 2026 at 13:39

Braziliyada “Kruzeyro” – “Atletiko” arasında keçirilən matç qalmaqalla yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, Mineyro derbisinin sonlarında futbolçular arasında dava düşüb. Getdikcə böyüyən mübahisə daha sonra rəsmi şəxslərin müdaxiləsindən sonra dayandırılıb.

Hakim oyundan sonra protokolda 23 nəfərə qırmızı vərəqə göstərdiyini qeyd edib.

“Kruzeyro” rəqibini minimal hesabla məğlub edib – 1:0.

Millinin Çempionlar Kuboku üçün heyəti

9 March 2026 at 13:10

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi FIBA Çempionlar Kubokunda mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, yığmanın turnir üçün heyətində Arika Karter,Aleksandra Mollenhauer,Tatyana Deniskina, Brianna Freyzer olacaq.

Milli B qrupunda İspaniya, Kanada və Taylandla mübarizə aparacaq. Görüşlər 13-15 martda olacaq.

Autsayderin 72 il sonra gələn uğuru

9 March 2026 at 12:50

“Port Veyl” klubu İngiltərə Federasiya Kubokunda 1/8 finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, komanda 1/16-da Premyer Liqa təmsilçisi “Sanderlend”i mübarizədən kənarlaşdırıb – 1:0.

İngiltərə Liqa 1-də (səviyyəcə 3-cü liqa) autsayder olan “Port Veyl” 72 ildən sonra kubokda 1/8 finala yüksəlib.

Türkiyəli mütəxəssis hava limanında vəfat etdi

9 March 2026 at 12:01

Türkiyəli mütəxəssis Engin Fırat 55 yaşında vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb. O, İstanbul hava limanında ürək tutmasından həyatını itirib.

Fırat karyerası ərzində Moldova, Keniya millisini, İranda “Sepahan”, “Sayfa” kimi klublarda çalışıb. Onun adı bir neçə dəfə də Azərbaycan yığmasıyla hallanıb.

“Baqaja qoymaq” istedadı

9 March 2026 at 11:55

Elmar Baxşıyevi Demçenko ilə əvəzləyən “Araz Naxçıvan” bunun acısını çəkir. Növbəti məğlubiyyət “Qarabağ”a qarşı – 0:6.

“Araz Naxçıvan”da bütün qərarlar Zaur Axundova məxsusdur. Mütləq hakimiyyət sahibidir və illərdir, ölkə futbolunda klubcuq-klubcuq oyunu oynayan klub rəhbərlərindən biridir.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Bakıda oynayan Naxçıvan təmsilçisi anidən ötən il, dekabrın 23-də qərar verdi ki, baş məşqçi dəyişikliyinə getsin. Hardan, necə, nə cür tapdılar Demçenkonu, bilinmir. Bilinən odur ki, kifayət qədər bahalı heyət yığılsa da, nəticələr pisdir.

***

“Bu gün “Qarabağ”a istədikləri kimi oynamağa imkan verdilər”. Bu cümlə ilə komandasını “baqaja qoyan” baş məşqçi bilməlidir ki, gələcəkdə daha pis fəsadlar yaşana bilər. Biabırçı məğlubiyyətə görə məşqçilər korpusunu da təqsirkar sayan naməlum tapıntı komandası haqda yuxarıdakı cümlədə öz işgüzar səviyyəsini də, klubun daxili ab-havasının nə vəziyyətdə olmasını da qoydu ortaya.

Kamil Əhməd

Hansı oyun, hansı kanalda? – TV

9 March 2026 at 11:30

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

9 mart

Türkiyə, Super Liqa
17:00 Eyüpsor – Kocaelispor (beİN Sports 1)
21:00 Kayserispor – Trabzonspor (Futbol 3, beİN Sports 1)
21:00 Alanyaspor – Gənclərbirliyi (beİN Sports 2)

Rusiya, Premyer Liqa
17:30 Lokomotiv Moskva – Axmat (Matç Premyer)
20:00 Spartak Moskva – Akron (Matç Premyer, Matç TV)

Azərbaycan, Premyer Liqa
18:30 Zirə – Kəpəz (CBC Sport)
19:30 Neftçi – Turan Tovuz (CBC Sport)

İtaliya, A Seriyası
23:45 Latsio – Sassuolo (Futbol 1, Matç TV)

İspaniya, La Liqa
00:00 Espanyol – Ovyedo (İdman TV, Futbol 2)

Milli üzvü məğlubiyyətin iştirakçısı oldu

9 March 2026 at 09:00

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Neymegen”lə qarşılaşıb. Matç “Volendam”ın məğubiyyəti ilə başa çatıb – 0:3.

Ozan bu görüşdə start heyətdə yer alıb və 84-cü dəqiqədə əvəzlənib.

“Volendam” 26 turdan sonra 27 xalla 14-cü sıradadır.

“Sülh” və şou

9 March 2026 at 09:00

Misli Premyer Liqasında XXIII turun daha iki görüşü baş tutub. “Şamaxı” “İmişli” ilə heç-heçə edib, “Qarabağ” isə “Araz-Naxçıvan”ı darmadağınla yola salıb.

Şamaxıda qarlı havada keçən matç qol epizodlarının kasadlığı ilə fərqləndi. Oyunun bəzi anlarında meydan sahibləri, bəzi anlarında qonaqlar təzyiqi artırsa da, qol vurmaq kənara, yüz faizlik epizod da yaradılmadı. İki tərəfin də bir xala razı olacağı görüş elə “sülh”lə də başa çatdı.

İki komanda da liqada yerini qorumağa çalışır. “Şamaxı” indiki məqamda daha rahatdır. “İmişli” isə qələbəsizlik seriyası yaratsa da qazanılan bir xallar komandanı elitada saxlaya bilər. Nəzərə alsaq, autsayderlər – “Kəpəz” və “Qəbələ” çətin səfərlərə, müvafiq olaraq “Zirə” və “Sabah”la görüşlərə yollanacaq, “İmişli”nin qazandığı bir xal da klub adına müsbətdir.

“Qarabağ” isə sanki son dönəmlərdəki xal itkilərinin acığını “Araz-Naxçıvan”dan çıxdı. Böyük üstünlüklə oynayan, demək olar, hər epizodu maksimum dəyərləndirən “atlılar” bu mövsüm ilk böyükesablı qələbəyə sevindi.

“Araz-Naxçıvan” isə Demçenkonun gəlişindən sonra açıq futbol oynamağa başlayıb və bunun mənfi zərərlərini yaşamaqdadır. Hədəfi avrokuboklar olan naxçıvanlıların nəticələri iddiasıyla üst-üstə düşmür. Üçüncü sıradakı “Turan Tovuz”dan 8 xal geri düşən “Araz-Naxçıvan”ın qarşıdakı 10 turda, xüsusilə bu oyunla fərqi qapatması çətin görünür.

Şahin Cəfərov

“Zirə”dən son dəqiqə qolu, “Neftçi” uduzdu

9 March 2026 at 22:30

Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Zirə” “Kəpəz”i qəbul edib. Görüş bərabərliklə başa çatıb.

Turun mərkəzi görüşündə “Neftçi” “Turan Tovuz”a uduzub.

Misli Premyer Liqası
XXIII tur

9 mart

18:30 Zirə – Kəpəz 1:2
Qollar: Eren Aydın, 5 – Rauf Hüseynli, 32, Dieqo Verdaska, 51
Baş hakim: Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

20:30 Neftçi – Turan Tovuz 0:1
Qol:
Jo, 56
Baş hakim: Əliyar Ağayev
“Palms Sports Arena”

“Belə qalmaqallar futbolun gözəlliklərinin bir hissəsidir”

8 March 2026 at 23:23

Misli Premyer Liqasının XXIII turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (6:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Üzürlü hesab edin, bir az gec gəldim. Rayonda riyaziyyat müəlliməm olub, Gülnaz müəllimə, onu bəlkə də son dəfə 30 il bundan qabaq görmüşdüm. Sən demə, hər dəfə oyunlarımıza gəlib, izləyib. Oyundan sonra onunla görüşdüm. Matça gəlincə, əvvəlcə stadionda xeyli sayda qadın azarkeşlər var idi. Onlara təşəkkür edirəm. Bu gün qadınların bayramıdır, onlara xoşbəxtlik, sağlam həyat arzulayıram. Yaxşı oyun alındı. Həm bolqollu matç keçdi, həm də yaxşı hücumlarımız alındı. Düşündüyümüz, məşqdə etdiklərimizi meydanda gördüm. Bu da çox önəmlidir. Mənə inam verdi ki, futbolçular yavaş-yavaş özlərinə gəlməyə başlayırlar. Yorğunluq, gərginlik qalır deyə, bəzən alınmır. Amma bu gün xeyli yaxşı şeylər gördüm. Lakin narazı qaldığım epizodlar da oldu.  Oyundan sonra da futbolçulara bəzi iradları bildirdim. İnanıram ki, bir neçə matçdan sonra hər şey qaydasına düşəcək.

– “Araz-Naxçıvan”a son 3 matçda 16 qol vurmusuz. Bunun səbəbi rəqibin açıq futbola üstünlük verməyindən irəli gəlir?
– Biz tam bu oyuna köklənmişdik. “Araz-Naxçıvan” indi də, bundan əvvəl də həmişə baxımlı futbol oynayıb. Elmar Baxşıyevin vaxtında da belə idi. Ola bilər ki, onlarla oyun bizim idman formamızın yaxşı olduğu vaxta düşür. “Araz-Naxçıvan” bizim üçün heç də asan rəqib olmayıb. Bu gün bəlkə kənardan rahat görünürdük. Amma futbolçularımız çox əziyyət çəkdi, aktiv idilər..

– Musa Qurbanlı ardıcıl 3 oyunda 3 qol vurdu. Bu məqam sizi hücum xətti seçimi baxımından gələcək oyunlarda çətinliyə salacaq?
– Əlbəttə, bu, sevindiric haldır. Dünya futboluna baxsaq, sonradan meydana girən oyunçuların oyunu dəyişməsi çox çətindir. Buna qabiliyyət və bacarıq lazımdır. Ələlxüsus da, rəqib müdafiədə sıx oynayırsa, belə oyunçular ehtiyac olur. Musada yaxşılığa doğru irəliləyiş çoxdur, həvəsdən düşməməlidir, daim mübarizə aparmalıdır. Yavaş-yavaş böyüyür, hamımız üçün sevindiricidir.

– Azərbaycan Kubokunun finalından sonra “Qarabağ”ın oyunlarına bütün hakimlər təyinat alıb. Bircə ən təcrübəli hakimlərdən biri olan İnqilab Məmmədovdan başqa. Sizcə De Blekerin və Rəhim Həsənovun İnqilab Məmmədovu sizin oyunlarınına göndərməməyi bir təsadüfdür?
– Finaldan sonra göndərilməyib? İnanın, vallah heç düşünməmişdim. Heç ağlıma da gəlməyib. İnqilab Məmmədovu hardasa görmüşəm axı.

– Qapıçılar üzrə köməkçi məşqçiniz Hüseyn Seyidov iki ildir ki, komandada çalışır. Ondan sonra sanki qapıçılarda dəyişiklik hiss edilir. Bu haqda nə düşünürsüz? Demək olar ki, artıq qapıçı məşqçisi də yetişdirirsiz “Qarabağ” üçün? Çünki bir müddət əvvəl təcrübə üçün “Qalatasaray”a da göndərmişdiniz onu…
– Bizim qapıçı məşqçisi Elxan Həsənovdur, hamımızın tanıdığı, hörmət etdiyi şəxs…”Qarabağ”a gəldim, Nizami Sadıqov qapıçı məşqçisi. O, “Turan”a baş məşqçi getdi, ondan sonra elə indiyə qədər Elxan Həsənovla işləyirik. Komandamda qapıçıların baş məşqçisi Elxan bəydir, Hüseyn onun köməkçisidir. Özü də perspektivli gənc qapıçı məşqçisi axtarırdı ki, gələcək üçün hazırlasın, özünə də kömək etsin. Özünün də az yaşı yoxdur. Qapıçılarımızın da sayı çoxalır, hər məşqdə 4-5 qapıçı olur. Elxan müəllim özü Hüseyni yönləndirir. O, mənə dedi ki, “Qalatasaray”a, başqa yerə təcrübəyə göndərək ki, yavaş-yavaş tam hazır olsun. Hər ikisindən razıyam. Elxan müəllim cavabdehdir bu məsələyə. Hüseynə gəldikdə, qabiliyyətli və bacarıqlı uşaqdır. Daim da axtarışdadır. Bütün günü Elxan müəllimlə birlikdədirlər, müzakirə aparırlar, birlikdə işləyirlər.

– 3-cü dövrə başladı. Demək olar, “Qarabağ” üçün əsl çempionluq mübarizəsi elə bu turdan başlayır?
– Bəli, daha çox diqqət ayırırıq. Amma inanın ki, futbolçuların bir az da özünə gəlməsinə ehtiyac var. Həqiqətən bu il ən gərgin illərdən biri oldu. Çempionlar Liqasının oyunları,gözləntilər…Bəlkə də bizim 10 yox, 3-4 xalımız olsaydı, bəlkə daha rahat oynayardılar, heç kimin çox da tələbi olmazdı. Amma hər qələbə gəldikdə, daha çox gözlənti oldu. Futbolçuların məsuliyyəti də artdı. Son oyuna qədər gərginlik oldu. Futbolçular o gərginliyə dözdülər. Çempionat heç də asan deyil. Baxmayaraq ki, bu gün belə hesabla qazandıq. Hər oyunumuzda son saniyəyə qədər mübarizə gedib. İndidən daha rahat hazırlaşmağa şansımız olacaq. Əfsuslar olsun ki, 2 oyundan sonra fasilə olacaq. Komanda bir yerdə olmayacaq. Mənim üçün komandanın bir yerdə olması çox vacibdir. “Sabah”ın şansı daha çoxdur, yaxşı komanda formalaşdırıblar, amma biz sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə futbolçuların idman formasını mütləq yaxşılaşdırmalıyıq.

– “Sabah”la ölkə kubokunun yarımfinalında da rəqibsiniz. Bu matçlar Premyer Liqadakı rəqabətə təsir edəcək?
– Əlbəttə. Başqa-başqa turnirlərdir. Kubok başqa prestijdir. Həm bizim, həm də “Sabah” üçün, həm də avrokuboklar üçün yaxşı hazırlıq olacaq. Bundan sonra onlarla bu səviyyədə oyunların olması, hər iki tərəf üçün böyük faydası var.

– “Qarabağ” “Sabah”la matçlara qisas gözü ilə baxacaq?
– Yox, heç kimə qisas kimi baxmırıq. Belə fikrimiz yoxdur. İllərdir ki, “Sabah”la da, digər klublarla da oyunlarımızı oynayırıq. İl ərzində 3 və ya 5 oyun oynamaq lazımdırsa, oynayırıq.

– “Sabah”la görüşdə onların məşqçisinin qeyri-etik jestinə görə hansısa cərimə verilmədi. Dedilər ki, məsələyə  sonradan yenidən baxılacaq. Bəs ilk qərar siz hansı hissləri keçirdiz, təəssüf, yoxsa sizə qəribə gəldi?
– Təəssüf hissi o oldu ki, olmamalı idi. Ümumiyyətlə, sonradan kart göstərilməsinin də tərəfdarı deyiləm. Belə qalmaqallar futbolun gözəlliklərinin bir hissəsidir. Futbolun inkişafı, intriqanın artması, keyfiyyətli olması üçün belə qalmaqallar futbolçulara da daha çox məsuliyyət verir. Belə şeylərdə hansısa qırmızı vərəqənin və ya cəzanın verilməsinin tərəfdarı deyiləm. Meydandan kənarda olan qalmaqaldır, o da yerində həll edildi, bitdi. Epizodlar olur ki, yerində, o an hansısa qərarı verirsən. Düz oldu, səhv oldu, yaxşı və ya pis oldu…Mənə elə gəlir ki, içəridən gələn kindən olan bir şey deyil. Sırf idman emosiyalarıdır, hamı udmaq istəyir. Bəzən bazada məşqçilər yığışıb 5-5-ə futbol oynayırıq, orada da o qədər intriqa, dava-dalaş olur ki. Ya dostlar arasında oynayanda, o qədər qışqır-bağır düşür, məni də bağışlayın, o qədər söyüşlər olur ki (gülür). Oyun bitdi, hər şey qaydasındadır. Futbol emosiya oyunudur, belə hallar olmasın, amma olması da futbolumuzun daha da keyfiyyətli olmasına gətirib çıxarır.

– Martın 4-də AFFA İcraiyyə Komitəsinin legioner limitini ləğv etməsinin və liqada komanda sayının artırılması qərarının bir ili tamam oldu. Sizcə, Premyer Liqada komanda sayının artırılması qərarı özünü nə dərəcədə doğrultdu?
– Komanda artımının həmişə tərəfdarı olmuşam. Həmişə də o problemlərin olacağını öncədən düşünmüşəm. Əlbəttə ki, böyümək və stabil olmaq üçün mütləq ki, nəyisə qurban verməlisən. Bəzən tanınmış məşqçilər, böyük klublar belə, 0:7 məğlubiyyətdən sonra daha da böyüməyə başlayırlar. Bəli, hazırda bir neçə komandanın yaxşı meydançası yoxdur. Bəli, hansısa dəyişiklik etmək olar, olardı. Amma inanmıram ki, gələn il hansısa komandanın stadionla bağlı yenə problemi olsun. İstər yeni gəlsin, istərsə də liqada qalanlardan olsun. Ən azından, builki minuslara görə, vacib olan tərəflərdən düzəldilən məsələlər olacaq. Sadəcə birdən-birə də hər şey olmur. Artım belə olur. Sabah hansısa yeni gələn komandanın yeni sponsoru, o rayonun oğlu çıxar deyər ki, komandanı böyüdəcəm, nəticələri yaxşılaşdıracam. Futbol belə sevilir də. Bir il bir komanda belə formalaşır, iki il sonra başqa komanda formalaşır. Hər bölgədə bir neçə komanda olur. Qüsurlar var, ancaq sayın artmasının həmişə tərəfdarıyam ki, bölgələrdə komandaların sayının çox olması, futbolun sevilməsi deməkdir.

Before yesterdayMain stream

0:6-ya şərh: “Belə nəticədən sonra oyunçular cərimələnəcək”

8 March 2026 at 21:48

Misli Premyer Liqasının XXIII turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (6:0) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Qarabağ”ı təbrik edirəm, bu gün yaxşı oynadılar. Hər komanda rəqibin ona verdiyi imkanlar daxilində oynayır. Bu gün “Qarabağ”a isdədikləri kimi oynamağa imkan verdilər. Bu oyunda fikrimiz başqa idi, çox pressinq edib, onlara yaxın oynamaq istəyirdik. Deyərdim ki, pressinq komanda oyunudur. Hər futbolçunu bunu etməyəndə artıq komandaya təsir edir. İlk qol oyunumuza təsir etdi. Qapıçımız topu götürməli olduğu halda alınmadı. Belə bir hal olanda rəqib oyunçulara daha çox güvən verirsiniz və nəticə belə alınır. Azarkeşlərimizdən bu cür oyuna görə üzr istəyirəm. Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbol komanda oyunudur. Bu gün bizdə iki qrup var idi. Bəziləri oynamaq, bəziləri oynamaq istəmirdi. Bugünkü məğlubiyyətə səbəbkar tək futbolçular deyil, həm də məşqçilərdir.

– Hədəf avrokuboklardır. Qarşıdan “Şamaxı” və “Karvan-Yevlax”la oyunlar gəlir. Bu görüşlərdə xal itkiləri komandaya necə təsir edər?
– Düzdür, bu cür oyundan sonra nəsə demək çətindir. Çalışacağıq ki, bərpa olaq və özümüzü göstərə bilək.

– Futbolçuların səhvlərindən danışdınız. Məşqçilər korpusunun da səhv etdiyini dediz. Ola bilər ki, əsas səhv “Qarabağ”la oyunda topla çox oynamaq istəyi idi?
– Futbolçular “Qarabağ”a qarşı oynamağın asan olmadığını bilirdi. Belə rəqiblərlə matçdan əvvəl narahatlıq olur, çəkingənlik yaranır və oyun alınmır. Yenə komandanı yığıb, səhvləri axtarmalıyıq. Belə nəticədən sonra oyunçular cərimələnəcək. Bu, rəhbərliyin tapşırığıdır.

– Düşünürsünüz ki, sanki futbolçular oynamaq istəmədi?
– Fəlsəfəmiz bütün rəqiblərə qarşı eynidir. Bəzən futbolda belə hallar olur, güclü komandalara qarşı çətinliklər yaşayırsan.

– “Araz-Naxçıvan”ın ev oyunlarını Bakıda keçirməsi nəticələrə necə təsir edir? Məsələn, elə bil, Donetsk klubu Kiyevdə oynayır…
– Çox komanda var ki, Bakıda məşq edir, Bakıda oynayır. Futbolçu və məşqçi üçün stadionun fərqi yoxdur. Naxçıvan komandasıyıq, başa düşürəm. Lakin mən gələndə də artıq Bakıda oynayırdıq.

Şahin Cəfərov

Ayxan Abbasov: “Mühüm xal qazandıq”

8 March 2026 at 17:23

Misli Premyer Liqasının XXIII turunun “Şamaxı” – “İmişli” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Ev oyunumuz idi. 90 dəqiqə yaxşı mübarizə apardıq. Sadəcə ağır oyundan çıxmışdıq, futbolçularda yorğunluq var idi. “İmişli” rəqibinin oynamasına imkan verməyən komandadır. Məncə, mühüm xal qazandıq. Çempionatda yerimizi qorumalıyıq, alınarsa, yuxarı sıralara qalxmaq istəyirik.

– Artıq bütün təhlükələrin dəf olunduğunu demək olar?
– Birinci məqsəd liqada qalmaq idi. İnkişaf istəyiriksə, çempionatda davam etməliydik.  Büdcə baxımından aşağıdakı klublardan fərqlənmirik. Premyer Liqada ikinci ilimizdir. Məncə, sonuncu yer həyəcanı olmadan, gənclər üzə çıxarmaq yaxşı nəticədir. İkinci dövrədən stabil yerimizdəyik. Kubokda hədəfimiz var idi, amma rəqibin təcrübəsi sözünü dedi. Qarşıdakı 10 oyun bizim üçün böyük motivasiyadır. Hər oyuna bu motivasiyanı davam etdirəcəyik.

– Yerli oyunçulara görə klublara bonuslar ödənilir. Rəhbərliklə danışmağı düşünürsüz ki, bundan sonra yerlilərə şans verək?
– Rəhbərliklə aramda olan danışıqlar var. Müzakirələr aparırıq. Amma bunlar aramızdadır.

Şahin Cəfərov

Kaşkilya: “Problemlər var”

8 March 2026 at 17:15

Misli Premyer Liqasının XXIII turunun “Şamaxı” – “İmişli” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Çox mübarizəli oyun getdi. “Şamaxı”nın oyununu bilirdik, buna hazır idik. Sərt oyun keçdi. Son yarımsaat da daha çox hücum etdik. Şanslarımız var idi, dəyərləndirə bilmədik. “Şamaxı” çox qayda pozuntusu edirdi. Baş hakim də buna imkan verirdi. Sərt oyun tempi aşağı salırdı. Tempi artırmaq istəyirdik. Oyundan razıyıq. Hücuma çıxırdıq. Sonlarda imkanımız oldu, vura bilmədik. Reallıq odur ki, yenə heç-heçə etdik. Pis nəticə deyil. Amma bura qələbə üçün gəlmişdik.

– Komanda uzun müddətdir, qələbə qazanmır. Beş oyundur, qol vura bilmirsiniz. Bunların fonunda nədən razı qalırsınız?
– Heyətimiz limitlidir. Nəzərə almaq lazımdır. Başqa komandalardan fərqli olaraq, bizim hücum oyunçularımızda bəzi keyfiyyətlər çatışmır. Debüt ilimizdir. 22 xal toplamışıq və yaxşı nəticədir. Limitli komanda olsaq da, yaxşı oyun göstəririk. Komandamız hər zaman yüz faiz gücüylə mübarizə aparır. Çempionatdakı mövqeyimizə baxsaq, pis deyil. Sona qədər mübarizə aparırıq. Komandanın əziyyətinə dəyər verilir. Faktdır ki, qələbə qazana bilmirik, problemlər var. Başqa da fakt var ki, Premyer Liqada hər komanda bizə qalib gəlməyə çətinlik çəkir. İşimizə davam edəcəyik. Məqsəd Premyer Liqada qalmaqdır.

– 11-ci sıra ilə aradakı xal fərqi 6-dır. Qarşıdan ağır oyunlarınız gəlir. Fərqin qapanmasından narahat deyilsiniz?
– Narahat edir. İşimizin də məqsədi odur ki, fərqin qapanmasına imkan verməyək. Başa düşürük, çətin oyunlar var. Amma onlara qarşı layiqli mübarizə göstərə bilirik.

Şahin Cəfərov

 

Bundesliqa klubu baş məşqçisini göndərdi

8 March 2026 at 15:10

Almaniyanın “Volfsburq” klubu baş məşqçisi Daniel Bauerlə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Volfsburq” Bundesliqada 25 turdan sonra 20 xalla 17-ci sıradadır.

“Barselona”nın sabiq futbolçusu MLS klubuna keçə bilər

8 March 2026 at 14:25

“Barselona”nın sabiq futbolçusu Flippe Koutinyo karyerasını MLS-də davam etdirəcək.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiçi adı açıqlanmayan bir klubla danışıq aparır. Tərəflərin razılaşmağa yaxın olduğu bildirilib.

Koutinyonun son klubu ölkəsində “Vasko da Qama” olub. O, daha əvvəl Liverpl”, “İnter, “Bavariya, “Barselona” kimi klubların formasını geyinib.

“Şamaxı” – “İmişli”: heyətlər bilindi

8 March 2026 at 13:49

“Şamaxı” Misli Premyer Liqasının XXIII turunda bu gün “İmişli”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 11. Dioqo Balau 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya

Milli üzvü “fərqləndi”, komandası uduzdu

8 March 2026 at 13:40

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Botev”lə qarşılaşıb. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:1.

Cəlal start heyətdə yer alıb və sona qədər oynayıb. O, 90+3-də sarı vərəqə ilə cəzalanıb.

“Arda” çempionatda 25 turdan sonra 32 xalla 8-ci sıradadır.

Azərbaycanı beynəlxalq turnirdə onlar təmsil edəcək

8 March 2026 at 13:00

Martın 9-dan 15-dək Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərlərində stolüstü tennis üzrə WTT Youth Contender turnirləri təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, bu yarışlarda gənclərdən ibarət seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi ilə 6 idmançımız qüvvəsini sınayacaq.

Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli oğlanların, Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova qızların yarışında mübarizə aparacaq. Qeyd edək ki, turnirlər U 17, U 15, U 13 və U 11 yaş dərəcələri üzrə keçiriləcək.

“Sumqayıt”da xaotik vəziyyət – İliç niyə yalan danışır?

8 March 2026 at 12:27

“Sumqayıt”ın enişi davam edir. “Kimyaçılar” Misli Premyer Liqasının XXIII turunda səfərdə autsayder “Karan-Yevlax”la heç-heçə edib. Qələbəsizlik seriyası davam edən “Gənclik şəhəri” təmsilçisi son dəqiqədə buraxdığı qolla bir xalla kifayətlənib.

Matçdan sonra komandanın baş məşqçisi Saşa İliç klubun strategiyanı dəyişdiyini, rəhbərlikdən akademiya yetirmələrinə şans vermək tapşırığı aldığını bildirdi, bir növ xal itkisinə bəhanə gətirdi.

Strategiya dəyişməsi ola bilər, lakin mövsümün bitməsinə 10 tur qalmış iddiadan əl çəkmək, təslim olmaq klubun aktivinə neqativ xallar yazdırdı.

Birincisi, İliç akademiya gənclərinə şans verdik deməklə yalan danışmış olur. “Karvan-Yevlax”la matçda start heyətdə 6 legioner var idi. Digər yerli oyunçular – Rüstəm Əhmədzadə, Səbuhi Abdullazadə, Nadir Orucov, Xəyal Fərzullayev və Nihad Əhmədzadə komandanın əsas oyunçularındandır. Bu futbolçular bu mövsüm, ötən mövsüm mütəmadi oyunlara çıxan, bəzən startda, bəzən ehtiyatda olanlardır. Oyuna sonradan daxil olan Sənan Muradlı da ötən mövsümdən əsas komandada oyunlara çıxır.

Xal itkisinə arqument gətirilən akademiya yetirmələri olan gənclər bəs kimdir, İliç?

Müqaviləsi mövsümün sonuna qədər olan serb böyük ehtimalla “Sumqayıt”da qalmayacaq. Mətbuat konfransında “qış fasiləsində rəhbərlikdən tələblərim oldu, alınmadı” deyən İliç gedişinə işarə verdi. Görünür, serbiyalı ilə klub rəhbərliyi arasında fikir ayrılığı var və bu, qış fasiləsindən sonrakı nəticələrdə sözünü deyir.

İliçin həmyerliləri Aleksa Yankoviç, Nikolo Ninkoviçin də performansında ciddi eniş var. Birinci dövrədə komandanın əsas silahı olan Aleksa son oyunlarda effektiv deyil. O da sanki mövsümün bitməsini gözləyir. Ninkoviç ardıcıl iki matçda qırmızı vərəqə alaraq, komandanı çətin duruma salır. O da gözləntiləri qarşılamır.

“Sumqayıt”da sanki xaos yaranıb. Futbolçular oynamaq istəmir, meydandakı rahat davranışları ilə sanki onlar da mövsümün tez bitməsini istəyir. Gedişat yaxşı görünmür. İndiki məqamda da nəyinsə dəyişəcəyinə ümid etmək olmur.

Şahin Cəfərov

Premyer Liqada daha üç oyuna təyinatlar bilindi

8 March 2026 at 12:08

Misli Premyer Liqasında XXIII turun daha üç oyununun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Zirə” – “Kəpəz” oyununu Kamal Umudlu idarə edəcək.

9 mart (bazar ertəsi)

“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu, 18:30

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Palms Sports Arena”, 20:30

10 mart (çərşənbə axşamı)

“Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”, 19:15

Messi qol vurdu, komandası qələbə qazandı

8 March 2026 at 11:53

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Di Si Yunayted”lə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 2:1.

Komandanın qollarını Lionel Messi və Rodriqo De Paul vurub.

“İnter Mayami” 3 turdan sonra 6 xalla 11-ci sıradadır.

Şamaxıda qolsuz heç-heçə, “Qarabağ”dan darmadağın

8 March 2026 at 21:05

Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” azarkeşləri önündə “İmişli”ni qəbul edib. Matç bərabərliklə başa çatıb.

Digər matçda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
XXIII tur

8 mart

15:00 Şamaxı – İmişli 0:0
Baş hakim: Vüqar Həsənli
Şamaxı şəhər stadionu

19:15 Qarabağ – Araz-Naxçıvan 6:0
Qollar:
Montiel, 15 (pen.), Andrade, 33, 36, K.Duran, 64 (pen.), 89, M.Qurbanlı, 83
Baş hakim: Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu

“Fənərbağça”dan geridönüş

8 March 2026 at 23:52

Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun mərkəzi görüşündə “Qalatasaray” səfərdə “Beşiktaş”a qalib gəlib.

“Fənərbağça” bu turda “Samsunspor”u məğlub edib.

Türkiyə Super Liqası
XXV tur

7 mart

Başakşəhər – Göztəpə 2:1
Qollar: Şahiner, 13, İ.Brniç, 69 – Antunes, 39

Beşiktaş – Qalatasaray 0:1
Qol: V.Osimhen, 39

8 mart

Rizespor – Antalyaspor 1:0
Qol: Q.Laçi, 10 (pen.)

Qaziantep – Karagümrük 1:1
Qollar: A.Maksim, 54 – Serginyo, 63

Konyaspor – Kasımpaşa 1:1
Qollar: C.Muleka, 17 – A.Benedicak, 31 (pen.)

Fənərbağça – Samsunspor 3:2
Qollar: M.Genduzi, 15, D.Nene, 90, S.Şerif, 90+5 – Marius, 11, 23

Küveytdə qalan hakimlər Bakıya qayıtdı

7 March 2026 at 22:19

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.

Futbolpress.az xəbər verir ki, bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə qayıdıblar.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkür edib.

“İlk oyundan sonra istəyirdik ki, bu qarşılaşmada ən azı 1 xal qazanaq”

7 March 2026 at 22:10

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə səfərdə keçirilən oyundan (0:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Təəssüflər olsun ki, minimal hesabla məğlub olduq. İlk oyundan sonra istəyirdik ki, bu qarşılaşmada ən azı 1 xal qazanaq. Rəqibi yaxşı təhlil etmişdik, komandanın gücünü, futbolçularının səviyyəsini bilirdik. Birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapdılar. Qarşıdakı oyunlarda yaxşı nəticə qazanmaq üçün tez bir zamanda səhvlərimizi analiz edib, onları aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, millimiz növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.

Milli macarlarla bacarmadı

7 March 2026 at 19:26

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşıb. Felksut şəhərindəki “Panço Arena”da təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz ilk turda Bakıda Şimali Makedoniya yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.

Enrike: “Belə məqamlarda inamsızlıq özünü göstərir”

7 March 2026 at 18:15

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-də “Monako”ya uduzduqları oyunu şərh edib.

Futbolpress.az “RMC Sport”a istinadən xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Düşünürəm ki, kifayət qədər dəqiq ola bilmədik. Bir çox oyunçumuz epizodları boşa verdi. “Monako” ilk hissədə ciddi qol imkanı yaratmasa da, onlara “hədiyyə” verdik. Belə məqamlarda inamsızlıq özünü göstərir.

Çətin oyun oldu. Qarşıdan Çempionlar Liqası matçı gəlir. Bu nəticə yaxşı olmadı, amma bərpa olmalıyıq”.

PSJ Çempionlar Liqasında “Çelsi” ilə qarşılaşacaq. Matç martın 12-də olacaq.

Məmmədov: “Kəpəz”lə oyuna qədər fərqi azaltmalıyıq”

7 March 2026 at 17:20

Azərbaycan Premyer Liqasının XXIII turunun “Karvan-Yevlax” – “Sumqayıt” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Maraqlı oyun alındı. İki tərəf də meydanda mübarizə apardı. Futbolçularımın döyüşkənliyi məni sevindirdi. Çox çalışırıq ki, qol buraxmayaq. Təəssüf ki, oyun ərzində rəqib çox qol epizodu yaratmadı, amma diqqətsizliyimizdən penalti qazandılar. Bizim daha yaxşı imkanlarımız var idi. Daha erkən qol vura bilərdik. Futbolçuların döyüşkənliyinə görə onlara təşəkkür etdim. Qələbəyə köklənmişdik. Futbolçular da çox istəkli idilər.

– Ardıcıl iki oyunda xal qazandınız. Liqada qalmaq ümidləri artıb?
– Futbolçular, məşqçilər korpusu işə çox ciddi yanaşır. Bu gün də qələbəyə çox inanırdıq. Geri düşəndən sonra qələbə çətin olur. Yaxşıdır ki, ardıcıl iki oyundur, məğlub olmur. Fərqi aradan qaldırmaq üçün qələbəyə ehtiyac var.

– Qarşıda “Zirə”, “Araz-Naxçıvan”, “Qarabağ” və “Kəpəz”lə görüşlər var. Bu qrafik komandaya necə təsir edəcək?
– “Araz-Naxçıvan”la burda da oynayanda pis oynamamışdıq. Sadəcə keyfiyyət matçın taleyini həll etmişdi. Oyunlara ciddi hazırlaşacağıq. “Kəpəz”lə matça qədər fərqi azaltmalıyıq. Çalışacağıq ki, qələbələr qazanaq.

– Yaxşı qapıçı komandanın yarısıdır. Sizcə, Pedro Mateus yarıdan daha çox deyil?
– Pedro özünü yaxşı tərəfdən göstərir. Burda qapıçı məşqçinin də işini dəyərləndirmək lazımdır. Kritik seyvlər edir, amma komandanın da əziyyətini yerə salmaq olmaz.

– Araz Abdullayevin durumu necədir?
– Zədədən qayıdandan sonra yenidən ağrılar hiss edib. Yaxşı müalicə keçib. Komandayla iki məşqə çıxıb. Çox çalışmalıdır ki, komandaya kömək ola bilsin.

Şahin Cəfərov

İliç: “Rəhbərlikdən gələn tapşırıqdır ki…”

7 March 2026 at 17:10

Azərbaycan Premyer Liqasının XXIII turunun “Karvan-Yevlax” – “Sumqayıt” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

– Çalışdıq ki, akademiyanın yetirmələrinə şans verək. Bundan sonra bu yolla davam edəcəyik.

– Qərarınızın səbəbi nədir?
– Rəhbərlikdən gələn tapşırıqdır ki, akademiya yetirmələrinə üstünlük verək. Kifayət qədər səhvlər etdik, keyfiyyətsiz oyun alındı. Penaltidən də yararlana bilmədik.

– Bu heyət autsayderlə də bacarmır. Qarşıdakı oyunlardan nə gözləyirsiniz?
– Baxacağıq.

– Strategiyanı dəyişmisiniz. Bu, sizin şəxsi iddianızla üst-üstə düşür?
– Verilən qərara hörmətlə yanaşıram.

– Son zamanlarda komandanın oyunlarında geriləmə hiss olunur. İddia var ki, yayda klubdan ayrılacaqsınız?
– Mövsümün sonuna hələ var. Nə qərar verilsə, qəbul edəcək. Müqaviləm mövsümün sonuna kimidir.

– “Sumqayıt” akademiyasının perspektivi haqda nə düşünürsünüz?
– Güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Qərarı başa düşürəm, avrokuboklara vəsiqə şansımız azalıb. Buna görə strateji yollar ayrılıb.

– Mövsümün əvvəlində qərar qəbul edilib ki, yerli, gənc oyunçuların oyun dəqiqəsinə görə bonuslar veriləcək. Bu strategiya məsələsində bu amilin rolu var?
– Bu barədə eşitmişəm. Strategiyanın dəyişməsi əsas avrokuboklara vəsiqə şanslarının azalmasıdır.

– Komandanın belə durumunda rəhbərliyin dəstəyini hiss edirsiz, ya narazılıq var?
– Komanda üçün çalışırıq. Mövsümün əvvəli yaxşı başladıq. Amma qış fasiləsində müəyyən tələblərim oldu. Onlar da alınmadı.

– Penaltiləri fərqli futbolçuların vurmasının izahı nədir?
– Bu, oyunçuların öz qərarıdır. Qarışmamışam.

– Axşamki “Beşiktaş” – “Qalatasaray” oyununu izləyəcəksiniz?
– Əlbəttə, baxacağam. İki mövsüm “Qalatasaray”da oynamışam. Onların azarkeşiyəm.

Şahin Cəfərov

“Qarabağ”dan “8 Mart” jesti

7 March 2026 at 16:04

“Qarabağ” xanım azarkeşlərinə jest edib.

Futbolpress.az xəbər verir ki, “atlılar” Misli Premyer Liqasının XXIII turu çərçivəsində “Araz-Naxçıvan” ilə keçiriləcək ev onunda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş sərbəst olacaq.

Martın 8-də baş tutacaq oyuna saat 19:15-də start veriləcək.

UEFA “Real”ı cərimələdi

7 March 2026 at 15:26

UEFA İspaniyanın “Real” klubunu cərimələyib.

Futbolpress.az xəbər verir ki, “kral klubu” Çempionlar Liqasında pley-off mərhələsində “Benfika” ilə matçda azarkeşlərinin qeyri-etik şüarlarına görə 15 min avro məbləğində cəzalanıb.

Bundan əlavə, “Real” turnirdə növbəti ev oyununda tribunanın birini bağlamaq məcburiyyətində olacaq.

“Real” Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə qarşılaşacaq.

“Karvan-Yevlax” son dəqiqədə məğlubiyyətdən xilas oldu

7 March 2026 at 16:53

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Autsayder “Karvan-Yevlax” azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Matç bərabərliklə başa çatıb.

Azərbaycan Premyer Liqası
XXIII tur

7 mart

15:00 Karvan-Yevlax – Sumqayıt 1:1
Qollar:
Mikels, 90+5 – S.Abdullazadə, 51 (pen.)
(“Sumqayıt”ın futbolçusu Rüstəm Əhmədzadə 73-cü dəqiqədə penaltidən yararlana bilməyib)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

❌
❌