“Oyundan görüntülərə göz yaşları içində baxmışam” – Rusiyada yaşayan bir azərbaycanlının dünən mənə yazdığı mesajdan bir cümlə…
2012/13-cü illərdə mənimlə tez-tez ünsiyyət quran əslən Masallıdan olan ağsaqqal yaşda “Xəzər Lənkəran” azarkeşi sentimental hisslər oyatdı məndə.
Səhər dalaşıb, günorta barışıb, axşam yenidən dalaşırdı…
O vaxt mənimlə belə emosional natarazlıqla ünsiyyət quran “Xəzər Lənkəran” fanatları çox idi. Hər birini anlamağa çalışırdım.
Onlar elə bilirdi ki, XL-in “düşməni” mənəm. Bir az yönləndirmə də var idi, ancaq mən hər şeyin saf, təbii tərəfini düşünməyi üstün tutmağı xoşlayıram. O azarkeşlər o dərəcədə azarkeş idilər ki, sevdiyi kluba bircə kəlimə qınaq tərkibli söz də qondarmazdılar.

“Xəzər Lənkəran”a nə qədər bürokratik badalaqlar vurulsa da, öz yanlış idarəetməsindən dağılacağını yazdığım vaxtlar idi. Bu idi məni onlara “düşmən” cildində göstərən.
Xülasə, getsin o dövrlər…
Təəssüf ki, təhlillərim, proqnozlarım, xəbərlərim doğru çıxmışdı. 2014-də öləziyən “Cənubun mirvarisi” tədricən səhnədən çəkilməyə, qüruba enməyə başladı.
Elə həmin vaxt yazdıqlarıma görə gözünə “düşmən” qismində göründüyüm əksəri zaman-zaman geri döndü, münasibətlərini bərpa etdi. Olanlara görə heyfsləndilər, üzr istədilər.
Heç nə XL-i xilas edə bilmədi. Yalnız özü istəsə, yaşaya bilərdi, boş şeydir, “məhv etdilər” kimi iddilar…
***
Çoxunun xəyalında “Xəzər Lənkəran” yaşayır. Süquta uğramayıb. Reinkarnasiyasına sidq-ürəkdən inananlar, yenidən əzəmətli və sevimli halı ilə bərqərar olacağını böyük inamla gözləyənlər var. Bu halına görə o “Xəzər Lənkəran”ı obrazlı olaraq Latın dilinə bənzətmişdim – özü tarixin yaddaşına köçən, lakin dili yaşayan xalq…
***
Son illər fərqli addımlar atılıb, lakin bərpası mümkün olmayıb. Nisgili qəlbində közərən çox azarkeş bərpasını görmədən köçdü dünyadan, çoxununsa inamı korşalmaqdadır.
2-3 il idi ki, bu ad/mövzu səngiməkdə idi.
Dünən Region Liqasının 1/8 finalında “Bərdə”ni 2:0 hesabıyla məğlub edib 1/4-ə yüksələn “Lənkəran” rəqibi “Fırtınalar meydanı”nda qarşılamışdı.
7 minə yaxın azarkeş!
Region Liqasının 1/8 final oyunu və 7 min insan stadionda… görüntülərdə nisgilqarışıq sevinc, fəxarət hissi adamı öz ağuşuna alır…

Qərib diyarda yaşayan o azarkeşin görüntüləri göz yaşları içində izləməsini deməsi xəyalımda nə epizodlar canlandırdı. Və qəhər düyünü top şəklində uzaqdan vurulmuş möhkəm zərbə kimi üzümə dəymiş hissi yaratdı.
Söz tapmadım.
O azarkeşin gözləriylə baxdım o kadrlara. Dəfələrlə…
Futbol sevildiyi yerdə çiçək açar. Futbolumuzu “baharından məhrum edənlər” o boyda azarkeşin qəhərində, nisgilində boğulacaq!
Elçin Cəlilov