Reading view

“CBC Sport” bəyanat yaydı

“CBC Sport” telekanalı Çempionlar Liqasında “Bavariya” – PSJ oyununun efirə verilməməsi ilə bağlı bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, bununla bağlı feysbuk hesabında paylaşım edilib. Bəyanat:

“Əziz və hörmətli futbol azarkeşləri,

mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bavariya” – PSJ qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.

Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.

Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.

Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk.

Hörmətlə, “CBC Sport”

Kapitan: “Nə şansımız varsa, dəyərləndirməyə çalışacağıq”

“Karvan-Yevlax” Misli Premyer Liqasında 30 turdan sonra 14 xalla sonuncu sıradadır.

Yevlax təmsilçisi pley-off zonasından – 11-ci sıradan altı xal geri qalır. Komandanın kapitanı Vadim Abdullayev “Futbolpress.az“a açıqlamasında liqada qalmaq şanslarını dəyərləndirdi:

“Qarşıda üç oyun var. Hamı istəyir ki, nələrsə dəyişsin. Nə şansımız varsa, dəyərləndirməyə çalışacağıq. Amma indiki məqamda hər şey tək bizdən asılı deyil. “Qəbələ” amili də var. Əlimizdən gələni edəcəyik ki, çempionatda qalaq”.

“Karvan-Yevlax” son oyunlarda topladığı xallarla “Qəbələ” ilə fərqi endirib. Abdullayev geridə qalan matçların bəzilərində məğlubiyyətə layiq olmadıqlarını bildirdi:

“Elə matçlar var idi ki, xallar qazana bilərdik. Oyunumuzla buna layiq olmuşuq, amma alınmayıb. Lakin indi geriyə baxmağın faydası yoxdur. Qarşıdakı matçlara diqqət etməli və qalan şansımızdan yararlanmalıyıq”.

Kapitan klubdakı taleyinə də toxundu:

“Çalışırıq ki, liqada qalaq. İndi klubdakı gələcəyimlə bağlı nəsə demək doğru olmaz. Diqqətimiz oyunlardadır və yalnız bunu düşünürük”.

Şahin Cəfərov

“Real”ın məşqində gərginlik

“Real” klubunun iki futbolçusu məşq zamanı mübahisə edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Məşq zamanı epizodların birində yarımmüdafiəçilər Federiko Valverde ilə Orelyen Çuameni arasında kobud oyundan sonra mübahisə yaranıb və vəziyyət əlbəyaxa dava həddinə çatıb.

Digər futbolçuların müdaxiləsi ilə sakitləşən tərəflər daha sonra paltardəyişmə otağında da mübahisə ediblər.

“Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq” – VİDEO

Peşəkar Futbol Liqası ilk Azərbaycan Kubokunun qalibi “İnşaatçı” (Bakı) komandasının baş məşqçisi olmuş Məmmədəli Məmmədovla müsahibə hazırlayıb.

Futbolpress.az xəbər verir ki, o, final matçı ilə bağlı bir çox maraqlı məqamlara toxunub:

“1992-ci ildən danışırıqsa, həmin il bizim üçün tarixi alınmışdı. Komandamızda ulduz futbolçu yox idi. Kollektiv oyun nümayiş etdirərək gücümüzü göstərməyə çalışırdıq. Kubok qazanmağa layiq komanda idik”

Məmmədov final matçı öncəsi klub rəhbəri ilə olan maraqlı dialoqlarından, eyni zamanda kubokdakı rəqibləri barədə də söz açıb:

“Sponsorumuz olan evtikmə kombinatının rəhbəri oyundan iki gün əvvəl keçirilən iclasda bizə yaxşı vəd verdi. Bildirdi ki, kuboku qazanacağınız təqdirdə komandanın üzvlərindən birinə ikiotaqlı ev, digərlərinə pul mükafatı verəcək. Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq”.

 

 

 

Konfrans Liqasında yarımfinal həyəcanı

Bu gün UEFA Konfrans Liqasında finalçılar məlum olacaq.

Futbolpress.az xəbər verir ki, türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” İngiltərədə “Kristal Pelas”ın qonağı olacaq.

Fransa təmsilçisi “Strasburq” isə İspaniyanın “Valyekano” komandasını qəbul edəcək.

UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

7 may

23:00 Kristal Pelas – Şaxtyor
İlk oyun 3:1

23:00 Strasburq – Valyekano
İlk oyun 0:1

“Arsenal”ın Arteta planı

Çempionlar Liqasında finala yüksələn “Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzatmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubunun rəhbərliyi yayda mütəxəssislə danışıqlara başlayacaq.

Artetanın hazırki müqaviləsi 2027-ci ilin yayına kimidir.

Çempionlar Liqasında finala yüksələn “topçular” İngiltərə Premyer Liqasında da sona üç tur qalmış liderdir.

Almanlar PSJ ilə oyunun hakimindən narazıdır

“Bavariya” klubu Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri oyunun idarəçiliyindən narazı qalıb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin direktoru Yan-Kristian Drezen açıqlamasında deyib:

“Oyunun hakimi Pinheyro anlaşılmaz qərarlar verdi. Nə danışacağımızı bilmirik. Çempionlar Liqasında cəmi 15 oyun idarə etmiş hakimin belə matça təyinat alması qəribədir. Açığı, qərarları da onun təcrübəsizliyini göstərdi”.

“Bavariya” iki oyunun nəticəsinə görə (4:5, 1:1) PSJ-yə uduzub və mübarizəni dayandırıb. Münhen klubu 1:1 hesabıyla başa çatan cavab görüşündə üç dəfə penalti qərarı gözləsə də, hakim “11 metrə” təyin etməyib.

“Birinci oyunda “mat” oldum” – Arda Turan

“Şaxtyor”un baş məşqçisi Arda Turan Konfrans Liqasında “Kristal Pelas”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis birinci matçda 1:3 hesablı məğlubiyyətə baxmayaraq, final üçün mübarizə aparacaqlarını deyib:

“İlk oyun geridə qaldı. Matça yenidən başlaya bilərik. Həmişə yaxşı oynamaq mümkün deyil, lakin sona qədər döyüşmək lazımdır. Birinci oyunda “mat” oldum. Bu dəfə vəziyyəti dəyişməyə, ən azı məğlub olmamağa çalışacağıq”.

“Kristal Pelas” – “Şaxtyor” oyunu saat 23:00-da start götürəcək.

Çempionlar Liqası tarixinə düşən braziliyalı

PSJ-nin futbolçusu Markinyos Çempionlar Liqasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, yarımfinalda “Bavariya” ilə matçda meydana çıxan müdafiəçi turnirdə ən çox oyun keçirən braziliyalı futbolçu adını qazanıb. Münhendəki görüş Markinyosun ÇL-dəki 121-ci matçı olub.

Bundan əvvəlki rekordçu Roberto Karlos idi. Keçmiş müdafiəçi turnirdə 120 oyun keçirmişdi.

“CBC Sport” texniki problemə görə üzr istədi

“CBC Sport” telekanalında Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” – PSJ oyununu yayımlamaması sosial şəbəkələrdə narazılığa səbəb olub. Matçın anonsu edilsə də, görüş saatında yayımın baş tutmamasına görə telekanal tənqidlərə məruz qalıb.

“CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov “Futbolpress.az“a açıqlamasında texniki problem yaşadıqlarını və tamaşaçılardan üzr istədiklərini bildirdi:

“Texniki problem idi, səhvimizi etiraf edirik. Günah bizdədir, texniki səbəblərdən qaynaqlanıb. İstəməzdik belə olsun. Məsuliyyəti dərk edirik. Tamaşaçılarımızdan üzr istəyirik, görünür, taleyimiz belə gətirib”.

Şahin Cəfərov

30 yaşında “butslarını asdı”

Dortmund “Borussiya”sının futbolçusu Niklas Süle karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı müdafiəçi bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, Bundesliqada “Hoffenhaym”la oyunda aldığı zədədən sonra bu qərarı verib.

Süle Almaniya millisinin də sabiq üzvüdür. Müdafiəçi yığmada 49 oyuna çıxıb.

“Neftçi” bu futbolçuya görə cəzalanıb: “Narahatlığa səbəb yoxdur”

FIFA tərəfindən transfer qadağası ilə üzləşən “Neftçi”nin cəzası ləğv olunacaq.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı “Futbolpress.az“a açıqlamasında bildirdi. O, qadağanın yaxın zamanda qüvvədən düşəcəyini bildirdi:

“Bir futbolçuyla bağlı ödəniş texniki səbəbdən gecikmişdi. FIFA-da sistem elədir ki, portal avtomatik işləyir və gecikməyə görə klub qırmızı siyahıya salınıb. Ancaq ödəniş edilib və cəza yaxın zamanda ləğv olunacaq. Narahatlığa heç bir səbəb yoxdur”.

“Neftçi” Alessio Kurçini Belçikanın “Frank Borains” klubundan heyətinə qatıb. Lüksemburqlu hücumçu ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

Kurçi bu mövsüm 18 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Kvaratsxeliyadan başqa bunu bacaran olmayıb

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Bavariya” ilə yarımfinal mərhələsinin cavab matçında məhsuldar ötürmə edən gürcüstanlı yarımmüdafiəçi ardıcıl 7-ci oyunda qolun vurulmasında iştirak edib.

Kvaratsxeliya turnir tarixində pley-off mərhələlərində bu göstəriciyə imza atan ilk oyunçudur.

Xviça bu mövsüm turnirdə 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Sumqayıt” yayda onlarla vidalaşacaq

Müdafəçi Danilo Beskorovoyni və yarımmüdafiəçi Emil Mustafayev “Sumqayıt”dan ayrılacaq.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, icarə əsasında “kimyaçılar”da çıxış edən hər iki futbolçunun transfer hüquqları alınmayacaq.

Danilo və Emil müqavilə ilə məxsus olduğu Ukraynanın “Polissya” klubuna qayıdacaq.

Futbolçular “Sumqayıt” formasıyla Premyer Liqada 11 matça çıxıb.

Şahin Cəfərov

“İmişli”nin əməkdaşları Türkiyə klubunda təcrübə keçib

“İmişli” klubunun nümayəndə heyəti Türkiyənin Trabzon şəhərinə səfər çərçivəsində “Trabzonspor” futbol klubunda 5 günlük təcrübə proqramında olub.

Futbolpress.az xəbər verir ki, səfərdə klubun oyunların təşkili üzrə meneceri İlkin Əhmədov və komandanın meneceri Mədət Eminbəyli iştirak edib.

“Trabzonspor”un meneceri Əmrah Tokun dəvəti ilə baş tutan səfər zamanı nümayəndələr əsas komandanın bazası, qadın futbol akademiyası və aşağı yaş qrupları üzrə təlim-məşq mərkəzlərinin fəaliyyəti ilə tanış olub.

Səfər çərçivəsində klubun baş məşqçisi Fateh Tekke və rəhbərliklə keçirilən görüşlərdə oyunların təşkili, əməkdaşlıq imkanları və təcrübə mübadiləsi müzakirə edilib.

Bununla yanaşı, “Trabzonspor” klubunun uşaq futbol akademiyası ziyarət edilib, akademiyanın rəhbəri İlkər Ərdəmlə qarşılıqlı əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub.

“25 yaşıma qədər özümü Maradona hesab edirdim”

“Flamenqo”nun futbolçusu Saul Niqes maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerası ilə bağlı danışıb:

“25 yaşıma qədər özümü Maradona hesab edirdim. Sonra nə baş verdiyini anlamadım. Problemlər yaşadım və futboldan zövq almamağa başladım. Fərqli mövqelərdə oynamaq isə məni yordu”.

Saul karyerası ərzində “Atletiko”, “Sevilya” kimi klublarda da çıxış edib.

Avropa Liqası: finalçılar məlum olacaq

Bu gün UEFA Avropa Liqasında finalçılar məlum olacaq.

Futbolpress.az xəbər verir ki, Almaniya təmsilçisi “Frayburq” azarkeşləri önündə “Braqa”nı qəbul edəcək.

İngiltərədə isə “Aston Villa” ilə “Nottingem Forest” üz-üzə gələcək.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

7 may

23:00 Aston Villa – Nottingem Forest
İlk oyun 0:1

23:00 Frayburq – Braqa
İlk oyun 1:2

Enrike: “Xarakter göstərdik”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında “Bavariya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Meydanda xarakter göstərdik və sona qədər döyüşdük. Çempionlar Liqasında ardıcıl ikinci mövsüm finala yüksəlmək sevindiricidir. “Bavariya” əsas favoritlərdən idi və onlara qarşı inanılmaz dərəcədə gərgin oyunlar keçirdik. Yekunda üstün olduğumuz üçün sevincliyik. Nəticədən çox razıyıq”.

PSJ iki oyunun nəticəsinə görə (5:4, 1:1) finala yüksəlib. Fransa klubu həlledici görüşdə “Arsenal”la qarşılaşacaq.

Kompanidən PSJ-yə tərif

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Düşünürəm ki, birinci hissə daha yaxşı oynadıq. Lakin qeyd etmək lazımdır ki, rəqib kompakt müdafiə olundu və ötürmələrin qarşısını ala bilirdilər. Qayıdan topların da onlara keçməsi işimizi çətinləşdirdi. PSJ həm müdafiədə, həm də hücumda çox yaxşı oynadı”.

PSJ iki oyunun nəticəsinə görə (5:4, 1:1) finala yüksəlib. Fransa klubu həlledici görüşdə “Arsenal”la qarşılaşacaq.

FIFA-dan “Neftçi”yə transfer qadağası

FIFA “Neftçi”yə transfer qadağası qoyub.

Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. “Ağ-qaralar” sabiq futbolçularından və ya məşqçilərindən birinə olan borcu səbəbindən cəzalanıb.

“Neftçi” üç transfer dönəmi üçün qadağa ilə cəzalandırılıb. Klub maliyyə öhdəliyini yerinə yetirəcəyi təqdirdə, qadağa aradan götürüləcək.

Bakı klubu Misli Premyer Liqasında  mövsümün sonuna üç tur qalmış 50 xalla dördüncü sıradadır. “Neftçi” bu mövqeyi tutsa və “Sabah” Azərbaycan Kubokunun qalibi olsa, “ağ-qaralar” Konfrans Liqasında iştirak hüququ əldə edəcək.

Futbolçusu “Zirə”ni 50 manat ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar açıqlanıb.

1 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIV turun “Qarabağ-2” – “Zirə-2” oyununun 61-ci dəqiqəsində “Zirə-2” komandasının 62 nömrəli futbolçusu Rəvan Qaraəhmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zirə-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

1 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIV turun “Qarabağ-2” – “Zirə-2” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ-2” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

1 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIV turun “Sabah-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

“Hər zaman “Mançester Yunayted” azarkeşi olacağam”

“Mançester Yunayted”in futbolçusu Kazemiro açıqlama verib.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi yayda “qırmızı şeytanlar”dan ayrılacağını bildirib:

“Buradakı son mövsümümdür. Bu klub daim qəlbimdə yaşayacaq. Hər zaman “Mançester Yunayted” azarkeşi olacağam. Çətin vaxtlarımız oldu, amma toparlandıq və klubu layiq olduğu yerə – Çempionlar Liqasına qaytardıq. Komandadan xoş xatirələrlə ayrılacağam”.

Kazemiro bu mövsüm Premyer Liqada 33 oyunda 9 qol vurub.

Azərbaycan komandası birinci oldu

Bakıda “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirdə yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb.

İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.

Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.

Beləliklə, 3 qızıl, 4 gümüş və 10 bürünc medal qazanan Azərbaycan millisi qız boksçuların yarışında komanda hesabında 1-ci yeri tutub.

İkinci yeri Gürcüstan (3-1-1), üçüncü pilləni neytral idmançılardan ibarət komanda (AİN, 1-2-1) tutub.

Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komandanın qatıldığı yarışda oğlanların mübarizəsinə sabah yekun vurulacaq.

“Qəbələ” – “Qarabağ”: hakimlər bilindi

Misli Premyer Liqasının XXXI turunda keçiriləcək oyunlara təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Qəbələ” – “Qarabağ” matçını FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

8 may

16:30. “İmişli” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
Quba OİK

19:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
“Bank Respublika Arena”

9 may

17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

10 may

17:00. “Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
Tovuz şəhər stadionu

19:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
“Palms Sports Arena”

Azərbaycan yığması ilk oyunda uduzdu

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, milli Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, U-16 növbəti oyununu mayın 8-də Rumıniya yığmasına qarşı keçirəcək.

“Əvəzedicilər”də son durum – “Sabah” üçün kritik tur

Əvəzedicilər Liqasında 2025/26 mövsümünün bitməsinə üç tur qalıb.

24 turdan sonra “Sabah-2” 53 xalla turnir cədvəlinə başçılıq edir. “Bayquşlar” ən yaxın izləyicisi “Qəbələ-2″ni 4 xal qabaqlayır. Növbəti – 25-ci turda məhz bu komandalar üz-üzə gələcək. “Sabah”ın əvəzediciləri qələbə qazanacağı halda, böyük ölçüdə çempionluğun taleyini həll edəcək.

“Üçlüy”ü isə “Neftçi-2” tamamlayır. Rəşad Abdullayevin rəhbərlik etdiyi kollektiv liderdən 6, ikincidən iki xal geri qalır.

Autsayder isə “Araz-Naxçıvan”ın əvəzediciləridir. Komanda 24 turda cəmi 4 qələbə qazanıb. 17 dəfə uduzan naxçıvanlılar 15 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Autsayderlər qrupundakı digər komandalar isə “Şamaxı-2” və “Kəpəz-2″dir. Birincilər 17 xalla 8-ci, ikincilər isə 16 xalla 9-cu sıranı tutur.

Liqada ən çox qol vuran komanda “Sabah-2″dir. “Bayquşlar” 24 turda 61 qol vurub. 26 qol buraxan “futuristlər” bu göstəricidə də ən yaxşı kollektivdir.

“Şamaxı” və “Araz-Naxçıvan”ın əvəzediciləri isə buraxılan qol sayında rekordçudur. Hər iki komanda 24 oyunda 70 qol buraxıb.

Şahin Cəfərov

Fransalı ulduz “Barselona”nın hədəfində

Müdafiə xəttini gücləndirməyi planlaşdıran “Barselona” transfer hədəflərinə daha bir futbolçunu əlavə edib.

Futbolpress.az xəbər verir ki, kataloniyalılar “Çelsi”nin oyunçusu Uesli Fofana ilə yaxından maraqlanır. Bu barədə “Sky Sports” məlumat yayıb.

25 yaşlı oyunçu menecerləri tərəfindən İspaniya nəhənginə təklif olunub. Artıq fransalı futbolçunun transferi üçün danışıqlara başlanılıb. “Çelsi” Fofana üçün 30 milyon avro tələb edir. “Barselona” rəhbərliyi isə futbolçunun ilkin icarəyə verilməsi şərti ilə müqavilə imzalamağa razı olduğunu bildirib. Tərəflər arasında danışıqlar davam edir.

Təcrübəli müdafiəçi bu mövsüm “zadəganlar”ın heyətində 22 oyuna çıxıb və 1 məhsuldar ötürməyə imza atıb.

Kazemirodan məsləhət

“Mançester Yunayted”in futbolçusu Kazemiro açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi komandanın müvəqqəti baş məşqçisi Maykl Karriklə bağlı danışıb:

“O, vəzifəsində qalmalıdır. “Mançester Yunayted”i idarə edə bilmək üçün bütün keyfiyyətlərə sahibdir. Artıq özünü sübut edib. Seçim mənə aid deyil, amma məsləhətim odur ki, Karrik işində qalsın”.

Karrikin gəlişindən sonra “Mançester Yunayted” ardıcıl qələbələr qazanıb və komanda üçüncü sırada yer alır. “Qırmızı şeytanlar” yeni mövsümdə Çempionlar Liqasında iştirakı təmin edib.

Karrik komandaya mövsümün sonuna kimi müvəqqəti baş məşqçi təyin olunub.

“Şəfa”dan xal itkisi, “Səbail” səfərdə qazandı

Bu gün Azərbaycan I Liqasında XXV turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci gündə üç qarşılaşma baş tutub.

Lider “Şəfa” səfərdə “Difai” ilə qolsuz heç-heçə edib. Turnir cədvəlinin ikincisi “Səbail” “Zaqatala”ya qalib gəlib. “Şimal” – MOİK oyununda isə qalib müəyyənləşməyib.

Azərbaycan I Liqası
XXV tur

6 may

Difai – Şəfa 0:0

Şimal – MOİK 1:1
Qollar: A.Qla, 40 – S.Fərəcov, 85

Zaqatala – Səbail 0:3
Qollar: Almeyda, 20, 34, P.Rikardo, 81
Qırmızı vərəqə: İ.Qırtımov, 54 (“Zaqatala”) – R.Voronsov, 54 (“Səbail”)

“Liverpul”dan “Yuventus”a

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, braziliyalı qolkiper “Yuventus”la razılaşıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Alisson Turin klubu ilə iki mövsümlük müqavilə imzalayacaq və illik 5 milyon avro məvacib alacaq.

Keçid yayda açıqlanacaq.

Alisson bu mövsüm Premyer Liqada 25 oyuna çıxıb.

“Qalatasaray” “Parma”nın futbolçusu ilə maraqlanır

“Parma”nın futbolçusu Mandela Keyta karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Komandanın baş məşqçisi Okan Buruk rəhbərlikdən Mandelanın transferini istəyib.

23 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 18 milyon avrodur. O, bu mövsüm 37 oyunda meydana çıxıb.

Şkrinyardan “Fənərbağça”ya pis xəbər

“Fənərbağça” Super Liqanın XXXVI turunda “Konyaspor”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Milan Şkrinyar bu görüşdə iştirak edə bilməyəcək. 31 yaşlı futbolçunun zədəsi sağalmayıb və o, turu buraxacaq.

Şkrinyar bu mövsüm 40 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Mayın 9-da keçiriləcək “Konyaspor” – “Fənərbağça” oyununa saat 21:00-da start veriləcək.

Daha bir azərbaycanlı UFC ilə müqavilə imzaladı

Azərbaycanlı döyüşçü Fərman Həsənov UFC ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “MMA Azərbaycan” məlumat yayıb. Həsənov iyunda Bakıda keçiriləcək UFC turnirində debüt edəcəyi gözlənilir.

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

AFFA bölgə klublarını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Göygöl” – “Ağstafa Gəncləri” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Göygöl” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Ağdaş” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Ağdaş” – “Araz Saatlı” oyunu “Araz Saatlı” komandasının qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 150 manat cərimə edilsin (maddə 83.5);

“Quba” – “Xankəndi” oyununun 71-ci dəqiqəsində “Quba” komandasının 8 nömrəli futbolçusu Kamal Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Quba” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Şirvan” – “Şəmkir” oyunu bitdikdən sonra “Şirvan” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Şirvan” komandası 200 manat cərimə edilsin (maddə 86.3);

Riad Rəfiyev və Saşa İliç cəzalandı

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Saşa İliç cəzalanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib:

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin. (maddə 51.1);

“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 87.1, 19);

“Baku Open 2026”: son tura start verildi

Bu gün Bakı Kristal Zalında təşkil olunan “Baku Open” Beynəlxalq Şahmat Festivalının son turuna start verilib.

Futbolpress.az xəbər verir ki, 9-cu turun rəmzi ilk gedişlərini Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, Beynəlxalq Şahmat Federasiyasının baş katibi Lukas Turlej edib.

Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Əliyar Ağayev Əvəzedicilər Liqasına göndərildi

Əvəzedicilər Liqasında XXV turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev “Zirə-2” – “Sumqayıt-2” oyununu idarə edəcək.

7 may (cümə axşamı)

“Neftçi-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Müzəffər Müzəffərli
Palms Sports Futbol Mərkəzi (IV meydança), 17:00

8 may (cümə)

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Xatirə Aslanova
Palms Sports Futbol Mərkəzi (IV meydança), 13:00

“Turan Tovuz-2” – “Qarabağ-2”
Hakimlər: Elçin Abdullayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Samir Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Novruz Əzimov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00

9 may (şənbə)

“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Rüfət Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30

10 may (bazar)

“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: İslam Məmmədov, Kamran Bayramov, Rəşad Quliyev, Sərxan İsmayılov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00

“Yuventus”un futbolçusu türklərə “yox” dedi

“Qalatasaray” “Yuventus”un futbolçusu Federiko Qattini transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı müdafiəçiyə təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Qatti Türkiyədə oynamaq istəmir və bu səbəbdən “yox” cavabı verib.

İtaliyalı futbolçu bu mövsüm 25 oyunda 4 qol vurub.

Azərbaycanı Avropa Kubokunda onlar təmsil edəcək

9–10 may tarixlərində Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 9 çəki dərəcəsində 26 cüdoçu (23 kişi, 3 qadın) ilə təmsil olunacaq. Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Beynəlxalq turnirdə 17 ölkədən 208 idmançı (150 kişi, 58 qadın) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev də yer alacaq.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Babarəhim Mirzəyev
Murad Əliyev
Murad Muradlı
Məhəmməd Məmişov
Şamo Hüseynov

-66 kq
Yaşar Nəcəfov
Hüseyn Allahyarov
Zahir Ağazadə
İslam Rəhimov
Nizami İmranov
Elşən Əsədov
Nazir Talıbov

-73 kq
Nadir İmanov
Rüfət Şövlətov
Nəriman Mirzəyev
Elton İmranov
Bəhram Qurbanlı

-90 kq
Xəyyam Əliyev
Nihad Şıxəlizadə

-100 kq
Əjdər Bağırov
Şahin Əsədov
Elmar Qasımov

+100 kq
Qurban Məmmədli

Qadınlar

-48 kq
Diana Tçkayeva

-57 kq
Ülviyyə Bayramova

+78 kq
Madina Kaisinova

Aziz Yıldırım “Fənərbağça”da prezidentliyə namizəd oldu

“Fənərbağça” klubunda iyun ayında prezident seçkiləri olacaq.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin sabiq rəhbəri Aziz Yıldırım yenidən namizədlər arasında olacaq. Bu barədə funksioner özü açıqlama verib. O, “Fənərbağça”da prezidentliyə iddiaçı olduğunu bildirib.

Yıldırım 1998-2018-ci illərdə klubun rəhbəri olub.

Berdıyev onun transferini istəyir

“Turan Tovuz” Moskva “Lokomotiv”indən icarəyə götürdüyü müdafiəçi Mark Mampassi ilə bağlı qərarını verib.

Futbolpress.az-ın məlumatına görə, Tovuz təmsilçisi futbolçunun transfer hüquqlarını almaq istəyir. Komandanın baş məşqçisi Kurban Berdıyev Markın performansından məmnundur və onun birdəfəlik transfer edilməsini arzulayır.

Mampassi bu ilin fevralından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqada 8 oyunda 1 qol vurub.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol”, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub.

Şahin Cəfərov

MS onunla müqaviləni uzadır

“Mançester Siti” futbolçusu Fil Fodenlə müqaviləsini uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında müddəti 2031-ci ilin yayına kimi olan müqavilə imzalanacaq.

Foden bu mövsüm “şəhərlilər”lə Premyer Liqada 29 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Eyeball” platformasının istifadəsinə başlanıldı

AFFA tərəfindən futbolun inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Eyeball” analitik platformasının istifadəsinə başlanılıb.

Futbolpress.az xəbər verir ki, layihə həm kişi, həm də qadın futbolunu əhatə edir və artıq U-15, U-16, U-17, U-19 və Əvəzedicilər Liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları bu sistemə daxil edilib. Bu addım yerli futbolda analitika və rəqəmsal yanaşmanın tətbiqini genişləndirməyə xidmət edir.

“Eyeball” platformasının Azərbaycan dili üzrə istifadəsinin də tam təmin olunması planlaşdırılır. Bu yenilik yerli istifadəçilər üçün platformadan daha rahat və effektiv istifadə imkanları yaradacaq, eyni zamanda analitik məlumatların daha anlaşılan formada təqdim edilməsinə töhfə verəcək.

“Eyeball” layihəsinin ilkin mərhələsində platformanın Bakı və Abşeron ərazisində fəaliyyət göstərən klublar arasında tətbiqi nəzərdə tutulub. Növbəti mərhələdə isə region klublarının da sistemə qoşulması planlaşdırılır. Eyni zamanda, növbəti mövsümdən etibarən bütün klubların öz ev oyunlarını çəkərək platformaya yükləməsi nəzərdə tutulur.
Yüklənmiş oyunlar platforma tərəfindən avtomatik emal olunur və qısa müddət ərzində geniş statistik göstəricilər və analitik məlumatlar formalaşdırılır. İstifadəçilər oyunların tam video görüntüsünü izləməklə yanaşı, konkret epizodları seçə, hadisələr üzrə filtr tətbiq edə və oyun daxilində baş verən bütün əsas məqamları ayrıca analiz edə bilirlər.
Bundan əlavə, hər həftə bütün yaş qrupları üzrə “Həftənin rəmzi komandası” hazırlanacaq və platforma üzərindən təqdim olunacaq. Bu isə futbolçuların fərdi performanslarının daha yaxından izlənilməsinə və fərqlənən oyunçuların ön plana çıxmasına əlavə imkan yaradacaq.

Eyni zamanda, “Eyeball” platforması üzərindən futbolçuların performans göstəriciləri və oyun görüntüləri xarici klub skautları tərəfindən də izlənilə bilər. Bu isə yerli futbolçuların beynəlxalq səviyyədə daha geniş tanınmasına və onların xarici klublarda çıxış etməsi üçün əlavə imkanların yaranmasına şərait yaradır.

Beləliklə, platforma yalnız analiz aləti deyil, həmçinin futbolçuların karyera inkişafına dəstək verən mühüm vasitə rolunu oynayır.

Kanadalı futbolçu “Milan”ın “radar”ında

“Sassuolo”nun futbolçusu İsmael Kone yayda komandasını dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, İtaliyanın “Milan” və İngiltərənin bir neçə klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Konenin müqaviləsində 35 milyon avroya sərbəst qalar bəndi var. Klublar yayda bundan istifadə etmək niyyətindədir.

Kanadalı futbolçu bu mövsüm A Seriyasında 32 oyunda 6 qol vurub.

“Arsenal” rekordunu təkrarladı

“Arsenal” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Atletiko”ya qalib gəlib – 1:0.

Futbolpress.az “Opta”ya istinadən xəbər verir ki, bu, London klubunun mövsümdəki 41-ci qələbəsi olub. “Arsenal” qalibiyyət sayında rekordunu təkrarlayıb.

“Topçular” sonuncu dəfə 1970/71 mövsümündə 41 qələbə qazanmışdı.

“Neftçi”ni “dördlüy”ə salan göstəricilər

Yuri Vernidubun gəlişindən sonra oyun planında artıran və turnir cədvəlində ciddi yüksəlişə nail olan “Neftçi” Misli Premyer Liqasında ən çox qələbə qazanan 4 komandadan biridir.

“Ağ-qaralar” 30 oyunda 13 dəfə üç xala sevinib. Bu, “Sabah”, “Qarabağ” və “Turan Tovuz”dan sonra ən yaxşı göstəricidir. Komandanın “üçlük”dən kənarda qalmasının əsas səbəbi isə mövsümün əvvəlində daha aşağı pillələrdə qərarlaşan kollektivlərlə oyunlarda itirlən xallardır.

Maraq üçün qeyd edək ki, “Neftçi” liqada ən çox heç-heçə edən (11) dörd komanda arasındadır. Beşinci pillədə yer alan “Zirə” bu göstəricidə liderdir – 13 bərabərlik. “Neftçi” ilə yanaşı, “İmişli” və “Şamaxı”nın də 11 “sülh”ü var.

71 yaşlı azarkeşin stadiona girişinə qadağa qoyuldu

İngiltərənin “Everton” klubunun 71 yaşlı bir azarkeşi həbs olunub.

Futbolpress.az xəbər verir ki, buna səbəb fanatın Premyer Liqanın XXXV turunda “Mançester Siti” ilə matçda rəqib futbolçu Antuan Semenyoya qarşı irqçilik etməsi olub.

Azarkeş daha sonra girov qarşılığında sərbəst buraxılıb, ancaq onun qeyri-müəyyən müddətə stadiona girişinə qadağa qoyulub.

“Everton” – “Mançester Siti” oyunu 3:3 hesabıyla bitib.

Simeone: “İçimdə sakitlik var”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Arsenal”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Mübarizəni dayandırdıqsa, deməli, rəqib finala daha çox layiq idi. Onlar şanslarından maksimum yararlandılar və bir qolla oyunun taleyini həll etdilər. Necə hiss etdiyimi soruşsanız… içimdə sakitlik var. Bilirəm ki, komandam meydanda bütün gücünü qoydu”.

“Arsenal” finalda PSJ – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.

Peres türkiyəli futbolçunu “Real”a gətirmək istəyir

“Yuventus”un futbolçusu Kenan Yıldız karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Madrid təmsilçisinin rəhbəri Florentino Peres Kenanın oyununu çox bəyənir və onu komandada görmək istəyir.

Tərəflər arasında yayda danışıqların olacağı ehtimal edilir.

Yıldız bu mövsüm A Seriyasında 34 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Sumqayıt”ın oyunu 2 manata

Misli Premyer Liqasında XXXI turda 9 may, saat 19:30-da baş tutacaq “Sumqayıt” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Biletləri “iTicket.az”, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Azərbaycan yığması Litva ilə üz-üzə

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, yığma Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Daha bir klub Kvaratsxeliyanın qardaşına “elçi düşdü”

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın qardaşı Tornike Xvaratsxeliya daha bir klubun diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Bavariya” Gürcüstanın “Dinamo” klubunda çıxış edən 16 yaşlı hücumçu ilə maraqlanır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

Daha əvvəl İtaliyanın “Yuventus” və “Napoli” klubunun Tornikeni izlədiyi bildirilib.

Hücumçu bu gün Çempionlar Liqasında keçiriləcək “Bavariya” – PSJ oyununu izləmək üçün “Allianz Arena”da olacaq. Münhen klubunun rəhbərliyi matç ərəfəsində futbolçu ilə görüşməyi planlaşdırır.

“Arsenal”dan “Portu”ya

“Portu” icarə əsasında komandada çıxış edən Yakub Kiviorun transfer hüquqlarını alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliya klubu yarımmüdafiəçi üçün müqavilə ilə məxsus olduğu “Arsenal”a 17 milyon avro ödəyəcək.

Kivior bu mövsüm “Portu”da 38 oyuna çıxıb.

“Neftçi”nin iddiası, autsayderin şansları tükənir

“Neftçi” Misli Premyer Liqasında növbəti qələbəsini qazandı. “Ağ-qaralar” səfərdə autsayder “Karvan-Yevlax”a inamlı hesabla – 3:0-la qalib gəldi. Xallarını 50-yə çatdıran bakılılar 4-cü pillədəki mövqeyini qorudu.

Ötən turda “Qarabağ” üzərində qazanılan qələbədən sonra eyforiyaya qapılmayan, yevlaxlılarla duelə də ciddi yanaşan “Neftçi” yaxşı çıxışla arzuladığı üç xalı qazandı.

Paytaxt klubunun qarşıda finala bərabər üç oyunu var. Komanda 4-cü yeri tutsa belə, avrokuboklara vəsiqə qazanması özündən asılı deyil. “Sabah”ın kubokda “Zirə”ni məğlub etməsi, “ağ-qaralar” üçün Konfrans Liqası “bileti” verəcək. Əksi olacağı halda, komanda avrokuboklardan kənarda qalacaq.

Autsayder “Karvan-Yevlax” isə I Liqaya bir addım da yaxınlaşdı. Yevlax təmsilçisi rəqibinə yalnız yarımsaat müqavimət göstərə bildi. Qarşıda üç oyun var və yevlaxlıların 11-ci “Qəbələ” ilə arasındakı xal fərqi 6-dır. Komandaların bir-biri ilə də dueli var. Ancaq autsayder liqada qalmaq şansını davam etdirə bilməkçün oyuna qədər xal fərqini üçə endirməlidir. İndiki məqamda gedişat “Qəbələ”nin lehinədir.

Ümumilikdə, Füzuli Məmmədovun yetirmələrinin riyazi olaraq pley-off şansları davam edir. Lakin sərgilənən oyun, heyətin keyfiyyəti onları “Qəbələ”dən bir addım geridə saxlayır.

Şahin Cəfərov

“Şəfa” çempionluğunu rəsmiləşdirə bilər

Bu gün Azərbaycan I Liqasında çempion müəyyənləşə bilər.

Futbolpress.az xəbər verir ki, lider “Şəfa” XXV tur çərçivəsində “Difai”ni məğlub etsə, sona iki tur qalmış qızıl medalları rəsmiləşdirəcək.

Bakı klubu 53 xalla turnir cədvəlində birinci sıradadır və ən yaxın izləyicisi “Səbail”i 7 xal qabaqlayır.

“Difai” – “Şəfa” oyunu saat 16:00-da start götürəcək.

Dambrauskasdan həmyerlisinə təbrik

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas basketbol klubunun Azərbaycan çempionu olması ilə bağlı paylaşım edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis feysbuk hesabında bunları yazıb:

“Sabah” basketbol klubunu ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olması münasibətilə təbrik edirəm. Oyunçulara, rəhbərliyə və azarkeşlərə böyük alqış! Möhtəşəm nailiyyətlərdir və bu prosesin içində olanlar hansı əziyyətlərin çəkildiyini bilir. Xüsusilə, litvalı məşqçi heyətini – Aurimas Yasilionis, Laimonas Barkauskas və Avropa basketbolunun canlı əfsanəsi Rimas Kurtinaytisi təbrik edirəm!”

Məhsuldar ötürmə etdi, “ən yaxşı” seçildi

Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Arsenal” – “Atletiko” oyununun (1:0) ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “topçular”ın yarımmüdafiəçisi Deklan Raysdır.

İngiltərəli futbolçu matçdakı yeganə qolun ötürməsini edib.

“Arsenal” “Atletiko”ya qalib gəlib və adını finala yazdırıb.

Arteta: “Birlikdə tarix yazdıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında finala yüksəlmələrini şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis yarımfinalda “Atletiko”ya qalib gəldikləri (1:0) oyundan sonra bunları deyib:

“İnanılmaz axşam idi. Birlikdə tarix yazdıq. Bu uğurda əməyi olan hər kəsə təşəkkür edirəm. Stadionda möhtəşəm atmosfer var idi. Fanatlar üçün finalın nə olduğunu yaxşı başa düşürdük. 20 il sonra yenidən bir nömrəli titulu qazanmağa yaxınıq”.

“Arsenal” finalda PSJ – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.

ÇL: PSJ finalda

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı məlum olub

Futbolpress.az xəbər verir ki, “Bavariya” ilə cavab matçında heç-heçə edən  PSJ-ni adını finala yazdırıb.

Komandalar arasındakı ilk matçda parislilər qələbə qazanıb – 5:4.

Cütün qalibi finalda “Arsenal”la qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

6 may

23:00 Bavariya – PSJ 1:1

Qollar: Keyn, 90+6Dembele, 3
İlk oyun 4:5

Sarvanı “Karvan”a bab olmalı…

“Karvan Yevlax” Misli Premyer Liqasının debütantıdır. Ancaq burada 30 oyuna cəmi 3 qələbə qazana bilib. Son illər belə autsayder olmamışdı.

I Liqanın səviyyəsi o qədər aşağıdır ki, bölgə təmsilçisi Premyer Liqada çox pis nəticəyə uğradı.

Yevlax təmsilçisi yalnız Füzuli Məmmədovun baş məşqçi təyinatından sonra yerli futbolçu potensialından istifadə faizini 5-6-dan 20-25-ə qaldırıb.

Müxtəlif ölkələrdən, səviyyəsi qənaətbəxş olmayan əcnəbiləri gətirməklə nəyə nail olundu?

Klub rəhbərliyi bundan ciddi dərs almalıdır.

Ok, Premyer Liqaya yüksəlməklə illik 2.5 milyon manat dotasiyadan faydalanıb stadionu yararlı vəziyyətə saldılar. Bunu ciddi iş saymaq olar. Lakin komanda quruculuğunda naşı davrandıqları aşkardır.

I Liqada yenidən elitaya vəsiqə üçün mübarizə aparmağa potensial toplaya biliblər. Son məlumatlara görə Məmmədovla yola davam ediləcək.

Hər halda, Pro kateqoriyalı, təcrübəli mütəxəssislə yenidən sıralara qayıdıb, daha faydalı komandaya çevrilə bilərlər.

Bunun üçün həm işartılar görünür, həm də imkan/zəmin var.

30 oyunun 22-də məğlub olmaq üçün heyətin 80 faizini əcnəbidən ibarət formalaşdırmağa gərək yox idi. Oxşar qeyd bir neçə ortabab PL klubuna da şamil edilə bilər…

Kamil Əhməd

“Qızıl əlcəy”in sahibi bilindi

“Arsenal”ın qapıçısı David Raya Premyer Liqada mövsümün “qızıl əlcək” mükafatını qazanıb.

Futbolpress.az xəbər verir ki, o, ardıcıl üçüncü mövsüm bu mükafata layiq görülüb.

Raya cari “futbol ili”ndə 35 oyunun 17-də qapısını toxunulmaz saxlayıb.

“Arsenal” Premyer Liqada 35 turdan sonra 76 xalla liderdir.

Qayıbov idmançılarla görüşdü

Bu gün gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan Respublikasının idman ustası” adına layiq görülən idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra nazir idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirərək onları və məşqçilərini təbrik edib. Qayıbov bildirib ki, aprel ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 13 ölkədə səsləndirilib, idmançılarımız isə ümumilikdə 82 qızıl, 56 gümüş və 70 bürünc medal qazanıblar.

Tədbir zamanı beynəlxalq yarışlarda əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib. Bir sıra idman növləri üzrə nümayəndələr isə iştirak etdikləri yarışlar və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara gələcək yarışlarda da uğurlar arzulayıb.

“Sumqayıt” akademiyasının üzvləri ekskursiyada olub

“Sumqayıt” Futbol Akademiyasının U-14, U-15 oğlanlar və U-16 qızlar komandaları üçün klubun baş sponsoru olan “Azərikimya” İstehsalat Birliyinə (İB) maarifləndirici ekskursiya təşkil edilib.

Futbolpress.az xəbər verir ki, səfər çərçivəsində “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli gənc futbolçularla görüşərək, onlara gələcək karyeraları və şəxsi inkişafları ilə bağlı tövsiyələrini verib.

Görüşün ardından iştirakçılar müəssisənin inzibati binası ilə tanış olub, daha sonra Etilen-Polietilen zavoduna yollanıblar. Burada gənc futbolçulara istehsalat prosesləri və müasir qurğuların iş prinsipi barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi gənclərin dünyagörüşünü artırmaq, onları real iş mühiti ilə tanış etmək və gələcək ixtisas seçimlərində onlara dəstək olmaqdır.

Sonda ekskursiyanın təşkilinə görə “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilova, akademiya meneceri Zərifə Bayramovaya və “Azərikimya” İB-nin İstehsalat üzrə böyük mütəxəssisi Rəhim Əkbərova minnətdarlıq ifadə olunub.

Azərbaycan təmsilçisi Dünya Kubokunda mübarizə aparacaq

8–10 may tarixlərində Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun birinci mərhələsi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verən bu yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını Tatyana Smilovenko təmsil edəcək.

Kanoe üzrə milli komandanın liderlərindən olan Tatyana Smilovenko Dünya Kubokunda medallar və reytinq xalları uğrunda yarışacaq.

Fiziyev Bakıda Torreslə döyüşəcək

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, idmançılar yüngül çəkidə münasibətlərə aydınlıq gəticəklər.

İkinci əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin “Shara Bullet” Maqomedov (Rusiya) ilə “dağıdıcı” döyüş tərzi ilə tanınan Miçel Pereyra (Braziliya) arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.

Qeyd edək ki, Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel “Loco” Torresdir (17-3).

Bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Əliyev: “Azarkeşlərdən xahişim budur ki…”

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Xanlar Əliyev Bakıda keçiriləcək UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın oyunlara hazır olduğunu deyib:

“Aprelin 30-dan təlim-məşq toplanışındayıq. Komandanın hazırlıq durumu və məşqlərdəki reaksiyaları bizi qane edir. Bunun bəhrəsini sabahkı oyunda müsbət nəticə ilə görəcəyimizə inanıram. Bildiyiniz kimi, son Avropa çempionatının seçmə mərhələsinin ardından 2009-cu il təvəllüdlülər yuxarı yaş qrupuna keçiblər. Turnir üçün əsasən 2010-2011-ci il təvəllüdlü oyunçuları dəvət etmişik. İlk dəfə millinin heyətində olanlar var. Onlar üçün yeni təcrübədir. Komandanın psixoloji durumu və məşqlərə yanaşması yaxşıdır”.

Əliyev rəqiblər barədə də fikirlərini bildirib:

“Bu turnirdə yeni oyunçuların son durumlarını görmək imkanımız olacaq. Onların özlərini göstərməsi baxımından yaxşı şansdır. Rəqibləri təhlil etmişik. Rumıniya son Avropa çempionatının seçmə mərhələsində A Liqasında mübarizə aparıb. Gürcüstan yığması bizə tanış rəqibdir. İlk rəqibimiz olan Litva ilə görüşə yaxşı hazırlaşmışıq. Turnir futbolçuların inkişafı nöqteyi-nəzərindən bizim üçün çox önəmlidir. Hər kəsə şans verəcəyik”.

O, komandanın azarkeş dəstəyinə ehtiyac duyduğunu sözlərinə əlavə edib: “

“Turnirin Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdür. Azarkeşlərdən xahişim budur ki, oyunlarımıza gəlsinlər, qızları dəstəkləsinlər. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. UEFA İnkişaf Turniri də həmin yarışa hazırlıq məqsədi daşıyır”.

Qeyd edək ki, U-16 UEFA İnkişaf Turniri çərçivəsində mayın 6-da Litva, 8-də Rumıniya, 11-də isə Gürcüstan yığması ilə qarşılaşacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

ÇL: “Arsenal” finalda!

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Arsenal” komandası yarımfinal mərhələsinin cavab oyununda Madrid “Atletiko”sunu minimal hesabla məğlub edib. “Topçular” iki oyunun nəticəsinə görə adını finala yazdırıb.

“Arsenal”ın finaldakı rəqibi PSJ – “Bavariya” cütünün qalibi olacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

5 may

23:00 Arsenal – Atletiko 1:0
Qol:
Saka, 45

❌