Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Şamaxı” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Azarkeşlərə təşəkkür edirəm. Belə havada komandanı tək qoymadılar. Oyuna gəlincə, kubokda ilk matç idi və ciddi nəticə oldu. Cavab görüşünə ciddi hazırlaşmalıyıq. “Şamaxı”nı, Ayxanı, futbolçularını təbrik edirəm. Layiqli qələbə qazandılar.
– Məğlubiyyətə səbəb nə oldu?
– “Şamaxı” yaxşı oynadı, qalib gəldi.
– Dumanlı havada oynanılmaya münasibətiniz nədir?
– Münasibət bildirəcək şey yoxdur. İkinci hissədə demək olar, heç nə görünmədi. Elə gözləyirdik ki, oyun bitsin.
– Yeni transfer Jeremi Nqalini hansı mövqedə oynadacaqsınız?
– Müdafiəçi mövqeyində.
– “Qarabağ”ın sıx təqvimi və “Neftçi” ilə oyunun təxirə salınmaması çox müzakirə olunur. Bunu normal qarşılayırsınız?
– Sosial şəbəkələrdə olmuram. Hər hadisəyə normal yanaşıram. Burda kim haqlı, kim haqsız deyə bir şey yoxdur. Biz PFL-ə müraciət etdik ki, imkan varsa, təxirə salınsın. Burda rəqib “Neftçi” yox, digər rəqib də ola bilərdi. Məni narahat edən oyunun 6 gün sonra olmasıydı. Oyunun təxirə salınması bizim üçün yaxşı mənada təkan olardı. Lakin indi nəsə demək düz olmaz. İdman prinsipləri var. Reqlamentdə var ki, pley-offa çıxsaq, hansısa oyun güzəşt ola bilər. Bakıdakı “Turan Tovuz”la oyundan sonra da bildirdim ki, müraciət edəcəyik. Burda problem yoxdur. “Neftçi”nin də öz planları, hazırlığı var. Onları da başa düşürəm. Belə hallar olur. İndi təxirə salınma olmayıbsa, kimdənsə incimək fikrimiz yoxdur. İndi daha dərindən hazırlaşmalıyıq.
– “Nyukasl”da hansısa diqqətinizi çəkən xüsusi məqam var?
– Çoxdur. Komandanın özünəxas üslubu var, bərk komandadırlar. Qarşılarındakı rəqibə oynamağa imkan verməməyə çalışırlar. Güclü futbolçuları var. Digər komandalar kimi onların da təcrübələri danılmazdır. Onlar da istəkli olacaqlar. İnşallah, daha yaxından təhlil edib, ətraflı fikir bildirmək olar.
– “Neftçi”nin sizə neqativ cavab verəcəyini gözləyirdiniz?
– Neqativ deməzdim, sadəcə “yox” deyiblər, bildiriblər ki, oynamaq istəyirik. Hamıdan gözləmək olar. Qarşımızdakı rəqibin də öz proqramı, hazırlıq prosesi var. İstənilən klubun cavabı “yox” ola bilərdi. Bizim tərəfdən üzərinə gediləcək məsələ deyil. Azarkeşləri başa düşmək olar, onlar müzakirə edə bilərlər. Düzdür, təxirə salınma bizimçün yaxşı olardı ki, matça daha yaxşı hazırlaşacaq. Qarşıda çətin səfərlər var. “Nyukasl”la oyuna hazırlıq baxımından heç də yaxşı deyil. Şanslarımızdan maksimum istifadə etmək istərdik. Bu gün razılaşmırıq ki, “Nyukasl”dır və məğlub olacağıq. Sona kim mübarizə aparmağa çalışacağıq. Niyə daha yaxşısını etməyək, sona kimi mübarizə aparmayaq? Bununçün də yaxşı hazırlıq, yorğunluqdan uzaq olmaq lazımdır. Təklif etdik, alınmadı. İndi başqa variantlara əl atacağıq. Çempionlar Liqasında bura gəlmişiksə, çox ciddi hazırlaşmalıyıq. Bizimçün “bəsdir” demək istəmirik.
Şahin Cəfərov