Reading view

DÇ-2026 bu gün başlayır!

Amerika Birləşmiş Ştatları (ABŞ), Meksika və Kanadada təşkil olunmuş futbol üzrə sayca 23-cü dünya çempionatına (DÇ-2026) bu gün start veriləcək.

Arena.az xəbər verir ki, bu dünya çempionatı bir sıra yeniliklərlə yadda qalacaq.

Mundial tarixdə ilk dəfə üç ölkənin birgə ev sahibliyi ilə təşkil olunacaq. Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcəyi yarış kimi tarixə düşəcək. FIFA-nın qərarına əsasən, DÇ-2026-da əvvəlki turnirlərdə olduğu kimi 32 yox, 48 milli komanda mübarizə aparacaq.

Turnir çərçivəsində rekord sayda – 104 oyun keçiriləcək. Kabo Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri mundialda debüt edəcəklər.

Mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.

Birləşmiş Ştatlarda oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Hyuston, Boston Kanzas, Nyu-York/Nyu-Cersi, Los Anceles, Mayami, Dallas, Atlanta, Filadelfiya, Sietl və San Fransisko kimi nəhəng mərkəzlər yer alır. Kanadada oyunlar Toronto və Vankuverdə, Meksikada isə Mexiko, Qvadalaxara və Monterreydə keçiriləcək.

Meksika və Cənubi Afrika Respublikası komandalarının üz-üzə gələcəyi açılış qarşılaşması Mexikodakı məşhur “Estadio Azteka” stadionunda baş tutacaq. Final qarşılaşması isə Nyu-Yorkda yerləşən “MetLife Stadium”da baş tutacaq.

DÇ-2026 həm iştirakçıların sayına, həm oyunların miqyasına, həm də üç ölkəni əhatə edən təşkilatçılığına görə dünya futbolu tarixinin ən böyük çempionatı hesab olunur.

DÇ-2026
A qrupu
11 iyun

23:00. Meksika – CAR
Baş hakim: Vilton Sampayo (Braziliya)
Mexiko. “Estadio Azteka”.

Qrupların tərkibini bir daha xatırladırıq:

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

Uesli Fransa DÇ-2026 öncəsi sıradan çıxdı

Braziliya millisinin cinah müdafiəçisi Uesli Fransa zədə səbəbindən bu il keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Futbolçu Misir yığmasına qarşı keçirdikləri yoxlama oyununda (2:1) zədələnib. Aparılan tibbi müayinə nəticəsində onun sol budunda əzələ zədəsi aşkarlanıb. Bu səbəbdən Uesli Braziliya yığmasının mundial üçün açıqlanmış heyətindən çıxarılıb.

Baş məşqçi Karlo Ançelotti onun əvəzinə İtaliyanın “Atalanta” komandasının yarımmüdafiəçisi Edersonu milliyə çağırıb. 26 yaşlı futbolçu ötən klub mövsümündə bütün turnirlərdə 41 matç keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliya millisi DÇ-2026-da C qrupunda Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə mübarizə aparacaq.

Uesli Fransa Braziliyanın “Atletiko Tubarao” klubunun yetirməsidir. Ölkəsində “Flamenqo”nun da formasını geyinmiş futbolçu “Roma”ya 2025-ci ilin yayında 25 milyon avro müqabilində keçib. 22 yaşlı müdafiəçinin İtaliya klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var. O, “canavarlar”ın heyətində 39 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Uesli 2025-ci ilin mart ayında debüt etdiyi Braziliya millisinin heyətində 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Lennart Karl DÇ-2026-ya gedə bilməməsini şərh etdi

“Bayern”in hücumameyilli yarımmüdafiəçisi Lennart Karl aldığı zədə səbəbilə, Almaniya yığmasının heyətindən çıxarılmasını şərh edib.

Arena.az xəbər verir ki, bir neçə gün sonra başlayacaq dünya çempionatında iştirak edə bilməyəcək 18 yaşlı futbolçu müvafiq üzücü məqamla bağlı bunları söyləyib:

“Düzü, nədən başlayacağımı bilmirəm, amma müvafiq ağrını sözlərlə təsvir etmək çətindir. Vacib bir yarışı buraxmalı oldum”, deyə Karl məyusluqla vurğulayıb.

Yeri gəlmişkən, Karl pərəstiş etdiyi futbolçudan da söhət açıb: “Futbol oynamağa başladığım vaxtdan bəri, Lionel Messi mənim üçün bir təqlid nümunəsi olub. Bu, sadəcə səylə çalışmağım üçün təkandır ki, özüm haqda ən yüksək səviyyədə bəyan edim”, deyə Karl vurğulayıb.

Xatırladaq ki, Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu 2025-ci ildən əsas komandaya cəlb edilir. O, Münhen klubunun əsas komandasının heyətində 40 oyuna çıxıb, 9 qol vurub, 8 məhsuldar ötürmə verib.

Karl Almaniyanın U-15, U-16, U-17 və U-21 yığmalarında oynadıqdan sonra 2026-cı ildə əsas millidə debüt edib. O, millinin heyətində 3 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

DÇ-2026: İran millisinə viza verildi

Futbol üzrə İran milli komandasına ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak üçün müvafiq viza verilib.

Arena.az bu barədə İRNA-ya istinadən xəbər verir.

Bu barədə İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibulahzadə bildirib. Onun sözlərinə görə, Tehranın Ankaradakı səfirliyi ilə Meksika səfirliyi arasında əlaqələndirmə nəticəsində iyunun 3-də İran milli komandasının oyunçularına, texniki və inzibati heyətinə 2026-cı il dünya çempionatında iştirak üçün vizalar təqdim edilib:

“Əldə olunan razılığa uyğun olaraq, Meksika vizalarının verilməsi proseduru Meksika səfırliyində istisna qaydada, milli komanda üzvlərinin Ankaradakı Meksika səfirliyində iştirakı olmadan və barmaq izləri alınmadan həyata keçirilib. Bu addım İran millisinin 2026-cı il dünya çempionatına göndərilmə prosesini asanlaşdırmaq məqsədilə və İran ilə Meksika səfirliklərinin Ankarada sıx əməkdaşlığı çərçivəsində atılıb”.

Səfir deyib ki, milli komanda Türkiyənin Antalyadakı təlim-məşq düşərgəsində hazırlığın yekun mərhələsindədir:

“Ankaraya gedib-gəlmək ehtiyacının olmaması, həmçinin milli komandanın gündəlik məşqlərə, iyunun 4-də Mali yığması ilə keçiriləcək yoxlama oyununa hazırlığa diqqətini cəmləməsi baxımından bu çox vacibdir”.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq. İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə birgə G qrupunda yer alıb.

İran yığmasının mundialda iştirakı üçün oyunçulara və məşqçilər heyətinə ABŞ və Meksika vizalarının verilməsində problem yaranmışdı. İran nümayəndə heyəti turnirin gedişində ölkələrarası səfərlər edəcəyi üçün çoxgirişli vizalara ehtiyac duyur.

Kristof Baumqartner DÇ-2026-nı buraxacaq

Futbol üzrə Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner zədə səbəbindən dünya çempionatında (DÇ-2026) çıxış edə bilməyəcək.

Arena.az bu barədə Avstriya Futbol İttifaqına istinadən xəbər verir.

Bildirilir ki, 26 yaşlı futbolçu Tunis yığması ilə yoxlama oyunundan (1:0) əvvəl, isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədələnib.

MRT müayinəsindən sonra onun dünya çempionatında iştirakının qeyri-mümkün olduğu müəyyənləşib.

DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Avstriya millisi J qrupunda İordaniya, Argentina və Əlcəzair yığmaları ilə qarşılaşacaq.

Kristof Baumqartner hazırda Almaniyanın “Leypsiq” klubunun formasını geyinir. O, sözügedən komandaya 2023-cü ilin yayında “Hoffenhaym”dan 25,5 milyon avro müqabilində keçib. Avstriyalı futbolçu “Leypsiq”in heyətində 120 oyuna çıxıb, 27 qol vurub, 14 məhsuldar ötürmə verib.

Avstriyanın “Sankt Pölten” klubunun yetirməsi olan Kristof Baumqartner 2017-ci ildən “Leypsiq”ə keçənə qədər “Hoffenhaym”da çıxış edib.

Mərkəz yarımmüdafiəçisi 2020-ci ildə debüt etdiyi Avstriya yığmasının heyətində meydana çıxdığı 58 oyunda 19 qola imza atıb, 14 məhsuldar ötürmə verib.

❌