“Qarabağ” – “İmişli”: statistika nə deyir?
“Qarabağ” Premyer Liqanın X turunda bu gün “İmişli”ni qəbul edəcək. “Azersun Arena”da baş tutacaq oyuna saat 17:00-da start veriləcək.
“Qarabağ” çempionatda son 5 oyunda 1 heç-heçə edib, 4 qələbə qazanıb. Çempionlar Liqasında “Atletik”ə məğlubiyyətdən (1:3) sonra Bakıda “Şamaxı”yla qolsuz bərabərə qalan “atlılar” lider “Turan Tovuz”la xal fərqinin açılmaması üçün qələbə qazanmalıdır. Xal itkisi ÇL-də noyabrın 5-də “Çelsi”yə qarşı oyundan əvvəl atmosferə təsir edə bilər. Hər bir halda, indiki məqamda son çempion üçün əsas oyun London klubuna qarşı avrokubok matçıdır. “İmişli”yə qarşı itiriləcək xal olsa belə onu gələcək turlarda kompensasiya etmək olar. Qurban Qurbanovun bu matçda da ehtiyat qüvvəyə güvənəcəyi, əsas heyət üzvlərinin zədələrdən qorumaq məqsədilə onları kənarda saxlayacağı gözlənilir.
Bu mövsüm müdafiədəki kompakt oyunu ilə diqqət çəkən “İmişli” xal qazanmaq arzusundadır. Bölgə təmsilçisi il başlamamış autsayder göstərilsə də, nəticələr proqnozları alt-üst edib. 9 turda 12 xal toplayan “İmişli” autsayder “Kəpəz”dən 9 xal öndədir. “Zirə”, “Neftçi”, “Sabah” kimi komandalardan xal almağı bacaran bölgə klubu nəticələrin təsadüf olmadığını göstərmək istəyir.
“İmişli” ilə bağlı maraqlı statistika komandanın səfər oyunları ilə bağlıdır. Jorj Kaşkilyanın yetirmələri qonaq kimi keçirdiyi son 4 çempionat matçında 3 qələbə qazanıb. “İmişli” “Sabah”ı, “Karvan-Yevlax”ı və “Kəpəz”i məğlub etməyi bacarıb. Yeganə xalsız oyun isə “Araz-Naxçıvan”a qarşı olub.
Şahin Cəfərov