Normal view

Today — 23 June 2026ARENA.AZ

DÇ-2026: Əlcəzair İordaniya üzərində əzmkar qələbəyə sevindi

23 June 2026 at 09:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İordaniya və Əlcəzair yığmaları üz-üzə gəliblər. Santa Klarada (Kaliforniya, ABŞ) keçirilmiş J qrupunun matçında Əlcəzair yığması əzmkar qələbəyə sevinib.

Hesabı 36-cı dəqiqədə İordaniya yığmasının üzvü Nizar Əl-Rəşdan açıb. Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiri 82-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu qrupun digər matçında Argentina Avstriyanı 2 cavabsız qolla üstələmişdi.

Beləliklə, hazırda J qrupunda 6 xalı olan Argentina yığması son turun nəticələrindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Avstriya və Əlcəzair yığmalarının 3 xalı var. İordaniya millisi isə 0 xalla sonuncudur və mundialla erkən vidalaşacağı dəqiqləşib.

İordaniya millisi bu dünya çempionatında növbəti mərhələ şansını itirən dördüncü komandadır. Daha əvvəl Türkiyə, Haiti və Tunisin də 1/16 finala vəsiqə qazana bilmədiyi dəqiqləşmişdi.

DÇ-2026
J qrupu
23 iyun

İordaniya – Əlcəzair 1:2
Qollar: Nizar Əl-Rəşdan, 36 – Nadir Benbuali, 69. Amin Quiri, 82.

Deşam: “Futbolçularıma qarşı həddindən artıq tələbkaram”

23 June 2026 at 07:00

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraq yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən matç fransızların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə yaxşı keçdi. Ola bilsin ki, futbolçularıma qarşı həddindən artıq tələbkaram. Amma heyətdəki oyunçulara münasibətdə məhz bu yanaşmaya üstünlük verirəm.

İkinci hissədə baş verənləri nəzərə alsaq, tam şəkildə oyuna nəzarət etdik. Bu, asan deyildi. Nəticənin taleyini əvvəlcədən həll etməyimiz çox vacib idi.

Qələbə qazanmaq yaxşıdır. Bu gün növbəti mərhələyə vəsiqə qazandıq. Bununla belə, əminəm ki, Norveçə qarşı üçüncü oyun qrupdakı yekun mövqeyimizi müəyyənləşdirəcək”.

İraq millisinin baş məşqçisi Qrem Arnold isə bu məğlubiyyətə baxmayaraq, komandasının pley-off şanslarına inandığını bildirib:

“Hazırda mənim üçün əsas məsələ Seneqalla oyundur. Üçüncü yeri tutan səkkiz komanda növbəti mərhələyə yüksələcək. Buna görə də hələ də şansımız var”.

Arnold ilk hissədə komandasının çıxışını yüksək qiymətləndirib, lakin əlverişsiz hava şəraiti səbəbindən yaranan iki saatdan çox fasilənin oyunun axarına mənfi təsir etdiyini qeyd edib.

“Fasilə zamanı futbolçulara ilk hissənin görüntülərini bir qədər uzun göstərdim ki, Fransanın bizi hansı məqamlarda çətin vəziyyətə saldığını görə bilsinlər.

Amma əsas məsələ futbolçuların sakit qalması və oyunun bərpasına hazırlaşması idi”.

Avstraliyalı mütəxəssis Fransa millisinin hücumçusu Kilian Mbappenin çıxışına da xüsusi toxunub:

“O, inanılmaz futbolçudur. Sürətini dayandırmaq mümkün deyil. Məhz buna görə müdafiə xəttimizi adət etdiyimdən bir qədər geridə qurduq. Əgər arxada boşluq buraxsanız və Mbappe bu qədər sürətlidirsə, o sizi məhv edəcək”.

Arnold həmçinin turnirin bombardirlik yarışının çox maraqlı keçəcəyini vurğulayıb.

“Erlinq Haland qol vurur, Lionel Messi qol vurur, Mbappe də eyni şeyi edir. Düşünürəm ki, ən məhsuldar futbolçu adına görə bu üç oyunçu arasında çox maraqlı mübarizə olacaq”.

DÇ-2026: Norveç yığması da istəyinə çatdı

23 June 2026 at 06:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Norveç və Seneqal yığmaları üz-üzə gəliblər. Nyu-Cersidə (Nyu-York, ABŞ) keçirilmiş İ qrupunun matçında avropalılar çətin qələbəyə seviniblər.

Norveçin qollarını Markus Pedersen və dubla imza atmış Erlinq Haland vurublar. Seneqalın heyətində isə İsmaila Sarr dublla yadda qalıb.

Xatırladaq ki, bu qrupun digər matçında Fransa İraqı 3:0 hesabı ilə məğlub etmişdi.

Beləliklə, hazırda İ qrupunda 6 xalı olan Fransa və Norveç yığmaları son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin ediblər. İraq və Seneqal yığmalarının aqibətinə isə son turda aydınlıq gələcək.

DÇ-2026
İ qrupu
23 iyun

Norveç – Seneqal 3:2
Qollar: Markus Pedersen, 43. Erlinq Haland, 48; 58 – İsmaila Sarr, 53; 90+3.

DÇ-2026: Fransa darmadağınla 1/16 finalda!

23 June 2026 at 05:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Fransa və İraq yığmaları üz-üzə gəliblər. Filadelfiyada (Pensilvaniya, ABŞ) keçirilmiş İ qrupunun matçında avropalılar darmadağına seviniblər.

Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.

Beləliklə, hazırda İ qrupunda 6 xalı olan Fransa millisi son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Norveç yığmasının 3 xalı varsa, Seneqal və İraq xal hesabını aça bilməyib.

DÇ-2026
İ qrupu
23 iyun

Fransa – İraq 3:0
Qollar: Kilian Mbappe, 14; 54. Usman Dembele, 66.

Lionel Messi dünya çempionatları tarixinin bombardiri oldu!

23 June 2026 at 07:00

Futbol üzrə Argentina milli komandasının kapitanı və ulduz hücumçusu Lionel Messi dünya futbolu tarixinə daha bir neçə rekordla düşüb.

Arena.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Avstriya yığmasına qarşı keçirdikləri oyunda tarixi nailiyyətlərə imza atıb.

Dallas şəhərində (Texas, ABŞ) təşkil edilmiş bu qarşılaşmada argentinalı forvard hesabı açaraq komandasını önə keçirib. Bu qol Messi üçün dünya çempionatları tarixində 17-ci olub. Bununla da o, Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq mundialların ən yaxşı bombardiri adına yiyələnib. Klozenin aktivində 16 qol var idi.

Bundan başqa, Messi ardıcıl altıncı dünya çempionatı oyununda da fərqlənərək daha bir rekordu təkrarlayıb. Argentinalı futbolçunun qolluq seriyası DÇ-2022-nin 1/8 final mərhələsindən başlayıb və DÇ-2026-da da davam edir. Daha əvvəl belə nəticəyə yalnız Fransa millisinin sabiq hücumçusu Just Fontaine (1958) və Braziliya yığmasının əfsanəvi forvardı Jairzinyo (1970) nail olmuşdu. Lakin onlar bunu eyni turnir çərçivəsində bacarmışdılar.

Messi bu qarşılaşmada bir antirekorda da imza atıb. Oyunun 9-cu dəqiqəsində təyin olunmuş penalti zərbəsini qola çevirə bilməyən hücumçu dünya çempionatları tarixində ən çox penalti qaçıran futbolçu olub. Bu, onun mundiallarda əsas vaxt ərzində qaçırdığı üçüncü penalti olub. Bununla da Messi daha əvvəl bu göstəricidə şərik olduğu Qana millisinin sabiq futbolçusu Asamoa Qyanı geridə qoyub.

Beləliklə, Avstriya ilə oyunda həm tarixi bombardir rekordunu qıran, həm ardıcıl qol seriyası rekordunu təkrarlayan, həm də penalti antirekorduna sahib çıxan Lionel Messi dünya futbol tarixindəki mövqeyini daha da möhkəmləndirib.

Skaloni: “Messinin fədakarlığı heyrətamizdir”

23 June 2026 at 01:00

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş bu oyunda argentinalılar 2:0 hesablı qələbəyə seviniblər.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandanın kapitanı Lionel Messinin çıxışını yüksək qiymətləndirib. 38 yaşlı hücumçu matçda dubla imza ataraq Argentina yığmasına vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqə qazandırıb. Skaloni xüsusilə Messinin meydandakı fədakarlığını vurğulayıb:

“Komandamız çətinlik çəkdiyi anlarda belə Leo top qazanmağa, sonadək mübarizə aparmağa davam edirdi. O, rəqib meydanının yarısında topu saxlayır, nə qədər motivasiyalı olduğu açıq şəkildə görünürdü.

Futbolda belə fədakarlığa tez-tez rast gəlmək olmur. Amma Leo hər zaman özünü məhz belə göstərib. Bu, sadəcə heyrətamizdir və biz buna görə çox sevinirik. Düzünü desəm, Messi haqqında daha nə demək olar, bilmirəm”.

Avstriya ilə oyunda vurduğu iki qol sayəsində Messi yalnız komandasına vacib qələbə qazandırmayıb, həm də rəsmi olaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu adına sahib çıxıb.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik də Argentina ilə matçdakı məğlubiyyəti şərh edib:

“Daha artığına nail ola bilərdik. Amma ümumilikdə oyunumuz planlaşdırdığımız kimi – cəsarətli və aqressiv idi.

İstərdim ki, bir-iki epizodda bir qədər daha cəsarətli davranaydıq və uzaq məsafədən zərbələr endirəydik. Xüsusilə ilk hissədə bunun üçün imkanlar var idi.

Əks-hücumdan ikinci qolu buraxmağımız çox üzücüdür. Lakin ümumilikdə pis çıxış etmədik”.

Yesterday — 22 June 2026ARENA.AZ

DÇ-2026: Messidən dubl, Argentinadan pley-offa vəsiqə!

22 June 2026 at 23:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Argentina və Avstriya yığmaları üz-üzə gəliblər. Dallasda (Texas, ABŞ) keçirilmiş J qrupunun matçında argentinalılar inamlı qələbəyə seviniblər.

Qolları Argentina yığmasının lideri və kapitani Lionel Messi vurub. O, 38-ci və 90+5-ci dəqiqələrdə fərqlənib.

Bununla da o, dünya çempionatları tarixində 18-ci qolunu vurub və Almaniya yığmasının sabiq forvardı Miroslav Klozeni (16) geridə qoyub.

Messi 9-cu dəqiqədə penaltidən də qol vurmaq fürsəti qazanıb. Amma onun zərbəsi dəqiq alınmayıb.

Beləliklə, hazırda J qrupunda 6 xalı olan Argentina millisi son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Avstriya yığmasının 3 xalı varsa, İordaniya və Əlcəzair xal hesabını aça bilməyib.

DÇ-2026
J qrupu
22 iyun

Argentina – Avstriya 2:0
Qollar: Lionel Messi, 38; 90+5.

Növbəti oyunların proqramı:

23 iyun

İ qrupu
01:00. Fransa – İraq
04:00. Norveç – Seneqal

J qrupu
07:00. İordaniya – Əlcəzair

K qrupu
21:00. Portuqaliya – Özbəkistan

Misir millisi tarixində ilk dəfə DÇ-də qələbə qazandı

22 June 2026 at 19:30

Misir millisi futbol üzrə dünya çempionatları tarixində ilk qələbəsini qazanıb, hücumçusu Məhəmməd Salah isə yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, Afrika təmsilçisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Yeni Zelandiyanı 3:1 hesabı ilə məğlub edərək tarixi uğura imza atıb.

Kanadanın Vankuver şəhərində keçirilmiş qarşılaşmada Yeni Zelandiya hesabı açsa da, misirlilər geridönüş etməyi bacarıblar. Yeni zelandiyalıların heyətində Finn Serman 15-ci dəqiqədə fərqlənib. Misirin qollarını isə Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqe (82) vurublar.

Bu qələbəyədək Misir millisi dünya çempionatlarının final mərhələsində keçirdiyi səkkiz oyunda üç heç-heçə edib və beş dəfə məğlub olmuşdu. Beləliklə, yığma mundial tarixində ilk qələbəsini doqquzuncu matçında əldə edib.

Məhəmməd Salah isə Misir yığmasının yeni rekordçusu olub. Təcrübəli hücumçu Misir millisinin tarixində qol vurmuş ən yaşlı futbolçu adına sahib çıxıb. O,, Yeni Zelandiya ilə matçda 34 yaş 6 günlüyündə qapıya yol tapmaqla Maqdi Abdelqaninin rekordunu geridə qoyub. Abdelqani 1990-cı ildə keçirilmiş Niderland ilə matçda qol vurarkən 30 yaş 320 günlük idi.

Yeni Zelandiya millisi isə dünya çempionatlarında dörd oyundan ibarət məğlubiyyətsiz seriyasını başa vurub. Okeaniya təmsilçisi 2010-cu il mundialında qrup mərhələsində keçirdiyi hər üç oyunda heç-heçə etmişdi.

İki turdan sonra G qrupunda Misir 4 xalla turnir cədvəlinə başçılıq edir. İran və Belçikanın hərəsinin 2 xalı var. Yeni Zelandiya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Qrup mərhələsinin son turunda Misir İranla, Belçika isə Yeni Zelandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq. Dünya çempionatında ilk dəfə 48 komanda iştirak edir. Turnirin son qalibi Argentina millisidir.

Lamin Yamal: “Mən həmişə DÇ-yə düşməyi arzulamışam”

22 June 2026 at 19:00

İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ərəblər üzərində qazanılmış 4:0 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.

18 yaşlı futbolçu komandanın ilk turdakı uğursuzluqdan nəticə çıxardığını və hazırda daha yaxşı vəziyyətdə olduqlarını bildirib.

“Biz oyunun ilk hissəsini keçirib bir qədər dincəlməyi planlaşdırmışdıq, amma əsas məqsəd komandaya kömək etmək idi. İlk oyunda özümüz kimi deyildik, lakin indi formaya düşmüşük və daha artığını etməyə hazırıq.

Hər şey istədiyimiz kimi alındı: üç top fərqi ilə üstünlük qazanmağımız mənə dincəlmək imkanı verdi. Buna görə də hər şey ideal keçdi. Qalib gəlməli olduğunu düşündüyün oyunda heç-heçə etmək xoş deyil. Biz bu barədə çox düşündük və bu matça məhz istədiyimiz şəkildə yanaşdıq”.

Gənc futbolçu dünya çempionatında start heyətində çıxdığı ilk oyunda qol vurmağın onun üçün xüsusi məna daşıdığını vurğulayıb.

“Mən həmişə dünya çempionatına düşməyi arzulamışam. Start heyətində keçirdiyim ilk mundial oyununda qol vurmaq sadəcə bir xəyaldır. Son dünya çempionatını məktəbdə sinif otağında izləyirdim. İndi isə burada, anamın və bütün ailəmin gözü qarşısında qol vurmaq sadəcə möhtəşəm hissdir”.

Yamal “Barselona”nın yetirməsidir və 2023-cü ilin aprel ayından əsas komandada çıxış edir. Gənc futbolçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kubokunun qalibi (2025, 2026), bir dəfə isə ölkə kubokunun sahibi (2025) olub.

Lamin Yamal İspaniya millisinin heyətində keçirdiyi 27 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Kevin Lenini DÇ tarixində unikal rekorda imza atdı

22 June 2026 at 18:30

Futbol üzrə Kabo Verde milli komandasının yarımmüdafiəçisi Kevin Lenini dünya çempionatları tarixində unikal rekorda imza atıb.

Arena.az xəbər verir ki, “Krasnodar”ın futbolçusu DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Uruqvaya qarşı keçirdikləri oyunda komandasının mundiallardakı ilk qolunu vuraraq adını tarixə yazdırıb.

21-ci dəqiqədə birbaşa cərimə zərbəsini dəqiq yerinə yetirmiş Kevin Lenini Kabo Verde millisinin dünya çempionatlarındakı ilk qolunun müəllifi olub.

Opta statistik platformasının məlumatına görə, bununla da Kabo Verde mundial tarixində turnirdəki ilk qolunu birbaşa cərimə zərbəsindən vurmiş ilk milli komanda kimi rekorda sahib çıxıb.

Qeyd edək ki, Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edir. Afrika təmsilçisi ilk turda İspaniya ilə qolsuz heç-heçə etmişdi (0:0).

ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq. Mundial tarixində ilk dəfə 48 komanda turnirdə iştirak edir. Komandalar 12 qrupa bölünüb və hər qrupdan ilk iki yeri tutan yığmalarla yanaşı, ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi də 1/16 finala yüksələcək.

İran millisi dünya çempionatları tarixinə yeni rekordla düşdü

22 June 2026 at 08:00

İran millisi futbol üzrə dünya çempionatları tarixində bir matça çıxmış ən yaşlı start heyətinin rekordunu müəyyənləşdirib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Belçikaya qarşı keçirilən oyunda İran yığmasının start heyətinin orta yaşı 32 il 181 gün təşkil edib.

Bununla da iranlılar mundiallar tarixində yeni rekordun müəllifi olublar.

Maraqlıdır ki, İran millisinin start heyətində meydana çıxmış futbolçulardan yalnız üçü 30 yaşdan aşağı olub. Bunlar müdafiəçi Saleh Hardani (27 yaş 177 gün), hücumçu Məhəmməd Mohebi (27 yaş 183 gün) və yarımmüdafiəçi Səid Ezzətollahi (29 yaş 263 gün) olub.

Bununla yanaşı, əvvəlki rekord 1998-ci ildən Almaniya millisinə məxsus idi. Həmin vaxt almanlar qrup mərhələsində məhz İran yığmasına qarşı oyuna orta yaşı 31 il 334 gün olan heyətlə çıxmışdılar.

Yeri gəlmişkən, İran millisinin futbolçuları Belçika ilə oyundan sonra sülhə çağırış mesajı yayıblar.

Xatırladaq ki, Los-Ancelesdə baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. İran yığmasının futbolçuları matçdan sonra aşağıdakı mesajı paylaşıblar:

“Min illər əvvəlki qədim Farsdan bu günkü sivilizasiyaya qədər İranın ruhu yaşayır və güclü olaraq qalır. Biz Los-Ancelesə qürur hissi ilə gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq.

Qonaqpərvərliyinizə görə təşəkkür edirik, Los-Anceles. Həmçinin bu iki oyun ərzində ürəyini, səsini və ruhunu komandaya verən hər bir iranlıya təşəkkür edirik. Qoy bütün xalqlar arasında sülh, qarşılıqlı hörmət və dostluq hökm sürsün”.

Qeyd edək ki, İran millisi qrup mərhələsinin ilk turunda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib. İranlılar son turda, iyunun 27-də Misir yığması ilə qarşılaşacaqlar.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi mundial iyulun 19-da başa çatacaq. Turnirin son qalibi isə Argentina millisidir.

Lamin Yamal və İspaniya millisi DÇ-nin tarixinə düşdü

22 June 2026 at 05:00

İspaniya millisinin hücumçusu Lamin Yamal futbol üzrə dünya çempionatları tarixində 19 yaşına çatmamış hesabı açan ikinci futbolçu olub.

Arena.az xəbər verir ki, 18 yaşlı forvard DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunda fərqlənərək adını mundial tarixinə yazdırıb.

Bu göstərici üzrə rekord üçqat dünya çempionu, braziliyalı əfsanə Peleyə məxsusdur. O, 1958-ci ildə keçirilmiş dünya çempionatında 17 yaşında olarkən Uels millisi ilə qarşılaşmada yeganə qolu vuraraq komandasına qələbə qazandırmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə matç Yamal üçün dünya çempionatlarında ilk dəfə start heyətində meydana çıxdığı oyun olub. O, qrup mərhələsinin ilk turunda Kabo Verde ilə qolsuz bərabərliklə başa çatan görüşdə ikinci hissədə əvəzedici kimi meydana daxil olmuşdu.

Hazırda 18 yaşı olan Yamal “Barselona”nın yetirməsidir və 2023-cü ilin aprel ayından əsas komandada çıxış edir. Gənc futbolçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kubokunun qalibi (2025, 2026), bir dəfə isə ölkə kubokunun sahibi (2025) olub.

Lamin Yamal İspaniya millisinin heyətində keçirdiyi 27 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniya millisi isə dünya çempionatları tarixində unikal rekorda imza atıb. Son Avropa çempionu buna Səudiyyə Ərəbistanını məğlub etdiyi oyunda nail olub.

İspaniya tarixdə 18 yaşda iki oyunçunun mundial matçında qol vurduğu ilk milli komanda olub.

Lamin Yamal (18 yaş 343 gün) ötən gün 4:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Daha əvvəl Qavi (18 yaş, 110 gün) 2022-ci ildə keçirilmiş turnirdə, Kosta Rika ilə oyunda adını tabloya yazdırmışdı.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunmuş DÇ-2026 iyulun 19-da başa çatacaq.

Hossam Hassan: “İstərdim ki, bu nəsil gələcəyini özü müəyyən etsin”

22 June 2026 at 09:00

Misir millisinin baş məşqçisi Hossam Hassan dünya çempionatının qrup mərhələsində Yeni Zelandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutmuş görüşü Misirin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hossam Hassan matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fasilədə futbolçulara dedim ki, qələbə qazanmaq əzmi ilə dolmadan və bizə göstərilən dəstəyə görə qürur hiss etmədən meydana qayıtmayacağıq.

Misir futbol ictimaiyyətinə özünəinam qazanmaq, güclü tərəflərindən istifadə etmək, final mərhələsinə gedən yolu təhlil etmək, eləcə də bu imkanları yaratmağa çalışan əvvəlki nəsillərin zəhmətini qiymətləndirmək üçün zamana ehtiyac var idi”.

Baş məşqçi hazırkı futbolçu nəslinin öz taleyini özü müəyyən etməsini istədiyini də vurğulayıb.

“İstəyirdim ki, bu nəsil öz gələcəyini, öz yolunu özü müəyyən etsin. Biz həmçinin milli çempionatın və ümumilikdə Afrika futbolunun inkişafını davam etdirmək istəyirik”.

Hossam Hassann komandanın lideri Məhəmməd Salahın çıxışına da toxunub:

“Salah meydanda çox çalışdı və bunu bilməlisiniz. Ola bilsin ki, onun təhlükəliliyinə, bacarığına və keyfiyyətlərinə ən uyğun mövqedə oynamasına imkan verən ilk məşqçi mənəm. Biz bir çox məqamlar üzərində işləmişik və əminəm ki, onu hələ dəfələrlə meydanda görəcəyik”.

Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli də oyundan sonra fikirlərini bölüşüb. Mütəxəssis komandasının ilk hissədə yaxşı çıxış etdiyini, lakin ikinci yarıda oyunun tempini itirdiyini bildirib:

“Məyusuq. Birinci hissədə çox yaxşı oynadıq. Topa nəzarətdə üstün idik və çoxlu təhlükəli epizodlar yaratdıq. İkinci hissəyə çıxanda hər şeyin qaydasında olacağını düşünürdüm, amma oyunun tempini tuta bilmədik.

Misir sürətini artırdı və biz ilk hissədə uğurla etdiklərimizi təkrarlaya bilmədik. Nəticədə bu, bizə zərər verdi. Tarixi uğura qədər cəmi bir oyunumuz qalıb. Bilirik ki, indi Belçikanı məğlub etməliyik”.

DÇ-2026: Misir yığmasından inamlı və əzmkar qələbə

22 June 2026 at 07:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Yeni Zelandiya və Misir yığmaları üz-üzə gəliblər. Vankuverdə (Kanada) keçirilmiş G qrupunun matçında qapılara qapılara 4 qol vurulub. Hesabı Yeni Zelandiyanın açdığı görüşün yekununda Afrika təmsilçisi əzmkar qələbəyə sevinib.

Beləliklə, hazırda G qrupunda Misir yığması 4 xalla vahid liderdir. İran və Belçika yığmalarının 2 xalı var. Yeni Zelandiya yığması isə 1 xalla son pillədə qərarlaşıb.

DÇ-2026
G qrupu
22 iyun

Yeni Zelandiya – Misir 1:3
Qollar: Finn Surman, 15 – Mustafa Ziko, 58. Məhəmməd Salah, 67. Trezeqe, 82.

Marselo Byelsa: “İntensivliyi azaltmamalı idik”

22 June 2026 at 06:00

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026-nın H qrupunun ikinci turunda Kabo Verde yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar keçən görüşündə qalib müəyyənləşməyib – 2:2.

Marselo Byelsa matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının oyunun müəyyən hissələrində nəzarəti itirdiyini və bunun nəticəyə təsir göstərdiyini bildirib:

“Yaxşı müdafiə olunduğumuz zaman oyun bizə üstünlük qazanmağa imkan verirdi. Oyuna nəzarəti itirdiyimiz anlarda isə bu üstünlük rəqiblə müqayisədə azalırdı. Nəticəyə təsir edən əsas amil oyunun intensivliyini azaltmağımız oldu. Bu isə baş verməməli idi”.

Kabo Verde millisinin baş məşqçisi Bubişta isə Uruqvayla heç-heçəni (2:2) yüksək qiymətləndirib və futbolçularının əzmkarlığını xüsusi vurğulayıb:

“Komandamızı və bütün xalqımızı ürəklə oynadığımız bu oyuna görə təbrik etmək istəyirəm. Matçı çox çətin şəraitdə başa vurduq, çünki bir çox futbolçuda artıq qıcolmalar başlamışdı. Buna baxmayaraq, komandamız bütün matç ərzində cəsarətli idi, daim qələbə qazanmağa çalışırdı və bu, bizi çox sevindirir.

Biz bütün futbolçularımıza inanırıq. Həmişə dəyişikliklər edirik və komandamız hər oyuna qələbə qazanmaq istəyi və yaxşı təşkilatlanmış şəkildə çıxır. Bu gün əldə etdiyimiz nəticədən razı qalmalıyıq”.

DÇ-2026: Kabo Verde Uruqvaydan da xal aldı

22 June 2026 at 04:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Uruqvay və Kabo Verde yığmaları üz-üzə gəliblər. Mayamidə (Florida, ABŞ) keçirilmiş H qrupunun matçında qapılara 4 qol vurulsa da, qalib müəyyyənləşməyib. İlk turda İspaniya yığmasından xal almaqla böyük sürprizə imza atış Kabo Verde millisi bu dəfə də Uruqvayı büdrədib.

Beləliklə, hazırda H qrupunda İspaniya millisi 4 xalla vahid liderdir. Uruqvay və Kabo Verde yığmaları hərəyə 2 xal toplayıblar. Səudiyyə Ərəbistanı isə 1 xalla sonuncudur.

DÇ-2026
H qrupu
22 iyun

Uruqvay – Kabo Verde 2:2
Qollar: Maksimiliano Arauxo, 44. Aqustin Kanobbio, 45+6 – Kevin Lenini, 21. Helio Varela, 61.

De la Fuente: “Bu yanaşmadan çox razıyıq”

22 June 2026 at 03:00

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş oyun İspaniya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Luis de la Fuente matçdan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini paylaşıb. İspaniyalı mütəxəssis komandasının həm taktiki, həm də fiziki baxımdan yaxşı çıxış etdiyini bildirib:

“Birinci hissəni əla keçirdik, ikinci hissədə də yaxşı oynadıq. Ən vacibi odur ki, bu nəticə bizə tempi qorumağa və qarşıdakı vacib matçlara hazırlaşmağa imkan verir. Uruqvaya qarşı bizi çətin və çox gərgin oyun gözləyir.

Biz bunu futbolçularla müzakirə etdik və hamı eyni fikirdə oldu ki, daha vertikal və daha intensiv futbol oynamalıyıq. Bunu zərbələrimizdə də görmək mümkün idi – ilk dəqiqələrdən rəqibə təzyiq göstərir, onları öz cərimə meydançalarına sıxışdırırdıq. Bu yanaşmadan çox razıyıq, lakin inkişaf etməyə və daha da təkmilləşməyə davam etməliyik.

Yamal artıq indi tam gücü ilə oynamaq üçün ideal formadadır. Oyarzabal barədə nə demək olar? Onun kiçik problemləri var idi – hər şeyi açıqlamaq olmaz, amma o, həmişə yüksək səviyyəli oyun nümayiş etdirir. Əlbəttə, matçın necə inkişaf edəcəyini görməli idik, lakin bugünkü qələbə məqsədimizə doğru atılmış vacib addım oldu”.

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Giorgos Donis isə qarşılaşmadan sonra rəqibin üstünlüyünü etiraf edib.

“Biz öz cərimə meydançamızda İspaniyanı saxlamaq üçün kifayət qədər güclü deyildik. Həddindən artıq çox səhvə yol verdik. Oyun istədiyiniz kimi getməyəndə və çox qısa müddətdə üç qol buraxanda özünüzə inamınızı itirirsiniz. Belə hallar böyük turnirlərdə tez-tez baş verir.

Hamı görür ki, Yamal kimi futbolçular fərdi keyfiyyətləri və təkbətək epizodlardakı bacarıqları ilə oyunun gedişatını dəyişirlər. O, bunu İspaniya millisində də tez-tez edir və fiziki hazırlığı daha da yaxşılaşdıqca, daha effektiv futbolçuya çevriləcək”.

Rudi Qarsiya: “Bizdə hücumda effektivlik çatışmırdı”

22 June 2026 at 03:00

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya dünya çempionatının qrup mərhələsində İranla qolsuz heç-heçə etdikləri (0:0) oyunu şərh edib.

Arena.az xatırladır ki, belçikalılar görüşün son 30 dəqiqəsini Natan Nqoyun qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda keçiriblər.

Rudi Qarsiya matçdan sonra jurnalistlərə açıqlamasında növbəti xal itkisinə belə şərh verib:

“Bizə hücumda effektivlik çatışmırdı. Məhz belə bir oyun gözləyirdim: təxminən 70 faiz topa sahib olmaq, çoxlu cinah ötürmələri və zərbələr. Çərçivəyə düşən zərbələrimiz oldu, amma rəqib qapıçını kifayət qədər çətin vəziyyətə sala bilmədik. On nəfərlə oynamaq da bizə müsbət emosiyalar vermədi.

Biz əvvəllər də bu üslubda oynamışıq və adətən ən azı üç qol vurmuşuq. Bu, dünya çempionatına bir qədər ləng start verməyimizin tərkib hissəsidir. Bəzən bir qədər tərəddüdlü görünürdük. Bununla belə, indi Yeni Zelandiya ilə matçda hansı nəticəyə ehtiyacımız olduğunu dəqiq bilirik”.

İran millisinin baş məşqçisi Amir Qalenoy isə Belçika ilə heç-heçəni ədalətli nəticə kimi qiymətləndirib:

“Düşünürəm ki, bu, çox maraqlı və gərgin oyun oldu. Hər iki komanda qələbəyə layiq idi, hər ikisi üç xal qazana bilərdi. Bütün futbolçulara, xüsusilə də qapıçı Əli Beyranvanda səmimi təşəkkürümü bildirmək istəyirəm”, – deyə iranlı mütəxəssis bildirib.

Qalenoy həmçinin turnir zamanı komandasının üzləşdiyi viza məhdudiyyətləri və çətin şəraitlə bağlı FIFA-nı və ABŞ hakimiyyətini ictimai şəkildə tənqid etməyə davam edib.

DÇ-2026: Belçika İranla da bacarmadı

22 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İran və Belçika yığmaları üz-üzə gəliblər. İnqlvudda (Kaliforniya, ABŞ) keçirilmiş G qrupunun matçında qapılara qol vurulmayıb. Komandalar ilk turda olduğu kimi, bu dəfə də 1 xalla kifayətləniblər.

Beləliklə, hazırda G qrupunda həm İran, həm də Belçika yığmasının 2 xalı var. Yeni Zelandiya və Misir yığmaları isə 1 xalla son iki pilləni bölüşürlər. Qrupda hələ qələbə sevinci yaşayan komanda yoxdur.

DÇ-2026
G qrupu
21 iyun

Belçika – İran 0:0

Növbəti oyunların proqramı:

22 iyun

H qrupu
01:00. Uruqvay – Kabo Verde

G qrupu
05:00. Yeni Zelandiya – Misir

J qrupu
21:00. Argentina – Avstriya

DÇ-2026: İspaniya 3 xalı 4 cavabsız qolla qazandı

21 June 2026 at 22:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəliblər. Atlantada (Corciya, ABŞ) keçirilmiş H qrupunun matçında ispanlar darmadağına seviniblər. Avropa təmsilçisinin heyətində hesabı Lamin Yamal açıbsa, Mikel Oyarsabal dubla imza atıb. Digər qol isə rəqib futbolçunun topu öz qapısına göndərməsi nəticəsində qeydə alınıb.

Hazırda H qrupunda İspaniya yığması 4 xalla vahid liderdir. Digər komandaların isə hərəyə 1 xalı var.

DÇ-2026
H qrupu
21 iyun

İspaniya – Səudiyyə Ərəbistanı 4:0
Qollar: Lamin Yamal, 10. Mikel Oyarsabal, 21; 24. Hassan Tambakti, 49-öz qapısına.

Moriyasu: “Fanatların dəstəyi bizim üçün böyük stimul oldu”

21 June 2026 at 12:00

Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu dünya çempionatının qrup mərhələsində Tunis üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, yaponiyalı mütəxəssis komandasının oyuna yaxşı hazırlaşdığını və futbolçuların verilən tapşırıqları uğurla yerinə yetirdiyini bildirib.

“Biz oyuna yaxşı hazırlaşmışdıq və aqressiv futbol nümayiş etdirdik. Hazırlıq prosesi zamanı məşqçilər korpusu nə etməli olduğumuzu dəqiq şəkildə izah etmişdi və bunun sayəsində futbolçular öz potensiallarını tam ortaya qoya bildilər.

Çoxlu sayda yapon azarkeş Monterreyə gəlmişdi, onlar bizimlə birlikdə dövlət himnimizi oxudular və bizi yüksək səslə dəstəklədilər. Onların dəstəyi bizim üçün böyük stimul oldu”, – deyə Moriyasu FIFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Tunis millisinin baş məşqçisi Herve Renar isə Yaponiyaya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra rəqibin üstünlüyünü etiraf edib:

“Belə nəticə ilə barışmaq olmaz. Birinci hissədə topa nəzarət vasitəsilə müdafiədən çıxmaqda tamamilə aciz idik. İkinci hissənin ilk iyirmi dəqiqəsində bunu daha yaxşı bacardıq, lakin daha sonra müdafiədə həddindən artıq yumşaq oynadıq.

Hazırda mənəvi durum baxımından vəziyyət asan deyil. Futbolçular əllərindən gələni etdilər, sadəcə, qarşımızda səviyyə baxımından bizi xeyli üstələyən komanda var idi.

Mübarizəni davam etdirməliyik. Futbolçular üçün bu, asan məqam deyil, çünki artıq turnirlə vidalaşdığımız məlumdur. Buna görə də son matçda ən azı bir qədər qürur nümayiş etdirməliyik”, – deyə fransalı mütəxəssis bildirib.

Qeyd edək ki, turnirin ilk iki oyununda məğlub olan Tunis millisi DÇ-2026-nın pley-off mərhələsinə yüksəlmək şansını vaxtından əvvəl itirib. Yaponiya isə 4 xal toplayaraq 1/16 finala vəsiqəni demək olar ki, təmin edib.

DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi

21 June 2026 at 10:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Yaponiya və Tunis yığmaları üz-üzə gəliblər. Monterreydə (Kanada) keçirilmiş F qrupunun matçında yaponlar darmadağına seviniblər. Asiyalıların heyətində Ayase Ueda dubla imza atıb. Digər qolları isə Daiçi Kamada və Junya İto vurublar.

Hazırda F qrupunda Niderland və Yaponiya yığmalarının 4 xalı var. İsveç millisi 3 xalla üçüncü pillədə qərarlaşıb. Xalsız olan Tunis yığması üçün isə sonuncudur.

DÇ-2026
F qrupu
21 iyun

Tunis – Yaponiya 0:4
Qollar: Daiçi Kamada, 4. Ayase Ueda, 31; 83. Junya İto, 69.

Before yesterdayARENA.AZ

Dik Advokat: “Ekvadorla heç-heçə möcüzəyə bərabərdir”

21 June 2026 at 08:00

Kurasao milli komandasının baş məşqçisi Dik Advokat DÇ-2026-nın qrup mərhələsində Ekvador yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşündə qalib müəyyənləşməyib və debütant Kurasao yığması mundiallarda ilk xal sevincini yaşayıb.

Dik Advokat matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının göstərdiyi mübarizədən razı qaldığını bildirib:

“Məncə, göstərdiyimiz oyun baxımından bu, həqiqətən də əla matç idi. Oyunun sonunda futbolçuların ayaqlarında yorğunluq hiss olunurdu. Komandamın əzmkarlığına heyranam.

Xoşbəxtlikdən, nəticəni qoruyub saxlaya bildik. Düşünürəm ki, buna layiq idik, çünki bizim də qol vurmaq imkanlarımız oldu. Yaxşı oyun keçirdik. Kurasao üçün Ekvadorla heç-heçə etmək möcüzəyə bərabərdir”.

Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese isə qolsuz bərabərliklə yekunlaşan oyundan sonra nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.

“Futbolda izahı mümkün olmayan şeylər var. Biz qalib gəlmək istəyirdik, amma bunu bacarmadıq. Buna görə məsuliyyət daşıyan şəxs mənəm. Komandama dedim ki, əgər sonadək mübarizə aparırsınızsa və bütün gücünüzü ortaya qoyursunuzsa, sizə heç bir iradım yoxdur.

Nə qədər ki, şansımız var, sona qədər mübarizə aparacağıq. Biz çox sıx birləşmiş kollektivik, bir ailə kimiyik. Heç kim bunun asan olacağını demirdi. Komanda əldə etdiyindən daha artığına layiq idi və buna görə məsuliyyəti mən daşıyıram”.

DÇ-2026: Kurasao millisindən tarixi heç-heçə

21 June 2026 at 06:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Ekvador və Kurasao yığmaları üz-üzə gəliblər. Kanzas Sitidə (Missuri, ABŞ) keçirilmiş E qrupunun matçında qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, bu, tarixində ilk dəfə mundiala qatılmış Kurasao yığmasının dünya çempionatlarında ilk heç-heçəsidir.

Xatırladaq ki, bu qrupun digər oyununda Almaniya millisi Kot-d’İvuar yığması üzərində əzmkar qələbəyə sevinib – 2:1.

Hazırda Almaniya yığmasının 6 xalı var və bu komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Kot-d’İvuar milli komandasının 3 xalı var. Ekvador və Kurasao yığmaları isə hərəyə 1 xal toplayıblar.

DÇ-2026
E qrupu
21 iyun

Ekvador – Kurasao 0:0

Nagelsmann: “Bu, uğurumuzun açarıdır”

21 June 2026 at 04:00

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann dünya çempionatının qrup mərhələsində Kot-d’İvuara qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kanadanın Toronto şəhərində keçirilmiş görüşdə almanlar əzmkar qələbəyə seviniblər.

Nagelsmann matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəticəyə görə çox sevincliyəm. Vacib qalibiyyətə görə futbolçularımı artıq təbrik etdim. Qazandığımız 3 xal çox önəmli idi. Komandamızda yaxşı birlik var. Gördüyümüz kimi, əvəzetmədən oyuna daxil olan futbolçular da komandaya xeyir verə bilirlər. Bu, uğurun açarıdır.

Deniz Undav bu gün iki yüksək səviyyəli qol vurdu. O, anadangəlmə hücumçudur. Hər iki qolu düşünmədən vurdu. O, hara və necə zərbə endirməyi çox yaxşı bilir”.

Almaniyalı mütəxəssis “Ştutqart”ın hücumçusunun qrup mərhələsinin son turunda Ekvadora qarşı matça start heyətində başlama ehtimalının olduğunu da qeyd edib.

“O, öz rolunu əla yerinə yetirir. İndi yenidən onun əsas heyətdə oynayıb-oynamaması ilə bağlı müzakirələr başlayacaq. Amma belə də demək olar: qoy, öz yolu ilə davam etsin”, – deyə baş məşqçi vurğulayıb.

Nagelsmann həmçinin müdafiəçi Niko Şlotterbekin zədəsindən narahatlığını ifadə edib:

“Onun vəziyyəti yaxşı görünmür. Sabah MRT müayinəsindən keçəcək və bundan sonra hər şey aydın olacaq”.

Kot-d’İvuar millisinin baş məşqçisi Emers Fae də komandasının çıxışını dəyərləndirib:

“Bu, qrupda birinci yer uğrunda yüksək səviyyəli qarşılaşma idi. Biz 1:0 hesabı ilə öndə idik və ikinci hissənin əvvəlində üstünlüyə sahib idik. Təəssüf ki, ikinci qolu vura bilmədik. Yaxşı oyun keçirdik, amma bəzi detallar həlledici oldu. Bizə bir qədər təcrübə çatmır. Böyük komandalara qarşı oynayanda buraxılan qoldan heç vaxt sığortalanmırsınız.

Oyunçularımla qürur duyuram. Təəssüf ki, bir neçə real qol vəziyyətini boşa verdik. Lakin Almaniya millisi böyük təcrübəyə malikdir. Oyunun gedişində taktiki cəhətdən müəyyən dəyişikliklər etdilər və üstünlüyü ələ keçirdilər”.

Emers Fae rəqibdən daha ədalətli oyun gözlədiyini də bildirib. O, Almaniyanı qələbə münasibətilə təbrik etsə də, narazılığını gizlətməyib:

“Almaniyanı qələbə münasibətilə təbrik edirəm. Amma mən belə böyük bir ölkədən daha ədalətli oyun gözləyirdim.

DÇ-2026: Almaniya millisi Kot-d’İvuarı çətinliklə yendi

21 June 2026 at 02:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Almaniya və Kot-d’İvuar yığmaları üz-üzə gəliblər. Torontoda (Kanada) keçirilmiş E qrupunun matçında almanlar çətin və əzmkar qələbəyə seviniblər.

Kot-d’İvuar yığmasının heyətində Frank Kessye 30-cu dəqiqədə hesabı açıb. Almanların hər iki qolunu isə matçın son yarım saatında Deniz Undav vurub.

Hazırda Almaniya yığmasının 6 xalı var və bu komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Kot-d’İvuar millisinin isə 3 xalı var. Bu qrupun digər qarşılaşmasında 2 saat sonra Ekvador və Kurasao yığmaları üz-üzə gələcəklər.

DÇ-2026
E qrupu
21 iyun

Almaniya – Kot-d’İvuar 2:1
Qollar: D.Undav, 68; 90+4 – Frank Kessye, 30.

Növbəti oyunların proqramı:

E qrupu
04:00. Ekvador – Kurasao

F qrupu
08:00. Tunis – Yaponiya

H qrupu
20:00. İspaniya – Səudiyyə Ərəbistanı

G qrupu
23:00. Belçika – İran

Ronald Kuman: “Hər oyunda qalib gəlmək istəyirik”

21 June 2026 at 01:00

Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının qrup mərhələsində İsveç üzərində qazanılan 5:1 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra bunları söyləyib:

“İlk qolda istəyə biləcəyiniz hər şey var idi. Biz bilirik ki, Brayan Brobbi bunu çox yaxşı bacarır. Hər şey Bart Verbrüggenin topu uğurla dəf etməsi ilə başladı. Daha sonra sürətli əks-hücum təşkil olundu və Brayan yenidən qapı qarşısında peyda oldu. Qapıçının da köməyi ilə bundan daha mükəmməl qol vurmaq çətindir”, – deyə Ronald Kuman Brayan Brobbinin oyunun gedişini necə dəyişdirdiyini qeyd edib.

Narıncılar” üçün bu qələbənin nə dərəcədə vacib olduğu barədə suala Kuman qəti cavab verib:

“Biz hər oyunda qalib gəlmək istəyirik. Bundan əlavə, turnirdə ilk qələbəmizi qazanmaq istəyirdik və bu, komandaya müəyyən rahatlıq verdi”.

Yaponiya ilə oyunda etdiyi əvəzləmələrə görə ünvanına səslənən tənqidlərə Kuman zarafatla münasibət bildirib:

“Bəlkə də, bu dəfə əvəzləmələr əvvəlki matçdakından daha yaxşı alındı”.

Daha sonra o, ciddi şəkildə əlavə edib:

“Bu oyunda təzyiq daha çox idi, çünki qalib gəlməli olduğumuzu bilirdik. Amma heç bir gərginlik hiss etmirdim. İlk oyundan sonra müəyyən işlər gördük. İndi isə hər şeyin qaydasında olduğunu görürsünüz”.

İsveç millisinin baş məşqçisi Qrem Potter isə ağır məğlubiyyətə belə şərh verib:

“Bəzən belə təcrübələr yaşamaq lazımdır. Oyunun bu cür keçəcəyini düşünmürdüm, amma bundan nəticə çıxarmalıyıq. Biz güclü komandaya qarşı oynayırdıq. Onlar hücum edir və cinahlarda bizi üstələyirdilər. İlk qolu uzun ötürmədən sonra buraxdıq və həmin epizodda kifayət qədər yaxşı müdafiə oluna bilmədik”.

DÇ-2026: Niderland İsveçi 5 qolla yendi

20 June 2026 at 23:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Niderland və İsveç yığmaları üz-üzə gəliblər. Hyustonda (Texas, ABŞ) keçirilmiş F qrupunun matçında Niderland yığması darmadağına sevinib.

Niderland millisinin heyətində Brayan Brobbi və Kodi Qakpo dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Antoni Elanqa vurub.

Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib. İsveç yığması 3 xalla ikincidir.

Xatırladaq ki, bu qrupun digər qarşılaşmasında düz bir saat sonra Almaniya millisi Kot-d’İvuar yığmasını sınağa çəkəcək.

DÇ-2026
F qrupu
20 iyun

Niderland – İsveç 5:1
Qollar: Brayan Brobbi, 5; 17. Kodi Qakpo, 47; 54. Krisensio Sammervill, 89 – Antoni Elanqa, 59.

Manuel Noyer DÇ-2026-dan sonra Almaniya millisindən gedəcək

20 June 2026 at 19:00

Almaniya yığmasının qapıçısı Manuel Noyer dünya çempionatından (DÇ-2026) sonra milli komandadakı karyerasını başa vuracağını açıqlayıb.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiperin sözlərini jurnalist Fabrisio Romano özünün X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

AÇ-2024-dən sonra Almaniya millisinə dəvət almayan Noyer Şimali Amerikada keçirilən dünya çempionatında iştirak etmək üçün yenidən yığmaya qayıtmışdı.

“Bu, Almaniya millisində mənim son turnirim olacaq. İki ildən sonra keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırmıram.

Mən hər oyunu səbirsizliklə gözləmək və vida, yaxud son matç haqqında düşünməmək istəyirəm”, – deyə Noyer bildirib.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bayern”də çıxış edir. Təcrübəli qolkiper Münhen təmsilçisi ilə 13 dəfə Almaniya çempionu, 7 dəfə ölkə Super Kubokunun, 6 dəfə Almaniya Kubokunun qalibi olub. O, həmçinin iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub, 2010-cu il mundialında isə bürünc medal qazanıb.

Bundan əvvəl təcrübəli qolkiper dünya çempionatlarının beşində iştirak edən ikinci qapıçı olmuş, həmçinin mundial tarixində qapıçılar arasında keçirilən oyunların sayına görə rekordu təkrarlamışdı.

Montella: “Belə matçlara adətən 50 oyundan bir rast gəlinir”

20 June 2026 at 11:00

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella dünya çempionatının qrup mərhələsi çərçivəsində Paraqvaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində üz-üzə gəlmiş komandaların görüşü Türkiyə millisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Montella Türkiyənin mərhələ adlamaq şanslarını itirdiyi görüşdən sonra bunları söyləyib:

“Çox, çox üzgünəm. Xalqımızın böyük gözləntiləri var idi. Bizim özümüzün də böyük gözləntilərimiz vardı. Türkiyə Futbol Federasiyası adından da çox məyusam. Onların nə qədər əziyyət çəkdiyini bilirəm.

Mən artıq 35 ildir peşəkar futbolun içindəyəm. Adətən belə matçlara 50 oyundan bir rast gəlinir. Amma bunun ardıcıl iki oyunda baş verməsi həqiqətən təəccüblüdür.

Son iki oyunda ümumilikdə 65 zərbə vurmuşuq. Hələ topa sahibolma faizindən danışmıram belə. Taleyin bu dəfə bizim tərəfimizdə olmadığını düşünürəm.

Futbolçularıma dedim ki, onlar meydanda hər şeylərini ortaya qoyublar və başlarını dik tutmalıdırlar. Qismətdən artıq yol yoxdur”.

Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro da oyundan sonra açıqlama verib. O, 1:0 hesabı ilə qalib gəldikləri matç haqqında fikirlərini bölüşüb:

“Bu görüşdə əlimizdən gələni etməli idik. Oyunçular məşqçilik karyeramın ən yaxşı günlərindən birini mənə yaşatdılar. Kimsə sizə “Paraqvay öldü” desə, şübhə edin. Dərhal inanmayın. Ən pis məğlubiyyət özünüzə olan inamı itirməkdir”.

DÇ-2026: Türkiyə yenə uduzdu, qrupda qaldı

20 June 2026 at 09:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Türkiyə və Paraqvay yığmaları üz-üzə gəliblər. Santa Klarada (Kanada) keçirilmiş D qrupunun matçında Paraqvay yığması yeganə qolla qələbə qazanıb. Matias Qalarsa 2-ci dəqiqədə vurduğu qolla Türkiyə millisini məyus edib.

Xatırladaq ki, bu qrupun digər qarşılaşmasında ABŞ millisi Avstraliya yığmasını 2:0 hesabıyla məğlub etmişdi.

Beləliklə, 2 turdan sonra ABŞ yığması 6 xalla qrup lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. Avstraliya və Paraqvay yığmalarının hərəyə 3 xalı var. Xalsız və sonuncu olan Türkiyə millisinin isə qrupdan çıxa bilməyəcəyi artıq dəqiqdir.

DÇ-2026
D qrupu
20 iyun

Türkiyə – Paraqvay 0:1
Qol: Matias Qalarsa, 2.

Növbəti oyunların proqramı:

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

Ançelotti: “İstənilən komandaya qarşı rəqabət apara bilərik”

20 June 2026 at 08:00

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsi çərçivəsində Haitiyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ançelotti matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:Ə

“Bu, bütöv və keyfiyyətli oyun oldu. Birinci hissədə daha yaxşı çıxış etdik, hücumda daha effektiv idik. İkinci hissədə isə oyuna daha çox nəzarət etdik. Bununla belə, kifayət qədər qol epizodlarımız var idi və daha çox qol vura bilərdik. Bu, yaxşı oyun idi.

Biz Vinisius Junioru mərkəzdə oynatdıq, Duqlas Santos isə cinahda qaldı və Vinisius bu rolda özünü əla tərəfdən göstərdi. Vini təkcə birəbir vəziyyətlərdə təhlükəli deyil. O, yarımmüdafiənin dərinliyindən də hücumlara təhlükə yarada bilir. Mövqelərini dəyişə bilər və digər futbolçular da buna uyğunlaşırlar.

Sağ cinahda isə Rafinya və Rayan Fransisko ilə sabitliyimizi qoruyuruq, çünki istəyirik ki, Danilo bir qədər geridə oynasın.

Biz pley-off mərhələsi haqqında düşünmürük. Hazırda məqsədimiz Şotlandiyaya qarşı oyunda daha yaxşı çıxış etmək, qalib gəlmək və mümkün olsa, qrupda birinci yeri tutmaqdır. Şotlandiyanın özünəməxsus xüsusiyyətləri var və Mərakeşlə oyunda olduğu kimi problemlər yarada bilər. Vacib olan sakitliyi, soyuqqanlılığı qorumaq və işləməyə davam etməkdir.

Bütün oyunlar çətindir. Braziliya Futbol Konfederasiyasında inanırıq ki, istənilən komandaya qarşı rəqabət apara bilərik. Buraya həm Haiti, həm də Fransa daxildir.

Sabah Neymar fərdi məşqlər edəcək, bazar günü isə ümumi qrupla çalışmalara qayıdacaq. Bundan sonra o, Şotlandiya ilə oyun üçün heyətə daxil ediləcək”.

Haiti millisinin baş məşqçisi Sebastyen Minye isə uduzduqları qarşılaşmanı şərh edib:

“Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi. Sonuncu dəfə dünya çempionatında iştirak etməyimizdən 52 il keçib və bunu nəzərə almalıyıq. Futbolçularımız da burada olmağa layiq olduqlarının fərqindədirlər. Çox yaxşı oyun planımız var idi, lakin ilk su fasiləsindən sonra etdiyimiz səhvlər və top itkiləri bizə baha başa gəldi”.

DÇ-2026: Braziliyadan Haitiyə 3 cavabsız qol

20 June 2026 at 07:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Braziliya və Haiti yığmaları üz-üzə gəliblər. Filadelfiyada (Pensilvaniya, ABŞ) keçirilmiş C qrupunun matçında Cənubi Amerika təmsilçisi darmadağına sevinib. Mateus Kunyanın dubla imza atdığı görüşdə digər qolu Vinisius Junior vurub.

Xatırladaq ki, bu qrupun digər qarşılaşmasında Mərakeş millisi Şotlandiya yığmasını tək qolla üstələmişdi.

Beləliklə, 2 turdan sonra Braziliya və Mərakeş yığmalarının hərəyə 4 xalı var. Şotlandiya 3 xalla üçüncüdür. Xalsız olan Haiti millisi isə sonuncudur.

DÇ-2026
C qrupu
20 iyun

Braziliya – Haiti 3:0
Qollar: Mateus Kunya, 23; 36. Vinisius Junior, 45+3.

Növbəti oyunların proqramı:

D qrupu
07:00. Türkiyə – Paraqvay

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

Stiv Klark: “Məyusuq, amma hələ bir şansımız var”

20 June 2026 at 06:00

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark dünya çempionatının qrup mərhələsi çərçivəsində Mərakeşə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların oyunu Mərakeş millisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Stiv Klark matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının məğlubiyyətinə belə şərh verib:

“Düşünürdük ki, istədiyimiz nəticəni əldə edə biləcəyik. Oyuna çox pis başladıq. Qarşılaşmaya uyğunlaşmaq üçün ilk beş-on dəqiqəni tab gətirməli olduq. Bundan sonra isə rəqibə problem yarada biləcəyimizi göstərdik.

Təəssüf ki, hesabı dəyişə biləcək yeganə açıq qol epizodundan yararlana bilmədik. Həmin qol bizə ən azı bir xal qazandıra bilərdi.

Bu komanda uzun illərdir xarakter və dözümlülük nümayiş etdirir. Biz məyusuq, amma hələ bir şansımız var.

Hamı Skott Maktmineylə bağlı epizodu müzakirə edir. Mən Con Makqinnlə bağlı vəziyyətə baxdım – bu, 50-yə 50 epizod idi. Bəzi hakimlər penalti təyin edərdi, bəziləri isə yox. Bəzən VAR sistemi də müdaxilə edir.

Bu komanda yenidən ayağa qalxmağa hazırdır. Biz buraya indiyədək heç bir Şotlandiya komandasının bacarmadığını etmək üçün gəlmişik. Bu gün əlimizdən gələni etdik və yenə də bunu etməyə çalışacağıq”.

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi isə Şotlandiya üzərində qazanılan qələbədən sonra komandasının çıxışını yüksək qiymətləndirib:

“Bu, əla oyun idi. Ümid edirəm ki, eyni ruhda davam edəcəyik”.

Mütəxəssis bildirib ki, “Atlas şirləri” sürəti azaltmaq fikrində deyil və komanda bundan sonra da əzmlə çalışmağa davam edəcək.

“Abde Ezzalzuli (Saybari) iki qol vurdu və ümid edirəm ki, bu cür davam edəcəyik”.

Komandanın birliyini necə qoruduğu ilə bağlı suala isə Uahbi təvazökarlıqla cavab verib:

“Komanda onsuz da vahid kollektiv idi. Mən və köməkçilərim sadəcə heyətə gənc futbolçular əlavə etdik”.

Baş məşqçi həmçinin bu komandanın bir hissəsi olmaqdan qürur duyduğunu bildirib.

DÇ-2026: Mərakeş Şotlandiyanı tək qolla yendi

20 June 2026 at 04:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Şotlandiya və Mərakeş yığmaları üz-üzə gəliblər. Foksboroda (Massaçusets, ABŞ) keçirilmiş C qrupunun matçında Mərakeş tək qolla qalib gəliblər. Qalib komandaya qələbəni gətirən qolu 2-ci dəqiqədə İsmael Saybari vurub.

Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında saat 04:30-da Braziliya Haiti ilə üz-üzə gələcək.

DÇ-2026
C qrupu
20 iyun

Şotlandiya – Mərakeş 0:1
Qol: İsmael Saybari, 2.

Növbəti oyunların proqramı:

C qrupu
04:30. Braziliya – Haiti

D qrupu
07:00. Türkiyə – Paraqvay

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

Poçettino: “Bu, fantastik oyun idi”

20 June 2026 at 03:00

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino dünya çempionatının qrup mərhələsi çərçivəsində Avstraliyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların oyunu ABŞ millisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Bu nəticə sayəsində ABŞ yığması vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.

Poçettino matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, fantastik oyun və çox yaxşı keçən ilk hissə idi. Düşünürəm ki, meydanda üstün tərəf biz idik.

Çox çətin matç gözləyirdim, xüsusilə də dekabr ayında onlarla heç-heçə etdiyimizi nəzərə alsaq. Azarkeşlərimiz adına çox sevinirəm.

Kristian Pulişic zədə səbəbindən oynaya bilmədi. Amma turniri qazanmaq istəyiriksə, bizə bütün komanda lazımdır”.

Avstraliya millisinin baş məşqçisi Toni Popovic də oyundan sonra komandasının çıxışını dəyərləndirib:

“Bilmirəm, bəlkə də səbəb mövcud vəziyyət idi, amma biz ləng və çevik olmayan təsir bağışlayırdıq.

Rəqib daha sürətli, daha güclü idi, bütün ikili mübarizələri və ikinci topları qazanırdı. Belə olduqda oyunun tempini tutmaq çox çətinləşir və nəticədə iki asan qol buraxdıq.

Hesab edirəm ki, ikinci hissədə komandamız çox yaxşı reaksiya verdi. Azarkeşlərin yaratdığı böyük təzyiq və səs-küy fonunda futbolçular ikinci hissədə nəyə qadir olduqlarını göstərdilər”.

DÇ-2026: ABŞ ardıcıl ikinci qələbəsini qazandı

20 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində ABŞ və Avstraliya yığmaları üz-üzə gəliblər. Sietldə (Vaşinqton, ABŞ) keçirilmiş D qrupunun matçında meydan sahibləri inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, bu qrupun digər oyununda Türkiyə millisi Paraqvay yığması ilə qarşılaşacaq. Bu görüşə Bakı vaxtı ilə saat 07:00-da start veriləcək.

DÇ-2026
A qrupu
19 iyun

ABŞ – Avstraliya 2:0
Qollar: Kameron Burgess, 11-öz qapısına. Aleksander Friman, 43.

Növbəti oyunların proqramı:

C qrupu
02:00. Şotlandiya – Mərakeş
04:30. Braziliya – Haiti

D qrupu
07:00. Türkiyə – Paraqvay

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

Kurasao millisi Ginnesin Rekordlar Kitabına düşdü!

19 June 2026 at 22:00

Kurasao millisi futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak edən ən az əhaliyə malik ölkə kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Arena.az xəbər verir ki, sözügedən komanda “Ginnesin Rekordlar Kitabı”nın mətbuat xidməti tərəfindən rekordçu elan olunub.

Karib dənizində yerləşən və Niderland Krallğının tərkibinə daxil olan Kurasaonun əhalisi cəmi 156 min nəfərdir.

Kurasao yığması dünya çempionatları tarixində ilk oyununu iyunun 14-də keçirib. Debüt matçında komanda Almaniya millisinə 1:7 hesabı ilə məğlub olub.

Kurasao 2010-cu ilə qədər Niderland Antillesnin tərkibində olub. Həmin ildən sonra ada Niderland Krallığının tərkibində muxtar dövlət statusu qazanıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

Komandalar 12 qrupa bölünüblər. Hər qrupdan ilk iki yeri tutan yığmalar, həmçinin ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi pley-off mərhələsinə vəsiqə qazanacaq.

Kurasao millisi E qrupunda Almaniya, Kot-d’İvuar və Ekvadorla mübarizə aparır. Sözügedən komanda növbəti oyununu iyunun 21-də Ekvadora qarşı keçirəcək.

Cud Bellingem DÇ-2026-da iştirakla yeni rekorda imza atdı

18 June 2026 at 14:30

Futbol üzrə İngiltərə milli komandasının və Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem Avropa futbolunda yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Xorvatiyaya qarşı keçirdikləri oyunda (4:2) nail olub.

Belə ki, Bellingem dörd müxtəlif böyük beynəlxalq turnirdə iştirak edən ən gənc avropalı futbolçu adını qazanıb. Xorvatiya ilə matç zamanı o, 22 yaşı 353 günlüyündə olub.

Əvvəlki rekord isə Lukas Podolskiyə məxsus idi. O, dördüncü böyük beynəlxalq turnirində 23 yaş 4 günlük olarkən iştirak etmişdi.

Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin iyunundan “Real”da çıxış edir. O, Madrid klubuna 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Bellingem geridə qalmış mövsümdə meydana çıxdığı 40 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 140 oyun, 46 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 49 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Joan Manzambi 24 illik rekordu yenilədi

19 June 2026 at 13:00

Futbol üzrə İsveçrə milli komandasının 20 yaşlı mərkəz yarımmüdafiəçisi Joan Manzambi dünya çempionatlarının tarixinə düşüb.

Arena.az xəbər verir ki, gənc yarımmüdafiəçi buna DÇ-2026-nın B qrupunun 2-ci turunda Bosniya və Herseqovinanı məğlub etdikləri matçda nail olub.

O, mundiallarda əvəzetmədən meydana çıxaraq dubl edən ən gənc oyunçu olub. Manzambi bunu 20 yaş 247 günündə bacarıb.

Əvvəlki rekord DÇ-2002-də Sloveniyaya qarşı görüşdə iki dəfə fərqlənmiş paraqvaylı Nelson Kuevasaya (22 yaş 153) məxsus idi.

Xatırladaq ki, İsveçrə Bosniya və Herseqovinanı 4:1 hesabı ilə üstələyib.

Joan Manzambi bu oyunda vurduğu iki qoldan sonra təəssüratlarını bölüşüb. Qələbədə əsas pay sahiblərindən biri olan futbolçu bu uğurun karyerasında xüsusi yer tutduğunu bildirib.

“Fikrimcə, bu, karyeramın ən yaxşı anıdır. Dünya çempionatına uğurlu başlaya bilməməyimizin səbəblərini bilirdik. Bu oyunda isə soyuqqanlı davranmağı bacardıq. Bizim çox yaxşı komandamız var və bunu bu gün meydanda göstərdik”.

Conatan Devid Kanada millisinin və DÇ-nin tarixinə düşdü

19 June 2026 at 12:00

Kanada yığmasının hücumçusu Conatan Devid DÇ-2026-nın qrup mərhələsində Qətərlə matçda het-trik edərək dünya çempionatları tarixinə düşüb.

Arena.az xəbər verir ki, futbolçu 1966-cı ildən bəri mundialda ev sahibi ölkə millisinin heyətində het-trik edən ilk oyunçu ünvanına yiyələnib.

Bütövlükdə isə bu, dünya çempionatları tarixində 6-cı belə haldır.

Conatan Devid dünya çempionatları tarixində daha bir nadir uğura imza atıb. Kanadalı forvard 1930-cu ildən bəri KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) ölkələrini təmsil edən ilk futbolçu olub ki, dünya çempionatında bir matçda 3 qol vurub.

Bundan əvvəl dünya çempionatında bir oyunda üç qol vuran son KONKAKAF futbolçusu ABŞ millisinin sabiq hücumçusu Bert Patenaude olmuşdu. O, bunu 1930-cu ildə Paraqvaya qarşı oyunda bacarmışdı.

Kanada yığması da Qətər üzərində qazandığı 6:0 hesablı qələbə ilə tarixi nailiyyətə imza atıb. Sözügedən komanda dünya çempionatları tarixində Avropa və Cənubi Amerika xaricindən çıxan ilk komanda olub ki, bir oyunda 5-dən çox qol vurmağı bacarıb.

Vankuverdə keçirilmiş qarşılaşmada həm də Qətər millisinin baş məşqçisi Xulen Lopeteqi dünya çempionatları tarixində ispan məşqçilərin rəhbərlik etdiyi komandalar arasında ən böyük hesablı məğlubiyyət rekordunun sahibi olub.

İki turdan sonra Kanada B qrupunda 4 xalla liderdir. Eyni xala malik İsveçrə yığması ikinci pillədə qərarlaşıb. Bosniya və Herseqovina və Qətər yığmaları isə hərəyə 1 xal toplayıblar.

Qrup mərhələsinin son turunda Kanada İsveçrə ilə, Qətər Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

İsmael Kone Qətərlə matçda ağır zədə aldı, DÇ ilə vidalaşdı

19 June 2026 at 06:00

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Qətərlə oyunda ciddi zədə alıb.

Arena.az xəbər verir ki, Vankuverdə keçirilmiş qarşılaşmanın 52-ci dəqiqəsində, hesab 3:0 Kanada komandasının xeyrinə olarkən, Qətər millisinin müdafiəçisi Asim Madibo Koneyə qarşı kobud qayda pozuntusuna yol verib.

Bundan sonra həkimlər dərhal meydana daxil olaraq futbolçuya ilkin yardım göstəriblər. Zədənin ağırlığı səbəbindən Kone meydanı xərəkdə tərk edib. Hadisədən sonra futbolçular arasında gərginlik yaşanıb və qısa müddətli qarşıdurma baş verib.

Kanada yığmasının bəzi üzvləri zədə alan komanda yoldaşına görə göz yaşlarını saxlaya bilməyiblər. Zədənin həddən artıq ciddi olması səbəbindən matçın yayımı zamanı epizodun təkrarının göstərilməməsi qərara alınıb. Çünki qayda pozuntusu zamanı Konenin ayağı qırılıb.

Baş hakim qayda pozuntusuna görə Madibonu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb. Qətər millisi oyunu doqquz nəfərlə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, bundan əvvəl komandanın digər üzvü Homam Əl-Əmin də qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

İtaliyanın “Sassuolo” klubunun formasını geyinən İsmael Kone ağır zədə səbəbindən ən qısa zamanda əməliyyat olunacaq. Onun bərpa müddəti dəqiq bilinməsə də, bu dünya çempionatında bir daha oynamayacağı dəqiqdir.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Xavyer Aqirre: “Bu, ən yaxşı oyunumuz deyildi”

19 June 2026 at 08:00

Meksika yığmasının baş məşqçisi Xavyer Aqirre dünya çempionatının qrup mərhələsində Cənubi Koreyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində Cənubi Koreya üzərində 1:0 hesablı qələbəyə sevinmiş meksikalılar dünya çempionatının pley-off mərhələsinə yüksəliblər.

Xavyer Aqirre matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin oyun oldu. Biz rəqibi çox yaxşı tanıyırıq. Onlar bizə güclü təzyiq göstərirdilər. Onlar bizə boşluq vermədiyi kimi, biz də onlara imkan yaratmırdıq.

Sonda elə görünürdü ki, bir səhv oyunun taleyini həll edə bilər. Bu, ən yaxşı oyunumuz deyildi. Çünki rəqib bizə öz futbolumuzu tam göstərməyə imkan vermirdi”.

Cənubi Koreya yığmasının baş məşqçisi Hon Myon Bo isə Meksikaya 0:1 hesablı məğlubiyyətdən sonra komandasının çıxışını belə dəyərləndirib:

“Biz planlaşdırdığımız kimi oynadıq. Məğlubiyyətin bu şəkildə gəlməsi məyusedicidir.

Qrup mərhələsinin son oyununda bütün gücümüzü ortaya qoyacağıq. Futbolçulardan sakit qalmağı və öz oyunumuzu oynamağı xahiş etmişdim. Düşünürəm ki, bunu kifayət qədər yaxşı bacardıq.

Oyun boyu soyuqqanlılığımızı qoruduq. İndi isə bütün diqqətimizi növbəti qarşılaşmaya hazırlığa yönəldəcəyik”.

Cessi Marş: “Bu, bizim üçün tarixi qələbədir”

19 June 2026 at 05:00

Kanada millisinin baş məşqçisi Cessi Marş dünya çempionatının qrup mərhələsi çərçivəsində Qətərə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kanada millisi DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı bu rəqibini 6:0 hesabıyla məğlub edib.

Cessi Marş matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, bizim üçün tarixi qələbədir. Lakin hazırda ən çox düşündüyümüz məsələ İsmayıl Konedir. Onun zədəsi bizi çox narahat edir. Komanda olaraq onun ətrafında birləşmişik və ən qısa zamanda sağalmasını arzulayırıq. İsmayıl əla insandır. O, ideal deyil, amma məhz buna görə onu sevirik. O, digər futbolçuların bacarmadığı şeyləri edə bilir. O, bir çox cəhətdən komandamızın simvoludur. Bosniya və Herseqovina ilə oyunda ən yaxşı futbolçumuz idi. Bu, bizim üçün çox böyük itkidir. Biz bütün qəlbimizlə onun yanındayıq və ona dəstək oluruq. Amma əminəm ki, bu oğlanın qarşıda çox böyük gələcəyi var”.

Qətər yığmasının baş məşqçisi Xulen Lopeteqi isə ağır məğlubiyyəti belə şərh edib:

“Bu, bir neçə səbəbə görə çox çətin matç idi. Biz çox güclü rəqibə qarşı oynayırdıq. Oyunun əvvəlində qol buraxdıq, daha sonra isə qırmızı vərəqə aldıq. Bu, dönüş nöqtəsi oldu.

İlk qırmızı vərəqə və üçüncü qol oyunun taleyini həll etdi. Amma futbol belədir. İndi futbolçularımızı fiziki, mənəvi və psixoloji baxımdan bərpa etməliyik.

Dünya çempionatında hər növbəti oyun əvvəlkindən daha çətin olur. Lakin biz bu turnirdə iştirak etmək haqqını qazanmışıq.

Bosniya və Herseqovina ilə oyun? Həmin qarşılaşmada səhv etmək hüququmuz yoxdur. Bu, həm bizim, həm də onların son oyunu olacaq. İndi əsas məqsəd bərpa olunmaqdır. Dediyim kimi, bu matç bir neçə səbəbə görə çox ağır keçdi. Futbolçuların sağlamlığının qayğısına qalmalıyıq, sonra isə nə olacağını görəcəyik”.

DÇ-2026: Meksika qrup qalibi kimi növbəti mərhələdə!

19 June 2026 at 07:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Meksika və Cənubi Koreya yığmaları üz-üzə gəliblər. Zapopanda keçirilmiş A qrupunun matçında meydan sahibləri tək qolla qalib gəliblər. Meksikaya növbəti qələbəni Luis Romo qazandırıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Çexiya millisi Cənubi Afrika Respublikası yığması ilə heç-heçəyə razılaşmışdı – 1:1.

Beləliklə, 2 turdan sonra 6 xala malik Meksika yığması qrup qalibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Cənubi Koreyanın 3, Çexiya və Cənubi Afrika Respublikasının 1 xalı var.

DÇ-2026
A qrupu
19 iyun

Meksika – Cənubi Koreya 1:0
Qol: Luis Romo, 50.

DÇ-2026: Kanada Qətərə 6 cavabsız qolla qalib gəldi

19 June 2026 at 04:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Kanada və Qətər yığmaları üz-üzə gəliblər. Vankuverdə keçirilmiş B qrupunun matçında meydan sahibləri darmadağınla qələbə qazanıblar. Meydan sahiblərinin heyətində Conatan Devid het-trikə imza atıb. Kayl Larin və Neytan Saliba hərəyə bir qol vurublar. Manay Mohamed isə avtoqol müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələmişdi.

Beləliklə, 2 turdan sonra Kanada və İsveçrənin hərəyə 4 xalı var. Bosniya və Herseqovina ilə Qətər yığmaları da hərəyə 1 xal toplayıblar.

DÇ-2026
B qrupu
19 iyun

Kanada – Qətər 6:0
Qollar: Conatan Devid, 29; 45+4; 90+2. Kayl Larin, 16. Neytan Saliba, 66. Manay Mohamed, 75-öz qapısına.

Murat Yakin: “Su fasiləsini gözləməyə qərar verdik ki…”

19 June 2026 at 02:00

İsveçrə yığmasının baş məşqçisi Murat Yakin dünya çempionatının qrup mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş oyunda İsveçrə millisi rəqibi üzərində 4:1 hesablı qələbəyə sevinib.

Murat Yakın matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün vacib olan bütün enerjimizi meydanda qoymaq və həll yolları tapmaq idi. Bizə səbir göstərmək lazım idi. Taktiki dəyişiklikləri etmək üçün su fasiləsini gözləməyə qərar verdik ki, rəqibin buna reaksiya vermək imkanı olmasın.

Daha sürətli futbolçuları meydana buraxdıq və rəqib yorulduqdan sonra boş zonalar yaranmağa başladı. Biz də həmin boşluqlardan istifadə edərək matçın taleyini inamlı şəkildə həll etdik”.

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sergey Barbarez də məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

“Su fasiləsinə qədər meydanda daha yaxşı oynayan komanda biz idik. Yaxşı çıxış edir, rəqibə təzyiq göstərirdik.

İsveçrə çox güclü futbolçulara malik yaxşı komandadır və onlar boş zonalardan istifadə etməyi bacarırlar. Nəticədə bizi cəzalandırdılar. Amma həyat belədir.

Bu, son 10 oyunda ilk məğlubiyyətimizdir, lakin həyat bununla bitmir. Qarşıda daha bir oyunumuz var və biz həmin matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

DÇ-2026: İsveçrə millisi 3 xalı 4 qolla qazandı

19 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçrə və Bosniya və Herseqovina yığmaları üz-üzə gəliblər.

Los Ancelesdə (Kaliforniya, ABŞ) keçirilmiş B qrupunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar. Qalib komandanın heyətində Joan Manzambi (74, 90) dubla imza atıb. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7, penaltidən) öz adına yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmiç (90+3) vurub.

Bu qrupun digər oyununda, saat 02:00-da Kanada Qətərlə qarşılaşacaq.

DÇ-2026
B qrupu
18 iyun

İsveçrə – Bosniya və Herseqovina 4:1
Qollar: Joan Manzambi, 74; 90. Ruben Varqas, 84. Qranit Caka, 90+7-pen – Ermin Mahmiç, 90+3.

Növbəti oyunların proqramı:

19 iyun

B qrupu
02:00. Kanada – Qətər

A qrupu
05:00. Meksika – Cənubi Koreya

D qrupu
23:00. ABŞ – Avstraliya

Miroslav Kubek: “Heç-heçədən məyusuq”

18 June 2026 at 23:00

Çexiya yığmasının baş məşqçisi Miroslav Kubek dünya çempionatının qrup mərhələsində CAR millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutmuş Çexiya – Cənubi Afrika Respublikası matçında qalib müəyyənləşməyib – 1:1.

Miroslav Kubek matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu nəticədən məyusuq. Çünki yaratdığımız qol imkanlarına baxsaq, qələbəyə daha yaxın olan tərəf biz idik. Lakin bir səhvə yol verdik və bu səhv bizə qələbə bahasına başa gəldi. Buna baxmayaraq, ikinci hissədə daha yaxşı oynadığımızı düşünürəm”.

Cənubi Afrika Respublikası yığmasının baş məşqçisi Huqo Bros da oyundan sonra komandasının çıxışından razı qaldığını bildirib.

“Komandamla çox fəxr edirəm. Bu, Cənubi Afrikadır – biz gözəl futbolu sevirik, aqressiv oynayırıq və qol imkanları yaradırıq. Bəli, səhvlər etdik, amma bugünkü çıxışımızla fəxr edirəm. Çexiya güclü komandadır və heyətində çox hündürboylu futbolçular var. Buna baxmayaraq, biz çox yaxşı oynadıq.

Hesabın 1:1 olması bir qədər təəssüf doğurur. İndi isə Cənubi Koreyaya qarşı oyunda qalib gəlməliyik. Həmin matç da çox çətin olacaq. Əgər bugünkü əzmkarlıq və yanaşma ilə oynasaq, buna nail olmaq mümkündür”.

DÇ-2026: Çexiya CAR-la matçda qələbəni əldən verdi

18 June 2026 at 22:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turunun ilk oyununda Çexiya və Cənubi Afrika Respublikası (CAR) yığmaları qarşılaşıblar.

Atlanta (Corciya, ABŞ) stadionunda keçirimiş A qrupunun matçında qalib müəyyənləşməyib – 1:1. Avropalıların heyətində Mixal Sadilek 6-cı dəqiqədə çexiyalı azarkeşləri ayağa qaldırıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.

Bu qrupun digər oyununda saat 05:00-da Meksika Cənubi Koreya ilə üz-üzə gələcək.

DÇ-2026
A qrupu
18 iyun

Çexiya – CAR 1:1
Qollar: Mixal Sadilek, 6 – Teboho Mokoena, 83-pen.

Fayzullayev DÇ-də yeni rekorda imza atdı

18 June 2026 at 21:00

Özbəkistan millisinin üzvü Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatında başla qol vurmuş ən bəstəboy futbolçu olub.

Arena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bunu DÇ-2026-nın K qrupunun 1-ci turunda baş tutmuş Kolumbiya ilə oyunda bacarıb.

Türkiyənin “Başakşəhər” klubuna məxsus olan oyunçunun boyu 167 sm-dir.

Əvvəlki rekord 2022-ci ildə baş tutan mundialda Qanaya qol vurmuş uruqvaylı Corcian de Arraskaetaya (173 sm) məxsus olub.

Bundan başqa, Abbosbek Fayzullayev Özbəkistan millisinin mundiallar tarixində ilk qolunun müəllifi olub.

Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Fayzullayev nəticədən narazı qaldıqlarını bildirib:

“Nəticəyə görə məyusuq. Heç olmasa bir xal qazana bilərdik. Uşaqlar meydanda sonadək mübarizə apardılar və bütün güclərini ortaya qoydular. İlk dəqiqələrdə həyəcan hiss olunurdu, amma ikinci hissədə yaxşı oynadıq. Rəqibin ikinci qolu bizim öz səhvimizdən sonra vuruldu. Bu, çox üzücü oldu.

Həm stadiona gəlib bizi dəstəkləyən azarkeşlərə, həm də səhər saatlarında ekran qarşısında oyunu izləyən hər kəsə təşəkkür edirəm. İndi bütün diqqətimizi qarşıda qalan iki oyuna yönəltmişik”.

Xatırladaq ki, Özbəkistan millisi Kolumbiyaya 1:3 hesabı ilə uduzub.

Yeri gəlmişkən, eyni gündə Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neves də XXI əsrdə dünya çempionatlarında başla qol vurmuş ən qısaboylu üçüncü futbolçu kimi adını tarixə yazdırıb. O, DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Konqo Demokratik Respublikası yığmasına qarşı keçirilən oyunda dünya çempionatlarının tarixinə düşüb. Portuqaliyalı yarımmüdafiəçinin boyu 174 santimetrdir.

Portuqaliya – Konqo DR matçı 1:1 hesabıyla başa çatıb.

Harri Keyn DÇ-2026-da bir dublla rekordları sıraladı

18 June 2026 at 19:00

Futbol üzrə İngiltərə yığmasının hücumçusu Harri Keyn DÇ-2026-da keçirdikləri ilk oyunda dubla imza atmaqla bir neçə ilki gerçələşdirib.

Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsinin ilk turunda İngiltərə yığması Xorvatiya millisinə 4:2 hesabıyla qalib gəlib.

Keyn bu görüşdə iki qol vurmaqla tarixi nailiyyətə imza atıb. 32 yaşlı futbolçu əvvəlcə matçın 12-ci dəqiqəsində penaltidən fərqlənərək dünya çempionatları tarixində ən çox penalti qolu vuran oyunçu olub. Keyn mundiallarda vurduğu penalti qollarının sayını 5-ə çatdıraraq bu göstəricidə indiyədək liderliyi bölüşdüyü Eysebio, Rob Rensenbrink, Qabriel Batistuta və Lionel Messini geridə qoyub.

Bu qol Keyn üçün dünya çempionatlarındakı 9-cu qol olub. Bununla da İngiltərə millisinin kapitanı mundial qollarının sayına görə Kristiano Ronaldonu (8 qol) arxada qoyub. O, eyni zamanda dünya çempionatlarında ən azı 9 qol vurmuş 26-cı futbolçu kimi tarixə düşüb.

Keyn ikinci qolunu da vuraraq dünya çempionatlarındakı qollarının sayını 10-a yüksəldib. Beləliklə, o, İngiltərə millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu olan Qari Linekerin rekorduna şərik çıxıb. Hər iki futbolçunun hesabında 10 qol var və onlar bu göstəriciyə 12 oyunda nail olublar.

Keyn bu mundialda növbəti qolunu vuracağı təqdirdə bu göstəricidə Linekeri geridə qoyaraq təkbaşına lider olacaq.

İngiltərə yığmasının lideri həmçinin dünya çempionatlarında 10 qol həddinə çatmış 16-cı futbolçu olub. Bundan başqa, o, Devid Bekhemdən sonra üç müxtəlif dünya çempionatında qol vurmağı bacaran ikinci ingilis futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Harri Keyn hazırda Almaniyanın “Bayern” klubunda çıxış edir. O, 81 qolla İngiltərə millisinin tarixində ən yaxşı bombardirdir. Hücumçu 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında 6 qol vuraraq turnirin bombardiri olmuşdu.

Beləliklə, Xorvatiya ilə qarşılaşma Harri Keyn üçün təkcə uğurlu start deyil, həm də dünya çempionatları tarixində bir neçə mühüm rekordu yenilədiyi unudulmaz oyun kimi yadda qalıb.

Kannavaro: “Bura Özbəkistanı tanıtmaq üçün gəlmişik”

18 June 2026 at 09:00

Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro dünya çempionatının qrup mərhələsində Kolumbiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, tarixində ilk dəfə mundiala qatılmış özbəklər DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdığı Kolumbiyaya 1:3 hesabıyla məğlub olublar.

Fabio Kannavaro məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

“Maraqlı oyun alındı. İkinci hissədə matçın gedişatını dəyişə bildik. Sol cinah vasitəsilə təhlükəli hücumlar qurur, oyuna nəzarəti ələ almağa çalışırdıq.

Hər şeydən əvvəl biz bura Özbəkistanı bütün dünyaya müsbət tərəfdən göstərmək üçün gəlmişik. Mən komandaya həmişə deyirəm ki, matç boyu fəal və cəsarətli oynamaq lazımdır. Kolumbiya kimi komandaya qarşı top olmadan oynamaq asan deyil.

Ümumilikdə ikinci hissədə yaxşı çıxış etdik, amma təəssüf ki, qollar buraxdıq. Bu oyunu xatırlayacağıq, çünki o, tarixidir. Biz dünya çempionatındayıq. Deyə bilərəm ki, bu qarşılaşma bizim üçün faydalı oldu. Səhvlərimiz var idi və onların üzərində işləyəcəyik.

Futbolçularımla fəxr edirəm. Onlar yaxşı oynadılar. Bu gün çox çətin matç idi. Belə bir stadionda, belə azarkeşlər qarşısında oynamaq asan deyil. Amma bu, eyni zamanda əlavə motivasiya da verə bilər”.

Kolumbiya yığmasının baş məşqçisi Nestor Lorenso isə qələbəni şərh edib:

“Bizi çox çətin oyunun gözlədiyini bilirdik. Qələbə böyük sevincdir. Lakin bir çox futbolçular yorğun təsir bağışlayırdılar. Bu, həm emosional, həm də fiziki gərginliklə bağlı idi.

Bundan əlavə, müəyyən çətinliklər yaşayırdıq, çünki hamı bizdən yalnız inamlı qələbə gözləyirdi. Düşünürəm ki, Özbəkistan yığmasının gücünü həqiqətən yalnız məşqçilər korpusu tam dərk edirdi”.

DÇ-2026: Özbəkistan debüt matçında məğlub oldu

18 June 2026 at 08:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında debütant Özbəkistan millisi Kolumbiya yığması üz-üzə gəlib. Mexikoda (Meksika) təşkil edilmiş K qrupunun oyununda 4 qol qeydə alınıb. Yekunda qələbəni bayram edən tərəf Kolumbiya millisi olub.

Kolumbiyanın qollarını Daniel Munyos (40), Luis Dias (65) və Xaminton Kampas (90+9) vurublar. Özbəkistan yığmasında isə Abbosbek Fayzullayev (60) fərqlənən oyunçu olub.

Xatırladaq ki, bu qrupun Portuqaliya – Konqo Demokratik Respublikası oyunu 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

DÇ-2026
K qrupu
18 iyun

Özbəkistan – Kolumbiya 1:3
Qollar: Abbosbek Fayzullayev, 60 – Daniel Munyos, 40. Luis Dias, 65. Xaminton Kampas, 90+9.

Növbəti oyunların proqramı belədir:

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

Karlos Keyroş: “Bu oyunu ağlımız sayəsində qazandıq”

18 June 2026 at 07:00

Qana yığmasının baş məşqçisi Karlos Keyroş dünya çempionatının qrup mərhələsində Panama yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində baş tutmuş bu görüşdə Qana yığması rəqibi üzərində 1:0 hesablı qələbəyə sevinib.

Karlos Keyroş matçdan sonra qələbəni belə şərh edib:

“Əvvəlcə səbir göstərməli olduq, döyüşçülər kimi mübarizə apardıq. Bu oyunu ağlımız sayəsində qazandıq.

Panama futbol oynamağı bacaran komandadır. Bilirdik ki, onlar oyuna nəzarət etməyə çalışacaqlar. Bizim strategiyamız isə təşəbbüsü onlara vermək və bundan faydalanmaq idi”.

Panama yığmasının baş məşqçisi Tomas Kristiansen də matçdan sonra fikirlərini bölüşüb:

“Bu nəticə ağrılıdır, çünki Panama yığması daha artığına layiq idi. Birinci hissədə oyuna nəzarət edirdik, lakin ikinci hissədə rəqibin üslubunda oynamağa başladıq. Biz bunu istəmirdik, amma indi peşman olmağın vaxtı deyil. Qarşıda hələ iki oyunumuz var. Pley-off mərhələsinə yüksəlmək istəyiriksə, Xorvatiya ilə oyunda yaxşı nəticə əldə etməliyik.

Qanaya məğlubiyyətdən nəticə çıxarmalıyıq. Dünya çempionatında səhvlər çox baha başa gəlir. Xorvatiya ilə oyunda çəkinməyəcəyik. Panamanın məğlub edilməsinin nə qədər çətin olduğunu göstərmək istəyirik və son nəfəsimizə qədər mübarizə aparacağıq”.

Roderik Miller DÇ-2026-da ilk oyunu kənardan izlədi

18 June 2026 at 06:00

Panama millisinin və “Turan Tovuz”un mərkəz müdafiəçisi Roderik Miller DÇ-2026-da ilk turun oyununda iştirak şansı qazanmayıb.

Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın L qrupunda Qana və Panama milliləri üz-üzə gəliblər.

Torontoda keçirilmiş qarşılaşma Qananın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın böyük hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalar yaranan imkanlardan istifadə edə bilməyiblər. Qarşılaşmanın taleyi əlavə olunmuş vaxtda həll edilib. Çaleb Yirenkyi 90+5-ci dəqiqədə fərqlənərək Qanaya üç xal qazandırıb.

Miller matçın iştirakçısı olmayıb. Panamanın mərkəz müdafiəçisi sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətində yer alıb. Bununla da Miller Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına dəvət almış ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Panama millisi dünya çempionatında Xorvatiya, İngiltərə və Qana yığmaları ilə birgə L qrupunda mübarizə aparır.

Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisinin heyətində 80 oyuna çıxıb, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.

Roderik Panama millisində 48 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.

DÇ-2026: Panama Qanaya məğlub oldu

18 June 2026 at 05:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Qana və Panama yığmaları üz-üzə gəliblər. Torontoda (Kanada) təşkil edilmiş L qrupunun oyununda cəmi bir qol qeydə alınıb. Yekunda qələbəni bayram edən tərəf Afrika təmsilçisi olub. Qanaya qələbə gətirən qolu 90+5-ci dəqiqədə Çaleb Yirenkyi vurub.

Xatırladaq ki, bu qrupun digər oyununda İngiltərə millisi Xorvatiya yığmasına 4:2 hesabıyla qalib gəlmişdi.

DÇ-2026
L qrupu
18 iyun

Qana – Panama 1:0
Qol: Çaleb Yirenkyi, 90+5.

Növbəti oyunların proqramı belədir:

K qrupu
06:00. Özbəkistan – Kolumbiya

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

Tomas Tuxel: “Futbolçuların reaksiyası xoşuma gəldi”

18 June 2026 at 03:00

İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel dünya çempionatının qrup mərhələsində Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəlmiş komandaların görüşündə İngiltərə millisi 4:2 hesablı qələbəyə sevinib.

Tomas Tuxel matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı reaksiya göstərdik. Birinci hissə bizim üçün bir qədər çətin keçdi. Komandada müəyyən gərginlik hiss olunurdu. Verdiyimiz qərarlar daha ehtiyatlı oynamaq və geri çəkilmək istəyi ilə bağlı idi. Oyunun ritmini tapmaqda çətinlik çəkirdik və rəqibin müdafiəsindəki boşluqlardan istifadə etmək üçün bizə özünəinam çatmırdı.

Statistikaya baxdım: birinci hissədə ikili mübarizələrin cəmi 33 faizini, ikinci hissədə isə 73 faizini qazanmışıq. Deməli, topsuz oyunda da ilk hissədə kifayət qədər yaxşı deyildik, lazımi fədakarlığı göstərmirdik.

İkinci hissədə futbolçuların reaksiyası xoşuma gəldi. Bu emosional bir qarşılaşma idi, meydanda çoxlu hisslər yaşanırdı. Oyunun ritminə düşmək üçün bizə müəyyən vaxt lazım oldu”.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç isə uduzduqları oyundan sonra komandasının çıxışını tənqid edib:

“İkinci hissəni çox pis keçirdik. Birinci hissədə iki qolu standart vəziyyətlərdən buraxdıq, onlardan biri penalti idi. Bəzi məqamlarda səhvlərə yol verdik.

Üçüncü qolu uzun ötürmədən sonra buraxdıq və həmin andan etibarən oyuna qayıtmağın nə qədər çətin olduğunu gördük. Biz pis reaksiya verdik və oyunumuzu yenidən düzgün qura bilmədik”.

DÇ-2026: İngiltərə xorvatları 4 qolla yendi

18 June 2026 at 02:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəliblər. Arlinqtonda (ABŞ, Texas) təşkil edilmiş L qrupunun oyununda qapılara bütövlükdə 6 qol vurulub. Yekunda ingilislər 4:2 hesablı qələbəni bayram ediblər.

İngilislərin heyətində Harri Keyn dubla imza atıbsa, Cud Bellingem və Markus Raşford hərəyə bir dəfə fərqləniblər. Xorvatların qollarını isə Martin Baturina və Petar Musa vurublar.

Bu qrupun digər oyununda, saat 03:00-da Qana millisi Panama yığması ilə qarşılaşacaq.

DÇ-2026
L qrupu
18 iyun

İngiltərə – Xorvatiya 4:2
Qollar: Harri Keyn, 12-pen; 42. Cud Bellingem, 47. Markus Raşford, 85 – Martin Baturina, 36. Petar Musa, 45+5.

Növbəti oyunların proqramı belədir:

L qrupu
03:00. Qana – Panama

K qrupu
06:00. Özbəkistan – Kolumbiya

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

Kristiano Ronaldo DÇ-2026-da bir neçə tarixi rekorda imza atdı

18 June 2026 at 01:00

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo DÇ-2026-da Konqo DR ilə oyunda meydana çıxmaqla daha bir neçə rekorda imza atıb.

Arena.az xəbər verir ki, mundialın qrup mərhələsinin ilk turunun bu görüşündə qalib müəyyənləşməyib – 1:1.

Ronaldo start heyətində meydana çıxmaqla futbol tarixinə daha bir neçə rekord əlavə edib. Portuqal ulduz ilk növbədə, dünya çempionatlarının final mərhələsində iştirak edən futbolçular arasında xüsusi bir göstəriciyə nail olub. O, karyerasında altıncı dünya çempionatında meydana çıxaraq bu göstəricidə yalnız Lionel Messi ilə eyni səviyyəyə yüksəlib. Beləliklə, Ronaldo və Messi dünya çempionatlarının altı final mərhələsində iştirak edən yeganə futbolçular olublar.

Konqo DR ilə qarşılaşma Ronaldonun dünya çempionatlarındakı 23-cü oyunu kimi tarixə düşüb. Bu göstərici ilə o, əfsanəvi italiyalı müdafiəçi Paolo Maldini ilə bərabərləşərək turnir tarixində ən çox oyun keçirən futbolçular siyahısında dördüncü pilləyə yüksəlib. Ondan yuxarıda yalnız Messi (27 oyun), Lotar Matteus (25 oyun) və Miroslav Kloze (24 oyun) qərarlaşıblar.

41 yaşlı portuqaliyalı daha bir mühüm nailiyyətə imza atıb. O, dünya çempionatlarında meydana çıxan ən yaşlı avropalı futbolçu olub. Bununla da Ronaldo 1986-cı ildə son dünya çempionatı oyununu 41 yaşında keçirmiş Şimali İrlandiya yığmasının sabiq qapıçısı Pat Jenninqsin rekordunu geridə qoyub.

Bununla yanaşı, Ronaldo dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu rekordunu da yeniləyib. Qarşılaşma zamanı onun yaşı 41 il 132 gün idi. Bu göstəricidə onu yalnız 2018-ci il mundialında 45 yaş 161 günündə start heyətində meydana çıxmış misirli qapıçı Essam El-Hadari qabaqlayır.

Xatırladaq ki, 41 yaşlı Ronaldo karyerası ərzində:

5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub;
Avropa çempionu adını qazanıb;
2 dəfə UEFA Millətlər Liqasını qazanıb;
Milli komandalar tarixinin ən məhsuldar bombardiridir;
Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarının qol rekordlarına sahibdir;
5 dəfə “Qızıl top” mükafatını qazanıb.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Yuventus” və “Real” kimi nəhəng klubların formasını geyinib.

Roberto Martines: “Oyunumuza tənqidi yanaşlamalıyıq”

18 June 2026 at 00:00

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines dünya çempionatında Konqo Demokratik Respublikasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların görüşündə qalib müəyyənləşməyib – 1:1.

Portuqaliya hesabı erkən açsa da, üstünlüyünü qoruya bilməyib. Roberto Martines matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox yaxşı və düzgün başladıq. Lakin erkən vurduğumuz qol müəyyən mənada hücumdakı sonrakı fəaliyyətimizə mənfi təsir göstərdi. Biz həddindən artıq topa nəzarət etməyə fokuslandıq və rəqibin cərimə meydançasına daxil olmaqda çətinlik çəkməyə başladıq. Bu isə Konqo DR futbolçularına yenidən təşkilatlanmaq imkanı verdi.

Fasilədən dərhal əvvəl buraxdığımız qol standart vəziyyətdən vuruldu. Biz çox yaxşı bilirdik ki, bu, fiziki cəhətdən güclü və standart vəziyyətlərdən əla istifadə edən komandadır. Amma dünya çempionatının səviyyəsi məhz budur. İndi hər şeyi ətraflı təhlil etməliyik, lakin komandanın münasibəti və yanaşması mənim xoşuma gəldi.

Konqonun qolu matçın psixoloji baxımdan bizim üçün ən çətin anında gəldi. Buna baxmayaraq, futbolçular buraxılan qola yaxşı reaksiya verdilər. Onların oyuna münasibəti nümunəvi idi.

Bəli, nümayiş etdirdiyimiz futbolun yekun keyfiyyətindən tam razı qalmadıq. Amma oyunçuların son saniyəyə qədər meydanda nələr qurmağa çalışdıqlarından və göstərdikləri əzmkarlıqdan məmnunam. Bunların hamısı inkişaf prosesinin bir hissəsidir.

Qarşıda bizi daha iki çox vacib qrup oyunu gözləyir. Öz çıxışımızı tənqidi şəkildə qiymətləndirməliyik və bunu mütləq edəcəyik. Bu qarşılaşma bir daha göstərdi ki, dünya çempionatında asan oyun olmur. Portuqaliya oyundan oyuna inkişaf etməli və güclənməlidir”.

Konqo Demokratik Respublikası yığmasının baş məşqçisi Sebastyan Desabre isə heç-heçəyə belə şərh verib:

“Konqo Demokratik Respublikası yığmasının dünya çempionatında ilk xalını qazanması və ilk qolunu vurması bizim üçün böyük qürur mənbəyidir. Futbolçular inanılmaz fədakarlıq və özlərini oyuna tam həsr etmə nümayiş etdirdilər. Oyun planını tam olaraq nəzərdə tutduğumuz kimi yerinə yetirdik, standart vəziyyətdən qol vurduq və açığını desəm, futbolçularımla çox qürur duyuram. Onlar Konqonu layiqincə təmsil etdilər və bütün ölkə buna layiqdir”.

DÇ-2026: Portuqaliya xal itkisi ilə başladı

17 June 2026 at 23:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları üz-üzə gəliblər. Hyustonda (ABŞ, Texas) təşkil edilmiş oyunda qalib müəyyənləşməyib – 1:1.

Avropalıların heyətində Joao Neves 6-cı dəqiqədə adını tabloya yazdırıb. Afrika təmsilçisinin qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.

Portuqaliya millisinin heyətində ulduz futbolçu Kristiano Ronaldo oyunun əvvəlindən sonuna qədər meydanda olsa da, heç nə ilə yadda qalmayıb.

Bu qrupun digər oyununda, saat 06:00-da Özbəkistan millisi Kolumbiya yığması ilə qarşılaşacaq.

DÇ-2026
K qrupu
17 iyun

Portuqaliya – Konqo DR 1:1
Qollar: Joao Neves, 6 – Yoan Vissa, 45+5.

Marko Arnautoviç Avstriya millisində daha bir rekorda imza atdı

17 June 2026 at 17:30

DÇ-2026-nın final mərhələsinin ilk turunun İordaniya ilə oyunu Avstriya yığmasının hücumçusu Marko Arnautoviç üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu 3:1 hesabıyla qalib gəldikləri bu oyunda komandasının sonuncu qoluna imza atıb.

Bununla da o, Avstriya yığmasının rekordçusuna çevrilib. Belə ki, Marko
mundiallar tarixində qol vurmuş ən yaşlı avstriyalı futbolçu ünvanını əldə edib. FIFA-nın yaydığı məlumata görə, təcrübəli hücumçu bu rekordu 37 yaş 59 günlüyündə rəsmiləşdirib. O, bununla da uzunmüddətli rekordu yeniləyib. Əvvəlki rekord DÇ-1998-də Kamerun yığmasına qarşı matçda (1:1) bərabərlik qolunu vurmuş Toni Polsterə məxsus idi. Sözügedən futbolçu 34 yaş 93 günlüyündə fərqlənmişdi.

Xatırladaq ki, Marko Arnautoviç hazırda Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir. 36 yaşlı forvard 2025-ci ilin yayında İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılaraq Serbiya təmsilçisi ilə 2 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalayıb. O, bu komandanın heyətində 32 oyuna çıxıb, 10 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Arnautoviç daha əvvəl İtaliyada “İnter” və “Bolonya”nın, Niderlandda “Tvente”nin, Almaniyada “Verder”in, İngiltərədə “Vest Hem” və “Stok Siti”nin, Çində “Şanxay SİPQ” komandasının da formasını geyinib.

Marko Arnautoviç 2008-ci ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasında 134 oyun keçirib, 48 qol vurub, 30 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 37 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

İbrahim Mbaye – DÇ-də qol vuran ən gənc afrikalı futbolçu!

17 June 2026 at 17:00

DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda Fransa yığmasına qol vuran Seneqal milli komandasının üzvü İbrahim Mbaye tarixə düşüb.

Arena.az bu barədə FIFA-ya istinadən xəbər verir.

Belə ki, o, dünya çempionatlarında qol vurmuş ən gənc afrikalı futbolçu olub. Mbaye 18 yaş 143 günlüyündə fərqlənib.

Qeyd edək ki, I qrupunun matçında Fransa yığması Seneqalı 3:1 hesabı ilə məğlub edib. Gənc futbolçu komandasının yeganə qolunu qarşılaşmanın 90+5-ci dəqiqəsində vurub.

İbrahim Mbaye Fransa nəhəngi PSJ-nin şərəfini qoruyur. 18 yaşlı futbolçu 2018-ci ildən Paris klubunun sistemindədir. İstedadlı vinger PSJ-nin əsas komandasında indiyə qədər 42 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

İbrahim vaxtilə Fransanın U-16, U-17, U-18 və U-20 yığmalarında oynasa da, 2025-ci ildən Seneqalın əsas millisində forma geyinir. Yeniyetmə futbolçu bu komandanın heyətində 12 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

Lionel Messi bir het-triklə DÇ-də rekordları alt-üst etdi

17 June 2026 at 15:00

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi dünya çempionatlarında yeni rekordlara imza atıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirdikləri oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak etmiş ilk oyunçu olub.

Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kristiano Ronaldo 22 oyunla ikinci yerdə qərarlaşıb.

Messi Əlcəzairlə oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb. O, görüşün 17-ci, 60-cı və 76-cı dəqiqələrində fərqlənməklə mundiallarda vurduğu qolların sayı 16-ya çatdırıb.

Messi Əlcəzairlə görüşdə qol vurmaqla dünya çempionatlarında daha bir rekorda imza atıb. 38 yaşlı forvard mundial tarixində fərqli rəqiblərə ən çox qol vurmuş futbolçu olub. O, ümumilikdə 11 müxtəlif milli komandanın qapısına yol tapıb və bu göstəricidə Kristiano Ronaldo, Yurgen Klinsmann və Miroslav Kloze kimi əfsanələri geridə qoyub.

Bundan başqa, Messi dünya çempionatları tarixində qol vuran üçüncü ən yaşlı oyunçu, bu turnirin tarixində het-trik edən ən yaşlı oyunçu olub.

38 yaşlı hücumçu matçın 17-ci dəqiqəsində cərimə meydançasının kənarından möhtəşəm qola imza atıb. Bu, onun dünya çempionatları tarixində cərimə meydançasından kənardan vurduğu 5-ci qol olub. Bununla da Messi dünya çempionatı tarixində cərimə meydançasının xaricindən ən çox qol vuran braziliyalı əfsanəvi oyunçu Rivelinonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ klubu “İnter Mayami”də çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.

Ralf Ranqnik: “Haqq etdiyimiz qələbəni qazandıq”

17 June 2026 at 11:00

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik dünya çempionatının qrup mərhələsində İordaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların dörd qolluq görüşü Avstriya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ralf Ranqnik matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunlarır söyləyib:

“Matçdan əvvəl də mətbuata demişdim ki, bu dünya çempionatında artıq bir çox sürprizlər görmüşük. İordaniya çox təhlükəli, qapanan və sürətli əks-hücumlar edən komandadır.

Bu, çox çətin oyun idi. İordaniya bizim işimizi xeyli çətinləşdirdi. Xüsusilə ikinci hissənin ortalarında özümüzə gəlmək üçün bizə müəyyən vaxt lazım oldu. Nəticədə haqq etdiyimiz qələbəni qazandıq, amma bunun üçün çox çalışmalı olduq.

Fasilədən sonra etdiyimiz əvəzetmələr və taktiki dəyişikliklər bizə böyük kömək göstərdi.

İordaniya? Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər. Açığı, belə bir oyun nümayiş etdirəcəklərini gözləmirdik.

Oyunçuların reaksiyasından razıyam. İkinci hissənin əvvəlində qapımızda qol görsək də, komanda intizamı itirmədi. Romano Şmidin fərdi keyfiyyəti və Marko Arnautoviçin son nöqtəni qoyması bizə vacib 3 xalı qazandırdı”.

Ranqnik hədəflərinin qrupdan çıxmaq olduğunu sözlərinə əlavə edib:

“28 illik fasilədən sonra mundiala qələbə ilə başlamaq mükəmməldir. Lakin Argentina və Əlcəzair kimi rəqiblərin olduğu qrupda hələ heç nə bitməyib. İndi növbəti oyunlara fokuslanmalıyıq. Məqsəd qrupdan çıxmaqdır”.

“Biz bura sadəcə iştirak üçün gəlməmişik”

İordaniya millisinin baş məşqçisi Camal Sellami isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Birinci hissəyə çox müsbət başladıq, lakin rəqib yaxşı təşkilatlanmış komanda idi. Hesabı bərabərləşdirdikdən sonra rəqib ərazi üstünlüyünü ələ keçirdi.

Nəticə İordaniya komandasının nümayiş etdirdiyi fədakarlığı və mübarizəni tam əks etdirmir. Şəxsən mən komandamızın çıxışından çox razıyam.

Qalib gələ bilməməyimizin səbəblərindən biri də Avstriya yığmasının heyətində “Real” və “Bayern” kimi klublarda çıxış edən futbolçuların olmasıdır. Amma düşünürəm ki, bizim əldə etdiklərimiz də qürur mənbəyidir”.

Mütəxəssis Əli Olvanın tarixi qola imza atdığını da vurğulayıb:

“Ölkəmizin dünya çempionatları tarixindəki ilk oyununda qol vurduq. Əli Olvanın qolu bütün İordaniya xalqı üçün tarixi bir an idi. Avstriya kimi güclü Avropa komandası ilə başabaş mübarizə apardıq. Hesab 1:1 olarkən avtoqol oldu və bu, oyunçularımın motivasiyasına təsir etdi. Sonda təyin olunan penalti isə nöqtəni qoydu”.

O, mübarizəni sonadək davam etdirəcəklərini bildirib:

“Biz bura sadəcə iştirak üçün gəlməmişik. Futbolçularımın göstərdiyi cəsarətdən qürur duyuram. Növbəti oyunlarda səhvlərimizi düzəldib qrupdan çıxmaq üçün sonadək vuruşacağıq”.

DÇ-2026: Avstriya inamlı qələbə ilə başladı

17 June 2026 at 10:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Avstriya və İordaniya yığmaları üz-üzə gəliblər. Santa Klarada (Kanada) təşkil edilmiş oyun avropalıların inamlı qələbəsi ilə yekunlaşıb. J qrupunun matçında Avstriya millisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Avstriya yığmasının heyətində 20-ci dəqiqədə Romano Şmid hesabı açıb. Əli Olvan 50-ci dəqiqədə tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniya komandasından Yazan Əl-Ərəb avtoqol müəllifi olub. 90+12-ci dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirməklə yekun nəticəni müəyyənləşdirib.

Xatırladaq ki, J qrupunun digər qarşılaşmasında Argentina Əlcəzairi üç cavabsız qolla üstələyib.

DÇ-2026
J qrupu
17 iyun

Avstriya – İordaniya 3:1
Qollar: Romano Şmid, 20. Yazan Əl-Ərəb, 76-öz qapısına. Marko Arnautoviç, 90+12-pen – Əli Olvan, 50.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Skaloni və Pektoviç matçı qoyub, Messidən danışdılar

17 June 2026 at 08:00

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Əlcəzairə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəliblər və yekunda Argentina yığması 3:0 hesablı qələbəyə sevinib.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında daha çox bu oyunun qəhrəmanı Lionel Messidən söhbət açıb:

O, Messinin yüksək oyunu sayəsində qalib gəldiklərini bildirib:

“Messi istədiyi müddətcə dünyanın ən yaxşısı olmağa davam edəcək. Onun barəsində deməyə söz tapmıram. Lionel bunu artıq 20 ildir bacarır. Messinin bütün dünyaya ötürdüyü hissləri və göstərdiyi futbolu dəyərləndirməliyik. Bu, həqiqətən, inanılmazdır. Biz isə oyundan-oyuna mübarizəmizi davam etdirəcəyik.

Qarşıya çıxan problemləri vaxtı gəldikcə həll edəcəyik. Komanda razıdır, biz bir çox futbolçuya oyun vaxtı verdik. Ümid edirəm ki, növbəti matçı da qazanacağıq ki, üçüncü qrup oyununda bütün futbolçular şans əldə edə bilsinlər”.

Əlcəzair yığmasının baş məşqçisi Vladimir Petkoviç də bu qarşılaşmada het-trik etmiş Lionel Messi haqqında danışıb:

“Sinif və ustalıq daim qalır. Çünki biz sıradan bir futbolçudan yox, karyerası ərzində yeddi və ya səkkiz dəfə “Qızıl top” qazanmış bir oyunçudan danışırıq.

Təəssüf ki, ilk və ikinci qolları vurmaq imkanı ona özümüz verdik və bunu etməsi onun üçün asan oldu. Onun bəxti gətirib ki, bütün Argentina yığması onun üçün çalışır və ona dəstək verir. O isə artıq neçə illərdir, bəlkə də onilliklərdir, inanılmaz işlər görür.

Bu gün Argentina yığmasının qapıya ümumilikdə 10 zərbəsi oldu və onların yeddisini Messi vurdu”.

DÇ-2026: Argentina Messinin het-triki ilə sevindi

17 June 2026 at 07:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Argentina və Əlcəzair yığmaları üz-üzə gəliblər. Kanzasda (Missuri, ABŞ) təşkil edilmiş oyun darmadağınla yekunlaşıb. J qrupunun matçında Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Hər üçün qol komandanın lideri və kapitanı Lionel Messinin aktivinə yazılıb. O, 17, 60 və 76-cı dəqiqələrdə diqqət mərkəzinə düşüb.

Xatırladaq ki, bu qrupun digər oyununda saat 08:00-da Avstriya İordaniya ilə üz-üzə gələcək.

DÇ-2026
J qrupu
17 iyun

Argentina – Əlcəzair 3:0
Qollar: Lionel Messi, 17; 60; 76.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

J qrupu
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Solbakken: “İraqla matçda layiqli qələbə qazandıq”

17 June 2026 at 06:00

Norveç yığmasının baş məşqçisi Stol Solbakken dünya çempionatının qrup mərhələsində İraq millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşündə qapılara 5 qol vurulub və yekunda Avropa təmsilçisi 4:1 hesablı qələbəyə sevinib.

Stol Solbakken matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız oyuna yaxşı başladı və ilk hissədəki qollar bizə üstünlük qazandırdı. Lakin İraq da xüsusilə ilk hissədə yaxşı mübarizə apardı və bizə çətinlik yaratdı. Ümumilikdə oyuna nəzarət etdik və layiqli qələbə qazandıq. Müdafiədə bəzi səhvlərimiz oldu ki, onları da düzəltməliyik.

Təcrübəli mütəxəssis bu matçda dubl etmiş hücumçu Erlinq Haland haqqında da fikirlərini bölüşüb:

“Erlinqlə işləmək çox asandır. O, komanda yoldaşlarına hər zaman ən yaxşısını arzulayır, onlarla və məşqçilər heyəti ilə vaxt keçirməyi sevir. O, superulduzdur, amma eyni zamanda çox sakit və sadə insandır”.

İraq millisinin baş məşqçisi Qrem Arnold isə məğlubiyyəti belə şərh edib:

“Bəzi anlarda oyunumuz həqiqətən möhtəşəm idi, amma bir neçə səhv bizə çox ciddi zərər vurdu. Norveç millisi, həqiqətən, yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu məğlubiyyətə baxmayaraq, qrupdan çıxmaq üçün şansımız var. Bizim hələ iki oyunumuz qalır”.

DÇ-2026: Norveç İraqı 4 qolla yendi

17 June 2026 at 04:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Norveç və İraq yığmaları üz-üzə gəliblər. Bostonda (Massaçusets, ABŞ) təşkil edilmiş oyunda qapılara bütövlükdə 5 qol vurulub.

I qrupunun matçında Norveç millisi rəqibinə böyük hesabla qalib gəlib. Avropalıların qollarını dubla imza atmış Erlinq Haland, Leo Estiqor və Ayman Husseyn (90+6-öz qapısına) vurublar. İraqın heyətində isə yeganə qol Ayman Husseynin ayağına yazılıb.

Xatırladaq ki, bu qrupun digər matçında Fransa Seneqala 3:1 hesabı ilə qalib gəlib.

DÇ-2026
I qrupu
17 iyun

İraq – Norveç 1:4
Qollar: Ayman Husseyn, 39 – Erlinq Haland, 29; 43. Leo Estiqor, 76, Ayman Husseyn, 90+6-öz qapısına.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

J qrupu
05:00. Argentina – Əlcəzair
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Kilian Mbappe Fransa millisinin ən yaxşı bombardiri oldu!

17 June 2026 at 09:00

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatlarında vurduğu qolların sayına görə bir neçə rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdıqları Seneqal yığması ilə oyunda dubla imza atmaqla nail olub.

27 yaşlı forvard komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub. Mbappe bu qollarla mundiallardakı qol sayını 14-ə çatdırıb. O bununla braziliyalı Peleni (12 qol), argentinalı Lionel Messini (13 qol) və həmyerlisi Jüst Fonteni (13 qol) geridə qoyaraq almaniyalı Gerd Müllerin göstəricisini təkrarlayıb. Siyahıda yalnız braziliyalı Ronaldo (15 qol) və almaniyalı Miroslav Kloze (16 qol) ondan öndə qərarlaşıb.

Bununla yanaşı, hücumçu Fransa millisi tarixinin ən yaxşı bombardiri adına da sahib çıxıb. Mbappe milli komandada keçirdiyi 99-cu oyunda 58-ci qolunu vuraraq 57 qola malik Olivye Jirunun rekordunu yeniləyib.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ildən İspaniya nəhəngi “Real”ın formasını geyinir. Hücumçu ötən mövsüm 44 oyunda 42 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.

Deşam: “İlk oyundakı qələbə həlledici deyil”

17 June 2026 at 03:00

Fransa yığmasının baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsində Seneqal millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Fransa yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu qələbə bizə müəyyən rahatlıq gətirir. Oyuna bir qədər ehtiyatlı və gərgin başladıq, rəqib isə çox yaxşı çıxış edirdi. Daha sonra oyunumuzu tapa bildik, xüsusilə də Usman Dembelenin və Maykl Olisenin mövqelərini dəyişdikdən sonra. Bredli Barkola da çox təhlükəli oynadı.

Dörd komandadan ibarət qrupda ilk oyunda qələbə qazanmaq hələ heç nəyi həll etmir. Fransa azarkeşləri bizi dəstəkləmək üçün uzaq yoldan gəliblər və bu, ucuz başa gəlmir. Futbol yalnız qalib gəldiyin və həmin emosiyaları onlarla bölüşə bildiyin zaman həqiqətən sehrli olur.

Barkola ilə bağlı onu deyə bilərəm ki, start heyətində yer almağa tam haqqı çatan çox sayda futbolçu var. Rayan Şerki də onlardan biridir. Bizə onların hamısı lazım olacaq”.

Seneqal yığmasının baş məşqçisi Pap Tiav isə 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Biz bu matçda qalib gəlməyi çox istəyirdik və bu, meydanda da görünürdü. Təəssüf ki, bizə effektivlik çatmadı. Dünya çempionatında isə hər şeyi xırda detallar həll edir. Qol vurmaq üçün imkanlarımız var idi, amma eyni zamanda vacib məqamlarda top itkilərinə yol verdik. Biz özümüzə belə səhvlərə icazə verə bilmərik.

Nəticə gözlədiyimiz kimi olmadı. İkinci hissədə bir neçə kollektiv səhvə yol verdik və sonda məhz onlar həlledici oldu. Müdafiədə oyunun böyük hissəsində yaxşı təsir bağışlayırdıq, lakin bəzi anlarda topa nəzarəti itirdik və bunun cəzasını çəkdik.

Fikrimcə, biz bu sınağa layiqincə cavab verdik. Belə turnirlərdə əziyyət çəkmək normaldır. Hesabda geri düşdükdən sonra reaksiya verməyə və hesabı bərabərləşdirməyə çalışdıq, lakin buna nail ola bilmədik. Norveçə qarşı növbəti oyunda daha aqressiv olmalıyıq”.

DÇ-2026: Fransa Seneqala qalib gəldi

17 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Fransa və Seneqal yığmaları üz-üzə gəliblər. Nyu-Cersidə (Nyu York, ABŞ) keçirilmiş I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər. Fransanın heyətində Kilian Mbappe dubla imza atıbsa, digər qolu Bredli Barkola vurub. Afrika təmsilçisinin heyətində isə İbrahim Mbaye fərqlənib.

Bu qrupun digər oyununda, saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

DÇ-2026
I qrupu
16 iyun

Fransa – Seneqal 3:1
Qollar: Kilian Mbappe, 66; 90+6. Bredli Barkola, 82 – İbrahim Mbaye, 90+5.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

I qrupu
02:00. İraq – Norveç

J qrupu
05:00. Argentina – Əlcəzair
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Sabri Lamuşi Herve Renarla əvəzləndi – DÇ-də şok istefa

16 June 2026 at 17:30

DÇ-2026-da mübarizə aparan Tunis yığmasının baş məşqçisi Sabri Lamuşi istefaya göndərilib, onu bu postda Herve Renar əvəz edib.

Arena.az bu barədə Tunis Futbol Federasiyasına istinadən xəbər verir.

Bildirilir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda İsveçə ağır məğlubiyyətdən (1:5) dərhal sonra Sabri Lamuşi istefaya göndərilib. Federasiya rəhbərliyi bu darmadağından sonra gözlənilməz qərar verməklə dünya çempionatları tarixində qeyri-adi bir addım atıb.

Xatırladaq ki, Lamuşi bu ilin yanvar ayından Tunis yığmasına rəhbərlik edirdi. 54 yaşlı fransalı mütəxəssis bu komandanı cəmi 5 oyuna çıxarıb, 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görüb.

Lamuşini Tunis millisində həmyerlisi Herve Renar əvəz edib. Onunla cəmi 1 aylıq müqavilə imzalanıb. Renarın bu komandadakı gələcəyi millinin DÇ-2026-dakı nəticələrindən asılı olacaq.

Qeyd edək ki, F qrupunda yer almış Tunis millisi növbəti matçını iyunun 21-də Yaponiya yığmasına qarşı keçirəcək.

Renar daha əvvəl Səudiyyə Ərəbistanı, həmçinin Fransanın qadınlardan ibarət millilərini də çalışdırıb.

Qalenoy və Beyzlidən heç-heçəyə şərh

16 June 2026 at 08:00

İran yığmasının baş məşqçisi Əmir Qalenoy dünya çempionatınn qrup mərhələsində Yeni Zelandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Qalenoy matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox gözəl görüş alındı. Məncə, ilk turun ən yaxşı matçı idi. Oyundan razı olsam da, nəticədən razı deyiləm. Qapımıza iki top gəldi, hər ikisi qolla nəticələndi. Bizim isə çox qol imkanlarımız oldu. Amma yararlana bilmədik. ABŞ-yə daha tez gəlməli idik. Amma təəssüf ki, buna imkan vermədilər. Hələ tam uyğunlaşmamışıq. Artıq bir az dincəlməli və bərpa olunmalıyıq. Bu matçı təhlil edəcəyik və zəif cəhətlərimizin üzərində işləyəcəyik”.

Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli isə məhsuldar heç-heçəyə belə şərh verib:

“Oyunçularla son dərəcə fəxr edirəm. Düşünürəm ki, topa sahib olmaqda həqiqətən də çox yaxşı idik və yaxşı müdafiə olunduq. Oyunda çoxlu qol imkanları yaratdıq. İki dəfə üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusam, iki əla qol vurduq, bəzi anlar yaşadıq ki, bu da həqiqətən yaxşı idi. Bu gecə tarix yazmaq və Dünya Kubokunda bir oyun qazanmaq şansımız var idi. Biz qalib gəlməyə çox yaxın idik”.

Byelsa: “Qalib gəlməli olduğumuz oyunda xal itirdik”

16 June 2026 at 06:00

Uruqvay yığmasının baş məşqçisi Marselo Byelsa dünya çempionatında Səudiyyə Ərəbistanı millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Marselo Byelsa matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarşılaşdığımız rəqib məğlub etməli olduğumuz komanda idi. İlk hissədə bəzən gördük ki, işimizi düzgün qurmamışıq. Bu, qalib gəlməli olduğumuz oyun idi. Düşünürəm ki, qələbə qazana bilməməyimizin səbəbi ən yaxşı oyunumuzu göstərə bilməməyimizdir. Məhz buna görə qalib gələ bilmədik. Birinci hissədə ikinci hissədə oynadığımız kimi oynamaq üçün hər şeyimiz var idi, amma bunu yalnız fasilədən sonra bacardıq.

İkinci hissədə oyun dəyişdi. Daha çox variant yarandı, futbolçular hərəkət etmək, topsuz açılmaq və qol vəziyyətləri yaratmaq imkanı əldə etdilər. Futbolda belə hallar olur. Bəzən az sayda qol epizodu yaradırsan, amma qol vurursan. Bəzən isə çoxlu imkanlar əldə etsən də, bundan yararlana bilmirsən”.

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Georgios Donis isə güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

“Təşkilatlanmış müdafiə sərgilədiyimizi və oyun planına sadiq qaldığımızı söyləyə bilərəm. Bu matçda qazanılan 1 xal həqiqətən çox dəyərlidir. Növbəti matçlarda da ən azı eyni uğuru təkrarlamağa çalışacağıq”.

DÇ-2026: Yeni Zelandiya İran üzərində qələbəni əldən verdi

16 June 2026 at 07:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında İran və Yeni Zelandiya yığmaları üz-üzə gəliblər. Kaliforniya ştatının İnqlvud şəhərində (ABŞ) təşkil edilmiş oyunda qapılara bütövlükdə 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Oyunda hesabı Okeaniya təmsilçisi açıb. Yeni Zelandiya yığmasının heyətində Elayja Cast 7-ci dəqiqədə fərqlənib. Oyunun 32-ci dəqiqəsində İran millisinin üzvü Ramin Rezayan hesabı bərabərləşdirib. İkinci hissədə Cast dubla imza atsa da, 64-cü dəqiqədə Məhəmməd Mohebi bu qolun əvəzini çıxıb. Beləliklə, gərgin keçən matçda qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, bu qrupun digər oyununda Belçika Misirlə bərabərə qalıb – 1:1.

DÇ-2026
G qrupu
16 iyun

İran – Yeni Zelandiya 2:2
Qollar: Ramin Rezaeyan, 32. Məhəmməd Mohebi, 64 – Elayja Cast, 7; 54.

DÇ-2026: Uruqvay ilk oyunda məğlubiyyətdən qaçdı

16 June 2026 at 05:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları üz-üzə gəliblər. Mayamidə (ABŞ, Florida) baş tutmuş H qrupunun matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər – 1:1.

Görüşdə hesabı asiyalılar açıblar. 41-ci dəqiqədə Abdulelah Əl-Əmri fərqlənib. Uruqvaylılara 1 xal qazandıran qolu 80-ci dəqiqədə Maksimiliano Arauxo vurub.

Qeyd edək ki, bu qrupun digər matçında İspaniya seçməsi Kabo Verdə ilə qolsuz heç-heçəyə razılaşıb.

DÇ-2026
H qrupu
16 iyun

Səudiyyə Ərəbistanı – Uruqvay 1:1
Qollar: Abdulelah Əl-Əmri, 41 – Maksimiliano Arauxo, 80.

Rudi Qarsiya: “Misirə qalib gələ bilərdik”

16 June 2026 at 02:00

Belçika yığmasının baş məşqçisi Rudi Qarsiya dünya çempionatının qrup mərhələsinin ilk turunda Misirə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sietldə (ABŞ, Vaşinqton) baş tutmuş görüşündə qalib müəyyənləşməyib.

Rudi Qarsiya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Dünya çempionatı kimi turnirin ilk oyunu həmişə çətin olur, xüsusilə də Misir kimi Afrikanın ən güclü yığmalarından birinə qarşı oynayanda. Vacib olan odur ki, biz təslim olmadıq. Ehtiyatdan meydana daxil olan futbolçunun sayəsində hesabı bərabərləşdirə bildik və bu, bütün komandanın nə qədər vacib olduğunu göstərir. Bu, iki çox yaxşı milli komanda arasında baş tutan əla bir oyun idi. Rəqib komanda ilk zərbədən qol vurdu. İkinci hissədə bərabərlik qolunu vurduq. Fikrimcə, qələbə də qazana bilərdik”.

Misir yığmasının baş məşqçisi Hossam Hassan da heç-heçədən sonra komandasının oyununu yüksək qiymətləndirib:

“Futbolçularımla fəxr edirəm. Son iki il ərzində üzərində çalışdığım taktiki ideyaları meydanda necə həyata keçirdiklərindən razıyam. Mən onlara həmişə deyirdim ki, fərqli futbol oynamalıyıq və istənilən komandaya qarşı mübarizə apara bilərik. Bizim üçün ən vacib məqsəd növbəti mərhələyə yüksəlməkdir. Qarşıdakı oyunlarda vəziyyəti daha da yaxşılaşdırmaq şansımız var”.

Qeyd edək ki, bu matçın son dəqiqələrində Misirin futbolçuları Zizonun belçikalı müdafiəçi ilə toqquşmadan sonra yıxıldığı epizoda görə penalti təyin olunmasını tələb etsələr də, onların etirazı qəbul edilməyib. Baş məşqçi həmin epizoda da toxunub:

“Biz qələbəyə çox yaxın idik və həmin epizodda bizim xeyrimizə penalti verilməli idi”.

DÇ-2026: Belçika Misirlə “sülh”ə razılaşdı

16 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Belçika və Misir yığmaları üz-üzə gəliblər. Sietlə (ABŞ, Vaşinqton) təşkil edilmiş G qrupunun matçında qalib müəyyənləşməyib. Afrikalıların heyətində Emam Aşur, Avropa təmsilçisində isə Romelu Lukaku diqqət mərkəzinə düşüb.

Bu qrupun digər oyununda, saat 05:00-da İran Yeni Zelandiya ilə qarşılaşacaq.

DÇ-2026
F qrupu
15 iyun

Belçika – Misir 1:1
Qollar: Romelu Lukaku, 66 – Emam Aşur, 19.

İyunun 16-da daha 3 oyun keçiriləcək. Növbəti oyunların proqramını təqdim edirik:

H qrupu
02:00. Səudiyyə Ərəbistanı – Uruqvay

G qrupu
05:00. İran – Yeni Zelandiya

İ qrupu
23:00. Fransa – Seneqal

De la Fuente: “Burada zəif rəqib yoxdur”

15 June 2026 at 23:59

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatında Kabo Verdeyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0

Luis de la Fuente matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Matça yaxşı başladıq və oyun ərzində üstün tərəf olmağa çalışdıq. Bir neçə qol imkanı yaratdıq, lakin son nöqtəni qoya bilmədik. Kabo Verde müdafiədə çox intizamlı çıxış etdi və işimizi çətinləşdirdi. Əlbəttə, qələbə qazanmaq istəyirdik, amma bu nəticədən nəticə çıxarıb yolumuza davam etməliyik.

Bizim əhval-ruhiyyəmiz müsbətdir və inkişaf etmək istəyirik. Meydanda baş verənləri, yaratdığımız çoxsaylı qol vəziyyətlərini nəzərə alsaq, bu günkü oyunda qalib gəlməli idik. Lakin bizə həm fiziki təravət, həm də soyuqqanlılıq çatmadı. İnkişaf etməyə və formamızı daha da yaxşılaşdırmağa davam etməliyik. Növbəti oyuna qədər olan günlərdə əsas məqsədimiz məhz budur.

Rəqib fiziki baxımdan çox güclü idi. Biz bilirdik ki, onlar çox aşağı müdafiə xətti ilə oynayacaq və heyətlərində çox güclü futbolçular var. Buna bizim təravət çatışmazlığımızı da əlavə etsək, ortaya bu mənzərə çıxır. Futbolda belə hallar olur — burada zəif rəqib yoxdur”.

“Biz cəsur oğlanlarıq”

Kabo Verde milli komandasının baş məşqçisi Bubista (Pedro Leytao Brito) isə sensasiyalı heç-heçəni belə şərh edib:

“Bu nəticə ölkəm üçün hər şey deməkdir. Biz çox istəyirdik ki, nəhayət bütün futbol dünyası yığmamızın necə oynadığını görsün. Biz sübut etdik ki, inanılmaz dərəcədə dözümlü bir komandayıq.

Final fitindən sonra qapıçımız Vozinyanın göz yaşları yalnız onu bürüyən güclü emosiyalardan qaynaqlanırdı. Bu nəticə uzun illər davam edən ağır, səbirli və əziyyətli əməyin bəhrəsidir. Biz müdafiədə möhtəşəm və təşkilatlanmış şəkildə oynadıq. Vozinya uzun illərdir milli komandanın formasını geyinir, lakin mən fərdi olaraq hansısa futbolçunu xüsusi vurğulamağı xoşlamıram. O, bu oyunda qapıda sakit və inamlı görünürdüsə, bunun əsas səbəbi qarşısında oynayan bütün futbolçuların meydanda öz işlərini ən yüksək səviyyədə yerinə yetirməsi idi.

Ümumiyyətlə, indi kağız üzərində daha zəif hesab olunan yığmaları təbrik etməyin vaxtıdır. Onlar nəhəng iş görürlər. Dünya futbolunun ümumi səviyyəsi hazırda xeyli dərəcədə bərabərləşib. Yüksək taktiki təşkilatlanma sayəsində planetin ən güclü komandaları ilə bərabər səviyyədə rəqabət aparmaq mümkündür. Bəli, İspaniya topa tam nəzarət edirdi, amma bu, heç də oyunun gedişatına tam nəzarət etdiyi anlamına gəlmir. Əlbəttə, biz özümüz də daha çox hücum etmək istərdik və matçın sonlarına doğru bunu müəyyən qədər bacardıq.

Bununla belə, etiraf etməliyik ki, İspaniya yığması fantastik, ən yüksək səviyyəli komandadır. Və biz yalnız fəxr edə bilərik ki, dünya çempionatındakı debüt oyunumuzda belə bir nəticəyə nail olduq.

Amma bu uğurdan başımız dönmür. Uruqvay çox sərt və sistemli komandadır, lakin biz həmişə öz oyun üslubumuza sadiq qalırıq və ona inanırıq. Qrup mərhələsində bizi daha üç çox çətin qarşılaşma gözləyir, amma biz cəsur oğlanlarıq. İspaniya kimi rəqiblə heç-heçə etmək bizə daha çox psixoloji sabitlik və öz gücümüzə inam verir. İndi biz praktikada bilirik ki, istənilən rəqiblə bu qədər yüksək səviyyədə rəqabət apara bilərik. Məhz bunu bütün dünyaya sübut etmək istəyirdik”.

DÇ-2026: İspaniya Kabo Verde ilə bacarmadı

15 June 2026 at 22:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında DÇ-2026-nın favoritlərindən hesab edilən İspaniya yığması Kabo Verde millisi ilə üz-üzə gəlib. Atlantada (ABŞ, Corciya) təşkil edilmiş H qrupunun matçında sürpriz nəticə qeydə alınıb.

İspaniya millisinin üstünlüyü şəraitində keçən matçda hesab açılmayıb. Bununla da Kabo Verde seçməsi tarixində ilk dəfə qatıldığı dünya çempionatında ilk xalını qazanıb.

Qeyd edək ki, bu qrupun digər oyunu bu gecə keçiriləcək. Bakı vaxtı ilə saat 02:00-da Səudiyyə Ərəbistanı Uruqvayla qarşılaşacaq.

DÇ-2026
F qrupu
15 iyun

İspaniya – Kabo Verde 0:0

Niderland millisi DÇ-də unikal nailiyyətə imza atdı

15 June 2026 at 21:00

Futbol üzrə Niderland millisi dünya çempionatları tarixində maraqlı və bir o qədər də unikal bir göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, “narıncılar” dünya çempionatlarının qrup mərhələsinin ilk turunda keçirdiyi heç bir oyunda məğlub olmayıblar.

Niderland millisi bu göstəricidə 10 matçda 7 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.

Komanda son olaraq iyunun 14-də DÇ-2026-nın 1-ci turunda Yaponiya millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Niderland millisinin 34 yaşlı müdafiəçisi Vircil van Deyk isə dünya çempionatlarında öz ölkəsinin heyətində qol vuran ən yaşlı ikinci futbolçu olub. Yaponiya yığması ilə oyun (2:2) zamanı Van Deyk 34 yaş 341 günündə olub. Matçın 50-ci dəqiqəsində futbolçu başla topu tora göndərərək hesabı açıb.

Niderland millisinin heyətində qol vuran ən yaşlı oyunçu isə Covanni van Bronkhorstdur. O, Cənubi Afrikada keçirilmiş DÇ-2010-un Uruqvayla yarımfinal matçının (3:2) 18-ci dəqiqəsində fərqlənib. Həmin vaxt o, 35 yaş 151 günündə olub.

Xatırladaq ki, Vircil van Deyk həmçinin Yaponiya ilə qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

❌
❌