DÇ-2026 bu gün başlayır!
Amerika Birləşmiş Ştatları (ABŞ), Meksika və Kanadada təşkil olunmuş futbol üzrə sayca 23-cü dünya çempionatına (DÇ-2026) bu gün start veriləcək.
Arena.az xəbər verir ki, bu dünya çempionatı bir sıra yeniliklərlə yadda qalacaq.
Mundial tarixdə ilk dəfə üç ölkənin birgə ev sahibliyi ilə təşkil olunacaq. Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcəyi yarış kimi tarixə düşəcək. FIFA-nın qərarına əsasən, DÇ-2026-da əvvəlki turnirlərdə olduğu kimi 32 yox, 48 milli komanda mübarizə aparacaq.
Turnir çərçivəsində rekord sayda – 104 oyun keçiriləcək. Kabo Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri mundialda debüt edəcəklər.
Mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.
Birləşmiş Ştatlarda oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Hyuston, Boston Kanzas, Nyu-York/Nyu-Cersi, Los Anceles, Mayami, Dallas, Atlanta, Filadelfiya, Sietl və San Fransisko kimi nəhəng mərkəzlər yer alır. Kanadada oyunlar Toronto və Vankuverdə, Meksikada isə Mexiko, Qvadalaxara və Monterreydə keçiriləcək.
Meksika və Cənubi Afrika Respublikası komandalarının üz-üzə gələcəyi açılış qarşılaşması Mexikodakı məşhur “Estadio Azteka” stadionunda baş tutacaq. Final qarşılaşması isə Nyu-Yorkda yerləşən “MetLife Stadium”da baş tutacaq.
DÇ-2026 həm iştirakçıların sayına, həm oyunların miqyasına, həm də üç ölkəni əhatə edən təşkilatçılığına görə dünya futbolu tarixinin ən böyük çempionatı hesab olunur.
DÇ-2026
A qrupu
11 iyun
23:00. Meksika – CAR
Baş hakim: Vilton Sampayo (Braziliya)
Mexiko. “Estadio Azteka”.
Qrupların tərkibini bir daha xatırladırıq:
A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.