Karib hövzəsindən Sumqayıta – millinin “cırtdan” rəqibi haqda
Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya yığması ilə qarşılaşacaq. Karib hövzəsi təmsilçisi ilə görüşə saat 19:00-da start veriləcək.
Sent Lüsiya milli komandasının “transfermarkt”da dəyəri 250 min avro göstərilib. Komandanın heyətində yalnız iki oyunçu portalda dəyərləndirilib. Bunlar vinger Arkell Cud-Boyd (150 min avro) və Bayan Amandır (100 min avro). Vinger İngiltərənin “Çeltenhem” klubunda çıxış edir. Aman isə Bosniya və Herseqovinanı təmsil edən “Velej”də forma geyinir. Heyətdəki digər futbolçularla bağlı konkret detallar yoxdur. Sent Lüsiya kiçik ölkədir və burda futboldan böyük qazanc əldə edilmir. Bu səbəbdən oyunçular futbola ikinci peşə kimi yanaşır.
Sent Lüsiya yığması dünya çempionatının seçmə mərhələsində Şimali və Mərkəzi Amerika zonasının seçmə mərhələsində C qrupunda yer alıb və 4 xalla üçüncü olaraq mundialdan kənarda qalıb. Komanda qrupda Kürasao, Haiti, Aruba və Barbadosla mübarizə aparıb.
Yığma 2025-ci ildə cəmi 4 rəsmi oyun keçirib. Barbados seçməsinə 2:1 hesabıyla qalib gələn Sent Lüsiya Kürasoya, Kubaya və Sent Vinsent və Qrenada adaları yığmasına uduzub.
Sent Lüsiya millisinin ləqəbi “The Piton Boys”dur. Ləqəb Karib adasının məşhur Piton dağlarından götürülüb. Milli FIFA reytinqində 167-ci sıradadır. Ən yaxşı göstərici 2003-cü ildə olub və həmin vaxt Sent Lüsiya 108-ci pillədə olub.
Şahin Cəfərov

