“Azərbaycan cüdosu dünya səviyyəsində sözünü deyir”
Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin Fransanın paytaxtı Parisdə keçirilmiş “Böyük Dəbilqə”nin medal sıralamasında ikinci yeri tutub. Cüdoçular 1 qızıl, 1 gümüş və 1 medal qazanmaqla uğurlu nəticəyə imza atıb.
Azərbaycana “qızıl”ı gətirən isə Balabəy Ağayev olub. O, 60 kq çəki dərəcəsində fəxri kürsünün birinci pilləsinə qalxıb. “Böyük Dəbilqə”dəki nəticələr və Azərbaycan cüdosunun durumu ilə bağlı çempion Ağayevin məşqçisi Şümşad Bəhramovla danışdıq. O, Balabəyin qızıl ümidi verdiyini bildirdi:
“Balabəyin qızıl medalı illərin zəhmətinin nəticəsidir. Belə səviyyəli turnirdə çempionluq təsadüfi olmur. Burda idmançının əziyyəti, komanda işinin məhsulu var. Böyük turnirlərdə uğur qazanmaq üçün fiziki və psixoloji hazırlıq önəmlidir. Belə yarışlarda psixoloji sabitlik mühümdür. Fiziki hazırlıqla yanaşı, stressə davamlı olmalı, taktiki təhlillər aparıb, ona uyğun çalışmaq lazımdır. Biz Balabəylə bunlar üzərində çalışmışdıq”.
![]()
Mütəxəssis Balabəyin yarışdan öncə “qızıl” ümidi verdiyini söylədi:
“İdmanda yüz faizlik zəmanət yoxdur. Lakin Balabəyin hazırlığı, psixoloji durumu, özünəinamı onun qızl medal şanslarını yüksək göstərirdi”.
Uzun illərdir Azərbaycan cüdosuna xidmət edən Şümşad Bəhramov cüdoda mövcud durumu şərh etdi:
“Azərbaycan cüdosunun inkişafı göz qabağındadır. Son illərdəki nəticələr bunu bariz göstərir. Bəlkə də, cüdo yeganə idman növüdür ki, beş ayda iki dünya, iki olimpiya çempionu olub. Bu, uğurun göstəricisidir. Azərbaycan cüdosu inkişafdadır və hər il nəticələr daha yaxşılaşır. Düzdür, ideal sahə yoxdur. Amma indiki məqamda cüdoda hansısa ciddi çatışmayan nüans görmürəm. Bölgələrdə məşqçi hazırlığı və uşaq bazasını gücləndirmək önəmlidir. Başqa nəsə çatışmayan şey demək olmur. İnkişaf, nəticələr göz qabağındadır”.
Bəhramov məşqçi karyerasına, milli komandadakı fəaliyyətinə və yığmadakı iş prinsiplərinə toxundu:
“Azərbaycan çempionatında və beynəlxalq yarışlarda mükafatlarım olub. Müxtəlif vaxtlarda milli komandalarda işləmişəm, əsas yığmada köməkçi olmuşam. İşlədiyim vaxtlarda komandanın dünya və Avropa çempionu olmasında əziyyətlərim olub. Hər birimiz cüdomuzun inkişafı üçün çalışır, bacardığımız hər dəstəyi göstəririk. Yığma komanda işi elədir ki, hər şey kollektiv olmalıdır. Planlar qurulur, idmançıların inkişafı üçün töhfələr verilir. Uğurun müəllifi bir nəfər yox, bir sistemdir. Azərbaycan cüdosu dünya səviyyəsində sözünü deyir. Son illərdəsistemli inkişaf var”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.