Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun sabah Sent Lüsiyaya qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı təşkil olunub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Niyə millidə Yusif İmanov yoxdur?
– Niyə olmalıdır? Yusifin legioner karyerası yaxşı alınmadı. “Kəpəz”ə qayıdandan sonra bir neçə oyunda özünü yaxşı göstərdi. Qapıçı mövqeyi bizim üçün çətindir. Çempionatda da komandalar legionerlərə üstünlük verir, rəqabət var. Rəqabətdə qalib gəlməlidirlər. Millinin hər dəfə siyahısı çıxanda hansısa adlar önə gətirilir. Necə ki, Mahir Emrelini Fransa ilə oynadanda çox qınadılar. Amma həmin vaxtdan sonra komandasında ona qarşı fikirlər müsbətə dəyişdi. Futbolun yazılmamış qanunları var. Nəyisə bilir, görürüksə, çağırırıq. Şahruddinlə bağlı həkimlərlə danışdıq və tam hazır olduqlarını bildirdilər. Kapitanımızdır, liderlik keyfiyyəti var. Məşqlərdə də o qədər əzmkardır ki, onu gələcək toplanışa da düşünürük. Gələcəkdə Yusif və ya digərləri daha yaxşı olacaqsa, çağırılacaq. Daha əvvəl Kamran və Mehdini deyirdilər, bu dəfə adları hallanmır. Bütün futbolçulara qapılar açıqdır.
– Növbəti rəqib bizdən çox zəifdir. Sabah böyük hesabla qalib gəlib, tarixi nəticə düşünürsünüz?
– Bu iki oyunda daha çox komanda olmağa çalışacağıq. Əvvəlki matçlarda rəqiblər çox imkan vermirdi. Bu oyunlarda maksimumu etməyə çalışacağıq. İnanıram ki, yaxşı toplanış keçirəcəyik.
– 11-ci yerdə gedən komandadan iki qapıçı çağırmaq nə dərəcə məntiqlidir?
– Bu sual mənə qəribə gəlir. Premyer Liqada 11-ci yerdə gedən komandadan başqa hansında yerli qapıçı əsas heyətdir?
– Eldar Tağızadə, İslam İmamov…
– Hansı liqada çıxış edirlər?
– Tağızadə Sloveniya 2-ci liqasında…
– Sloveniya 2-ci liqası… Fikirlərinizə hörmətlə yanaşıram. Baxırıq, qapıçıların durumlarını nəzərə alırıq. Hazırda Rza və Yusif əsas heyətdir. “Sumqayıt”da da gənc qapıçı var, Xəyal. O da U-21 yığmamızın vacib üzvüdür. Xəyalın da bu gün performansına baxırıq, böyük oyunlar üçün hazırdımı? Bunlara baxırıq. Yoxlanış üçün vaxtımız yoxdur. Əsas millimiz hazırdır və yoxlanış edək deyə fikir yoxdur. Gələcəkdə U-23 millimiz olarsa, belə oyunçuları orda yoxlama olar. Bizdə o qədər vaxt yoxdur indi sınaq edək.
– Bu mövsüm sizin üçün ən böyük çətinlik nədir?
– Premyer Liqada çətinliyi arxada qoyduq. Qarşımıza qoyulan məqsəd liqada qalmaq idi. Bəlli büdcəmiz var idi. Rəqabətin çətin olacağını bilirdik. Məncə, bu mübarizədən qalib ayrıldıq. Yuxarı pillələrə qalxmaqda çətinlik yaşadıq. Millidə ilk gələndə çətinlik yaşadıq. Ağır oyunlar oldu. Ukrayna ilə matçdan bir xal qazandıq, fransızlara uduzduq. Milli komanda ondan əvvəl də bir xal qazanmışdı. Bu mövsüm tam başqadır. Hədəf Millətlər Liqasında C Liqasına qalxmaqdır. Litva, Lixtenşteyn bizə ad baxımından rahatlıq verə bilər. Amma asan oyunlar olmayacaq. Bu matçlara yaxşı hazır olmalı, qalib ruhunu yaratmalıyıq.
– Özünüzü bir neçə il də millidə görürsünüzsə, bu, sual sizi maraqlandırar… Dünən U-19 yığması Litvaya 0:4 hesabıyla uduzub. Bu uşaqlar gələcəyin əsas yığmasını formalaşdıracaq…
– Realist, səmimi olaq. Problemlərdən danışıram, xoşlanılmır. Bu gün fikirləşirik ki, yığmanın müdafiə mövqeyində oyunçuların ortalama yaşı yuxarıdır. U-21 yığmasının məşqçisi ilə danışıram, o da stopper problemindən danışır. Hər kəs problemi bilir, iş baxımından başlamalı, səbirli olmalıyıq. Bəli, problemlər həllini tapana qədər aşağı yaş qrupları çox çalışmalıdır. Bu oyunçular da klublardan gəlir. Akademiyalara diqqət artmalıdır. Millinin məşqçisi 10-12 gün toplanış müddətində nəyisə çox dəyişə bilmir. Futbolçular milliyə hazır gəlməlidir. İndi baxırıq, “Sabah”ın, “Neftçi”nin, “Zirə”nin yerli oyunçuları formadadır. Bu, bizi sevindirir. Uşaq futboluna baxış dəyişməlidir. Nə qədər danışırıqsa, fərq olmur. 10 il əvvəl meydança problemindən danışırdıqsa, yenə də eyni məsələdir. Hər kəs nəticə, avroliqa, rəqabət və s. haqda danışır.
– Futbolçuların diqqəti klublarında, avrokuboklardadır. O oyunçuları qısa müddətdə necə milliyə kökləmək olar? 20 aydır, qələbə qazanmırıq…
– Səhv etmirəmsə, 4-cü toplanışımdır. Futbolçular indi çox yaxşı əhvaldadır. İlk dəfədir, belə görürəm. Futbolçular var ki, zədələri olsa belə, yığmaya gəlib, oynamaq istəyir. Onların istəyi var. Biz də belə məqamları danışırıq. Futbolçular da qələbə istəyir. Burda məşqçi, futbolçu yox, ölkə məsələsi var. İnanın, məşqlər də çox maraqlı keçir. İntensivlik var idi. Futbolçuların istəyi var. Futbolda hər nəticəyə razı olmaq lazımdır, amma ümidimiz böyükdür. Birlikdə çalışacağıq ki, bu durumdan çıxaq.
Şahin Cəfərov