Bəlli ki, millinin baş məşqçisi postu strateji yerdir. Deməli, Ayxan Abbasovun dedikləri daim diqqətdə saxlanılmalıdır. Görək strateji posta kim qoyulub, necə fikirləşir, proseslərə yanaşması nədir və s.
29-cu turun “Şamaxı” – “Kəpəz” (2:0) oyunundan sonra mətbuat konfransında Abbasova verilən sual və onun cavabına diqqət yetirək:
– AFFA rəhbərliyi ilə söhbətlərinizdə çempionatdakı hakim səhvlərini müzakirə edirsiniz?
– Cahangir müəllimlə söhbətlərimizdə bütün mövzulara toxunuruq, hakimlik də bunların arasındadır. Federasiya da səhvlərin az olmasını istəyir. Lakin həqiqəti demək lazımdır, burda medianın, AFFA-nın, klubların da payı var. Bəzən lazımsız ajiotaj yaradır, futbolumuzu sanki şouya çeviririk. Türkiyəyə baxıb, müəyyən addımlar atırıq. Bəzi gənc hakimlər də səhvlərdən tam şəkildə qurtula bilmirlər. Mənimlə razılaşmaya bilərsiniz, amma bu gün səhvsiz yer yoxdur. Hər şeyi hakimlərin üzərinə yıxmaq da düzgün deyil. Klubların haqqına girilib, bunu da demək lazımdır. Amma çıxış yolu hakimləri silmək deyil. Onlar da təcrübə qazanmalıdır, üzərlərinə bu qədər getmək olmaz. Səhvlər həddən artıq müzakirə olunanda, bəzi hakimlərdə qorxu yaranır.
Abbasov, etiraf edirik, qarışıq dönəmdən keçirik. Ancaq bu qarışıqlığın içində fikirlərin də qarışması üçün hər hansı zəmin yoxdur.
Qarışıqlıqda media tərəf kimi göstərilir. Qarışdırmayaq…
Ümumiyyətlə, gəlin belə edək: media deyəndə nə nəzərdə tutulur?
Kiminçünsə “sarı mətbuat” nümunəsi də mediadır.
Futbol aləmindəki oxucu kütləsi nə boyda olar?
Onların neçə faizi peşəkar KİV oxuyur?
Ümumiyyətlə, peşəkarla “obıvatel” ayırımı edə bilən məşqçi, futbolçu, futbol funksioneri nə qədərdir?
Bunu ayırd edə bilməsək – ki bilmərik – dəyərləndirmədə mizanı qaçırmaq ehtimalı böyükdür.
Peşəkar mühakimə, təhlil qabiliyyətli media ümumi kütlənin 10-15%-ni təşkil edər, ya etməz.
Bu kiçik faiz Azərbaycan futbolu başda olmaqla, idmanında əsas hərəkətverici qüvvədir.
Olmasaydı, nələr olardı…
Gələk məğzə. Hakimlərin qınanması onların səhvinə görə deyil, qələtinə görədir. Əslində “qələt” ərəbcədən tərcümədə elə “səhv”dir. Sizin üstünə çox da gedilməməsini məqbul bildiyiniz hakim nöqsanları yığılıb qalaq-qalaq, nə boyda səhv tayası yaradıbsa, vəziyyəti ifadə etməkçün qələt sözünü işlətməyə bilmirsən.
Mövsüm sonunda milliyə görə tərk edəcəyiniz klub baş məşqçiliyi postu bu həqiqətin toksikliyini sizə də az yaşatmayıb.
Absurd hakim səhvlərindən şikayətlənən APL məşqçiləri arasında aktivlərdən olmusunuz.
İndi nə oldu?
Sizin çıxışınızdakı ideyanı əslində anlayırıq. Lap yaxşı anlayırıq. Neqativ periodun uzun-uzadı keçməməsi naminə elə danışırsınız. Lakin medianın (peşəkar medianın) ucuz şouya çevrilməsində rolu yoxdur. Məsələni “maski-şou”ya çevirənlər var.
Bəli, AFFA-nın iki ildən çoxdur təmərküzləşə bilməyən yeni idarəçiliyi bu cür şouların mənbə və mənsəbini görə bilmədiyi (?) üçün vəziyyət “şou” halını alır.
Bu haqda ipucu xarakterli məqalələr dərc etməkdən usandıq, irəliləyiş yoxdur ki, yoxdur. Davam edir özbaşınalıq.
Futbol naminə bir yaxşı iş görüləndə bir hakim qələti vurub o yaxşı işin gözünü deşir. Bir zəhmət, artıq suların hardan bulandığını sezib, bilib, real addımlar atsın da AFFA. Bu ki, özbaşına olası iş deyil.
Qələtləri də gənc hakimlərdən çox təcrübəlilər edir. Odur ki, təcrübə qazanılası bir şey yoxdur. Səhnə qurulub və oyun gedir.
Ssenarisi və oyunçuları bəlli tamaşa.
Bir-birimizi ittiham etməklə heç nəyə nail ola bilməyəcəyimiz bir şounun içindəyik.
Freddi Merkurinin oxuduğu kimi, “The show must go on!” – Tamaşa davam etməlidir…
Elçin Cəlilov